Sənət və ədəbiyyat dərgisi

Xalqla həmfikir Nizami - Fərid Hüseyn yazır

23 Yanvar 2023 / 10:48

Fərid Hüseyn

 

Xalqla həmfikir Nizami

(esse)

 

Dahi ədib Nizami Gəncəvinin Azərbaycan şairi olmasını göstərən ən kəsərli, əsaslı sübutlardan, dəlillərdən biri də onun əsərlərinin el – folklor variantlarıdır. Dediklərimi iki sual ətrafında şərh etmək istərdim:

1.  Əgər görkəmli söz ustası Nizami Gəncəvi Azərbaycan şairi olmasaydı, Azərbaycan xalqı onun əsərlərinin bu qədər folklor variantını – nağıl, dastan – yaradardımı?

2. N.Gəncəvi özünü Azərbaycan şairi hesab etməsəydi, folklorumuzdan bunca bəhrələnərdimi?

 Əgər kimsə ikinci suala sualla qarşılıq versə ki, Avropa ədibləri yunan-roma ədəbiyyatından kifayət qədər bəhrələniblər, onda həmin qələm adamlarını yunan-roma ədiblərimi hesab edək? Bu suala cavabım belədir: Avropa müəllifləri öz əsərlərini qələmə alarkən yunan-roma ədəbiyyatından, antik mətnlərin daha çox süjet və hekayətlərindən, yaxud obraz qalereyasından qidalanıblar, milli düşüncə sistemlərini isə öz aid olduqları xalqın düşüncələrinə əsasən qələmə alıblar. N.Gəncəvi isə Azərbaycan folklorundan məhz türk – Azərbaycan milli düşüncə sistemini əsas götürərək yararlanıb, yəni o, xalq düşüncəsindəki millilik prinsiplərini əsərlərinə gətirib, süjetləri isə ya orijinal təfəkkürü vasitəsi ilə yaradıb, yaxud da onu türk düşüncəsinə, əxlaqına uyğunlaşdıraraq sözə çevirib. Dahi Nizami qatda dünyəvi və müsəlman olduğu qədər də, türk və azərbaycanlıdır.

Konkret misallara keçək:

 

1. Əgər Nizami Gəncəvinin əsərlərin el variantlarına fikir versək, görərik ki, xalqımız zaman-zaman daha çox İskəndər obrazına müraciət edib, onun haqqında çoxsaylı nağıllar, dastanlar yaradıb. “İskəndər və qarğa”, “İskəndər və loğman”, “İskəndərin zulmata getməsi”, “İskəndər Əsgər Ləl Fiftən” və sair dediklərimə misaldır. Xalqımız N.Gəncəvinin ən parlaq, ən mürəkkəb qəhrəmanına daha çox müraciət edib, əksini düşünsək Nizami Gəncəvi xalqın ən çox müraciət etdiyi tarixi və nağıl qəhrəmanını əsas obrazına çevirib. Bu məqam isə Nizami Gəncəvi ilə Azərbaycan xalqının harmonik düşünməsindən xəbər verir, nağılların, dastanların hansının N.Gəncəvidən əvvəl, hansının ondan sonra yaradılmasından asılı olmayaraq, bu qarşılıqlı düşüncə paralellərinə diqqət çəkmək lazımdır.

 

 

“Sirlər xəzinəsi”

 

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində “Kərpickəsən qocanın hekayəti” adlı hissədə gənc qocaya deyir ki, sənin kərpic kəsən yaşın deyil, qoca isə cavabında söyləyir ki, kiməsə əl açmaq ayıbdır, nəinki kərpic kəsmək. Bu məlum ibrətamiz məsələ “Öz əlinin zəhməti ilə yaşa” adlı nağılımızda da var. Həmin nağılda padşah oğluna deyir ki, mən qocalmışam, gəl mənim yerimə şahlıq et, oğul razılaşmır və sarayı tərk edir. Uzun sınaqlardan sonra saraya üzü ağ qayıdır. Və onda padşah oğluna bir sirr açır: “Mən o təklifi sənə qəsdən elədim ki, gedib özünə çörək axtarasan, çünki özü qazanmayıb ata malına göz dikənlər axırda bədbəxt olur”.

