Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Qətərdə görüşləri davam edir

02 Sentyabr 2022 / 15:36

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Qətərdə görüşləri davam edir
 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Arman İsaqaliyev və Qırğız Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Çingiz Haşımbekov ilə görüşüb.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın yarandığı gündən etibarən müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirərək, onlar arasında güclü mədəni körpü yaratmağa çalışdığını vurğulayıb. O, təşkilatın qurucu üzv dövlətləri olan Qazaxıstanın və Qırğızıstanın, o cümlədən bütün Türk Dünyasının zəngin irsinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti təşkilatın digər xarici dövlətlərlə əməkdaşlıq əlaqələrini günü-gündən daha da genişləndirdiyini qeyd edib.

Görüşlərdə Türk və ərəb dünyasının mədəniyyətləri arasında qarşılıqlı dioloqun inkişaf etdirilməsinin əhəmiyyətindən, eləcə də bu istiqamətdə birgə addımların atılmasından bəhs edilib.

Qazaxıstan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Arman İsaqaliyev Fondun qazax ədəbiyyatının görkəmli nümayəndələri Abay Kunanbayev və Jambul Jabayev irsinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı gördüyü işlərin əhəmiyyətindən bəhs edərək, təşkilatın fəaliyyətini önəmli töhfə kimi qiymətləndirib.

Qırğız Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Çingiz Heşimbekov məşhur qırğız yazıçı Çingiz Aytmatov yaradıcılığının geniş auditoriyalara çatdırılması, eləcə də qədim “Manas” eposunun təqdiqi yönündə təşkilatın gerçəkləşdirdiyi layihələrin vacibliyini vurğulayıb.

Görüşlər Türk və ərəb mədəniyyətlərinin yaxınlaşdırılması mövzusunda fikir mübadiləsi ilə davam edib.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.