Sənət və ədəbiyyat dərgisi

Bağışlayın, İvo Andriç, unuda bilməyəcəyik... -  Xanım Aydın yazır

26 Avqust 2022 / 12:10

     İvo Andriç ədəbiyyat sahəsində Nobel mükafatı almış yeganə serb yazıçısıdır. O, keçmiş Yuqoslaviyada, Bosniyanın Travnik şəhəri yaхınlığındakı Dolac kəndində doğulub. Uşaqlıq illərini keçirdiyi Vışeqrad şəhərində qatı katolik təlim-tərbiyəsi alan Andriç yazmağa başlayandan sonra İvan adını İvoya dəyişib. Yazıçının milli mənsubiyyəti də müəyyən dərəcədə şübhəlidir. O, əslində хorvat ailəsində doğulub, lakin sonralar özünü serb kimi qələmə verib. Bu gün iki хalq – хorvatlar və serblər İvo Andriçi öz yazıçısı hesab edirlər.

          İvo Andriçə Nobel mükafatını 1961-ci ildə "Drine körpüsü" romanı qazandırıb. Əsər dörd əsrlik tarixi dövrü – Osmanlı imperiyasının çiçəklənmə dövründən (o zamanlar Bosniya torpaqları osmanlıların idi) XX əsrin əvvəllərinə qədər – Sarayevoda ershersoq Frans Ferdinandın qətlindən sonra başlayan Birinci dünya müharibəsinə qədər olan dövrü əhatə edir. Əsərdə hadisələr daha çox Vışeqradda – həmin o əfsanəvi Drina körpüsü olan şəhərdə vaqe olur.

          Drina körpüsü haqqında

          Drina körpüsü Vışeqrad şəhərinin əsas diqqətəlayiq və ən maraqlı yeridir. Və deyərdim ki, hətta şəhərin özündən daha çox monumental, daha çox əzəmətli görünür. Belə bir təəssürat yaranır ki, şəhər ayrılıqda, körpü ayrılıqda öz mövcudluğunu daşıyır.   Körpünün çayda görünən əksi onu iki dəfə böyük göstərir. İvo Andriç və Vışeqrad körpüsü isə bir-birindən ayrılmaz varlıqlardır. Yerli sakinlər şəhərə gələn bütün xarici qonaqlara ilkin olaraq şəhər və körpü haqqında danışırlar. Az qala, meqalit (iri daşlardan hörülmüş qədim tikililər)  tikinti sayılan bu körpünü, həmçinin Mehmed paşa körpüsü də adlandırırlar. Çünki körpü 1571-ci ildə Osmanlı imperiyasının dövlət xadimi, vəzir Mehmed paşa Sokollunun sifarişylə tikilib. On bir gözlü Vişeqrad körpüsünün uzunluğu 180 metrdir. O, orta əsrlər türk inşaatı sənətinin möhtəşəm abidəsi kimi tanınıb. Körpü strateji əhəmiyyət daşıyırdı, çünki Bosniya və Serbiya arasında bütün orta və yuxarı Drina üstündə yeganə və etibarlı bağ idi. Onun vasitəsiylə Bosniyadan Sebiyaya, Serbiyadan da Türk imperiyasının başqa əyalətlərinə, ta İstanbula gedən yollara çıxılırdı. Tikili iki dəfə böyük zədə alıb: Birinci Dünya müharibəsində üç gözü, İkinci Dünya müharibəsində isə beş gözü dağılıb. Müharibədən sonra körpünü bərpa ediblər. 2007-ci ildəsə körpü  UNESCO-nun ümumdünya irsi abidələr siyasına daxil edilib.

          "Drina körpüsü"  haqqında  

          İvo Andriçin ən məşhur romanları “Drine körpüsü”, “Travnitska xronikası” və "Xanım"dır. Hər üç əsər osmanlıların cənubi slavyan torpaqlarını zəpt etməsiylə bağlı olsa da, sirli bir tapmaca “Drine körpüsü” əsəridir. Bu roman “Travnitska xronikası”  trilogiyasına daxildir və ən çox tərcümə olunan əsərlərdəndir. İvo Andriç   romanı Belqradda yaşadığı dövrdə – İkinci Dünya müharibəsi illərində qələmə alıb. Əsər ilk dəfə 1945-ci oldə çap olunub. 1961-ci ildə "ölkəsinin tariхi ilə bağlı insan talelərini və problemlərini bütün dolğunluğu ilə açmağa imkan verən epik istedadının gücünə görə"  ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.  