 

Burdan aydın görünür ki, Nizami Gəncəvinin düşüncəsi ilə Azərbaycan xalq düşüncəsi oxşar, hətta eynidir. Bu bənzərliyi təsadüfü saymaq, yaxud ibrətamiz əsərlərdəki eyniyyət kimi qiymətləndirmək ona görə olmaz ki, hər iki nümunədə insanın gəldiyi nəticə onun keçdiyi yolun mahiyyəti kimi qiymətləndirilir. Hər gəncin öz yaşayışı onun sınağıtək dəyər qazanır. Gərək hər kəs öz həyatı vasitəsi ilə sınağa çəkilə ki, sonda keçdiyi həyat yolu onun aldığı unudulmaz dərs olsun.

 

 

 

“Xosrov və Şirin”

 

 

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin mahiyyəti – yəni eşqin ölməzliyi, insanın aqibətinin ona təslimiyyət qiyafətində təqdimi, sevginin Adəm övladının həyat missiyasına çevrilməsi eynən “Fərhad və Şirin”in dastanında da əsas götürülür. Dastanda Firdovsi, Nizami, Füzuli və Cami kimi dahi şairlərin adlarının çəkilməsi göstərir ki, həmin folklor nümunəsi uzaq əsrlərə aid deyil. Ancaq burada diqqət çəkən başqa məqamdır. Dastanın “ustadnamə”sinə baxanda bir məqam diqqət çəkir, Nizami “Xosrov və Şirin”də hansı ideyaları qoyursa, həmin ideyalar dastanın əvvəlində “Ustadnamə”də açılır. Buradan da aydın görünür ki, xalq Nizaminin fikir düzümündən çıxmır, onun ideya həlqəsinə oxşar həlqə əlavə edir. “Ustadnamə”yə baxaq:

 

Öylə görüm, gəlib keçib,

Neçə insan, dünya səndən?

Ölüm şərbətini içib

Qoca, cavan, dünya, səndən.

 

Sən olandan bəri bünyad,

Gəlib keçdi neçə ustad

Neçə aşıq, Şirin, Fərhad

Getdi giryan, dünya, səndən.

 

Bu dastandakı ustadnamə eynən “Xosrovun məqbərəsində Şirinin özünü öldürməsi” səhnəsi ilə uyğundur. Nizami əsərin bu yerində insan və dünya ziddiyyətini açır:

 

Dünyaya güvənmə, bu sərt nakişi

Heç vəfa eyləməz, düzəltməz işi,

Hər nə vermişdisə əvvəl insana,

Geri alar bir-bir, alçaq zamana

Sənə yüz dəfəyə can versə bir gün,

Bir dəfəyə alar, aparar bütün.

Mürəkkəb tilsimsən ayaq üstə sən,

Yıxılıb sınınca artıq bir heçsən,

Bu çənbər altında yaşayarkən biz,

Göstər hansı boyun qalmış kəməndsiz,

Nə uçmaq mümkündür üstündə çənbər,

Nə onun bəndini aça bilərlər.

Bizlər  bu çənbərdən necə qurtaraq

Heç kəs açmamışdır, açılmaz bu dağ.

Qorxulu torpaqdır yaxşısı budur,

Torpağın zülmündən torpağa otur.[1]

 

Fərhad və Şirin obrazı birə-bir Nizami Gəncəvinin “Xosrov və Şirin”inindəki kimidir: Şirin məğrur, ağıllı, sadiq, Fərhad dönməz, şücaətli və ədalətli. Sonda hər iki aşiq ölür, amma bir-birinin dərdindən dünyadan köçürlər. Yəni eşq səbəbkar missiyasını yerinə yetirir, həm Nizaminin əsərində, həm də dastanda. Qəhrəmanlar eşqlə – səbəb ilə –  nəticəyə – aqibətə çatırlar.

