Sənət və ədəbiyyat dərgisi

Sözlər səfil-səfil gəzər - Xasiyyət Rüstəmin şeirləri

12 Avqust 2022 / 16:58

Xasiyyət Rüstəmova İslaməli qızı 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan vilayəti Çüst bölgəsi Almaz kəndində dünyaya gəlmişdir.

 

Ali təhsilini Özbəkistan Milli Universitetinin jurnalistika fakültəsində, daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır.

Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır.

2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

 

***

 

Duyuram qəlbimin döyüntüsünü –

Demək ki, qanım da qaynardır hələ.

Dostlar, təəssüf ki, hər doğum günü

Ölüm cəzasıdır çiçəyə-gülə.

 

Nə ad vermək olar bu işgəncəyə?

Necə tab gətirib susur çiçəklər? –

Axı öləndə də, adətdir deyə,

Torpağımız üstə döşənəcəklər!

 

***

 

Qorxulu bir yuxumuydu həyatın –

Bunca illər harda idin söylə sən?

Bircə dəfə döymək üçün qapımı

Çətinmiydi bu yerlərdən keçəsən?

 

Yaşam ağır, dünya əzab yeriydi...

Qapı açıq, düşsəm artıq son yola.

Sən ömrümün ev sahibi kimiydin,

Nə durmusan, getmək üçün uğurla!..

 

***

 

Külək yıxa bilməz bu kainatı,

Tufan dənizləri qaçıra bilməz.

Gücünü bilirəm mən bu həyatın,

O, könül mülkümü uçura bilməz.

 

İldırım səmanı bölməz ikiyə,

Payız sökə bilməz ağacı yerdən.

Nə vaxtdır bu başı qoyub kötüyə

Ölümlə üz-üzə dayanmışam mən.

 

Kənardan sən elə gözəlsən, həyat!

Amma aramızda məsafələr var!

Məni boğmağa da cəhd etsən, heyhat

Səncə boğularmı suda balıqlar?

 

***

 

Başımın üstündə acı bir külək

Yağışla rəqs edir yorulmuş kimi.

Görən nə soruşur, nə deyir külək,

Yağış cavab verir, ram olmuş kimi.

 

Mənim çətirsiz də islaqdı üzüm,

Küləyə nə olmuş, qışqırır hələ.

Yağış da çox bədbin, cansızdır bu gün,

Mənsə onun kimi olmaram belə.

 

Həyat, elə bumu vəd etdiklərin?

Bu necə yaşamdır, nə gələcəkdir?!

Səhəri – mənasız, günəşi sərin –

Məni bu günlərmi gözləyəcəkdi?..

 

 

***

 

Bu günü də vurdum başa,

Oyalandım, bitdi keçdi...

Öz adımı yazdım daşa,

Əcəl gəldi, ötdü keçdi...

 

Ayağım torpağa batdı,

Torpaq başa necə yaxın!

İşim də qalmamış, baxın,

Həyat məni atdı, keçdi...

 

Günahkar dedilər, yenə

Uymadım nifrətə, kinə.

Kimlərsə yazdı könlünə,

Kimlərsə unutdu keçdi...

 

***

 

Tale mənə qarşı lütfkar olmuş,

Səssiz nəğmələrlə könlümə dolmuş.

O, səni bəxş etmiş – eşqi bir dəniz,

Hər kəsdən doğmasan, hər kəsdən əziz.

 

O, gözəl dostlar da vermişdir mənə,

Şan-şöhrət, məhəbbət, sonsuz ehtiram...

Üzülmərəm ömrün dönüklüyünə,

Zamanım azsa da, hələ ki, varam.

 

Nə bir təlaşım var, nə də gileyim,

Ruhum Yaradana məxsusdur ancaq!

Alnıma yazılan bu xoş taleyim

Bilirəm, ölümlə qurtarmayacaq!

 

***

 

Mən anamı yerə gömdüm,

Qorxu sarmış bədənimi...

Mən atamı yerə gömdüm, –

Torpaq, sən qaldır tənini!

 

Mətin durdum, ağlamayıb,

Ah! Yüksəldi getdi bu qəm.

Ayağımı sarıb, sarıb

Məni qoyub getdi ağam.

 

Hey dolaşdım bu yollarda,

Ha gözlə ki, yol bitəcək!..

Məni bir gün sizin evə

Böyük dərdlər götürəcək.

 

Mən anamı yerə gömdüm,

Qorxu, burax bədənimi!

Mən atamı yerə gömdüm, –

Torpaq, sən qaldır tənini!

 

***

 

Yolamı salırsan...

Ağırdır yüküm,

Canım boğazımda, tükənir taqət.

Görürsən, bu dəfə ağlamıram ki!

Ancaq... xahişim var...

Nə olar tez get!

 

Könlümdə duyğular çəkərsə nalə,

Titrəməyə başlar dodağım o an.

Günah özündədir – durmusan hələ,

Elə bil, son dəfə yola salırsan.

 

***

 

Ay baxdı məlul-məlul, –

Bir it qovdu arxadan.

İlk dəfə həyatımda

Ürəyim oldu viran.

 

Dalmışdım mən yuxuya

Çiçək açmışdı ürək,

Bilmirdim ki, dünyada

Bu qədər çoxmuş köpək.

 

İtdən qorxdum!

Yox, it – mərd,

Bu başqadır hər nəsə.

Ürəyini sarar dərd –

Bildiyini etməsə...

 

... Arxamca bu gün yenə

İtlər hürüşdü, aman!

Bu ağıllı itlərdən,

Ana, qorxuram yaman!

 

***

 

Məgər az idimi çəkdiyim çilə,

Siyah saçlarım da indi bəyaz – qar...

Səni yuxularda görməyim belə

Yəqin ki, aləmə aşikar olar.

 

Qərib bir həyəcan könlümü sarmış,

Xoşbəxt olduğuma inanmaram mən.

Bilmirəm nə edim... Sabah olmamış

Bütün yuxuları silimmi görən?

 

K.N.-ə

(1)

 

Bəlkə, bir oturaq, səfər qabağı?

Sənsiz mənim günüm necə keçəcək?

Elə bir nöqtəyə baxırsan, gülüm,

Bu az zamanımız heçə keçəcək.

 

İncimə, görürəm gözündə qəmi,

Gözlərin yol çəkir, dalıb gedirsən.

Özümü tutsam da, üzülmə deyə,

Artıq için-için ağlayıram mən.

 

K.N.-ə

(2)

 

Xəstəliyə bənzəmir,

                narahatsan deyəsən?

Dilin susub, söz demir,

                neçə gündür beləsən...

 

Selə dönən duyğular,

Süzülüb daşa düşür...

Səndən bir xahişim var:

Mənə kömək elə ki,

               mən səni başa düşüm.

 

K.N.-ə

(3)

 

Ürəyində bir sözün var:

Dönüb baxdın, getdin nagah.

Yada düşdü xatirələr,

Yoxsa nəsə oldu agah?..

 

Arxanca baxdı gözlərim,

Yağış damdı otağına.

O an, mənə demədiyin

                    sözlər, yəqin

Ağır gəldi dodağına?

 

 

K.N.-ə

(4)

 

Belə görməmişdim səni heç zaman –

Üzündə bu kədər naxışlarını.

Necə də mən sənə rast gəldim, aman,

Son bahar vaxtında baxışlarının...

 

Kimə danışasan yozula yuxun,

Sənə ayılmaqmı xoş olar, bəyəm?

İndi özün söylə, hara üz tutub

Sevgi sözlərini söyləyəcəyəm?..

 

 

***

 

Gedəcəksən indi...

Getməyəsən bəlkə?

Getsən, dünyaya sığmaz dərdim.

Bir dəli fırtına qoparıb rüzgar...

Getmə, nə olar!

 

Axşam olub.

Buluddur göyüzü,

Yağış isladacaq eşiyi...

Dayan!

Unutdum düzü:

Mən də səninlə gəlimmi

Buraxıb hər şeyi?

 

***

 

Ah, mən göydə uçaydım kaş!

Göylə birgə uçaydım kaş!

Ey asiman, qaçır məni!

Öz bağrında

                 bircə dəfə uçur məni!

 

Yaşaram addım atmadan,

Uçmamağım məni sıxmış...

Vəfasız qanadım məni,

                   eh bir zaman,

Torpağın təkinə çaxmış.

 

***

 

Yeksənəklik...

Həyətimdə rüzgar əsir...

Pəncərəmi döyür qarlar...

İçimdən qopan yellərdən

Güclümü ki, bu rüzgarlar?

 

Pəncərəmin qarşısında

Yağış yağır – leysan yağış...

İçimdən daşan sellərə

Bu damlalar bir yalvarış!..

 

***

 

Baxıram…

Dinmirsən, əhvalın sərin.

Fikrində nə var ki, ruhunu sarmış?

