Sənət və ədəbiyyat dərgisi

Səhnədə heç kim yoxdur 

Rahid Ulusel
Rahid Ulusel
Fəlsəfə

02 Mart 2022 / 11:03

Rahid Ulusel

Düşüncə əsilzadəliyi

XXI əsrin aforizmləri

Zaman tarix üçün – xronika, fəlsəfə üçün – taledir.

 

 

***

 

Ağac – calağından, fikir – çarpazından tutaşır.

 

***

 

İdeya – şamı yandıran kibrit çöpü.

 

***

 

Fikir qədər yaşamır heç bir canlı orqanizm.

 

***

 

Təfəkkür çox geniş fəzada nəfəs almalıdır.

 

***

 

Dəmir məntiq. O hansı temperaturda əriyir?

 

***

 

Bütün səhvlərdən təmizlənmiş məntiqi mumiyalamaqdan başqa çarə yox.

 

***

 

Mahiyyətlə təzahür eyni olsaydı, fəlsəfəyə ehtiyac qalmazdı.

 

 

***

 

Aforizmin müəllifi – özüdür: o yetişir və dərilir.

 

 

***

 

Təsadüfzərurət bir-birinə qarışanda mahiyyəti olmayan hadisə baş verir.

 

***

 

Fikrimi dəyişirəm. Lakin bu o demək deyil ki, mən mövqeyimi dəyişirəm.

 

***

 

İntuisiya yeganə silahdır ki, ağlın əlində daha kəsərli olur.

 

***

 

İki ifratın tən ortası yetərincə sürüşkəndir.

 

***

 

Monoloqu kəsirsən, olur dialoq.

 

 

***

 

Beyin ekologiyası: seldən sunamiyə çevrilən informasiyadan qorunun!

 

***

 

Heç dil də öz qrammatikasına sığmır...

 

***

 

İşlətmədiyimiz sözlər dilimizdən küsür.

 

***

 

Polemika – özünə haqq qazandırmaq yox, həqiqəti aydınlaşdırmaq sənəti.

 

***

 

Fəlsəfə daşları: onları elə qalaqlanmış halda saxlayaq, yoxsa binasını tikək?!

 

***

 

“Hər kəsin öz həqiqəti” – deməli, burada ikisindən biri yoxdur: ya insan, ya həqiqət.

 

***

 

Ritorika alınmayanda, sualla nida arasında qalırsan.

 

 

***

 

Saflıq və mütəfəkkirlik – dahiliyin qaynağı.

 

***

 

Düşüncə və davranış arasında ən möhkəm, ən etibarlı ideya körpüsünü aforizm çəkir.

 

 

***

 

Nəinki Himalay-ideya, heç vadi-üslub da yalın xalqın yastılığında görünmür.

 

 

***

 

Getdikcə adamlar avam olmamağın daha yararlı vasitələrini qazanır, əvəzində ağıllı və müdrik olmağın minilliklər ərzində əldə edilmiş vasitələrini itirirlər.

 

***

 

İdeya qurtaranda fikir boşluqlarına, süxur aralıqlarına izah palçığı, şərh lehməsi dolur.

 

***

 

Dünyanı təəssüblə izah edən fəlsəfəni həmişə hansısa ideologiyanın xurcununda görürük.

 

***

 

Cənnət darvazaları yenidən üzümüzə açılacaq! – Axı, biz idrak ağacından imtina edirik!

 

***

 

Olanı sübut eləmək bəzən yalanı sübut etməkdən çətin olur...

 

 

***

 

İntuisiya, əsasən, rədd ediləndə doğru çıxır.

 

 

***

 

Həqiqətin sağlığına zəhər badəsini ilk dəfə Sokrat qaldırdı: içdi ki, insanlıq həqiqətin acı tamına  öyrəşsin.

 

***

 

Aristoteldən aldığı dərslərdən Makedoniyalı İsgəndərin əxz etdiyi əsas ideya – “təbiətən azad” ellinlərin “təbiətən qul” barbarlardan üstünlüyü – onun işğalçılığına fatehlik bəraəti verir.