 

 

 

“Leyli və Məcnun”

 

 Bildiyimiz kimi, Şərqdə Məcnun obrazı ilə bağlı çoxsaylı rəvayətlər var və onun yaşı, doğulduğu yer və əbədiyyətə qovuşduğu tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. “Şərqdə 9 Məcnun” mövzusu, əslində, bu müxtəlifliklərin ümumiləşdirilməsidir.  Amma Azərbaycan xalqı hər nə qədər ərəb əfsanələrinə, yaxud “Xəmsə” ənənələrini davam etdirən “Leyli və Məcnun” müəlliflərinin əsərlərinə bələd olsa da, eyni adlı dastanda – folklor nümunəsində Nizami Gəncəvinin süjetinə sadiqlik aşkar duyulur. Bu, amil sübut edir ki, Nizami Gəncəvi süjetlərinin Azərbaycan folkloruna təsirinin miqyası bütün əhatəsi ilə görünsün. Təsəvvür edin, orta əsrlərdir, insanlar çoxsaylı əfsanələr danışır, xəmsənəvisilərin “Leyli və Məcnu”ları əl-əl gəzir, amma xalq düşüncəsi məhz Nizami Gəncəvinin əsərindəki süjeti əsas götürür, əlbəttə, tarixi gedişat dastandakı obrazlar qalereyasına, süjetə təsir edib, amma adı çəkilən Azərbaycan dastanında ümumi xətt – mahiyyət dəyişmir, məzmuna ciddi müdaxilələrə ehtiyac duyulmur. Məsələn, dastanda Leyli və anasının məşhur dialoqu, Məcnunun doğuluşu, Zeydin məlum mübarizəsi və sair məqamlar xüsusi qabardılır, sanki xalq Nizami Gəncəvinin vurğu vurduğu məqamlar xalq tərəfindən də göz önünə gətirilir.

 

“Yeddi gözəl”

 

a. Bəhram Gur obrazı yeddi gözəlin əhvalatını dinləyir və dünyanın faniliyini, gedişatını, mahiyyətini anlayır. Burada dünyanın yeddi iqlimi cahanın hər üzü kimi xarakterizə edilir. “Şahzadə Bəhram” dastanında isə Bəhram yeddi gözəli sevir. Yeddi gözəli sevmək, yeddi taleyi sevmək dünyaya məhəbbət duymaq, yeddi insanı tanımaq dünyanı tanımaq deməkdir. Yeddi gözəli dinləyən Bəhram Gur, əslində, insanlığın mahiyyətini anlayır. Yeddi qıza aşiq olmaq mümkündürmü? Xeyr. Nə düzgündür, nə mümkün. Bəs xalq nə üçün belə bir obrazı – Şahzadə Bəhramı yaradıb. Çünki necə ki Nizaminin Bəhramı yeddi gözəl vasitəsi ilə bütün insanlığı anlamağa çalışırsa, eynən yeddi gözəli sevən Bəhram da məhəbbətin mahiyyətini, insanlığı anlayır. Sanki baş qəhrəman yeddi insandan yeddi yol ayrıcı kimi keçir, ancaq bütün yollar sonda əsas yola – son yola, – həyatın aqibətinə gətirib çıxarır. Diqqət etdinizsə,  Nizami əsərlərində nəyə vurğu vurursa, xalq da həmin məqamları yaratdığı nümunələrdə daha çox qabardır.