          Serbiya və Bosniya arasında əsrlər boyu sərhəd olan daş körpü  İvo Andriçin  məşhur "Drine körpüsü" əsərinin baş qəhrəmanıdır. Romanda tarix və müasirlik tam bir vahid altında birləşir. Maraqlı və özünəməxsus kompozisiyasıyla fərqlənir. Roman boyunca təsvir olunmuş bir neçə əsrdə baş verən bütün hadisələr bu və ya digər şəkildə Drine körpüsüylə bağlıdır və  1565-ci ildən başlayaraq 1914-cü ildə bitir. Roman həm real, həm də körpünün tikintisi və şəhərin həyatıyla bağlı gəzişən əfsanələri özündə cəmləşdirir. Müəllif həyatının əsas hissəsinin körpüylə bağlı olan sadə vışeqrdalıların məişət və güzaranını olduqca gözəl əks etdirib.

          Romanda körpü şəhəri və elə həm də bütün ölkəni bir-birindən ayıran, həm də birləşdirən bir elemenet kimi təsvir olunub. Müəllifin fikrincə, Drina körpüsü təkcə sərhəd deyil, o həm də Serbiya və Bosniyanı birləşdirən bir kəndirdi – xristian Qərbiylə müsəlman Şərqini birləşdirən bir kəndir. Lakin onları bir-birindən ayıran o qədər səbələr var idi ki. Elə indi də var: din, milliyyət, bir-birlərinə qarşı iddia və tələblər. Bu ayrılıq Vışeqradın taleyinə yazılan bir çox müharibələrin səbəbi olub.  Hal-hazırda isə Vışeqrad Bosniya ərazisində  Serb Respublikasının tərkibindədir.

          "Drine körpüsü" XX əsr dünya ədəbiyyatının ən dərin və özünəməxsus əsərlərindən biridir. Əsərdə əfsanələr və xalq rəvayətləri həqiqətlər və real hadisələr bir-birinə sözlə toxunub, xalq nağıllarındakı qəhrəmanlar isə konkret mövcud olan insanlarla bir sırada yer alıb. Hekayətin mərkəzində üç əsr boyunca yəhudilər, müsəlmanlar və xristianlar arasında gedən mübarizə dayanır. Məhz elə buna görə müəllifə Nobel mükafatı təqdim olunub.

          "Drina körpüsü" əsərində XVI əsrdə türklər tərəfindən tikilən körpü  yenilməzlik simvolu kimi də əks olunub. Romanın ayrı-ayrı fəsilləri XVI-XX  əsrlərdə ölkədə baş verən partlaq hadisələri və həlledici  anlarını əks etdirir. Həm də Osmanlıların hakimiyyəti Avstriya-Macarıstan monarxiyasının hökmranlığından daha amansız idi. Osmanlıların milli və dini baxımdan qəddarlığı əsərin körpü tikintisi və xalqın zülümkarla qarşı etirazının simvolu olan kəndli Radisavın dəhşətli edamı ilə bağlı səhifələrində əksini tapıb. İllər keçirdi və Osmanlı imperiyasının qüdrəti get-getə azalırdı. Və Osmanlı imperiyasını “sivil” Avstriya-Macarıstan monarxiyası əvəz etdi. O, zahirən nəcib görünsə də, əsas məğzi istismar obyektinə çevrilən sadə xalqın maraqlarına qarşı çıxmaq idi. Roman boyu bütün bu hadisələr, Birinci Dünya müharibəsinin başlanması və avstriyalıların hərbi əməliyyatlar bölgəsində yerləşən  Drine körpüsünü partlatması səhnələri təsvir olunub. Əsəri oxuduqca anlayırsan ki, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada gedən Vətəndaş müharibəsinin kökləri belə  Balkanların Osmanlı imperiyası tərəfindən zəbt edilməsinə gedib çıxır. XX əsrin siyasətçiləri Balkanları əbəs yerə "Avropanın barıt çəlləyi" adlandırmırdılar.

