Sənət və ədəbiyyat dərgisi

Tolstoyun "Baldan sonra" hekayəsi haqda - Xanım Aydın yazır 

09 İyun 2022 / 11:30

Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun (1828–1910) yazdığı əsərlər arasında "Baldan sonra" hekayəsi xüsusi yer tutur və onun ədəbiyyatda əhəmiyyəti danılmazdır. Bu kiçik hekayəni Tolstoy 1903-cü ildə qələmə alsa da, yalnız 1911-ci ildə – ölümündən sonra işıq üzü gördü. Hekayənin əsas qayəsi mənəviyyatdır. Amma digər dərin tərəfləri haqqında da danışacam. Hələlik, hekayənin tarixçəsindən, necə yaranmasından deyim. Bu əhvalat real həyatdan götürülüb və daha dəqiq desək, öz qardaşı Sergey Tolstoyun ona danışdığı hadisə üzərində qurulub. Belə ki, qardaşı gənc yaşlarında hərbçi qızı olan Varenka adlı bir xanıma vurulur. Və ona qarşı tam ciddi fikirdə olan Sergey atasının əsgərlə vəhşicəsinə rəfdarını görüb bu evlilik fikrindən daşınır. Gələcək qayınatasının əsgərə qarşı elədikləri onda çox dərin iz buraxır. Bu hadisəni bilən Tolstoy hekayəni dərhal yox, uzun illərdən sonra yazıb.  Əslində hadisənin özü ona çox pis təsir etmiş, xeyli müddət onu təsirindən çıxa bilməmişdi yazıçı. Hadisənin XIX əsrin 40-cı illəri - XIX əsrin sonlarında baş verdiyini göstərən yazıçı həm də bununla o dövrdə də özündən əvvəlki illərə baxanda heç bir şeyin dəyişmədiyini göstərir. Əslində indi – XXI əsrdə də biz bu cür hadisələrin şahidi oluruq. Və heç indi də insaların mənəviyyatında yaxşılığa doğru dəyişkliyin getmədiyini görürük.

Bir günün içində baş verən hadisələr günün əvvəllində sevgi və heyranlıq, sonunda isə məyusluq və pərişanlıqla bitir. Yəni insanın taleyi, fikirləri, hətta sevgisi belə bir günün içində bax bu cür dəyişə bilər. Hekayə əsasən iki hissədən ibarətdir: birinci hissə – bal və bala qədərki hissə, orda baş verənlər və ikinci hissə – baldan sonra baş verənlər.

Hekayənin adı da ilk qaralamalarda "Ata və qızı", "Sizsə deyirsiz ki...", "Bal haqqında hekayə" və s. olub. Sonuncu versiyanın üzərində yazıçı məhz "Baldan sonra" adını qeyd edib. Bunun da simvolik anlamı var. Gözəl bir ziyafətdə, görüşdə, bu əsərdə balda insanlar olmadığı kimi səmimi, gözəl, əsrarəngiz görünürlər. Bundan ötrü bahalı geyim, makiyaj, saç düzümü, müxtəlif dəbli aksesuarlardan, zinət əşyalarından istifadə edirlər. Amma bu həngamə bitən kimi, əyinlərindəki libaslar çıxır, üzlərdən makiyajlar yuyulur gedir, zinət əşyaları, aksesuarlar bir kəanara atılır və insanlar necə ki zahirən özlərinə  qayıdırlar, o cürə də daxilən yenidən özləri olurlar. Süni təbəssümlər, nəzakətli sözlər, xoş rəfdar – hamısı həmin o ziyafətin soyuq divarları arasında qalır. Düşünürəm ki, əsərin də əsas ideyası insanların təntənəli, dəbdəbəli, yüksək səviyyəli bir ortamdan sonrakı  aşağı səviyyəsi, kobudluğu, qəddarlığıdır  həm də. Amma əlbəttə ki, təkcə bu deyil. Əsərdə ata və övlad münasibətləri, sevgi, xeyir və şər  mövzuları da öz yerini tapır. Qeyd etdiyim kimi, hekayənin ilkin adlarından biri "Ata və qızı" olub. Amma burda digər əsərlərdəki kimi "atalar-oğullar" (qızlar) münasibəti qarşı-qarşıya verilməyib. Yəni onlar arasındakı anlaşılmazlıqlar, ziddiyyətlər haqqında heç nə yoxdur. Əksinə, bir mehriban, qayğıkeş və nəzakətli bir atanın qızına sevgisi, hörməti təsvir olunur. Bal boyu istər ata və Varyanın gözəl valsı zamanı, istərəsə də, valsın sonunda atanın sevgisini bildirmək üçün qızının alnından öpməsi hərbçi atanın ona gözəl münasibətindən xəbər verir.  Yəni onlar arasında müqəddəs ailə və valideyn-övlad bağları var. Əsərin baş qəhrəmanı İvan Vasilyeviç (Sergey Tolstoyun prototipi) bal boyu onların bir-birinə qarşı bu cür münasibətinə diqqət edir, heyran qalır. Və sonra... Baldan sonra İvan Varyanın atasının tamam başqa bir üzünü görür, məyus olur, fikirləri qarışır, hətta bu cür dəyişkənlikdən iyrənir, sarsılır.  Bu da insanların həqiqətlə üzləşdiyi anda  məyusluğu, pərişanlığına işarə edir.

Hekayənin digər bir ideyası da əbədi mövzulardan olan sevgi, xeyir və şərdir. Sevgi iki gəncin, həmçinin də yuxarıda qeyd etdiyim kimi ata və qızın arasında öz təzahürünü tapır. Əsərin əvvəlində İvan Vasilyeviçin aşiq olmağı, təmiz hissləri xeyir kimi, bu sevgidən məcburən imtina etməsi şər kimi yozulur. Sevgi xeyir və şər arasında qalır və istənilən halda şərə məğlub olaraq ölür.

"Baldan sonra"nın psixoloji tərəfləri də var. İvan Vasilyeviçin yaşadığı hislər, əlbəttə ki, onun ömrü boyu yadında qalacaq, həyatında müəyyən bir iz buraxacaq. O, əvvəlcə dəlicəsinə aşiq olur, sanki hislərini yerə-göyə sığdıra bilmir, hər bir anını bu sevginin təntənəsi, zərifliyi, safığı ilə yaşayır. Sanki bu sevgiyə bir kəpənək, bir çiçək kimi baxır. Varyanın balda rəqsini izlərkən ona qarşı hisslərindən böyük həyəcan  keçirir. Hər kəsin o qızın gözəlliyinə, nəcibliyinə, nəzakətinə, ideallığına necə böyük maraq və heyranlıqla baxdığına da diqqət edir. Onun fikrində ancaq Varyadır, tezliklə ona – sevgisinə çatmaqdır. O tələsir, Varyaya qovuşmaq üçün tələsir. Və ona görə də baldan çıxıb evə gələndən sonra aşıb-daşan, ürəyinə sığmayan hislərinə hakim ola bilmir və yenidən Varyagilin evinə yollanır. Və qarşılaşdığı mənzərə onun düşüncələrini tamamilə alt-üst edir. İvan gördüklərindən əməlli-başlı psixoloji zərbə alır. Əvvəlcə şahid olduğu hadisəyə inanmır. Əslində o inanmamaq deyildi, gördüyü vəhşiliyə inanmaq istəməmək idi.  O gözündə ucaltığı adamı birdən-birə yerə vurmaq, parça-parça etmək istəmirdi. Çünki öz xasiyyətinə yaxşı bələd idi. Bilirdi ki, polkovniklə birgə qızı Varyaya qarşı bəslədiyi məhəbbət də parça-parça olacaq. Ona görə də İvan duruxub qalmışdı. Çaşqınlıq içində idi. Lakin tez bir zamanda da ağlı, fikirləri duyğularını üstələdi və o  son qərarını verdi. Bu, onun üçün, təbii ki, asan olmadı. O, qızı dəlicəsinə sevirdi... Canından çox sevirdi...  Fəqət, daxilindəki tərəddüdlər, etirazlar, qarşıdurmalar onun sevgisindən daha üst təbəqəyə keçdi. İndi baxaq İvanın yaşadığı psixoloji zərbəyə. İnsan dəlicəsinə aşiq olur, evlənmək istəyir və ən ali duyğuları beşcə dəqiqənin içində məhv olur gedir. Axı təkcə sevgisi deyil, sevgisi ilə yanaşı, onun gələcəklə bağlı qurduğu planları, xəyalları da dağılır gedir. Bu cür yükün altın düşən bir gəncin onu qaldıra bilmək üçün mütləq mənəvi gücü də böyük olmalıdır. Yəni  birdən-birə hər an düşündüyün, ağlına, ürəyinə hakim olan sevdiyin adamdan imtina etmək heç də asan məsələ deyil.

Hər dəfə bu hekayəni oxuyanda düşünürəm: bəs əgər İvan axşam vaxtı yenidən  polkovnikin evinə qayıtmasaydı, bu hadisəylə rastlaşmasaydı, necə olacaqdı? Qayınatasının əsl simasını daha gec – məsələn, münasibətlər rəsmiləşəndən, toydan sonra görsəydi, bəs necə olacaqdı? L.N.Tolstoy süjet xəttini bu cür qursaydı, baş qəhrəmanı İvan Vasilyeviç hansı addımı atacaqdı? Bunun özü də çox maraqlıdır.

Hekayənn sonunda oxucu bir sualın qarşısında yenə də aciz qalır: İvan Vasilyeviç sevgisindən dönməklə dügzün hərəkət etmişdimi? Bu sualın cavabını hər bir oxucu özünəməxsus şəkildə, öz dünyagörüşünə uyğun, öz gördüklərinə və əlbəttə ki, öz yaşadığı sevgisinə uyğun cavablandıracaq. Amma bu cavab da aksiom deyil. Hərənin özünə görə həqiqətləri var.  Tolstoyun düşüncəsində isə hər şey başqa cür idi. O hesab edirdi ki, insaniyyətin olmadığı, xeyirxahlığın itdiyi bir yerdə heç bir gözəllikdən, sevgidən söhbət gedə bilməz.  Məhs buna görə də bu hekayəni bu qədər incə həssaslıqla işləmişdi.

 

Xanım Aydın

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.