Sənət və ədəbiyyat dərgisi

İtər izimiz  - İqor Pavlyuk

17 Oktyabr 2022 / 11:12

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 13 oktyabrda layihə görkəmli Ukrayna şairi İqor Pavlyuk və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

 

 

 

İqor Pavlyuk / Ukrayna

 

 

Əziz və hörmətli Azərbaycanlıları salamlayıram, xüsusən Şuşa şəhərinin sakinlərini “Şuşa ili”ndə.

Mənim üçün Şuşa sözünün səslənişi çox rahatdır... Sanki “şyopot”-piçıltıdır, yaxud sükut, “şuba”-kürk sözüdür, yarpaq tərpənişidr uşaqlıqdakı kimi, “duşa”-qəlbdir, şəffafdır, nənəmin mürəbbə qoyduğu şüşə qabdır, fincandır. Axı Şuşa, həm də şüşə deməkdir, şairanədir.

Azərbaycanın mədəniyyət paytaxtında, dünyanın mədəniyyət incisi olan Şuşada dağlarla, təbiətlə sosial və mədəni landşaf ilahi bir uyum içərisindədir. Qafqaz, Xəzər, ağrılı Qarabağ.

Poeziya mənim üçün sözlərlə yazılmış musiqidir. Şuşa sözlə ifadə edilən musiqidir, daşda, şüşədə, məscidlərdəki musiqi. Allahın ali sənətkarlığı. Təəssüf, bəzən insanlar savaşır, müharibələr edir. Azərbaycan mənim doğma Ukraynam kimi müharibə ilə tanışdır, onun yaraları təzədir. Təəssüf ki, insanlıq tarixi müharibələr tarixidir.

Mən son zamanlar müharibə barədə çox şeir oxumuşam, indi bizim Krımda yazdığım, sevgi haqqında olan, dəniz və sevgi barədə olan şeir oxumaq istəyirəm. Çünki sevgi, dəniz, dağlar Şuşa kimi əbədidir, Feniks kimi yenidən doğulur, yenidən və yenidən.

 

 

Salam Şuşa!

Bu şeiri indi sənin üçün oxuyacağam.

 

 

 

 

Dəniz

 

 

 

 

Gecə. Dəniz.

Bir də səsi delfinin.

Adsız ulduz

göyüzündə titrəyir.

Çılın-çılpaq

cingiltili bədənin

Yaxasını

zülmətin silkələyir.

 

Asta axır bəstə boyda

 qan, damır.

Hər çəkilən nəfəs

 duzludu, duzdu.

Ürək belə bəzən

qanad açardı

Öz qanında

amma o boğulubdu.

 

Mən qılmanam,

sən də ilham pərisi.

Gah ölərik,

gah da ki dirilərik-

Hərdən itər

sahilboyu izimiz...

Bədənimiz qatı baldı,

bilirik.

 

Belə...Belə...

bir az, bir az yuxarı.

Köpüklənir,

dalğa bizi aparır.

Biz-Həyatıq,

biz dənizdən çıxmışıq,

bizə olar,

sahil

bizim yurdumuz.

 

 

Tərcümə: Səlim Babullaoğlu

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.