Sənət və ədəbiyyat dərgisi

Behişt bilmişəm, ey huri, kuyini daim - Məhəmməd Nurinin qəzəlləri

18 Noyabr 2022 / 11:58

MƏHƏMMƏD NURİ

 

QƏZƏLLƏR

 

Lalə olubdur, ey gül, eşqində bağrı dağlı,

Bir qırmızı çadırdır, daim qara-qonağlı.

 

Hər dəm deyə acı söz, ay canla ver cavabın,

Bəlkə, bizə acıyar, ey dil, o bal dodağlı.

 

Yandım sənin odunda, Tuba mənə odundur,

Ey sərvqəd, mənimçün cənnət deyil marağlı.           

 

Gah qarə zülfün etdim, gah da o ay üzün vəsf,

Ömrümdə səbt olundu günlər qaralı-ağlı.

 

Bağlar məni saçın, ey ahugözüm, əlindən

Bir ov qaçarmı, olsa daim ayağı bağlı?

 

Bağlandım eşqinə ta, dağlandı qarə bağrım,

Ey lalə, dağlısanmı, yainki qarəbağlı?

 

Bir şəm’tək alışdı, söndü deyərsən, ey dost,

Nurini axtararsan gündüz əli çırağlı.

 

***

 

Könül ləbindən olurkən xərab bilməmişəm,

Nedim, mey içməmişəm, mən şərab bilməmişəm.

 

O məst gözlərin aram ta könüldə tutub,

Xumar xəstətək aramü xab bilməmişəm.

 

Hərimi-vəslinə napak girmək istəmişəm,

Bağışla, bilməmişəm, ey cənab, bilməmişəm.

 

Gözüm ziyası yolun toprağı, günü sənsiz

Türab bilmişəmü afitab bilməmişəm.

 

Nə sehrdir, burular, gəh də pər açar zülfün,

İlanı eylər imişsən qürab bilməmişəm.

 

Behişt bilmişəm, ey huri, kuyini daim,

Nələr ki çəkmişəm orda, əzab bilməmişəm.

 

Özüm zəif bilib əşk tökmüşəm, Nuri,

Edərmişəm bu qədər cövrə tab, bilməmişəm.

 

***

 

Ayla günün bir olmağıdır həşr əlaməti,

Gün söylədim o mahə, qopartdı qiyaməti.

 

Ol mah zülmət içrə məni qoydu, ey fələk,

Dövranının budurmu, a zalim, ədaləti?

 

Zülfün tutub dəhaninə varsam, əcəb deyil,

Bir rahdır diraz ki, yoxdur nihayəti.

 

Zahid, meyin həmişə gətir hörmətin, oxu,

Fərz eyləyibdi nəss ilə Allah bu hörməti.

 

Zülfündə itmişəm, saçaram göz yaşı, gecə

Ulduzlar ilə yolçu tapar istiqaməti.

 

Göydənmi düşmüsən, nədir, ey mah, bu əda?

Görsənməyib hələ fələkin səntək afəti.

 

Kuyində əşk tökməyə verməz aman rəqib,

Qaldı gözündə Nurinin, ey sərv, həsrəti.

 

***

 

Nə zaman yadıma ol qarəgözün qaşı düşər,

Qaralar qaş, gözümdən qara göz yaşı düşər.

 

Bu nə rəftardır, ey kirpiyi ox, qaşları yay?

Nəzər etsən bizə bir, xəncərinin qaşı düşər?

 

Görübən cənnəti röyadə unutmuş üzünü,

Zahidin yadına Quran, görə gər aşı, düşər?

 

Hamı səndən dilər, ey büt, diləyin, mənsə səni,

Onların başına daş-qaş, mənə çöl daşı düşər.

 

Sadə və yaxşı qəzəl, Nuri, çətindir yazmaq,

Sanma ki, bu həvəsə hər qələmi naşı düşər.

 

***

 

Can çəkdi müsəvvir rüxi-canani çəkincə,

Yüz nəqs elədi ol məhi-tabani çəkincə.

 

Gözdən tökübən yaşi donub qaldı yerində,

Tərpənmədi ta ol büti-xəndani çəkincə.

 

Verdi həyəcan arizi-alindən axan tər,

Tökdü ərəq ol səhneyi-suzani çəkincə.

 

nzi qızarıb laləyə döndü, oluban məst

Düşdü yerə ol nərgisi-məstani çəkincə.

 

Sındı qələmi, fırçasının muyi dağıldı,

Ol qaşı qələm, zülfü pərişani çəkincə.

