Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva beynəlxalq konfransda çıxış edib

19 Dekabr 2022 / 17:36

 

 

Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Universitetin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın açılış mərasimində çıxış edən rektor Elçin Babayev zəngin tarixə malik Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinin qeyd olunmasının Azərbaycan elmi və ölkənin ilk ali təhsil ocağı olan BDU üçün əlamətdar olduğunu bildirib.

Rektor diqqətə çatdırıb ki, fakültə öz zəngin tarixi inkişafı dövründə həmişə yüksək tədris və elmi-tədqiqat göstəriciləri ilə seçilib. Fakültədə ərəb, türk, fars dilləri və ədəbiyyatları ilə yanaşı, ibri, urdu, Çin, yapon, Koreya dilləri də tədris olunmağa başlayıb. O, fakültə məzunları arasında bir çox peşəkar tərcüməçilərin, diplomatların, nüfuzlu ictimai-siyasi xadimlərin olduqlarını qeyd edib.

Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən Türk dövlətlərinin, eləcə də digər xarici ölkələrin müxtəlif elm və təhsil ocaqları ilə qarşılıqlı əlaqələrin qurulmasına mühüm önəm verildiyini diqqətə çatdırıb. Günay Əfəndiyeva Azərbaycan xalqının maariflənməsində, milli və ictimai tərəqqisində, ziyalı təbəqəsinin formalaşmasında Bakı Dövlət Universitetinin rolunu yüksək qiymətləndirərək, Fond ilə universitetin birgə əməkdaşlığının əhəmiyyətindən söz açıb. Fondun prezidenti təşkilat ilə universitet arasında imzalanan Anlaşma Memorandumunun Türk xalqlarının zəngin mənəviyyat xəzinəsinin öyrənilməsinə, qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədi daşıdığını bildirib. Günay Əfəndiyeva 100 illiyi qeyd olunan Şərqşünaslıq fakültəsinin son bir əsrdə çox sayda mütəxəssislərin hazırlanmasında, alimlərin, ictimai-siyasi xadimlərin, diplomatların yetişdirilməsində böyük təcrübəsinə toxunaraq, universiteti təbrik edib.

 

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında fakültənin tarixindən, inkişaf mərhələlərindən, perspektivlərindən danışıb. O, fakültənin 100 illik tarixində xidmətləri olan professor-müəllim heyətindən söhbət açıb, konfransa daxil olmuş 300-ə yaxın tezisin mövzusu və elmi əhəmiyyətinə toxunub.

Daha sonra Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı video nümayiş etdirilib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin üzvləri - akademik Rafael Hüseynov, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru Avazbek Vahidov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı professor Pyotr Taraxa və başqaları mərasimdə çıxış edərək, Azərbaycan şərqşünaslığının inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan, Polşa, Pakistan, İraq ali təhsil müəssisələrini təmsil edən tədqiqatçıların və şərqşünasların iştirakı ilə keçirilən beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.