b. Bildiyiniz kimi, “Yeddi gözəl” əsərinin baş qəhrəmanı Bəhram şah əsər ərzində çoxsaylı təsirli səhnələrdə iştirak edir. Ancaq o səhnələrdən ən məşhuru “Bəhram Şahın” çoban ilə söhbətidir. Öz itini cəzalandıran çobandan Bəhram şah bunun səbəbini soruşanda çoban cavab verir ki, it ona tapşırılan işə xəyanət edib. Bu hadisə başı əyləncələrə qarışan Bəhram şahı qəflət yuxusundan ayıldır:

 

Dedi ki, bu işə olmuşam heyran

Şahlığı öyrətdi mənə bir çoban.[2]

 

 Azərbaycan dastanı “Şahzadə Bəhram”da da çoxsaylı hadisələr cərəyan edir, ancaq onların əksəri ənənəvi süjetdən fərqlidir. Ancaq “Yeddi gözəl” məsnəvisində həqiqətə qovuşmağa xidmət edən çoban “Şahzadə çoban” nağılında aşiqə yarını tapması üçün yol göstərir, gedəcəyi yeri nişan verir. Məsnəvidə də dastanda da çoban doğru yolu göstərən adam kimi xarakterizə olunur. Ən vacib məqam isə odur ki xalq “Yeddi gözəl”dəki ən maraqlı obrazlardan birinə müraciət edib. Deməli, şaha yol göstərən çoban obrazı həm Nizami Gəncəvi yaradıcılığı, həm də xalq təfəkkürümüz üçün vacib qəhrəmandır. Əgər belə olmasaydı nə Nizami çoxsaylı obraz qalereyası içərisində belə bir qəhrəmana ehtiyac duyar, nə də dastanımızda o qədər obraz arasından məhz çobanın ibrətamiz obrazına izləyici işıq salınardı.

 

 

“İskəndərnamə”

 

N.Gəncəvi “İskəndərnamə”də İskəndərin çoxlu üstün cəhətlərini göstərir, ancaq bir məqamı ­ – səbirsizliyi onun nöqsanı kimi nəzərə çarpdırır. İskəndər dirilik suyunu tapmaq üçün tez həvəs göstərir, suyu tapmayanda əlüstü səbirsizlik göstərib geri qayıdır. Yaxud İskəndər ilə Nüşabənin görüşündə İskəndər yenə səbirsizlik edir və qarşı tərəfdən dərsini alır. Misalların sayını uzatmaq da olar. Yəni İskəndərin naqis cəhəti onun səbirsizliyi, dotələbliyidir. Bildiyiniz kimi, folklor reallıqdan çox arzuları ifadə edir, ona görə də xalq sanki İskəndəri islah etmək – onun naqis cəhətini göstərməmək üçün onun səbirli olmasını mifləşdirir. “İskəndərin balıqlardan xərac alması” adlı nağılda İskəndər dəryalar padşahından xərac istəyir və imtina cavabı alır, belə olan təqdirdə o əmr edir ki, əsgərlər dəryadan suyu qablarda daşıyaraq boşaltsın və nəticədə dəryadakılar üzə çıxsınlar və cəng başlasın. Dəryaların hakimi əyanlarından birindən soruşur ki, gedin baxın, görün  dəryanın suyunu yavaş-yavaş boşaldırlar, yoxsa sürətlə? Cavab gəlir ki, qoşun dəryanı səbirlə boşaldır. Bu xəbəri eşidən dərya sultanı təslim olur. Çünki ordu dənizi tez boşaltsa yorular, gec boşaltsa isə iş-işdən keçmiş olardı. Dəniz hökmdarı fikirləşir ki, səbirlə boşaldırlarsa, deməli, istədiklərini əldə edəcəklər. Xalq düşüncəsi onu göstərir ki, səbir ilə hər müşkülü asan etmək mümkündür. Sanki Nizaminin səbirsizliklə sınağa çəkdiyi İskəndəri xalq düşüncəsi səbir ilə mükafatlandırır. Bu məqam isə qətiyyən xalq yaradıcılığı ilə Nizami əsərləri arasındakı fikir ayrılığı deyil, bu ziddiyyətlərin qoşuşması, çuğlaşmasıdır.

