Məndən demək... Özünüz bilərsiniz - Şəhriyar del Gerani yazır
10 İyun 2022 / 17:00
Şəhriyar del Gerani
Çox adama elə gəlir, yaşamaq asandır, ölmək çətin. Amma elə deyil. Bu gözəlim dünyada yaşamaqdan çətin heç nə yoxdur. Hərdən mənə elə gəlir, ümumiyyətlə, bu dünya insan üçün deyilmiş. Yalan dedim, hərdən yox, çox vaxt. Təxminən ildə bir dörd-beş dəfə bu fikrə qapılıram. Təsəvvür edin, dünyada hər nə varsa, var, bircə insanlar yox. Yəni bəşər adına bircə nəfər belə yoxdur dünyada. Tələsməyin. Sözün həqiqi mənasında təsəvvür edin, bir neçə dəqiqəlik də olsa bu hissi beyninizin ən son hüceyrələrinə qədər duyun. Gərçi, təsəvvür etdiniz, edə bildinizsə, afərin. Yox, alınmadısa, heç zəhmət çəkib bu məqaləmizi də oxumayın. Nədən ki anlaşılmayacaq söhbətimiz. Başqa meydanlarda oynayacağıq. Olmayacaq belə. Sanki zər atıb şahmat oynayacaqsız. Əksəriyyət belədir, şahmatı zərlə oynayır. Maraqlısı budur ki, bacarırlar da. Amma yenə də siz bunu etməyin.
Yaşamaqdan danışırıq. Rəhmətlik babam (Allah sizin də ölənlərinizə rəhmət eləsin) deyərdi:
“Bala, həyatı necə tutsan, elə də gedəcək, çalış, çəmini tapıb fərəhli yaşamağı bacar. Nər olma, minəcəklər, maya olma, sağacaqlar, belə də, ortabab bir yolunu tapıb, yaşa getsin”.
Bilirik ki, Azərbaycanda erkək dəvəyə “nər”, ana dəvəyə “maya” deyirlər. Dişi dəvəyə yox, ana dəvəyə, bala vermiş dəvəyə, sağmal dəvəyə maya deyirlər. Dişi dəvəyə isə ərəblər “nəqa” da deyirlər. Lap açığı, dəvənin onlarla adı var. Əlbəttə, söhbət dəvələrdən getmir. İndi deyəcəksiniz, mənim nəyimə lazım dəvənin adları? Hər halda, bilməkdə fayda var. Babam həm də başqa mənaları qəsd edirmiş, bilirəm. Məsələn, dəvələrin gözləri iki-üç qapaqlı olur. Bu qapaqlar onları qum fırtınalarından qoruyur. Biz gözümüzü yumduqda heç nə görmürük, amma dəvələrdə elə deyil. Onlar görür. Səhralarda uzun-uzadı yollar qət eyləyən dəvələr qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. Amma insanda elə deyil.
Yeri gəlmişkən, Şərq ölkələrində dəvəni baş hesabı ilə deyil, nəfər hesabı ilə sayırlar. Bəli, eynən insanlar kimi. Yəni “üç baş dəvə” yox, “üç nəfər dəvə”. İnsanlar kimi. Amma biz bunu da yaxşı bilirik ki, insanların əksəriyyəti nəfər deyil, dənədir. Nəyimizə gərək? Özləri bilərlər. Dediyim bu - bəlkə də, babam deyirmiş ki, bu amansız dünyada həyat bir quraqlıq, ömür də bir səhradır, sən bu səhrada gözlərini vaxtında yummağı, vaxtında açmağı öyrən, üzü küləyə çətin olar sənə, dəvələr kimi gözüyumulu irəliləməyi öyrən. Dürüst insanlar həqiqətləri hər yerdə və hər zaman, ağıllı insanlar isə həqiqətləri doğru məkanda və doğru zamanda deyərlər. Dəvələr qədər təmkinli ol, hər yerdə gözünü açma, görmə. Vaxtında kar, vaxtında lal, vaxtında kor olmağı bacar. Bəlkə də, bunu deyirmiş, nə bilmək olar?
Yaşamaqdan danışırdıq. Hansısa müdrikdən oxumuş idim, deyir, həyat velosiped sürmək kimi bir şeydir, tarazlığını saxlamaq üçün dayanmadan hərəkət etməlisən. Adamın başının üstündə Allah var, babam qədər olmasa da, haqlıdır haradasa. Di gəl, bu fani dünyada ömür də, həyat da hesabla deyil, nəsiblədir. Çox vaxt hərəkət edəndə belə, müvazinətini itirirsən.
