Qar dənəciklərinin seyrində - Vəfa Mürşüdlü yazır
13 İyun 2023 / 15:00
Vəfa Mürşüdlü
Qar dənəciklərinin seyrində...
Tanrının səsini, mənə söyləmək istədiklərini, uşaqlıqdan etibarən Ona ünvanladığım çoxsaylı sualların cavablarını eşitməyə çalışdığım qış gecələrindən birində zehnimi sakitliyə qovuşdura bilmiş, dərin yuxuya dalmışdım. Bütün gecəni qəlbimi isidən, bəlkə də yuxuda belə üzümə təbəssüm qondurmuş şirin xatirələrimin fraqmentlərini izləyir, xoşbəxtliyimin simamda təzahürünün ən zərif cizgilərini görür, sanki röyamda özümü müşahidə edirdim. Çoxdandır ki, bu cür hisslər keçirmirdim. Möhtəşəm idi. Ta ki fərqindəlik duyğusu anidən vücudumu ələ keçirənədək. Oyanırdım. Ayın qaranlıq tərəfindən gələn düşüncələr bir yol tapıb ruhuma sızmağı bacarmışdı. Sevincdən parlayan gözlərimin işıltısının yavaş-yavaş qeyb olduğunu sezərkən, yuxunun bitməməsi üçün şüurumla mübarizə aparırdım. Bu iztirabın şiddəti insanların sevdiklərindən ayrıldıqları zaman hiss etdikləri dəhşətli ağrının məhvedici gücünə bərabər idi. Nəhayət, qaçınılmaz məğlubiyyətimlə üzləşməkdən savayı çarəm olmadığını başa düşmüşdüm. Yanaqlarımdan süzülərək balışı islatmış göz yaşları ilə oyananda nə qədər aciz olduğumu anlamışdım. Çovğunun hənirtisi canımdan can qoparan kədərimin səssizliyi ilə yarışırdı. Həyəcan dolu o röyaya yenidən qayıtmaq kimi bir şansım yox idi... Geri dönüş yox idi... Eynən xoşbəxt və ya bədbəxt keçməsinə baxmayaraq, yenidən yaşanılması qeyri-mümkün uşaqlıq illəri kimi.
Həyatı içərisində özünəməxsusluğu və gözəlliyi ilə bir-birindən fərqlənən çiçəklərlə dolu bağça kimi təsəvvür etdiyim, hər yeni günə həmin əsrarəngiz, irili-xırdalı gülləri toplamaq həvəsilə gözlərimi açdığım uşaqlıq çağlarım ilə illər öncə vidalaşmışdım. Əksər vaxtlar yalnız tikanları ilə əllərimi, solğunluğu ilə ruhumu qanadan güllər olurdu. Mən isə yorulmurdum. İçimdəki ümidi sönməyə qoymur, əksinə onu anbaan böyüdürək, qismətimdəki ən ətirli çiçəyi tapıb dərmək üçün can atırdım. Amma əvvəl-axır həyat məni bu xoş olmayan sürprizlərə öyrəşdirməyi bacarmışdı. Belə ki, uşaqların seçim şansı olmur. Onlar özlərinə “bəxş olunan mənzərə”ni öz daxili aləmlərinə elə möhkəm həkk edirlər ki, həmin görüntülər mənəviyyatlarının ayrılmaz parçasına çevrilir. Seçim şansına guya yetişkin insanlar sahibdirlər ki onların da “müstəqil” qərarlarının böyük hissəsi məhkum edildikləri uşaqlıqlarının uçmuş qalıqlarının üzərində inşa olunur. Çünki, əslində, hər bir yetişkin insanın həyatı uşaqkən onun ruhuna aşılanan hisslərin motivləri əsasında yaradılmış bir əsərdir.
Özümü toparlayıb yerimdən qalxdım. Zənn edirdim ki, soyuq havanın təmizliyi bəlkə qarışıq fikirlərimi dağıda bilər. O fikirləri ki, artıq idarə edə bilmir, buna çətinlik çəkirdim. Pəncərəni açıb dərin nəfəs aldım. Sonra isə seyr etməyə başladım. Uzaqlara doğru daha da tündləşən parıltılı göy səmadan milyonlarla bəyaz ulduz səpələnirdi. Havada uçuşan qar dənəcikləri paklığın, məsumiyyətin rənginə bürünmüşdü.
Əminliklə deyə bilərəm ki, yer üzündə bəyazdan qorxan kifayət qədər insan var. Çünki, ağ rəng saflıq, xalislik, aydınlıqla o dərəcədə bütünləşib ki, ən xırda ləkəni, kiçik bir nöqsanı nəinki qəbul etmir, hətta olduqca sərt və kəskin şəkildə az qala bütün dünyaya car çəkir.
