Sənət və ədəbiyyat dərgisi

Şairlərin hiyləgərliyi 

Səxavət Sahil
Səxavət Sahil
Ədəbi gənclik

03 Mart 2022 / 13:05

Səxavət Sahil

Poeziyamızın problemi

 

Son dövr Azərbaycan poeziyasında ümumi formada davam edən bir tendensiya haqqında yazmaq istəyirəm. Bu məsələ demək olar ki, əksər gənclərin yaradıcılığında özünü qabarıq şəkildə biruzə verir. Yəni ad çəkib konkret kiminsə yaradıcılığına baş vurmağa ehtiyac yoxdu.

 

Gənc şairlərimiz daha çox 80-90-cı illər poeziyasının avanqard şeirindən təsirlənərək nəsihətvari və ibrətamz sözlərə meyl edir, tənə edib minnət vurur, ağıl öyrədir, yol göstərir. Bəlkə, o vaxtlar bu cür mövzular “yeyilirdi”, lakin indi dünya dəyişib axı. Oxucu qıtlığından, kitabının alınmamasından, zəmanənin çətinliyindən şikayət edən gənc şair şeirlərində əksinə olaraq özünü filosof, ağıllı və uzaqgörən, hər şeyin yolunu bilən kimi göstərir, sanki hər kəsin ona ehtiyacı olduğunu dolayı yollarla bildirməyə çalışır.

Belə nüanslar ilk baxışdan adı görünsə də, müəllifin ciddiliyinə kölgə salır. Qeyri-səmimilik, hisslərin önəmsiz olması, yalana və pafosa meyillilik şairin kimliyini ortaya qoyur.

 

Poeziya sənəti ağıl öyrətmək deyil. İbrətamiz sözləri qeyri-müəyyənliyə yuvarlamaq, mürəkkəbləşdirmək, oxucunu çaşdırmaq nə dərəcədə düzdür? Oxucu şeiri oxuyarkən niyə dolaşığa düşməlidir? Hansısa gəlişigözəl ifadəni başa düşmürsə, onu öz ağlından üst mərtəbədə dayandığını düşünürsə bu da oxucunun öz problemidir. Məncə, belə cür şeirlər bir sətirdən ibarət olsaydı, oxucu onu dərhal başa düşüb qiymətini verərdi.

Müəllif öz oxucusunu pafosla, mürəkkəb ifadələrlə yükləməli deyil, ona aydın və başadüşülən sətirlər təklif etməlidir. Təəssüf ki, indiki gənclər mürəkkəbliyə, qarışıq gəlişigözəlliyə meyllidir. Bunu bilərəkdən və bilməyərəkdən edənlər var. Təqlid etmək də bu cür hallarda köməyə gəlir.

Poeziya tənqidçiləri geniş yayılan, problemə çevrilə tendensiyanın araşdırıb səbəbini tapmalı, onun meydanagəlmə zərurətini ortaya qoymalıdır. Zaman dəyişir, dünya dəyişir amma müasir Azərbaycan şeiri dəyişmir. Təqlid, pafos, nəsihət kimi qeyr-ciddi nüanslar davam edir.

Hikmətamiz ifadə şeirə hansı halda daxil ola bilər? Əgər bu ifadə özü özlüyündə ciddi məna kəsb edirsə onu şeirə gətirmək lazımdırmı? Hikmətamiz sətirləri yazmaqla şair nə demək istəyir? Bu ifadə onun öz ifadəsidirmi? Özünündürsə filosof olsun, özünün deyilsə niyə onu öz adına tirajlayır? Poeziya budurmu?

Yuxarıda diqqət çəkdiyim məsələ virus kimi yayılmaqdadır, monoton ədəbiyyatın formalaşmasından biri də budur. Nəticədə əksəriyyət eyni təhkiyə, eyni düşüncə və eyni yanaşmadan istifadə edir.

Şair şeirdə öz fikrini çatdırmaq, tamamlamaq üçün nəsihətamiz və ya hikmətamiz ifadədən istifadə etdirsə hesab edirəm ki, bu onun zəifliyinin nəticəsidir. Öz fikirlərini yazsa da, təsdiq kimi bu cür ifadələri köməyə çağırıb şeirini xilas edir. Məqsəd isə məlumdur: Oxucuya ağıllı görünmək, onu pafosla aldatmaq, anlaşılmaz düşüncə içində qoymaqdır.

 

Gənc şairlərin “öz atını” naməlum istiqamətdə çapması poeziyamızı uçuruma sürükləyir. Bu məsələdə onların günahı sadəcə palaza bürünüb el ilə sürünməkdir. “Filankəs bu cür yazıb oxucu rəğbəti qazanırsa, deməli, mən də belə etməliyəm” azarını kənara qoyub hər kəs fərdi poeziyasını yaratmalıdır. Kimsə 20-30 il bundan əvvəl oxucuların rəğbətin qazanmaq üçün hansısa hiyləgərlikdən istifadə edibsə, bunu indi də davam etdirmək gülünc görünməkdən başqa bir şey deyil.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.