Heç kəs taleyinə düşən paydan artığına sahib olmaz, ola bilməz. Düzdür, bəzən elə hadisələrə şahid oluruq, düşünürük, ilahi, görəsən, bu şey həqiqətən də bu adamın taleyində idimi? Yoxsa taleyində olmayan məqamı, qismətində olmayan səadəti yaşayır bu sırtıq? Sırtıq adamlar çoxdur axı. Bir də görürsən, gözlənilmədən dürtüşdürdü özünü kiminsə ömrünə, başladı onun xoşbəxtliyini yaşamağa. Bir də görürsən, sənin ol mübhəm, ol mübarək arzularını hansısa üçüncü növ birhüceyrəli məxluq bəh-bəhlə yaşayır, heç uff da demir, qalırsan baxa-baxa. Azərbaycanlılar fərasətli adamları xüsusi təyinatlı şəxslər kimi görürlər, əlahiddə rəğbət bəsləyirlər, sevirlər, tapınırlar fərasətli adamlara. Hətta “çörəkli adam” deyə bir fürsətcil söz birləşməsi də uydurublar, az qala öpüb gözlərinin üstə qoyalar fərasətli adamları. Bəlkə də, haqlıdırlar. Nəyimə lazım? Özləri bilər.
Həyat deyilən bu hər nədirsə də özünü axtarmağa deyil, özünü yaratmağa çalışacaqsan. Ağıllı insanlar özlərini axtarmazlar, ağıllı insanlar özlərini yaradarlar. Özünü axtaran adamlara yazığım gəlir. Neyləyəcəksən özünü tapanda? Cibinə pul qoyacaqsan? Ciddi adamlar özlərini itirməklə, yox olmaqla məşğul olarlar. Çox adama elə gəlir, özünü itirmək asan məsələdir. Amma elə deyil. Hər adamın başı üçün deyil özünü itirsin. Bir də var, özünü harada, özünü kimdə itirmək. Bu da bir ayrı dərddir.
Diqqətli olun, çox önəmli bir gerçək hekayət nəql edəcəm. Həqiqətən də, bütün ağıllı insanların həyat yoluna əbədi işıq tutacaq söhbətdir. Milli Qəhrəman, mübarək şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc xanım danışırdı. Deyir ki, rayonların birindən toydan gəlirdik, maşını Raquf sürürdü. Yağış çisələyirdi, axşam vaxtıydı. Qəfil necə oldusa, Raquf idarəetməni itirdi, maşın yoldan çıxdı, yüngülvari qəza yaşadıq, dizindən zədə aldı. Xəstəxanaya getdik, sarğı-filan, xülasə, qayıtdıq evə. Qəzada hiss elədim, Raquf bərk həyəcan keçirdi, özünü itirdi, azacıq qorxduğunu duydum. Açığı, çox üzüldüm. Çünki tanıdığımdan bəri ilk dəfəydi, Raqufun gözündə qorxu görürdüm. Bu, məni məyus etmişdi, amma özünə bildirməməyə çalışırdım. Çox həssas idi, gördü, nəsə birtəhərəm, soruşdu, niyə beləsən? Qəzaya görəmi məyussan? Heç nə saxlamazdıq bir-birimizdən, nə olsa deyərdik, odur ki, özümü saxlaya bilmədim, dedim, yox, qəzaya görə deyil. Amma bir söz soruşacam, xətrinə dəyməsin. Soruş dedi. Dedim, ilk dəfə gözlərində qorxu gördüm, düzünü de, qəzada qorxdunmu? Ömrünün yarıdan çoxunu kəşfiyyatda keçirən, igidliyi, mərdliyi əfsanəyə dönən Raquf avtomobil qəzasında ölməkdənmi qorxdu? Gülümsədi, gözlərimə baxdı və belə cavab verdi: Hə, düz hiss etmisən, Sevinc, qorxdum, amma ölməkdən deyil, toydan gələrkən mənasız bir avtomobil qəzasında ölməkdən qorxdum. Mən ömrümü maşın qəzasında ölməyə hesablamamışam. Qorxdum ki, döyüş meydanında yox, maşın qəzasında ölərəm. Qorxdum ki, Allah mənim taleyimə belə bir ölüm yazar...
Ciddi söhbətdir. Hər bir ağıllı insan üçün, yaşamaqda, həyatda məna axtaran istənilən şəxs üçün ömür düsturu. Buyurun, bu da sizə həyat xəritəsi. Bəli, doğru düşündünüz, necə yaşamaq qədər necə ölmək də önəmlidir. Bir neçə il qabaq şəxsiyyətinə, intellektinə hörmət etdiyim bir dostum Kanadaya elmi araşdırma aparmağa getmişdi, orada yaşayacaqdı, elmi dərəcəyə hazırlaşırdı, mötəbər ideyaları, möhtərəm arzuları vardı. Əksər ağıllı adamlar kimi, necə deyərlər, beynini xaricə, cəsədini Azərbaycana bağışlayacaqdı. Yəni yaşamağa qərib ölkə, ölməyə Vətən yaxşı deyirdi. Belə deyənlərdən idi. Və bir gün necə olmuşdusa, restoranda dava düşmüş, sarsağın, tüfeylinin, bambılının biri bıçaqlamışdı dostumu, xəstəxanaya çatdırmışdılar, ancaq həyatını xilas edə bilməmişdilər. Dəfnində iştirak etdim və bircə cümlə ilə vidalaşdım məzarıyla. Dedim, əzizim dost, axı sən belə ucuz ölüm üçün yaşamırdın o gözəlim ömrünü. Belə də dedim.
