Həyat unudulmaq yarışıdır - Xatirə Nurgülün yeni şeirləri
08 Yanvar 2023 / 08:00
XATİRƏ NURGÜL
EYFORİYA
İndi məndən soruşsan, deyərəm ki,
Qocalmış atların çürük dişləri qədər kədərlidir həyat.
Amma əvvəllər atlara deyil,
göyərçinlərə şeirlər yazırdım,
Qırmızı, yaşıl, bəyaz şeirlər...
Biz gəzdiyimiz şəhərlər,
oxuduğumuz kitablar boydayıq.
Sözləri bilmək hələ nağıl danışmaq deyil,
Nə də addım atmaq dağları aşmağa bənzəməz əslində...
Mənə elə gəlir göründüyümüz yerlər kimi
gördüyümüz yuxular da unutmur bizi.
Həyatı tanımaq üçün onunla eyni cığırı getməlisən,
yeri gəlsə qaçmalısan,
uçmalısan...
Məsələn, parkda göyərçinləri yedirən qadın
quşların dilini bilir.
BUĞDA DƏNƏSİ
Sözlərin ən gözəlini yazan adam,
dinlə çax-çaxların səsini.
Bir şeir yaz səssiz, sözsüz...
Susmaq istəyirəm.
Eheyyy...sözlərin ən gözəlini yazan,
yuxuları yozan adam,
Mən köhnə dəyirmanda unudulmuş buğda dənəsiyəm.
Nə yolum var, nə izim.
Ancaq qaranlığım var.
Yuxularım da qaranlıqdır.
Tək qorxum yox olmaqdır.
Yoza bilərsənmi yox olmağın mənasını?
Bəlkə də həyat
unudulmaq yarışıdır.
Ümid var haa... quşların enişidir, uçuşudur.
Mən köhnə dəyirmanda unudulmuş buğda dənəsiyəm,
quşların da gözündən uzaq düşmüşəm.
Yuxuları yozan adam,
məni quşların yuxusuna apar.
YABANÇI
"Yol ən yaxşı dərmandır".
Y.Vodolazkinin "Lavr" əsərindən
Düşüb yolların izinə gedək Şərqə tərəf yabançı,
söz aparaq, səs aparaq,
Kitab aparaq özümüzlə.
Bir qab ümid aparaq yeməyi torpaqdan deyil,
göydən diləyənlərə...
Gedək yabançı,
gedək üzü Şərqə.
Amma izn ver, əvvəlcə
bulaşmış əllərinin tozunu çırpım,
gözünün yaşını silim.
İzn ver yabançı,
sənə oğul deyim, qardaş deyim...
Bir də əvvəlcə
boynundakı xaçı gizlə,
əlindəki Quranı da.
Biləyindəki təsbehi,
çiynindəki yaranı da.
Susmağı öyrən əvvəlcə, yabançı.
Yoxsa dirəklərə mismarlayar insanlar səni,
quyulara salar.
Sonra da... qərinələrə yoldaş olar
cavabsız suallar.
Gedək, gedək Şərqə tərəf yabançı...
Aclara ümid aparaq,
təklərə səs,
unudulmuşlara Kitab.
Tələs, yabançı tələs...
Tələs ki, zamana çataq.
ROBİNZON TƏNHALIĞI
Uzaq bir adada yorğun təbəssümlə gülümsəyən Robinzon kimiyəm,
Dərdli əllərimi qoymağa yer tapmıram.
Amma sivilizasiyanın da öz qanunları var,
Məsələn, günəşi söndür-yandır düzələcək.
Hardan gəldi bu yağışlar?
Axı cüməyə hələ üç gün var...
Kölgəm yağışdan qorunmaq üçün ağacların arxasında gizlənir.
Hərdən oxuyuram:
Tənhalığın yiyəsi olmur.
Tənhasansa, deməli təksən,
Hətta küçədəki itlər də bilir tək olduğunu.
Tənhasansa, deməli
unutmamalısan bunu,
Yoxsa küsər içindəki Robinzon.
Yağışın altında əllərimi çətir edib
qaçıram evə sarı,
Kölgəm də yanımca gəlir tutaraq divarları.
TAQORUN ŞEİRİ
Ay işığının əlindən tutub
qaçıram sahil boyu...
Kənara at kağız-qələmi şeir adam,
Ondansa ayaq izlərini yu dənizin suyu ilə.
Yumuram gözlərimi.
Dumanların arasında heç kimin, heç nəyin üzü tanış gəlmir.
Yadımda təkcə Pikassonun Göyərçinləri qalıb,
Bir də Van Qoqun Günəbaxanları ilə pıçıldaşmağım.
Qaçıram, qaçıram sahil boyu...
Fikirlərim qarışır dalğaların səsinə.
Sanki dəniz məni,
mən dənizi bəzəyirəm.
Yaxına gəl şeir adam,
səni Taqora bənzədirəm.
Bir şeir de, cənab Taqor,
içində dəniz olsun.
"Uzaqda bir qayıq var
qumsalı dalğalandırır avarlar.
Deyəsən yuxuda dənizi görür yorğun balıqçı.
Dəniz aya tərəf qaçır...".
2021