Səni axtarıram sözlər içində - Rəsul Rzanın "Füzuli" poeması
19 May 2022 / 10:57
RƏSUL RZA
Bu gün görkəmli şair Rəsul Rzanın doğum günüdür. Qüdrətli söz sənətkarının "Füzuli" poemasını təqdim edirik:

İlk sətirlər
Şerinlə, fikrinlə doluyam, ustad!
Elə bil, ürəyim baharla dolub.
Gecə-gündüz yazıb, pozduğum sözlər
sanki gül-çiçəkdir, bir uşaq yolub.
Dəstə bağlamağı bacarmır ancaq.
Gah bunu, gah onu götürür, baxır.
Müşkülə düşmüşəm, qınama, ustad,
Adına bağlanır bu dəstə, axı!
Səni axtarıram sözlər içində.
Yox, adına layiq söz axtarıram
Dərdini, naləni duyan bir ürək,
möhnətini görən göz axtarıram.
Bilirəm el dərdi, vətən həsrəti
quru sazaq kimi səni kəsibdir.
Hər vətən deyəndə yaşarıb gözün,
dodağın titrəyib, dilin əsibdir.

Vətən bəzən dərdli, bəzən nəşəli.
düşünən, yaradan insan deməkdir.
Yüz çayı, yüz çölü, yüz dağı olsun,
İnsansız bir torpaq nəyə gərəkdir?!
Torpaqsız insan da yuvasız quşdur,
ömrün boranından necə qorunsun?
Qanadlı bir quş da, nə qədər uçsa,
axırda gərəkdir bir yerə qonsun.
Dağlar da görmüşəm, qayalar da mən,
başı buludlarda şəlalələr də.
Budaqları bıtraq bəhərli bağlar,
çölə yanğın salan tər lalələr də.
Bəs neçin yurdumun daşı, torpağı,
hər çöldən, çəməndən mənə əzizdir?
Nədəndir Arazın bulanıq suyu
duru göz yaşından mənə təmizdir?
Deyirlər, İraqdan ayrılmamısan,
ömrün Kərbəlada, Bağdadda keçib.
Əgər doğma idi sənə o yerlər,
niyə bütün ömrün fəryadda keçib?
Bir daş ürəkliyə könül vermisən,
Yandırıb qəlbini, külə döndərib,
Bəs necə hikmətdir yanan ürəkdən
çıxan hər sözünü gülə döndərib!
Yanıq nəğmələrin yayıldı elə,
Ümidin gözündə bir çənə döndü.
Bircə muradınla dönmədi dövran,
Muradına qarşı döndü, nə döndü!
Ürəyim şerinlə doludur, ustad!
Yazıb-pozduqlarım varaq-varaqdır
Bu çətin yollarda mənzil başına
məni məhəbbətin aparacaqdır.