 

***

 

Lao-tszıya qulaq assaydı, indikindən kəmiyyətcə on dəfə az, keyfiyyətcə yüz dəfə artıq olardı Çin.

 

***

 

Daos filosofu Çjuan-tszı: “Kainat bizimlə birlikdə doğulub”. – Bəli, biz uşaqlıqdan bir yerdə böyümüş, bir yerdə oynamışıq. İndi ən yaxşı oyuncaqlarımız teleskoplar, kosmik aparatlardır.

 

***

 

Meditasiya: Təkin Varlığı, Varlığın Təki duyub-dərk etmək məqamı, gerçək Vəhdət!

 

***

 

Yoqa – insanın Budda potensiyasını hərəkət etdirən daxili kosmik güc.

 

***

 

Toxum – cücərmək üçün torpaq, ideya – yetişmək üçün dərinlik axtarır. Ona görə müdrik öz hücrəsinə  – tənhalığa çəkilir.

 

***

 

Mövqe: “Dünya mənim maraqlarımı əks etdirmir. Ancaq mən onu qəbul edirəm”.

 

***

 

Freydin dayandığı yolayrıcında görmədiyi qütb – insan poeziyası. 

 

 

***

 

Tikanını iynəsinə çevirə bilməyən mədəniyyət nizəsinə taxılır.

 

***

 

Siz Nyutonu qəbul etməyə bilərsiniz, onun cazibə qanununu isə yox.

 

***

 

Fəlsəfə: bəzən onun səsi – fateh ola biləcək körpə ideyaların dəfn olunduğu qəbiristanlıqdan, ya da bic ideyaların taxta çıxdığı səltənətdən gəlir.

 

***

 

Əvvəllər insan informasiyanı loxmalayıb yeyirdi, indi informasiya insanı sıyıdıb yeyir.

 

***

 

Astroloqlar və futuroloqlar: onlar çox zaman meyvələrini bir-birinin bağından dərirlər.

 

***

 

Varlığı duyğularımızla oxuyaq: elmin nailiyyətləri bizim instinktlərimizi korşaltmaq yox, cilalamaq üçündür.

 

***

 

İlahi qüdrətin kamilliyinə bax ki, özünün kamil olmadığını və kamilliyə çatmağın zərurət olduğunu dərk edən varlıq yaradıb.

 

***

 

Yaradıcı insan: o, potensialından iki addım öndə, fantaziyasından bir addım geridə irəliləyir.

 

***

 

Klassiklər – bizim ən qabaqcıl müasirlərimiz.

 

***

 

Ustadın yarımçıq cümləsi də tam fikrin ifadəsidir.

 

***

 

Sözün dilini bilirsinizmi?!

 

***

 

Parlaq məntiq gözəl mətnin düzən landşaftının dağları tək ucalır.

 

***

 

Həyatı – ideyası və yaradıcılığının məhsulu olan çox az adam var.

 

***

 

Böyük ədəbiyyatın əsas sirri: o, həyatı tarixə, tarixi həyata, onların ikisini də birlikdə İnsanlığın Salnaməsinə çevirə bilir.

 

***

 

Ədəbiyyat qaçıb içində gizlənmiş adamı oradan üryan dartıb çıxarır və özünə təqdim edir: “Bu – Sənsən!”

 

***

 

Şair – substansiya ilə nəfəs alan insan.

 

***

 

İdeyanın gücü ondadır ki, inkişaf etdikcə nüvəsi bərkiyir.

 

***

 

Dahilərin bəziləri uzun ömrünə səpələnib, bəziləri qısa ömrünə təpələnib.

 

***

 

Natiqin məharəti ondadır ki, arqumentlərini həm desant, həm ağır artilleriya, həm də piyadaların əlbəyaxa döyüşlərində hərəkət etdirə bilir.

 

***

 

Roman-aforizm: müdrik həyatın özü.