          Müəllif romanda təkcə regionda baş verən real hadisələri təsvir etmir, Vişeqradda və ümumiyyətlə bütün Balkan yarımadasında artıq formalaşmış çoxmillətli bir cəmiyyətin məişət və adət-ənənlərini tam dəqiqliklə əks etdirmir, həm də bu unikal məkanda doğulan əfsanə və mifləri özünəməxsus şəkildə yeni nəsillərə ötürür. Məlum olduğu kimi, Drina körpüsüylə bağlı saysız-hesabsız əfsanələr dolaşır. Tikinti zamanı dirəklərə hörülən əkizlər haqqında gəzən rəvayətlərdən biri romanda epizod kimi əksini tapıb: "...əsrlər boyu gözəgörünməz qüvvələr, su pərisi, çayın sahibəsi hər vəchlə tikintiyə qarşı çıxır. Körpünün səhərlər düzəldilən hissələrini hər gecə dağıdıb-tökür. Bir gün körpünün memarına sudan gələn qeyri-adi səs yeni doğulmuş əkiz  bacı və qardaşı – Stoya və Ostoyanı tapıb onları orta dirəklərdə divara hörməyi məsləhət görür. Dərhal bütün Bosniya boyunca əkizlərin axtarışına başlayırlar. Onları tapıb memara təqdim edənə mükafat vəd edilir. Nəhayət ki, uzaq kəndlərin birində həmin o südəmər əkizlər tapılır. Onları zorla analarının əlindən alırlar. Lakin ana nəyin bahasına olursa-olsun övladlarından ayılmaq istəmir. Ağlayır, yalvarır, döyülür, söyülür. LAkin bunlara baxmayaraq, körpələrini əlindən alan adamların arxasınca ta Vışeqrada qədər gəlir-çıxır. Və burada hansısa yolla  Memar Radeylə görüşməyə nail olur.

          Körpələr dirəklərdə daşların arasına hörülür, başqa cür ola da bilməzdi. Lakin Memar Radenin anaya yazığı gəlir və dirək sütünlarında dəliklər qoyur. Və bu dəliklərdən yazıq ana  körpünün tikintisindən ötrü qurban verilən körpələrini əmizdirir.  Əsrarəngiz təsvirin dar bacaya oxşayan nəfəslikləri məhz həmin dəliklərdir. Artıq bir neçə yüzillik boyu həmin dəliklərdən ana südü axır. Hər il eyni vaxtda tikilinin bir-birinə möhkəm bərkidilmiş  daşlarının arasından ağ nazik şırnaq  axaraq, özündən sonra yuyulmayan izlər buraxır". Bax belə bir kədərli əhvalat...

          Körpü obrazı, ümumiyyətlə, insanın harmoniyaya çatmaq, dünya və insanlarla vəhdət təşkil etmək istəyidir. Yol kəsişməsi və körpü – Andriç ədəbi dünyasının üst məğzidir. Romanda körpü obrazıyla yanaşı, fərqli mədəniyyətləri özündə cəmləşdirən, lakin birləşdirə bilməyən yol kəsişməsi də təsvir olunub. Bosniya, “dustaqxana”, “monastr”, Travnik, “ev” buna misaldır. Bundan başqa, əsərdə Zaman obrazı da əksini tapıb. Yazıçının yaradıclığı bir tərəfdən mədəniyyət ayrılıqlarının, digər tərəfdən də  keçmişlə gələcək arasında olan bağlılığın təcəssümüdür. Nəsillərdən nəsillərə müdrikliyi və təcrübəni ötürmək üçün Andriç Hekayəçidən də istifadə edib. Hekayçilər arasında ən əsas yerisə fra Petar tutur. Fra Petar Bosniyada monastrda qapalı dünyada ömrünü yaşayan katolik monarxdır. O başa düşür ki, Bosniyadan başqa heç bir yer ona evi kimi ola bilməz. Lakin o, türk əyalətində xristian mədəniyyətinin təmsilçisidir və bu mənada subyektiv (ilahi vergi, müdriklik, həyati təcrübə) və obyektiv (katolik mənsubiyyət, monaxlıq) səbəblərdən ətraf aləmə ancaq "kənardan" baxa bilər. O, xalq nağılları ruhunun təcəssümüdür. O olmasa xalq ədəbiyyatı ənənələri yoxa çıxmağa məhkumdur. Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, roman həm ifadə vasitələri, Zaman, Yol kəsişməsi, Körpü obrazları və romana xas olmayan Hekayəçisiylə zəngindir.

