Öpdüm onu və evimizə qaçdım... - Çağdaş fars şeiri
29 Aprel 2022 / 11:04
MƏHƏMMƏD ŞİRİNZADƏ
(1994)
Gənc fars şairi Məhəmməd Şirinzadə 1994-cü il avqust ayının 28-də İranın Məşhəd şəhərində anadan olmuşdur. Hal-hazırda da həmən şəhərdə yaşayır. On səkkiz yaşından poeziyaya gələn şair daha çox minimalist şeirlər yazır. Ən çox müraciət etdiyi mövzu isə yağışdır.
***
Yağış –
göz yaşlarımdır mənim.
Kədərim
göy boyda olanda.
***
Necə də yalqızdır
yağış
çətirlərin izdihamında...
***
Xatirə dəftərimdən
bircə vərəq qalıb.
Ağ saxlayıram onu
səni öpəcəyim
gün üçün.
***
Yağış –
bir şeirdir
ki, sən
getmisən
sonunda!
***
Və bu idi
hekayəmizin tamamı:
Sən yağış idin,
mən isə
çətirsiz bir kişi.
***
Yalqızlıq
mənim o biri yarımdır.
Sən
heç bir xatirədə
təkrarlanmayanda...
***
Göy qurşağı
davamıdır
sənin baxışlarının.
Yağış
aşiqcəsinə
yağanda...
***
Yağışın ən son damlası
yerə düşməmiş
öp məni.
Ola ki,
yenidən yağmağa başlaya yağış
sənin
öpüşünlə!
***
Öpdüm onu.
Və evimizə qaçdım
birnəfəsə.
Hər şey gözəl idi
o gün.
Hətta qarğanın qarıltısı da.
***
Nə hicri,
nə miladi.
Elə bir gündə öpmək istəyirəm ki səni,
heç bir təqvimdə
olmasın...
***
Gözlərin
nəysə bir şey idi büsbütün –
bu günədək
şeirdən
bilmədiyim.
***
Nə biləydi yağış
çətirin altında
tək olduğumu...
***
Sevirəm səni.
O günahım kimi ki,
heç vaxt
tövbə edə bilməmişəm
ondan.
***
Gözləri dəniz rəngdə idi,
ya dəniz
onun gözləri rəngində,
bilmirəm.
Təkcə onu bilirəm ki,
onun gözlərini gördüm
dənizə
aşiq olanda...
***
Səhərdir
və
sərçələrin cik-cikinin yerinə
bu qarğalar var
sənin yoxluğunu
qarıldayan...
***
Yağış
məndən sənə çatan
yeganə mirasdır.
Yaş gözlərlə
şeir qoşmuşamsa həmişə,
bağışla məni.
***
Kaş ki, bir xalı olaydım hanada.
Barmaqlarının ucuyla
hörəydin məni.
“Eşq” rəngində olardı o vaxt
əriş-arğacım.
***
Sənin evinin divarında
bir pəncərə idim
ki, bu idi arzum:
Küləyin yerinə
kaş
əllərin açıb-örtəydi
məni.
***
Otuz iki hərflə
necə yazım
səni sevdiyimi?
Bir quş olaydım kaş
ki, nəğməm
sənin adın olaydı.
***
İndi ki gəlmisən,
söylə
yağan bütün yağışların
mənim göz yaşlarım yox,
sənin öpüşlərin olduğunu.
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri