Sənət və ədəbiyyat dərgisi

Nəsrdə yeni imza - Xanım Aydın - Günay Qarayeva yazır

31 May 2022 / 15:29

“Azərbaycan” jurnalının son nömrələrinin birində imzasına ilk dəfə rast gəldiyim Xanım Aydının “Sərçə” hekayəsini oxuduqdan sonra müəllif haqqında internetdə axtarış verdim. Qarşıma çıxan, o qədər də çox olmayan informasiyadan məlum oldu ki, Xanım Aydın (Kərimova Böyükxanım) tərcüməçi, nasir, şair, publisist, ssenarist kimi tanınır.

 “Sərçə” əsəri mövzusunun aktuallığı ilə yanaşı, müəllifin geniş müşahidə qabiliyyətinə, real gerçəklikləri əks etdirmək bacarığına, fikri sadə, lakonik tərzdə ifadə etmək ustalığına və bənzətməli dil imkanlarına malik olması ilə diqqəti dərhal cəlb edir. Əsər sujeti, strukturu baxımından mürəkkəb deyil. Lakin hekayədə xəstə övlad dünyaya gətirmiş təcrübəsiz  gənc ananın yaşadığı psixoloji-ruhi sarsıntılar, personajı, hadisələri çoxşaxəli olmayan  bu əsərdə  kifayət qədər gərgin vəziyyətlər yaradır.  Hekayəni oxuduqca diqqəti çəkən əsas cəhətlərdən biri, bəlkə də ən başlıcası gənc yazıçının əsər boyu  həyatın çox amansız, sərt üzüylə rastlaşmış bir  ananın təkbaşına yaşadığı çətinlikləri, keçirdiyi hissləri, əzab və iztirabları,  bəzən ümidsizliyə qapanmalarını və nəhayət,  xəstə övladını yaşatmaq ümidinə sığınıb yaşamaq əzmini, yaşadığı qeyri-adi narahatlığın heç bir  süni boyadan istifadə etmədən dəqiq, təbii qələmə almasıdır. Xəstəxana mühitindən başlayaraq sona qədər xəstə övlad acısı çəkən ananın iztirabları oxucunu sarsıtmaya bilmir.Əlbəttə,bu, müəllifin uğurudur. Özü də, yazıçı konkret bir obrazın timsalında qələmə aldığı canlı, real hadisələr  ananın hissləri çərçivəsində məhdudlaşıb qalmır, həyatda müxtəlif situasiya və məqamlarda, labud olan həyat gerçəkliklərində insanın yaşadığı hisslərin məcmusuna çevrilir. Körpəsini evə gətirdikdən sonra həkim müayinəsindən keçirən,  xəstəliyindən agah olan ananı qarşıda gözləyəcək həyatın mərhumiyyətlərini düşünərkən keçirdiyi hissləri müəllif olduqca təbii, canlı əks etdirir. Ana qısa bir zaman kəsimində bir-birinə zidd hal və hissləri yaşamağa məcbur qalır. Onun həm bir ana, həm də həyat yoldaşı kimi həssaslığı, dözümlülülyü düşüncə, hərəkət və davranışlarında reallaşdırılır. Ananın iztirabları fonunda müəllif yaşadığımız cəmiyyətin müxtəlif zümrələrinin – həkim, sahə həkimi, bağça müdirəsi və b. münasibətlərində ayrı-ayrı xarakterləri səciyyələndirir,  zamanın, insanlararası münasibətlərin, davranış və hərəkətlərin fonunda cəmiyyətin psixologiyasını təsvirə gətirir. “Daun” sindromlu uşağın xəstəliyi ananın yaşantılarında “daun” sindromlu cəmiyyətin iç üzünü, ruhunu açır. Konkret bir situasiyanı əks etdirərkən müəllif geniş təfərrüatlara varmır. Əsərdə obraz  jest, mimika, hərəkət, dilin daxili potensial imkanları hesabına təqdim olunur. Həkim Qüdrət övladının xəstəliyi ilə bağlı acı xəbəri anaya çatdırmaq istədiyi səhnədə Xanım Aydının bir nasir kimi potensialı çox aydın görünür.Həmin səhnədən  bir parçaya diqqət edək: “Üzündə zəlzələ sonrası həyəcan tüğyan etdiyini açıq-aşkar görürəm. Narahatlıq məni canavar kimi didir, hələ bir başımın üstündə də ulayır. Gözümü gözündən çəkə bilmirəm. Hiss edirəm ki, gözlərini yayındırır. Hərəkətlərinə diqqət edirəm. Əlini çiynimdən götürüb cibinə soxur. Kağız-kuğuzla dolu ciblərinə, deyəsən, əlləri yerləşmir. Çıxardır və belində cütləyir. Ağzından bir kəlmə də çıxartmadan o yana - bu yana var - gəl edir. O, var - gəl elədikcə baxışlarım da arxasınca ayaqyalın sürünür”. Gerçəkliyin real təqdimatında müəllif qısa, lakonik, çevik cümlələrdən istifadə edir və dilin daxili imkanlarınından istifadə edərək obrazı və yaxud situasiyanı dolğun və tutumlu əks etdirir . 

Əsər ifadə və təsvir vasitələri baxımından da zəngindir. “Səhər hələ özünü təzə-təzə ortalığa atmaq istəyir”, “Nənəm demiş, bu əvvəli-axırı olmayan nisyə dərdlər öldürəcək məni”, “Gözümü həvəngdəstə kimi döyə-döyə qalıram”, “Problemlərim kimi bir-birinə keçirilib uzanan parket döşəmənin üstüylə addımladıqca, sayıram”, “Beynimə ağrı-acını zalım elə bil çəkiclə mismarlayır”, “Gözlərimin uçurumu o qədər dərin, o qədər bomboşdu ki, boylanmaq istəyən olsa, düşər tikə-parça olar”, “Elə bil qaranlıq, hər tərəfi hörümçək toruyla süslənmiş, yarasalarla dolu vahiməli mağara labirintinə düşmüşəm, qurtula bilmirəm”, “Nəfəsim hardasa ciyərimdə ilişib qalıb”, “Külək də küçədə ulayır e, ulayır. Elə bil küləyin balası ölüb”, “İçim yorğan astarı kimi ağzımdan çölə çıxır”, “Gecə yarını keçib evdə yula kimi fırlanıram” və s. Əsərdə müşahidə itiliyi, dilin potensial imkanlarından yaradıcılıqla istifadə etməklə müəllif yaşantı və hadisələri elə inandırıcı, təbii şəkildə əks etdirir ki, reallıqla real mətn arasında vəhdət yaranır. Bədii əsərdə reallığı şərtləndirən bir sıra amillər var. Hadisələrin real, təfərrüatlı təqdimində nəsrdə müxtəlif vasitələr – dil, jest, danışıq, mimika və s. Xanım Aydının əsərində də dil reallığı şərtləndirən əsas vasitələrdən biri kimi çıxış edir. Müəllif yazılarının birində qeyd edir: “Yaratdığım bütün obrazları və qurduğum bütün hadisələri, konkret olaraq, real həyatdan götürürəm. Çünki, film də, serial da, elə teatrın özü də həyatdır! Həyatın səhnəyə, ekrana köçməsidir”.

Əsərin bədii nəsr nümunəsi kimi məziyyətləri az deyil. Bununla belə, hekayənin bəzi parçalarında bir tələskənlik də var. Həmin parçalarda təhkiyənin statusu müəllif statusundan aşağıdır.Bir vacib məsələni də çatdırmaq istərdik ki, heç şübhəsiz, gündəlik rastlaşdığımız müəyyən hadisə, situasiya, hətta əşya, predmet, detal və s.-nin  mətnə çevrilmə potensialı var. Bunun gerçəkləşməsi isə müxtəlif vasitə və priyomlarla reallaşır. Müəllif hər bir mövzunun mətnyaratma potensialını o zaman gerçəkləşdirə bilir ki, özünü müəllif hüququndan azad edərək təhkiyəçinin ixtiyarına buraxır. Nəsrdə mətnlə müəllif arasında deyil, təhkiyəçi arasında rabitə yarandıqda istənilən mətni əldə etmək mümkün olur.  Əfsuslar olsun ki, əsərdə bu  rabitə bəzən itirilir, çılpaq reallıq ahəngi pozur. Həm də əsərin sonuna doğru hadisələrin axını, sürəti bir - birini əvəzlədikcə mətn daralmağa doğru gedir.

Müəllif “Sərçə” əsərindəki problemə “Günəşin övladı” hekayəsində də toxunmuşdur. Sujet baxımından hər iki əsər arasında eynilik və təkrarlar da var. “Sərçə” əsərində “daun” sindromlu qız  övladı dünyaya gətirən ananın iztirablarını “Günəşin övladı” hekayəsində təcrübəli, lakin savadsız ananın eyni xəstəliyin daşıyıcısı olan oğlan uşağı dünyaya gətirməsi, ailədə yaşadığı çətinliklər əvəzləyir. Nə yaxşı ki,  müəllif hər iki əsərdə faktlar üzərində geniş dayanmır, hamıya məlum olan elmi informasiya ilə oxucunu yükləmir (bu hal müasir nəsrimizdə tez-tez təsadüf olunan hallardandır), xəstəliyin təfərrüatına varmır, övladları  ilə birgə hər iki ananın yaşadıqları çətinlikləri əks etdirir.

Xanım Aydın yaradıcılıqda ilk addımlarını atır. Təbii ki, onun əsərlərində də büdrəmələr, tələskənlik və  təkrarçılığa rast gəlinir. Biz ümid edirik ki, geniş müşahidə qabiliyyətinə, dilimizin daxili, potensial imkanlarına bələd olan  bu gənc yazıçı bundan belə daha kamil əsərlər yazacaq və ən istedadlı yazıçılar sırasında layiqli yerini tutacaqdır.

                                                                      

AMEA –nın Ədəbiyyat İnsitutunun elmi işçisi,

Filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva

"Azərbaycan" jurnalı/2019

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.