 

***

 

İdeyalar bəzən ona görə dərinə ötürülür ki, onların oradan çıxarılmasından da həzz alınsın.

 

***

 

Yumor böyüyüb satira olmasa, cırtdan qalacaq.

 

***

 

Onda şairə məxsus bütün qəribəliklər vardı: şairlikdən başqa.

 

***

 

Bəziləri hətta yaxşı yaradılmış əsərləri ona görə bəyənmirlər ki, özlərinin daha yüksək zövqə malik olduqlarını nümayiş etdirsinlər.

 

***

 

Professionallığın yırtıqları arasından istedadsızlıq aydınca görünür.

 

***

 

Mən səni tənqid eləyirəm, yəni bir az soyuduram ki, yazıqsan – çürüməyəsən.

 

 

***

 

İstedadla atılmış obrazlı böhtanı ədəbi janrlar sırasına daxil etmək olar.

 

***

 

O ölkədə ki, poeziya qıtlığı var, orada şair balalayır.

 

***

 

Sarkazm və ironiya dolu aforizmlər – böyük fikirlərin doğulmasının zəruri sancılarıdır.

 

***

 

Güclü səs və güclü ideya yalnız sərt maneələrə dəyib qayıda bildikdə əks-sədaya çevrilir.

 

***

 

“Yumor hissi” olur. Bəs satira hissi?! O hiss güldürəndə yox, titrədəndə üzə çıxır.

 

***

 

Tamamilə tükənmiş yazıçı: indi o, bir qaşıq məhəbbətini də arvadına obrazlı ifadə edə bilmir. 

 

***

 

“Poetik humanizm”: yazıçı insanları həyatda yox, əsərlərində öldürür.

 

***

 

Yaradıcı insanın yazmadığı zaman – yazacağı zamanın postamentidir.

 

***

 

Ədəbiyyat hansı janrda  doğulursa-doğulsun, damarlarında poeziyanın qanı axır.

 

***

 

Bütün Şərq ruhunu varlığına hopdurmuş İran çalğı alətlərində SƏS ideal məqamına çatır: o – hər tərəfindən görünüb-duyulan ilahi bir səda!

 

***

 

Müdriklik – dərk etdiklərin tərəfdən dərk etmədiklərin tərəfə aramsız aşıb-döndüyün zirvə.

 

***

 

Üçmərtəbəli əsərlərə daxil olan oxucuların çoxu onların elə birinci mərtəbəsində gəzişir.

 

***

 

Erkək tənqid mədəniyyətini zərif, xanım-xatın estetik ideallar yaradır.

 

***

 

Dahi abidəsinin postamenti – onun təqlidçiləridir.

 

***

 

Tənhalıq – yaradıcı insanın Vətəni.

 

***

 

Monoloqun gücü – daxili dialoqun gərginliyində və dərinliyindədir.

 

***

 

Formalizm qəlibə sığsa da, ölçü tanımır.

 

***

 

Üslub relyefi o zaman əmələ gəlir ki, biz yazarkən düşüncəmizin endogen proseslərində dərinlikləri üzə çıxarmağa, ekzogen proseslərində isə üzdəkiləri dərinə ötürməyə çalışırıq.

 

 

***

 

İncəsənət – həyatın zərif və həyalı bir çevrəsi olduğu üçün böyürdən oraya daha çox vulqarlar və sırtıqlar soxulmaq fürsətini qapır.

 

***

 

Çox zaman kitaba ön sözü korun əlinə əsa vermək üçün yazırlar.

 

***

 

Musiqini izah etmək istəyirsən, deməli, ətri təsvir etmək xəyalındasan.

 

***

 

Bəlağətdən qaç ki, gerçək pafosa çatasan.

 

***

 

Yazarlar var ki, evlənincəyədək şeir, evlənəndən sonra nəsr, boşandıqda dram yazır.

 

***

 

Fikir yoxsulluğu, sən nə qədər təfəkkürsüzü varlandırıbsan!