 

Düşdü quyuya gözləri, incəldi vücudi,

Ol incə dodaği, o zənəxdani çəkincə.

 

Nuri, çəkəməz surəti-dildari müsəvvir,

Olmazmı, de, mat ol şəhi-xubani çəkincə?

 

***

 

Ey könlüm edən qan ilə gülşən,

Bir dəm nola üz açıb da gülsən?

 

Gülsən bu xərabə könlüm içrə,

Gülsən, olu bu xərabə gülşən.

 

Gülsən, buna göz yaşımdı bais,

Əbr ağlamasa, olurmu gül şən?

 

Gül xəndə edərsə xarə bir yol,

Gülşənlər olur həzarə gülxən.

 

Nurini gəl atma narə, ey gül,

Hər xarə açılma, sən ki gülsən.

 

***

 

nlümün şirini ahu rəvişin etdi əsir,

O rəvişlə ki, sala çənginə ahunu şir.

 

Öylə məst oldu ki, çəkdikcə müsəvvir gözünü,

Qaşını sandı kaman, kirpigini çəkdi tir.

 

Dəhənin şövqü ilən zülfünü qıldım məskən,

Sakin ol, yox yerə etmə məni, ey büt, təkfir.

 

Yanar, ey arizi cənnət, bu hərarətlə qələm,

Sifəti-nari-fəraqin edə bilməz təhrir.

 

Sunmaz asan ləbi xəmrin bizə ol çeşmi xumar,

Yaş tök, ey göz, aparar çün hələ çox su bu xəmir.

 

Nə bilir dərdini ləbtəşnələrin zahidi-xüşk?

Nə qanır, ey ləbi sirab, acın halini sir?

 

Qılma, ey yar, məni xar bu əğyarə görə,

Etmə hər dılğır üçün Nurini, ey gül, dilgir.

 

***

 

Ey büt, uyqusunamı girdi o canbəxş ləbin?

Qurudu cismi bütün ol gözü çıxmış rütəbin.

 

Açmaz, ey zülfü pərişan, telinin bir düyünün,

Cəm ola gər üləmavü fütəhasi ərəbin.

 

Neylərəm cənnəti, sənsiz nəmə lazim Tuba?

Sərvqəddim, deyiləm hamili bari-hətəbin.

 

Günə bənzətdi könül bənzini, torpaq başına,

Xakə etdi üzünü nisbət o alinəsəbin.

 

Et ləbaləb meyi-canbəxş ilə, saqi, qədəhi,

İbn Məryəm dəmidir qanı bu bintül-inəbin.

 

Zahid, adəmsən əgər, iç bunu, buğda suyudur,

O ərəqdir ki, bununçün vətənin satdı əbin.

 

Atdı əğyari, sana gəldi o yari-bimehr,

Nola gər gündüzə təğyir ola, ey Nuri, şəbin.

 

***

 

Deyirlə, xəstələrə ləlinin dəvası olur,

Əcəb dəvadı ki, kim görsə, mübtəlası olur.

 

Fələk salır gözünə ağ, ey məhi-bimehr,

Hər aşiqin ki, sənintək gözüqarası olur.

 

Vəfa gəl umma, könül, ömr novbaharından,

Sonu xəzan olanın sanma bir vəfası olur.

 

Həlaki-bülbülə güldür, tikan deyil bais

Ki, aşinayə edən cövrü aşinası olur.

 

nül, gəl alinə ol gözlərin çox aldanma,

Olurmu rəhmi o kim, qan ilən qidası olur?

 

Əcəb deyil ki, tutar zülf o novcavan üzünü,

Üzündə, rəsmdi, hər gəncin əjdəhası olur.

 

Bu qədr umma o Şəhdən şəfaət, ey Nuri,

Qapı açıqsa, itin də abır-həyası olur.

 

***

 

Köçürtdü qürbətə yurdumdan öz köçüm özümü,

Gətirdi düşmən ayağına öz qıçım özümü.

 

Vüsalə yetmək üçün keçməz özgə yol, ey yar,

Sənə qovuşmaq üçün mən gərək keçim özümü.

 

Murad qol-budaq atmaqsa eşq bağında,

Bu istək ilə gərəkdir kəsim-biçim özümü.

 

Öpüş qazanmaq üçün ta şəkər dodağından,

Gərək bir ağulu şərbət kimi içim özümü.

 

Bütün vücud mənə sənsən, özgə yox seçimim,

Özümdən, ey gözəlim, mən necə seçim özümü?

 

Saçanda, Nuri, o şəm özgə məclisində nur,

Dışarım özgəsini yandırır, içim özümü.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.