b. Nizami Gəncəvi yaradıcılığına xas əlamətlərdən biri də situativ qəhrəmanlar yaratmasıdır. Yəni qəhrəmanın kimliyi məhz düşdüyü vəziyyətdə açılır, belə olan həmin yaşanmış hadisədən əvvəl biz obrazın nə edəcəyini bilmir, onu dərindən tanımırıq. Bununla da oxucuya sübut olunur ki, insan həm də mühitin, zamanın, daha dolğun desək, düşdüyü vəziyyətin qəhrəmanıdır. Məsələn, Xosrov Şirini sevəndən sonra dəyişir, amma onun fədakar bir qəhrəmana çevrildiyi məqam məhz ölüm ayağında susuzluqdan bağrı yanarkən Şirini yuxudan oyatmaması ilə, yəni düşdüyü vəziyyətdə özünü necə aparması nəticəsində üzə çıxır. Yaxud Fitnə cəsarətlidir, ancaq şah ceyranın ayağını başına ox vuraraq tikəndə cəsarət tapıb onun şücaətini vərdiş kimi qiymətləndirir. Yəni düşdüyü vəziyyət, situasiya onun əsl kimliyini barizləşdirir.  Xalq Nizaminin situativ qəhrəmanlarını da öz yaddaşına köçürüb, yaxud da Nizami xalq təfəkküründəki oxşar məqamdan uğurla yararlanıb. Məsələn, “İskəndərin anası” adlı nağılda deyilir ki, İskəndər şah vəfat edəndən sonra anası onun meyitinin dəfn olunmasına icazə vermir, söyləyir ki, bu cür övladı torpağa tapşıra bilməz, onun cənazəsi ayaqaltı ola bilməz. Onu nə qədər yola gətirməyə çalışsalar da qadın razılaşmır, sonda şahın əyanları məsləhət görürlər ki, gərək meyiti bir otağa qoyaq, sən də ona keşik çəkəsən, ancaq bir şərtlə ki, gərək dilinə heç nə vurmayasan, yemək yeməyəsən. Yarası, övlad dağı isti olan ana asanlıqla qoyulan şərtə razılaşır. Üç gün beləcə keçir və sonra İskəndərin anası acır, sağa, sola baxsa da yeməyə heç nə tapmır, birdən başını qaldırıb baxanda görür ki, tavandan çörək asılıb. O ha çalışsa da çörəyə əli çatmır, belə olan halda qadın stolun üstündəki meyitin üstünə çıxıb tavandan asılan çörəyi götürür. İskəndərin pusquda duran əyanları bu zaman içəri girib deyirlər: “Sən oğlunun basdırılmasına razı olmurdun ki, onun qəbrinin üstünə ayaq basıb keçərlər. Ancaq indi özün onun cənazəsinin üstünə çıxıb bir parça çörək üçün onu ayaqlayırdın”. Bu hadisədən sonra ana peşman olur və oğlunun dəfn edilməsinə icazə verir. Buradan da aydın olur ki, ana üç gün öncə ac qalmağa razı idi, çünki onda yarası daha isti idi, indi isə düşüncəsi istər-istəməz dəyişib. Bu xalq təfəkkürünün ifadəsi olan münasibətdir. Nizaminin İskəndəri də belədir, o dirilik suyunu tapmayıb qayıdır və bir daha əbədiyyət sevdasına düşməyəcəyinə söz verir, ancaq iştirak etdiyi bir məclisdə qoca dirilik diyarının mövcudluğundan söz açır və İskəndər də fikrini dəyişib yenə dirilik suyu axtarışına çıxır. Göründüyü kimi, Nizaminin də İskəndəri – insanı düşdüyü vəziyyətə uyğun xarakterizə edir. 

 

 

 

[1] Tərcümə Rəsul Rzanındır.

[2] Tərcümə Süleyman Rüstəmindir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.