Həqiqətən də, bir də baxırsan, dağ kimi kişilər adicə bir hadisənin, bir gədanın, kifayət qədər cındır birinin əliylə, əməliylə dünyadan köçür. Ya dünyadan köçür, biryolluq ölür, ya da həbsxanaya düşüb ömrünü çürüdür, hissə-hissə ölür. Adam yanıb-yaxılır. Neyləyəsən? Ona görə də şəxsiyyətinə hörmət edən, özünü ciddi prinsiplərə həsr etmiş adamlar gərək özlərini elə hadisələrdən qorusunlar. Bunun da ən gözəl variantı yenə də azərbaycanlıların möhtəşəm tapıntısı olan “yola vermək”dir. Yola vermək qədər əntiqə söhbət tanımıram. Yola verin, getsin. Şəxsən mənim yola verdiyim şəngülümlərdən şəhər olmasa da, xudmani bir qəsəbə salmaq olar. Ciddi sözümdür. Görürsən, bir anlaşılmazlıq yarandı, qarşındakı adam nadandır, yola ver, getsin, başını salamat saxla. Həzrət Əli boyda nəhəngin belə, ən qorxduğu tiplər nadanlar olub. Nadan insana cavab vermək qədər məşəqqətli şey yoxdur deyib. Özünüzü nadanlardan qoruyun deyib. Ona görə də ağıllı adamlar cahilin səviyyəsinə düşməyi özünə yaraşdırmazlar. Şəxsiyyətinə bircə qram da olsa hörmət edən kəs elələrini yola verər, özünü də, ətrafını da çirkabdan qoruyar, təmiz tutar.
Yaşamaqdan danışdıq. Sizə zarafat gəlməsin, çətin peşədir yaşamaq. Ətrafımızda psixi sağlamlığını itirən nə qədər adamlar var. Günü-gündən də artırlar. Biz çalışıb ətrafımızdakı adamlara yaşamağı öyrətməliyik. Dövr dəyişib, tamamilə başqa zamandır. Həqiqətən də, xoşbəxtliyin düsturu başqalaşıb. Qabaqlar bəlli şərtlər vardı, onlara sahib olan adamlar səadəti tapırdılar. Nə bilim, ev, iş, maşın, ailə, uşaq, şöhrət. Hərənin bir amalı vardı, yaxşı-pis o arzuların ya zirvəsinə, ya da ətəklərinə çatıb özlərini xoşbəxt hiss edə bilirdilər. Amma indi elə deyil. Baxırsan, işi də var, evi də, var-dövləti də, maşını da, ailəsi də, uşağı da, şöhrəti də, fiziki sağlamlığı da yerində, bir sözlə, nəyi desən var, di gəl, dindir, deyəcək xoşbəxt deyiləm, ruhu zəhərlənib, xəstədir. Gerçəkdən də, elədir, xoşbəxt deyil.
Görürsən, canını qoymağa yer tapmır, başını itirib, reallığı görmür, havalardadır. Və bir gün də eşidirsən ki, havalanıb. Tam ciddi deyirəm, təxminən iki ildir, bütün sinirlərimlə, duyğularımla, zəkamla idrak edirəm. Ki, dünyanın düzəni, səadətin formulu, xoşbəxtliyin düsturu tamamilə dəyişib. İzah etmək çətindir. Bəlkə də mümkün deyil. Amma dəyişib. Bir başqa dövr gəlib. O dövr ki, şair demiş, nə çölündəyik zamanın, nə də büsbütün içində. Elə bir yerdəyik ki, bu yeri tanımırıq, yadıq. Necə oldu, niyə oldu, bilmirəm. Amma belədir. Fikir versəniz, açıq-aşkar duyacaqsınız. Ona görə də çalışın, birtəhər çəmini tapın, yaşayın getsin.
Ağlı başdan alıb qaçan dövrdür. Böyümək lazım, dövrdən böyük olmaq gərək. Həyatı necə tutsanız, elə də gedəcək. Özünüzə gülməyi bacarana qədər böyüyün, ruhunuzu nizamlı tutun. Həyata necə baxsan, elə də görəcəksən. Həyat maraqlıdır seyr edənə. Təmkinlə seyr edin. Görəcəksiniz, həyat - duyğularınla baxsan, faciə, düşüncənlə, zəkanla baxsan, komediyadır. Adiliyin təntənəsini tapmaq lazım. Necəsə, nə cürsə, bunu bacarmaq gərək. Adiliyin təntənəsi barədə xüsusi yazımız olacaq deyə çox da detallara girmirəm.
Bəlkə də, bu dünya insan üçün deyil, bilmirik. İstənilən halda dünyaya gəlmisənsə, necə yaşadığını da, necə öləcəyini də bilməlisən, öyrənməlisən. Ən önəmlisi, bu dünyadan sağlam baş aparmaq üçün bütün mümkün cəhdləri etmək lazım. O biri dünyalarda mütləq lazım olacaq.
Özünüz bilərsiniz. Məndən demək.
Mənbə:oxu.az