Sənət və ədəbiyyat dərgisi

Azərbaycan və Özbəkistan arasında ilk dəfə olaraq “Məclisi-fəramuşan” poeziya məclisi keçirildi

10 Mart 2022 / 15:02

Azərbaycan və Özbəkistan arasında ilk dəfə olaraq
“Məclisi-fəramuşan” poeziya məclisi keçirildi

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisinə start verilib.

 

Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin rəsmiləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbərliyi, hər iki ölkənin gənc şairləri iştirak ediblər.

Açılış mərasimində təbrik sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilk dəfə olaraq bərpa olunan tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya görüşlərində hər iki ölkənin gənc şairlərinin iştirak etdiyini və şeir məclisinin əsas məqsədinin xalqlarımızın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında  ədəbi əlaqələri genişləndirmək və əməkdaşlıq platforması yaratmaq olduğunu bildirib.

Diplomat qeyd edib ki, 30 ilə yaxın Ermənistan işğalı altında qalan, 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu tərəfindən azad olunan tarixi Şuşa şəhəri mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz üçün müqəddəs bir məkandır. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı kimi qəbul olunduğunu və 2022-ci ilin “Şuşa ili” elan olunduğunu qeyd edib. Samir Abbasov gələcəkdə Mədəniyyət Nazirliyinin rəhbərliyi və dəstəyi ilə şairlər məclisinə Türk dünyasının digər ölkələrinin də qoşulması, ədəbi əlaqələr, poeziya yığıncağı olaraq dostluğumuzu, qardaşlığımızı yayan bir mübadilə, əməkdaşlıq platformasına çevrilməsinin planlaşdırıldığını qeyd edib.

"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov öz çıxışında tarixən qardaş xalqlar olan Azərbaycan və Özbəklər öz zəngin mədəniyyəti, poeziyası ilə fəxr etdiklərini və Qarabağın mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada yaradılmış “Məclisi-fəramuşan” şairlər məclisinin bərpasının iki ölkə, gələcəkdə isə Türk dünyası ölkələri arasında ədəbi əlaqələri daha da inkişaf etdirəcəyinə inamını bildirib.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Azərbaycan mədəniyyətinin beşiyi, Qafqazın konservatoriya­sı, sənət məbədi, çoxsaylı görkəmli şəxsiyyətlərin vətəni Şuşada XIX əsrdə mövcud olmuş bu poeziya məclisinin XXI əsrdə Qarabağın azad edilməsindən sonra yenidən bərpasının tarixi hadisə olduğunu qeyd edib və bu istiqamətdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib.

O, Azərbaycan poeziyasının inkişafında  müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolunu vurğulayaraq, “Məclisi-fəramuşan” şairlər məclisinin gələcəkdə poeziyamızın gənc istedadlarının üzə çıxarması, ədəbi əlaqələrimizin daha da inkişaf etməsi, bir sözlə ədəbiyyat, yaradıcılıq istiqamətində gözəl bir yaradıcılıq məkanı olacağına inamını ifadə edib.  

Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva layihəni yüksək qiymətləndirərək Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib, iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olması, tarixən şair və yazıçılarımız arasında mövcud olan ədəbi əlaqələrin bu məclis vasitəsi ilə davam edəcəyindən məmnunluğunu ifadə edib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn “Məclisi-fəramuşan” şairlər məclisinin bərpasının adi məsələ olmadığını, sözügedən məclis XIX əsrdə yaradılarkən öz qarşısına məqsəd qoyduğunu və bu dövrdə məqsədlərinə tam çatmadığını vurğulayıb. Müasir ədəbi məclis həm də başa yetməyən arzuların davamı kimi qiymətlidir. O, məclislərin fəaliyyətinin uğurlu olması, ölkənin müstəqilliyi, sabitliyi dövründə baş verdiyini qeyd edərək, bərpa olunan bu məclisin əslində Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad edilməsi, Qarabağda geniş quruculuq işlərinin aparıldığı bir dövrdə olduğunu, rəmzi və tarixi məna daşıdığını söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Majid Azərbaycan-Özbəkistan arasında dostluğun, ədəbi əlaqələrin yüksək olduğunu qeyd edərək, Özbəkistan ədəbi elitasının Azərbaycan poeziyasına daim böyük maraq olduğunu söyləyib. O, Özbək şairi Çolpanın “Ədəbiyyat yaşasa, demək millət yaşayır” sitatını səsləndirərək, ədəbiyyatın millətin canı, ruhu və onu tanıdan ən böyük güc olduğunu vurğulayıb. Şairlərin, sənət adamlarının bir arada olması, birləşməsi, xalqlar və dövlətlərin də yaxınlaşması, həmrəy olması deməkdir deyə qeyd edib. Şair Qayrat Majid dövlət başçılarımızın ədəbiyyata, dostluğumuza, əməkdaşlığımıza xüsusi önəm verdiklərini xüsusi vurğulayıb.

Daha sonra hər iki ölkənin gənc şairləri öz şeirlərini təqdim ediblər. Azərbaycanlı şairlər Fərid Hüseyn, İntiqam Yaşar, Emin Piri, Tural Turan, Qabil Ədalət, Özbək şairlər Mansur Jumayev, Anvar Botir, Feruza Xayrullayeva, Muhiddin Abdusamad, Nargiza Odinayeva “Məclisi-fəramuşanşairlər məclisində öz şeirlərini səsləndiriblər.  

Azərbaycan tərəfdən məclisin moderatoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Nargiz Asadova olmuşdur.

Məclisdə səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan və özbək dillərində nəşr olunacaqdır.

Qeyd edək ki, 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilmiş “Məclisi-fəramuşanşairlər məclisi Azərbaycan ədəbi mühitində xüsusi rolu olmuş  və dövrün tanınmış Qarabağlı şairləri bu məclisdə iştirak etmişlər. “Məclisi-fəramuşanşairlər məclisi 1910-cu ilə qədər fəaliyyət göstərmişdir.

        

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.