          Özündə insan ağrı və əzablarını son dərəcə dolğun şəkildə əks etdirən, harmoniya axtarışında olan İvo Andriç yaradıcılığının mənbəyi təbiət və incəsənətdir. Ona görə də insan zəhmətinin əsrarəngiz nəticəsi olan Drine körpüsü romanın təkcə vacib simvolu deyil, həm də müəllifin düşüncələridir. Bu düşüncələrdə həyatın əbədi olmaması, insanın daima gözəl şeylər yaratmağının gözəl gələcəyi üçün zəmin yaratmasını istəyində olmasının olduqca vacibliyi xüsusi yer alır.

          "Drine körpüsü"nü insanın doğulduğu və bir gün öləcəyi Vətən, torpaq haqqında nəğmə adlandırırlar. Bu nəğmə həyat, yaxın və uzaq həmvətənlər haqqındadır. Hal-hazırda körpünün tən ortasından Drina da, şəhər də tam gözəlliyilə diqqəti cəlb edir. Şəhər də, körpü də çayda öz əksini tapır. Suyun qaynadığı yerlərdə təsvirlər yayılır və belə bir təəssürat yaradır ki, sanki Vışeqrad gerçək deyil, sehrli bir illüziyadır. Onun koloritini görməkçün mütləq ətraf küçələrdən keçib onu seyr etmək lazımdır. Üstündəki qalacıqlarda həm şərq, həm avropa memarlığına aid elementlər görünür. Burada gerçəkdən bir yerdə Şərq və Qərbin necə qovuşduğunu müşahidə etmək olar.

          Yazıçının Bosniyayla bağlı çox böyük ümidləri vardı. Körpüdən başqa romanda onun haqqında da söhbət açılır. Andriç uzun illər boyu Bosniyanın keçmişini araşdırıb öyrənirdi. İxtisasca tarixçi olan yazıçı ədəbiyyatda da tarixi faktlar və sənədlərə yüksək dəyər verirdi. Onun arxivində tarix, daha çox Bosniya, Çernoqoriya, Serbiya, Xorvatiya, Osmanlı imperiyası, islam tarixi ilə bağlı faktlar, araşdırmalar, həmçinin xalq yaradıcılığından müxtəlif nümunələr – atalar sözləri, zərbi məsəllər, nəğmələr, deyimlər və s. toplanılıb. Qeyd kitabçalarında ayrı-ayrı mənbələrdən toplanmış məlumatlar var. Beş yüz səhifəlik olan bu kitabçalardan birində Andriç yazıb: “...bu mənim ambarım, çardağım, zirzəmimdə səliqəli və səliqəsiz şəkildə səkkiz il ərzində müxtəlif kitab və qəzetlərdən topladığım məlumatlar, həmçinin düşündüyüm fikir və müşahidələrimi saxlayıram”.

          Yazıçı çalışırdı ki, əsərinin dili yazdığı həqiqətlərin bir hissəsi olsun. Bu haqda o, “Söz haqında söz” (1954) qeydlərində yazırdı: “Dil  insanların həyatıdır – şüurlu və şüursuz, görünən və gizlin  həyatıdır. Həyat olmayan yerdə ancaq ölümün susqunluğu mövcuddur. Onu qidalandıran kökdən ayrı bitki olmadığı kimi, həyatla bağlılığı olmayan bircə dənə də olsun söz yoxdur!” Məhz "Drine körpüsü"ndə müəllif körpünü olduqca gözəl təsvir edib. Əsərdə zəngin xalq danışığı çox dəqiqliklə hiss olunur: “Drinanın yaşıl və köpüklü ağır suları sanki qara dağların əyilmiş divarlarına dəyib çırpıldığı yerdə on bir gözlü enli körpü var. Bu körpünün özülündən başlayaraq  yelpinc kimi yaşıl yarpaqlı ağacları olan Vişeqrad vadisi uzanır. Və vadiyə lap dərinlikdən nəzər yetirəndə ağ körpünün enli tağları arasından nəinki yaşıl Drina, həm də çiçəklən el-aləm də, səma da axıb gedir".