Gözünə görünmür bişirdiklərim,

Bütün yeməklərim qazanda qalmış.

 

İşə gedərkən də gəlməm ağlına,

Amma mən evimdə tək deyiləm, bax –

Gözləyir otaqda məni Marina,

Gözləyir otaqda məni Pasternak!..

 

 

***

 

İndi bütün günü düşünəcəyəm,

Ağrıyan başıma dərd oldun bir az...

Məndə olmayanı istəmə məndən

Utandırma belə, körpə quşcuğaz!

 

Maraqla baxarsan qəfəsi açsam, – 

Çörək gətirirəm, bir ovuc da dən.

Hər şey verəcəyəm susasan, acsan,

Azadlıqdan başqa... hər nə istəsən.

 

***

 

Gedək, daha kəsmiş külək,

Göyüzündə qara bulud.

Danışmırsan, yenə nə var?

Bağırmaqmı belə sükut?

 

Əzizim, çıx yol üstünə,

Addım atım sənə sarı.

Əyilirəm ağac kimi...

Ağlasam da gözüm quru.

 

Qaçsam yarpaqlar tökülər,

Bu halıma alışmışam.

Külək məndən qorxub durub,

Mən ondan qorxub qalmışam...

 

***

 

Həsrətəm xoş günlərimin

Gündüzünə, gecəsinə.

Neyləyim, az zaman qalmış

Daha ömrün bitməsinə.

 

Sıxır ovcumu cizgilər,

Belə yazılmış taleyim.

Mən ölüb getdiyim yerdə

Həyat olmasa, neyləyim!

 

Göstər gözəl günlərimi,

Yaman günə əl eyləyim...

 

***

 

Buza dönübdür sular,

Ağlamağa yoxdur yer.

Səhər, xoruz banında

Kimsə... bir səs... inləyir.

 

Dərindən nəfəs çəkib

Torpaq isinmək dilər.

Gün doğacaq... Amma ki,

Fevral ayıdır hələ...

 

***

 

Masa. Kətil. Kitab rəfləri.

Qoltuq. Piano. Yataq.

Hər kəsi almırıq içəri:

Mən, Marina, Katso[1],

Pasternak.

Pəncərələr bir-bir qapanır.

Telefon da,

Yoxdur səs.

Qapı da bağlanır, –

Öz yerinə oturur hər kəs.

Siqaret. Kibrit. Şəkil.

Ocaqda işarır közlər.

Kitab. Yaşıl süfrə. Gül.

Oxunmağa başlanır sözlər...

Sırayla düzülmüş dörd kətil,

Bir küncdən baxır Atso[2]...

Şeir söyləyirik səhərə kimi:

Mən,

Pasternak, Marina, Katso.

 

***

 

Elə bil oturub həyat dərsində.

Nədir, küləklərin çıxmır heç səsi?..

Təbiət dəyişib halbahal olur

Pəncərəm önündə gecəyarısı...

 

...Vida edib getdin, sökülmədən dan,

Gecənin atına mindin elə bil.

Quşlar gizləndilər yuvalarında, –

Ürküb tənhalıqdan... qorxudan deyil!..

 

***

 

Hələ isinməmiş torpaq,

Başıboş gəzərkən rüzgar,

Kimsələr yoxkən yollarda

Sirrini açır ağaclar.

 

Buzlar ərir budaqlarda,

Yaşıllaşır boz ucları,

Utanır qönçələrindən

Gənc gilənar ağacları...

 

***

 

Ağlamaq istərəm, amma ki çox gec,

Sənə dərdlərimdən vermərəm xərac.

Gözünə görünmək istəmirəm heç,

Köksünə quş belə sığmayan ağac!

 

Səndən ümidimi üzmüşəm artıq, –

Ruhum sənə gələn yolu unudub.

Elə həyatdan da küsmüşəm artıq,

Yaşaram, əlimlə köksümü tutub...

 

AXMATOVAYA

 

Vücudumu atəş sarar,

Əriyər qar kimi göylər.

Qismət nəsə o da olar;

“Xoşbəxt olmaq istəmirəm!” –

                           qəlbim söylər.

 

Başım üstən bulud axar...

Yer qaçar ayağım altdan.

Gözlərinə baxa-baxa

Şeir demək necə asan!..

 

Bu şeirlər ikimizin...

Kitabda da yoxdur hələ.

Razısanmı, ey əzizim,

Düşsün onlar dildən-dilə.

 

Bir nöqtədə dursa zaman

Divarlardan küsər saat.