Həmin gün həm uğurlu, həm də şanssız günümdəydim. Özümü ona görə uğurlu hesab edirdim ki, uşaqlıqdan bəri zaman-zaman ziyarətimə gələrək, özüməməxsusluğumu hiss etdirən fantaziyalarım bu gecə yenə qonağım olmuşdu. Və ona görə şanssız idim ki, təxəyyülüm canlandığı zaman ömrümün ən iztirablı anlarını baxdığım hər istiqamətdə əks etdirməsə, zehnimi doldurulmaz bir boşluğa dəfələrlə dəyib qayıdan düşüncələrin şiddətinə məruz qoymasa, sanki öncə canımı alıb, sonra ruhuma yeni bir nəfəs üfürərək hisslərimi vəcdə gətirməsə məndən əl çəkməzdi. Amma hər dəfəsində təslim olmağa könüllü idim.
Ard-arda suallar doğulurdu: “Kimlərdir axı, bizim bu bitməz tükənməz tragediyalarımızın səbəbkarları? Kimdir bizi uçuruma ən yaxın nöqtəyə gətirib, yalnız üzü aşağı baxmağımız üçün başımızda dikilən? Ən çox qorxduğumuz o vahiməli röyalar, dəhşətli kabuslar əslində kimin yuxusu və kimin reallığıdır? Arabir ağrılar sancılmasa varlığını xatırlamayacağımız ürəyimizin kirə pasa bulaşmış qəddarlığının və eyni zamanda çarəsizliyinin rəngi eynidirmi? Ucsuz bucaqsız okeanlara atsan sönməyəcək əsəb alovları qığılcımını haradan almışdı? Bütün bəşəriyyətdən qisas almağa and içərək, ən amansız cinayəti törədən insan, qəlbinə ən iti bıçaqla min yerdən xəsarət yetirərək, hər kəsdən əvvəl öz ruhunu al qana boyamamışdımı? Sevdiklərinə qovuşa bilməyən insanların “salam, mən gəldim!” deyərək dərin depressiyaların boynunu qucaqlamaqdan başqa yolu var idimi?
Düşüncələrin seyrində gecəni qədəhlərə doldurub içirdim. Badələr gah şirin, gah kəm-turş, gah zəhər dadırdı. Kədərdən boğulurdum, amma gözlərimdən bir damla yaş belə axmırdı. Bunu özümdə son vaxtlar bir neçə dəfə də müşahidə etmişdim. Nə bir damcı yaş, nə də hönkürtü. Səssizcə gözlərimi bir nöqtəyə zilləyirdim, ya da uzun-uzun boşluğa baxırdım. Yəqin, göz yaşları limitini doldurmuşdum, ya da böyüməklə bağlı bir hal idi. Təəccüblüsü də odur ki, ayıq halda bunu bacarmazkən, bayaq yuxuda ikən qəlbimdən gözyaşlarım necə sızmışdı? Bəlkə də çoxdandır uzaq düşdüyüm itirilmiş xoşbəxtliyimə qovuşduğumu sanarkən hər şeyin illüziya olduğunu anlamaq ən ağrılı yaraya bir daha zərbə endirərcəsinə incitmişdi ruhumu ...
Saatın əqrəbləri beşdən altıya doğru yavaş-yavaş hərəkət edirdi. Ritorik suallarımı əcaib bir şəkildə cavablamağa meyillənirdim. Daha sonra isə şərhlərimi gülünc sayır, istehza ilə təbəssüm edirdim. Pəncərəni açıq saxlayıb, kresloya tərəf üz tutdum. Notbukumu dizlərimin üzərinə alaraq özümə və Tanrıya səmimi etiraflarımı yazdım. Sonra isə görünür, məni bərk yuxu tutub. Bir qədər sonra üşüyərək ayılanda, saat səkkizə qalırdı. Yeni günlə bərabər, ruhumda da yeni bir güc doğulmuşdu. Əl üzümü yudum, dağınıq saçlarımı darayıb hamarlaşdırdım. Bəzən çılğınlığımla, bəzən sakitliyimlə başdan ayağa məni, şəxsi özəlliklərimi təsvir edən ətirimi üzərimə vurdum. Çox sevdiyim bəyaz gödəkçəmi və papağımı geyinib, bir yerlərdə məni gözləyən ən gözəl çiçəyi tapmaq ümidi ilə yola düşdüm...