Sənət və ədəbiyyat dərgisi

Sən də şanssızsan məntək - Aysel Xanlarqızı Səfərli

30 İyun 2022 / 07:41

Aysel Xanlarqızı Səfərli

Heç bilmədim kimsən sən,

Səsini nəğmələrlə

qoşdu Allah o axşam

bir küləyə ,

göndərdi...

Gecələr darıxırdı,

aldı, göyə göndərdi...

Gözlərimdə göynəyən

Qəmi yanaqlarıma

Döyə-döyə göndərdi...

İnan, heç bilmədim ki,,

Səni niyə göndərdi...

               

Amma, xəbərin yox ki

Sən də şanssızsan məntək.

Bu qədər insan varkən,

Tale səni ,hə, səni,

Bu dəliyə göndərdi...

Ruhu özündən küsmüş,

Bir ölüyə göndərdi...

 

Uzaq gəz gözlərimdən,

Bulaşma kədərimə...-

Söylədim dinləmədi,

Deyə-deyə... göndərdi...

Sevinci yadırğamış

Bir ürəyə göndərdi...

 

Nə məndən insan olmaz,

Nə ürəyimdən qadın.

Bu qədər zirvən varkən,

Bir təpəyə göndərdi.

Bağçası yağmalanmış,

Bir çiçəyə göndərdi...

 

Heç bilmədim ki, ey ruh

Səni niyə göndərdi?!

 

***

Qollarına avar çəkən gözlərin,

Qucağındır səcdə yeri,and yeri...

Həsrətinə yorğun düşən şəhərin,

Yanağında biri var ki, o sənsən...


Dan yerinin saçlarını saraldan,

Qayıdış yox qürub adli bir yoldan.

Ürəyimi götürdüyün vağzalda,

Gecikdiyim bir qatar ki,o sənsən...


 


 

Bahar qollarımda,payız saçımda,

Şehli baxışların kirpik ucunda.

Şirin görüşlərin titrək ovcunda,

Bir xatirə yeri var ki,o sənsən.


 

Ulduzların gecə rəngli gözündə,

Vücudumun hər sətirlik izində.

Bir şeirin közə dönmüş sözündə,

Misraları darıxar ki,o sənsən.


 

Nəfəsinə qurban kəsdim zamanı,

Kitab-kitab sözə dönən insanim.

Bu dunyada sevgi adlı unvanım,

Hardan bilsin adamlar ki, o , sənsən.

 

***

Sən gəldin

 

Xatirələr kirlənmişdi o gecə,

Yudum, yudum, kirpiklərimdən asdım.

Yad əllərdə isitdiyin əlini,

Köz eləyib əllərimə dağ basdım.

Mən ovcumda öləcəkdim,

sən gəldin...

 

Bir uçqunda dağıntılar altından,

Ölməmişdim, yaralanıb çıxmışdım.

Bir gecədə əllərinin tumarı,

Boya kimi saçlarımdan axmışdı...

Mən saçımdan öləcəkdim,

sən gəldin...

 

Gözlərimdə qayıq oldu həsrətin,

Boğulanda tutub çıxdım naəlac.

Bu dünyanın hər nəyinə tox ruhum,

Təkcə sənin saf eşqinə acdı, ac,

Mən acından öləcəkdim,

sən gəldin...

 

Ürəyimə gün doğmadı bir dəfə,

Ömür keçdi gecə kimi qoynumda...

Unutmağa güc yığırdım içimdə,

Soyunurdum bu sevgini əynimdən.

Mən gücümdən öləcəkdim,

sən gəldin...

 

Son şeirimi son nəfəs tək, yazmamış,

Söz içində öləcəkdim,

sən gəldin...

 

***

Bosfor qoxulu

sahillərdə

qagayi olmaq,

Əllərinə simit əvəzi

yaxın gəlmək,

Dənizi gözlərindən izləmək,

Səni İstanbul -İstanbul özləmək,

Bir bilsən necə hissdir...


 

Kumkapı küçələrində

yollara dur demək,

Yağışı yanaqlarında sevmək.

Səninlə birlikdə üşümək,

Səni toxunmadan yaşamaq,

İçimdə ən kôvrək səsdir...


 

Meyxana musiqilərini

Rakı kimi qurtumlayıb

Bəyaz boşqablardan balıq

Ovlamaq,

Qəhqəhə səsində ağlamaq.

Masa arxasî qədəhlərlə rəqs etmək,

Otelə bənzər

otağında

özünə

Onun xəyalîndan

qucaq düzəltmək,

Çox ağrılı bir həvəsdir...

Bir vaxt heç tanîmadığın

insan,,

İndi ən doğma kəsdir,

aldığın nəfəsdir ...


***

Bir türkünün səsində sərxoş olan qədəhəm,

Rəqqasələr könlümü əyləndirməz bu gecə.

İtirdiyim rəngləri gözlərində tapsam da,

Bu rəsmi də yarımçıq rənglər, yaşaram təkcə.


 

Tutub göyqursağının rəngbərəng əllərindən,

Bu otel otağımdan keçər hey tramvaylar.

Bosforun sinəsindən asılmış bir körpüyəm,

İçimdə illər öncə tərk edilmiş saraylar.