Bəxtin verməz sənə aman,

Xoşbəxtliyi başından at!

 

ANAM

 

Gah xoşbəxt olmağa qalmadı vaxtı,

Gah kəsdi yolunu qayğı ilə qəm.

Bəlkə də, yuxudan durmadı bəxti,

Ya bəxti yox idi, –

                      bilmədi anam.

 

DİRİLİŞƏ MƏKTUB

 

Gözlərim xəstəxananın soyuq pəncərələrinə dikilib qalarkən, eşikdə sahibindən təpik yemiş bir köpəyin ulayıb qaçdığını gördüm... Və mən o köpəyə qibtə etdim...

 

Ümid bu otağa dikmiş gözünü...

Qəribə otaqdır – hər şey bəmbəyaz.

Həyətdə bir köpək “boğur özünü”.

O, məndən hardasa xoşbəxtdir bir az:

 

O sərbəstdir, hey dolaşır...

Öz ayaqlarıyla qaçır...

Kaş ki, mən də dayaq yesəm,

Amma sağlam durub gəzsəm!

Bu toz yollar necə şirin...

İt, nə xoşdur gördüklərin!

Yatarkən, çox nifrət etdim

            söykəndiyim dayaqlara,

İt olsaydım –

            qaçmaq üçün –

                          yalvarardım

Məni vuran ayaqlara.

 

***

 

Sevincə

Demişdim “evdə qal”, amma

                   mən evdə qaldım.

Eşikdə gəzmədim heç bircə addım.

Gözümün yaşı da sellərə döndü,

Dərdimi səninlə paylaşammadım.

 

Söylə, hər nə desən edərəm, sözsüz.

Öl desən ölərəm-gedərəm, sözsüz.

Uzaqda olsan da, “yanındayam” de,

Sənlə mən uşaqdan betərəm, sözsüz.

 

Öyrət, nə dualar edim Allaha?

Rüzgarlara qaldı ümidim daha.

Həyata nə qədər bahadır dedim,

Sənin ayrılığın oldu çox baha!

 

***

 

Çox qovruldum atəşdə mən...

Durdum, dözdüm, tələsmədən.

Kəsib atdım bədənimdən

Ruhumun yanmış yerini.

 

Gün gəlincə xatırlasan,

Əfv et, məni tanımasan.

Allah, ölüb gəlsəm – asan,

Saxla oyanmış birini!..

 

***

 

Yavaş-yavaş ağarmaqda dan yeri.

Yavaş-yavaş qurumaqda qan yeri.

Tək bir ağac ağlamaqda, yıxılı,

Onun daha açmayacaq səhəri.

 

Beton üstdə zaman durub, beləcə,

Fidanlar da donub qalıb bu gecə.

Ağarmaqda yavaş-yavaş dan yeri.

Amma hələ silinməmiş qan yeri.

 

***

 

Nə anlamı hönkürtünün,

Qayğılarçün çoxdur zaman.

Gəl, gücümü alma bütün,

Doymamışam asimandan.

 

Xəyalımdan uç quş təki,

Gecə demə, gündüz demə!

Sənsən – keçən ömrümdəki,

Toxunma qalan ömrümə!

 

 

***

 

Səni ömrüm boyu üzmərəm, canım!

Qaranlıq olsa da, çıxaram yola.

Bütün ulduzları yığıb gələrəm,

İstər boran ola, istər qar ola.

 

Görən, acmamısan? Kefin necədir?

Söylə, bu gün işin gecmi bitəcək?

İtlərə baş qoşma, hürərlər onlar...

Allahın izniylə hər şey keçəcək!

 

***

 

Mənsiz ev-eşiyim neylər,

O kitablar, o dəftərlər?

Sözlər səfil-səfil gəzər

Məni tapa bilməsələr.

 

Mənsiz solar ağaclarım,

Yellə oynardı saçlarım.

Ölər mənsiz gecələrdə

Ay işıqlı hecalar da.

 

***

 

Deyirəm, yaxşı ki,

Şeirlərim var!

Hər kəsə hədiyyə –

Məndən yadigar!..

Getmərəm dünyadan

                 gözləri açıq,

Qaçhaqaç dünyada

                 yazılan qalar!..

 

Tərcümə etdi: şair-tərcüməçi Afaq Şıxlı

                                       

 

 

[1] Aleksandr Katso – rus mühacir şairi, yazıçısı...

[2] Atso Karamanov – makedoniyalı şair, nasir, tərcüməçi

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.