Dərd eləmə, əzizim - Vasif Əlihüseynin şeirləri
13 Aprel 2023 / 10:54
Dərd eləmə, əzizim
Küçədə yağış yağır,
sel götürüb hər yanı.
Yuyur günahlarını,
təmizləyir dünyanı.
Sənin də günahın var,
düzün deyim, bağışla.
İndi fürsətdi sənə,
çıx küçəyə yağışda.
Qoy saçların islansın,
gözlərinə yaş dolsun.
Ürəyinə “heyif”lər,
ürəyinə “kaş” dolsun.
Dərd eləmə, əzizim,
günahsız insan yoxdu.
İndi nə çıxdın-çıxdın,
sabaha leysan yoxdu.
KÖRPƏLƏRİN ŞƏKLİ
Bütün müharibələrə
körpələrin yatdığı yerdə
şəklini göstərin
onda anlayacaqlar
dünyanın nə qədər mənasız olduğunu
anaların qolları
saat kəfkiri kimi
yelləyir bu ağlağan uşağın beşiyini
yellədikcə, zaman ötür,
körpələr böyüyür
əsgər olur.
SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR
Sinəsinə min basdırılmış
Torpaqdı ömür
Yaşayırıq, Allaha təvəkkül
Gəl, istehkaçmı çağır,
irəlidə getsin
biz də arxasınca
qarşıdakı günləri qarşılamaq üçün
Bax, ayağını itirən o adam
Hələ də peşmandı
Cızından çıxdığı üçün