Sənət və ədəbiyyat dərgisi

Abdulla Şaiqin Mənzil-Muzeyində “Qarabağ Azərbaycandır!” adlı tədbir

03 Noyabr 2022 / 16:57

 

Abdulla Şaiqin Mənzil-Muzeyində “Qarabağ Azərbaycandır!” adlı tədbir

         3 noyabr 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində muzeyin yanında fəaliyyət göstərən "Vətən" yaradıcılıq dərnəyinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən hər il qeyd edilən 8 noyabr – Zəfər gününə  həsr olunmuşdur.

         Tədbir Azərbaycan himni ilə açıq elan edildi. İkinci Qarabağ müharibəsinin Şəhidləri hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı, dərnəyin üzvü Əli Becanov çıxış üçün ilk sözü Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadəyə verdi. Ü.Talıbzadə təbdirin qonaqlarını salamladıqdan sonra Ali Baş Komandan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi qələbəsindən, Prezidentin 44 günlük müharibə zamanı Azərbaycan xalqını birliyə səsləyib, "dəmir yumruq" kimi möhkəm olmaq çağırışından, təcavüzkar bədnam “qonşularımız” tərəfindən zəbt edilmiş torpaqlarımızın azad edilməsindən söhbət açdı. O, Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində yaradılmış "Vətən" yaradıcılıq dərnəyinin rəhbəri muzeyin əməkdaşı Arzu Nuralıyevanı, dərnəyin ilk üzvlərini fəaliyyətə başlamaları münasibətilə təbrik etdi, dərnəyin fəaliyyətinə uğurlar arzuladı.

          Tədbirdə çıxış edən İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan müharibə qazisi, Rabitə Nazirliyinin əməkdaşı Tural Əlizadə vuruşmada iştirakı zamanı şahidi olduğu hadisələrdən, üzləşdiyi çətinliklərdən danışdı. T.Əlizadə ölkə Prezidentinin vətənin şəhidlərinə, qazilərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.

 

         Tədbirdə "Vətən" yaradıcılıq dərnəyinin ilk üzvləri Azərbaycanı, şanlı ordumuzu, qəhrəmanlarımızı tərənnüm edən Zəfər ruhlu  şeirlər, mahnılar ifa etdilər. Kiçik xanəndə Elay Zeynallı və kamança çalan Zülfiyyə İmanzadənin ifasında səslənən məşhur  “Xudayar təsnifi” tədbirə xüsusi rəng qatdı. Muzeyin əməkdaşı, Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində yaradılmış "Vətən" yaradıcılıq dərnəyini ərsəyə gətirən Arzu Nuralıyeva dərnəyin yaradılmasından söz açdı, belə dərnəklərin fəaliyyətinin uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə ediməsi işində mühüm rol oynadığını göstərdi. Sonda yeni yaranan Vətən yaradıcılıq dərnəyinin üzvlərinə muzeyin direktoru tərəfindən "Təşəkkürnamə" təqdim edildi, tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.