          İki sahili, iki mədəniyyəti, iki sivilizasiyanı, bir xalqın iki budağını birləşdirən Drine körpüsü obrazı  İvo Andriçin sonrakı yaradıclığının əsas simvoluna çevrildi. Onun sayəsində müəllif xalqının yüzilliklər boyu gözəl, parlaq, canlı həyatını təsvir edə bilmişdi. Vışeqrad, Travnik, Sarayevo, sonralar da Belqrad Andriç yaradıcılığının əsas xəttinə çevrildi. Ümumiyyətlə götürsək, körpü, xüsusilə də, ədəbiyyatda çox rahat və gözəl bir obrazdır. Çarəsizlik simvolu olduğu kimi, həm də ümid və pənah simvolu kimi əks olunur. Bir çox yazıçıların əsərlərində, məsələn, Vasil Bıkovun "Kruqlyansk körpüsü", Con Ronald Ruel Tolkinin "Kazad-dum", Giyom Apollinerin "Mirabo körpüsü", Riçard Baxın "Əbədiyyət körpüsü", Tornton Uaylderin "Müqəddəs Lüdovik körpüsü", Ozdamar Emine Sevginin "Qızıl buynuz körfəzindəki körpü", Anrdrey Lvoviç Livadnının "Uçurumdan keçən körpü" əsərlərində bu obraza rast gəlirik. İvo Andriçinsə bircə "Drine körpüsü" əsərində deyil, başqa əsərlərində də körpü obrazı var. Məsələn, “Jepa körpüsü”, “Körpülər” essesində körpü insanın yaratdığı ən vacib, gərəkli, işıqlı bir tikilidir. Andriçin əsərlərində körpülər bir-birindən fərqlənir. Yerləri də fərqlidir. Lakin istənilən halda onlar uzun illərdən bəri yazıçını düşündürən xalqının taleyini özündə daşıyır.

          İvo Andriç “körpünü” canlı obraz kimi istifadə edərək tarixi janrda yazmağı cəhd göstərən çox az yazıçlardan biridir. Onun yaradıclığı Qərbdə bizdə olduğu qədər məşhur deyil. Lakin o, həcminə və janr müxtəlifliyinə görə çox zəngindir: esse, epos, lirika, amma yaradılığının əsas hissəsini hekayə və povest tutur. Və  məhz elə bunlar ona öz ölkəsinin və həm də Avropanın sevgisini qazandırmışdı.

          Beləliklə, demək olar ki, İvo Andriç o dövr mənzərəsinin gözəlliyini və arxitekturasını körpü obrazı vasitəsilə ötürüb və bununla da dünya və insanlar arasındakı münasibəti asanca möhkəmlətmək və ya məhv etmək olduğunu göstərə bilib.

          Əsəri oxuyanda belə bir nəticəyə gəlmək olur ki, müəllif körpüləri şəhərlərdən daha üstün tutur. Mətndə körpü olduqca vacib və nəhəngdir. Hətta şəhərlərin ancaq əhalisi olduğu halda, onların ruhu var, canlıdılar.

          İvo Andriç 1975-ci ildə dünyasını dəyişib. Lakin hələ də kitabları dünya xalqlarının dillərinə tərcümə olunaraq milyonlarla tirajla çap olunmağa davam edir. Andriçin gündəliyində belə bir qeyd var: "İnsanların məşhur olmaq və şöhrət qazanmaq yanğısıyla eyni dərəcdə mən də tanınmamış və unudulmuş olmaq istəyirəm!"

           Bağışlayın, İvo Andriç, unuda bilməyəcəyik...

 

Xanım Aydın

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.