Məhəbbət əzəli məhkumiyyətdir - Nigar Nizamın şeirləri
19 May 2022 / 09:26
Nigar Nizam

Vədəsiz ağarmış tellərin,
Dərdi nədir görəsən...
Acığın tökür sanki ellərin
Nə tökülən kimi tökülmür,
Nə örtünmür ki, götürüb gizlədəsən.
Görən saç damı qocala bilir...
O da buna qadirmiş əgər,
İndi gör ürək nələr bilir
Saç da qocalarmış məgər.
Qopardıqca çoxalandır deyirlər,
Anlayan yox ki, çətini bir dənədir.
Gənc yaşda olanda eyib bilərlər,
Qocaldıqca yaraşıqdır deyərlər.
Hər dənəsi bir gün, bəlkə də, bir andır,
Boşa da, doluya da o düşər.
Hər düşən dənə bəlkə bir gümahdır...
Ümid ki düşdüyü yerə baxmır,
Ağ başdakı da bir yaradır,
Boşa da, doluya da o düşər.
***
Leylidən, Şirindən qalan ibrət,
Qazansan da – məğlubiyyətdir
Odlara, daşlara atdıran nifrət,
Dansan da – məhəbbətdəndir.

Elə bir yarışdır, udan qazanmaz,
Mükafat bəlkə də, – məhrumiyyətdir
Bu oyunu oyunçu aparmaz...
Məhəbbət əzəli məhkumiyyətdir
Bu çağda mərhəməti qanan olmaz,
Daşa bənzər bağır – indi keyfiyyətdir
Bu çəkidə qaməti çəkən olmaz.
Çün, boş başa bəzəklər – indi rəsmiyyətdir.
Ey aşiq!

Bu gözlərə baxışınla toxunma,
Onlar bəm-bəyaz donlara zillənər
Keçsən diyarımdan əvəzsiz qoxunla
Kipriklərim küləklərinlə yellənər.
Dünyaya sığmayan şair könülün,
Gözləri al olmasın, bəs neyləsin
Şimşək tək gözündə çaxım, bölünüm
Bağrım çatlamasın, söylə neyləsin.
***
Bağlı qutunu açıb, dindirmə məni
Açdığın kimi bağlayacaqsan
Alışaraq-yanaraq, odlu alovlu,
Baxıb ala gözlərə, güldürmə məni
Vallah, Mən baxsam ağlayacaqsan...
***
Sən də dəlisən – mən dəli kimi!
“Fitrət”di deyib keçmə bu yana..
Alışaram, ürəyim od tutub yana!
Dəlisən bu diyarda – divanəsən kimi...
Döndük illərlə həmadama,
Baxarlar bizə yad baxışla...
Nəsib olmur hər adama,
Bir-birini: “Bircə baxışla”
Oxşadı gözümüzü misralar,
İnsandansa kitaba sığındıq biz...
Qorxudub gözümüzü timsahlar.
Duyğudansa hara sığınacağıq biz.
***
Kaş sevməyin adı qovuşmaq olaydı,
Həsrətin tənliyini çözə bilmirəm
Kaş yaşamağın başqa yolu olaydı,
Sevginin payını tək bölə bilmirəm.

Budur ziddiyyət, budur əlbət.
Sevgisiz ölür, sevgiyə qala bilmirəm
Sevilən əldən içincə şərbət,
Onsuz dözür, ona çata bilmirəm.
Kaş sevməyin adı dayaq olaydı.
Sinəmdəki dağı parçalaya bilmirəm.
Kaş sevməyin adı yaşamaq olaydı
Nə onla, nə onsuz yaşaya bilmirəm...