Sənət və ədəbiyyat dərgisi

Payız təəssüratları - Vəfa Mürşüdlünün essesi...

19 Oktyabr 2022 / 16:42

Vəfa Mürşüdlü

 

Payız təəssüratları...

 

Payızın gəlişi uşaqlıqdan həyəcan yaradardı ruhumda. Yayın rəngarəng, macəra dolu isti günlərinin bitməsi ilə təbiətin anidən sakitliyə qovuşması qəribə bir melanxoliyanın başlanğıcına çevrilirdi. Sanki qəlbimdə möhtəşəm hüzur hissi duyulur. Tədricən soyuyan payız havasını ciyərlərimə çəkərkən, xəfif əsən küləklər bədənimə toxunarkən sentimental əhval-ruhiyyəyə daha çox qapılıram. Ürəyimdə keçirdiyim hisslərə məna verə bilmirəm, ağlım sıradan çıxır, özümü anlaya bilmirəm. Sözlər isə yenə də duyğuları izah etməkdə aciz qalır. Dağ kəndlərinə, meşələrə üz tuturam. Təbiətin ən saf halı ilə mövcud olduğu, insan oğlunun təsirinə məruz qalmamış, canlı həyatın hələ də sağ qala bildiyi yerlərə. Yalnız müşahidə edirəm.

 

Daha bir neçə ay əvvəl yaşıllaşmağa başlayan yarpaqlar vaxtilə qoynunda yetişdiyi, gözəlliyinin zirvəsinə çataraq kainata gözqamaşdırıcı parıltısını nümayiş etdirdiyi doğma ağacın qucağında saralaraq, torpağa qarışmaq üçün can atır. Ehh... Nə etsinlər axı yarpaqlar? Yer öz cazibəsi ilə bu kainatda mövcud olmuş hansı canlını əvvəl-axır torpağa çəkmədi ki? Bəlkə də, insan ruhunun Payızın möhtəşəm qızılı tonlarına aşiq olmasının ardındakı gerçəklərdən biri də elə budur. Bəlkə də, Payıza duyulan məhəbbət minilliklər ərzində insanların şüuraltında onların sirli varlığı və müəmmalı sonu ilə bağlı formalaşmış instinktlərin izləridir. Və heç şübhəsiz ki, gələcək zamanda doğulacaq bütün nəsillərə də qeyri-ixtiyari şəkildə ötürüləcəkdir. Çünki, bəzən unutsalar da, əslində insanlar da yarpaqlar kimi təbiətin bir parçasıdırlar...

Diqqətimi anidən yarpaqlarını itirmiş tənha ağac çəkir. Bir anlıq sinəsindəki ağrını hiss etdim.  Dərin sarsıntı içərisində yas tutur və bir müddət qoynunda yeni bir yarpaq yetişdirməməyə qərar verir.  Bax, ən çətin günlər bundan sonra başlayacaq. Bu ssenari mənə o qədər tanış gəlir ki... Şiddətli küləklər var gücü ilə əsəcək, tutqun səmadan aramsız leysanlar yağacaq, yeri, göyü titrədən ürküdücü şimşəklər çaxacaq, dəhşətli fırtınalar, tufanlar qopacaq. Ağacın vəziyyətini daha da acınacaqlı hala gətimək, onu darmadağın etmək üçün söz verilib. Paramparça, pərişan zavallının yaralarına məlhəm çəkmək yerinə, bunca əziyyətlərlə, işgəncələrlə üzərinə getmək rəvamıdır, heç? Düşünürəm və ağacın timsalında daim çətinliklərin sınağına məruz qalan insan oğlu adına dərin təəssüf hissləri keçirirəm. Bəli, dünya ədalətsiz bir yerdir. Bəli, burada qanunlar olduqca sərtdir. Bəli, bəzən əzib suyunu çıxarana kimi, bəzən duyğularını yerlə yeksan edənə kimi, bəzən də hər şeyini son həddinədək itirənə kimi insandan əl çəkmir... Ancaq, bütün həqiqət bundan ibarət deyil. Ədalətsizliyin yüksək həddə olduğunun fərqinə varmaq gerçəyin kiçik bir hissəsi idi. Çünki, əsas məsələ ağacın başına gətirilənlərdə deyil, ağacın çətinliklər qarşısında içinə dönərək, özünü yenidən doğmasındadır.

 

Bax, bu! Əlbəttə ki, belə şəraitdə əvvəlcə o, günü-gündən solğunlaşacaq. Zəif ağacdırsa, çox əfsus ki, fırtınalı günlərin birində şiddətli qasırğaya qurban gedəcək. Deməli, tufanlı bir gündən keçmək üçün lazım olan qüvvətə sahib deyil. Çünki, əzm, iradə və güc ağıl və azca da olsa ümid tələb edir. Zəiflər isə ona görə zəifdirlər ki, ya ağıllarını kifayət qədər inkişaf etdirə bilməyiblər, ya da onlar mənəvi cəhətdən artıq tükəniblər. Əslində, məsələ burasındadır ki, güclü bir ağac nə qədər çətin olursa olsun küləyin şiddətinə tab gətirməyə çalışacaq. Çünki, o, bilir ki, dözümünü artırdıqca gücünə güc qatacağı qaçınılmaz olacaq. O bilir ki, gələn dəfəki fırtınadan daha rahat çıxacaq. O bilir ki, gec-tez yenə də yaz gələcək. O, qaranlığın sonunda işıq olduğunu bilir və ən əsası inanır... İnanır ki, fırtınalardan sağ çıxarsa, kainat ona yaşıl don geyinməsi üçün canla-başla yardım əlini uzadacaq.

Aylar ötür, təbiət sakitləşir və günəş göylərdə süzülməyə başlayır. Ağac bədəninin gücləndiyini, qollarında tumurcuqların cücərməyə başladığını hiss edir. Və yenə gözəl günlərinə qayıdır.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.