Filoloq, türkoloq alim - Əsgər Rəsulov - Rövşən Yerfi yazır
03 Mart 2026 / 16:03
Filoloq, türkoloq alim
Dəfələrlə şahidi olmuşam, onlarla yazıçılarla, ədəbiyyatşünas alimlərlə söhbətlərimdə adı çəkiləndə ona qarşı gözlərdə hörmət, xoş ehtiram görmüşəm. Savadlı alim, pedaqoq, səriştəli rəhbər, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov onu tanıyanların könüllərində məhz belə mövqedə qərar tutub.
Mən Əsgər müəllimlə yaxından 2017-ci ildə tanış olmuşam. O zaman rəis müavini idi, qəbuluna getmişdim. İşimlə bağlı sıxıntım vardı, yerimi dəyişmək istəyirdim. İdarə rəisi müraciətimə müsbət yanaşmamışdı. Filologiya üzrə alim olduğu üçün məndə belə bir ümid vardı ki, yazıçılığıma görə Əsgər müəllim mənə fərqli yanaşacaq. Gözlədiyimdən daha artığını yaşadım. Əvvəl ona qayğımı çatdırdım, sözarası qeyd etdim ki, yazıçıyam. O: -Yazıçı olmağını bilirəm, -dedi, -oxumuşam yazdıqlarından. Sən müxalif ruhlu yazıçısan...
Heyrətə gəldim eşitdiklərimdən. Ömrümdə ilk dəfəydi, Çingiz Əmirovdan (1993-96-cı illərdə Ədliyyə nazirinin müavini) savayı işlədiyim yerin rəhbər işçisi tərəfindən yazıçı olmağım və yazdıqlarım barədə fikir söylənilirdi. On yeddi il xidmət etdiyim Penitensiar Xidmətdəki müəssisələrin rəis və ya müavinlərindən heç vaxt belə səmimi münasibət görməmişdim. Kitablarımı oxuyanlar belə, içlərindəki müştəbehlikdən dillərinə gətirməzdilər.
-Haqlısız, -cavab verdim, -mənim nəzərimcə özünü vətəndaş sayan yazıçı müxalif ruhlu olmalıdır..
Bu qəbul o dövrədək olan ən gözəl hisslər keçirdiyim qəbullardan biri oldu. İnsana dəyər veriləndə özünü xoşbəxt saymaya bilmir. Demək, yaşamağa, yaratmağa dəyər, lazımsan!
Əsgər müəllim belə böyük, geniş qəlbli insandır. Heç vaxt tabeliyindəki, qarşısındakı insana yuxarıdan aşağı baxmaz, onu kiçiltməyə çalışmaz, əksinə onu qiymətləndirib qarşılığında özünə inam, ehtiram qazanar.
Bir hadisəni də heç vaxt unutmaram. Həmin qəbuldan bir müddət sonra, yerimi dəyişmək üçün səbirsizləşərək Əsgər müəllimə zəng edib, məni boşalmasını eşitdiyim idarənin gözətçi ştatına götürülməyimə kömək etməsini xahiş etdim.
-Səbr eylə, -dedi, -o yer boş deyil, boş olsa da mən layiq bilmərəm ki, sən elə işdə işləyəsən.
Təkrar heyrətləndim. Adama bundan artıq necə dəyər verərlər? –düşünüb susdum.
Zamanı gəldi, Əsgər müəllim mənə qarşı nəzərdə tutduğu etimadını həyata keçirdi. Nə qədər nanəcib olasan ki, daha bundan sonra göstərilən etimadı döğrultmayasan və belə bir “komandanın əsgəri” olmaqdan qürur duymayasan.
Rəis təyin ediləndən bəri arxiv işlərində baş verən bütün yeniliklərdə onun diqqəti və zəhməti var. Əsgər müəllim çox az rəhbərlərdəndir ki, iş otağının qapısı hər vaxt istənilən işçisinin üzünə açıqdır. Səlahiyyəti çərçivəsində kimin nə sözü var, məhdudiyyət qoymadan hamını qəbul edir. Bu hər rəhbərin bacardığı idarəetmə deyil. Bunun üçün nə qədər təmkinli, gözütox, alnı açıq olmalısan ki, kimsədən çəkinəcəyin olmasın. Əsgər müəllim beə rəhbərlərdəndir.
Son olaraq ona cansağlığı, uğurlar, nailiyyətlər arzulayıram! Belə şəxsiyyətləri Tanrı bizə çox görməsin...
P,S. Bu kiçik yazını iki il əvvəl onun yubileyində yazmışdım. Xeyli vaxt idi, başqa mənalara yozarlar, deyə üzə çıxarmırdım. Yadıma şair Cabir Novruzun sözləri düşdü, ürəkləndim:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin…
Rövşən Yerfi