 

***

 

Ardıcılları yaradıcının əzaları olmaqdan irəli gedə bilmirlər.

 

***

 

Seçkin üslubları – dil mədəniyyətinin aristokratiyasını yaradır.

 

***

Mütəfəkkirin Taqor biçiminə Qərbdə, Nitsşe biçiminə isə Şərqdə rast gəlmək mümkün deyil.

 

***

 

Ustadın qələmi kərtənkələnin yapışqanlı dili tək hikmətli sözləri yaşıl çəyirtkələr içərisindən seçib də tutur.

***

Tənqid və ədəbiyyatşünaslıqda mif ədəbiyyatın özündəkindən az deyil.

***

Bəzən fikir cümlənin sonuna çatmamış... ölür.

***

Universitet-kitabların seçimi: oxu təcrübəsində qazanılan ən yüksək səviyyə.

***

Postmodernizm əsrin qırıntılarından epoxa düzəldə bildimi?!

***

Postmodern düşüncə daha “əsər” demir, “mətn” deyir: çünki stixiyası təlqin edir ki, o, yaradıcı təfəkkürün deyil, qurucu intellektin məhsulu ilə işləsin.

***

Pərdə qalxır: səhnədə heç kim yoxdur. – Bax, budur postmodernizm.

***

Özünü şumlamasan, yaradıcılıq torpağın bar verməyəcək.

***

Gərək söz qəlbə qaranquş yuvasına qonan kimi gəlsin...

***

Qəlbcə – Qələmcə lüğət.

***

Hər seçmə əsərlə janr bir o qədər də dərinləşir.

***

Alınma sözlər – legionerlər hər zaman və gözlənilmədən doğma dil ordusuna xəyanət edə bilər.

***

Rübai yazan şairin tabutunu roman yazan nasirlər qaldıra bilmir.

***

Dünyanın ən yüksək səviyyəli əsərlərini yaratmış insanlar dünyanın ən yüksək zövqünü almış insanlardır.

***

Təkcə “Kitabi Dədə Qorqud” və “Koroğlu” eposları göstərir ki, biz düşüncə və mənəviyyatca necə sağlam xalq olmuşuq.

***

Yaradıcı insan yaşa dolduqca, ömrün getdikcə tükənməsindən kədərlənmir: çünki Ölümə yox, Əbədiyyətə yaxınlaşır.

***

Dostoyevski səni vadar edir ki, hətta onunla çarpışa-çarpışa həqiqətə doğru gedəsən.

***

Taqor təbiət tək ürəyində danışır: onun səssizcə dedikləri daha patetikdir. Taqor Bayrondan daha romantik, Mayakovskidən daha inqilabidir.

***

Hər sətrində həyat çırpınan Nazim Hikmət poeziyası: titrədikcə, üşüdükcə qızınırsan.

***

Hər bir günün səhərindən axşamınacan mükəmməl və bənzərsiz tamlığı var: əsər də belə olmalıdır.

***

Köhnəliyi sonacan soyunub lüt qalan nihilist yenilik onu bir daha geyinməyə məcbur qalır, –  fəqət bu dəfə daha cındır formasını.

***

Hər bir sözün içində onun potensial ironiyası var ki, hadisələrə münasibətdən asılı olaraq çalxanıb üzə çıxır.

***

Dünyada mənasızlıq artdıqca, insanlar daha çox danışırlar.

***

Aforizmin bir gözəlliyi də odur ki, burada  zibilləməyə yer qalmır.

***

Yazıçı-bağbanın qələm-ağacının barı – meyvə-kitablar.

***

Yaradıcı insan – gözəlliyin əsgəri.

***

Axıb gedən zamandan Epoxa yaratmaq – bunu Dahi bacarır.

 

***

Saralan əlyazmalar var ki, bir kəlməsi də solmayıb.

***

 

Aforizmlər – bəşər yolunun sərt döngələrində semiotik nişanlar.

***

Qələm – sözün minarəsi.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.