 

Gözlərimə şeh kimi qonan xoş xatirələr,

Gəmidə bir qağayı dimdiyinə ilişər.

Bir zamanlar hardasa itirdiyim rənglər də,

Bir şair qələmindən söz-söz hecaya düşər.


 

Üzüb öz sahilinə bir kəz olsun çıxmadım,

Dənizi ayaqlayib su üstündə gəzərəm.

İçim İstanbul dolu,ruhum böyük bir ada,

O səssiz bir Mərmərə, mənsə çılğın Xəzərəm...

 

***

Oyaq və yuxusuz idi,

uzaq səfərlərə insan yola salırdı

hava limanı...

Monitorlarda çamadanların

rentgeni çəkilirdi...

Başqa ölkələrə köçürdü təyyarələr.

Gecəni çiynindən atırdı göylərin bəyaz dumanı...

Zülmətin bağrı sökülürdü.

Günəş kölgələrlə rəqs edirdi,

yük -yük daşınırdı xatirələr...

Özümü götürüb yerdən köçmək həvəsliydim

bu səhər,

Göylərə,sənə gəlirdim,

Dünya yatmışdı,

bir mən oyaq idim,bir sən,

bir hava limanı.

Sən məni,

Sabahını isə yarıyuxulu qarşılayırdı şəhər .

Pasport sənədinin arasındakı

bir bilet

həyəcandan tir-tir əsirdi,

Bakı İstanbula tələsirdi...

 

***

Şikəst həyatım...

 

Mənim zirvələrimdə son bahar hərarəti,

Sənin yamaclarında hansı fəsildir gorən?..

Min bir ağrılar ilə qoynumda böyütdüyüm,

Son ümidi kim idi ovuclarımdan dərən...

 

Ne sağlıq deyən oldu könlümdəki sevgiyə,

Qədəhimə doldurub payızı qurtumladım.

Tullayıb başım üstən qırılmış çətirləri,

Süzdüm yağışı gözdən, göy üzün qurtumladım...

 

Boyasını dəyişdi unutduğun saçlarım,

Çiynimdə izi qalan bir boş yerin ağrısı...

Xatirələr daşdıqca acı qəhvətək gözdən,

Səni bir qəza kimi yaşayıram doğrusu...

 

Gəl açma ürəyimin gizli, qara qutusun,

Ruhum radarda azmış bir təyyarə pilotu...

Ağrılardan uyuşmuş bəxtimin yollarında

Sürət həddini aşmış mənim şikəst həyatım...

 

 

***

Kimsə qalmayıb şəhərdə,

Bir Bakıdı,bir də ki, mən...

Yolları yerdən götürüb,

Sıxmışam bərk-bərk köksümə.

 

Ömürdü də,hey şütüyür,

Daşıyır məni səhərə.

Hansı ünvana yol alım?

Səninlə gedib küçələr.

 

Qollarına gedən yollar,

Döngəsində düyün düşüb.

Gecə yaman yağış yağıb,

Şəhər gözümdən sürüşüb...

 

Qız qalasının üstündən,

Gəl, atır özünü səhər.

Gecə intihar eləyir,

İçimdə əsən küləklər.

 

Ömrün ayağı büdrəyir

Yıxılır göydələnlərim.

Sən gedəndə boğuluram,

Nəfəsi çatmır göylərin.

 

Eh,sən hardan biləsən ki

Bu şəhərdə kimin qalıb?!

Tez gəl,sabaha çıxmağa,

Bircə ovuc ömrüm qalıb.

***

 

Bir təyyarə qanadı yardı üfüqlərimi,

Mən sənin göylərində ayaq açıb yeridim.

Qaçdım sənin dalınca buludlardan yuxarı,

Getdin, elə islandim, damla-damla əridim...

 

Sən gedəli yerdən də küsdu bu dəli ruhum,

Bütün uçuşlar keçir ayağım altdan indi...

Məndən heç nə qalmayıb, götürmüsən özünlə,

Axı sənə demişdim, nəyim varsa sənindi...

 

Limanları səhv düşən bu qəzalı ömrümün,

Açsam qara qutusun, həsrətin töküləcək...

Aldığım neçə nəfəs sənsiz gücün itirib,

Bir hava boşluğunda çarmıxa çəkiləcək...

 

Bir bilet də mənə al, ömrünə yan almağa,

Qanadım qırılmasın qoy uçuş zolağında...

Sən getməyə həvəskar,mən gözləməkdən yorğun,

Gözlərində boğulub qalmışam Allahın da...

 

***

 

Mənim fəsillərim qızılı rəngdə,
Xəzan yarpaqlarım payız sevdalı...
Mənim çiçəklərim  yanağı solğun,
Dəli küləklərim başı bəlalı...


Buludum günəşin isladar yolun,
Şəffaf pəncərəmin üzündə nəm var.
Qara gözlərimdən intihar edir,
Qəlbimdən atdığım saxta adamlar ...

Mənim sözlərimin saçı ağ - qara,
Şair misralarim uca boyludur.
Gecənin köksündə nağıl danışan ,
Həzin nəğmələrim həsrət payıdir .

Titrək dodağına eşq pıçıldayan,
Dəli sətirlərim məndən güclüdür.
Mənim hecalarım dəniz rəngində ,
Mənim şeirlərim mavi gözlüdur .

 

 


 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.