Sənət və ədəbiyyat dərgisi

Həyatımı bu qədər asanca itirdim - Əhməd Zəkəriyyənin şeirləri

18 Noyabr 2022 / 10:28

Əhməd Zəkəriyyə

(Misir)

Qahirə Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.  Misirdə və Avropada bir çox şeir mükafatına layiq görülüb. “Mahmud Dərviş Muzeyi Şeir Mükafatı”nın laureatıdır. Həyat yoldaşı Mələk Dəmir Özdəmir ilə birgə Türkiyə ədəbiyyatından 10 kitabı ərəb dilinə tərcümə edib. “Sanki eyvan zirzəmidədir” adlı şeir kitabını çapa hazırlayır.

 

 

 

Başqa bir dildə

 

I

 

Başqa dildə bəsit sözlər öyrənəndə

onlar haqqında yenidən düşünmək imkanın olur:

“Yataq”, “divar”, “ev”, “küçə”, “məhəllə”, “şəhər...”

Heç haçansa “şəhər” sözü barədə fikirləşmisənmi?

Bir səhər İstanbuldakı evinin hamamında

üzünü qırxarkən

və Əbdülvəhabın “Bütün ölkələr Vətənimdir”

mahnısını dilinin altında mızıldanarkən?

 

 

II

 

 

“Şəhər” işğalçıların xəyalları qədər nəhayətsiz bir sözdür,

şəhərin ucqar və gözdən uzaq məhəllələri,

şəhərin mühafizəkar küçələri və gecə həyatı...

Müqavimət göstərən şəhər,

şəhərin şairləri,

o şəhərdən bu şəhərə köçənlərin nəğmələri...

 

 

III

 

 

Yatmazdan qabaq gündəliyinə yaza bilərsən:

“İnqilabçıların bir şəhərdən

başqa bir şəhərə yürüş etdiyini gördüm”.

Və yenə yaza bilərsən:

bir cənub şəhərindəki sevdiyin qadını

və ucsuz-bucaqsız şəhərin səni necə özünə çəkdiyini

sonra da necə udduğunu...

 

Sonra hansısa bir şəhərdə

o şəhərin dilini əməllicə öyrənəndən sonra,

artıq əlüstü gündəliyində qeyd edə bilərsən:

“Bax, həyatımı bu qədər asanca itirdim...”

 

 

O səhər heç kəsə demədiyim sözlər...

 

I

 

Zəif anlarımı havaya tolazlamaq istəyirəm.

Yazmaq istəyirəm o səhər

heç kəsə demədiyim sözləri.

Yad bir şəhərdə,

mərkəzi parkda

gözəl havalardan danışanda

ölkəmin eynən

Nazim Hikmətin Vətənindən aldığı

sonuncu köynək kimi

parça-parça bölünəcəyi təhlükəsindən

yazmaq istəyirəm.

İyul barədə yazmaq istəyirəm...

Sarı rənglə bağlı qorxularımı

və yad bir şəhərdə

başqa xalqların mahnılarını dinləyərkən

sürətlə əriyib axan gündüzləri

qələmə almaq istəyirəm...

 

 

II

 

 

Dünyaya bir neçə dəfə gəlmişəm,

hər dəfə də apreldə göz açıram dünyaya.

Nilin və Boğazın sahilində,

Səlahəddin qalasının,

Qalata qülləsinin yanında anadan oldum.

Hər dəfə də bahar qulağıma pıçıldayırdı:

yad şəhərdə zaman insanın şəxsiyyət vəsiqəsi olar,

və hətta bir ağacla dost da ola bilərsən,.

Əyüb Sultandan Balatya tərəf gedərkən

adını havaya tullayarsan,

sonra Ədirnəqapıda qalanda

kürəyini söykəyərkən 

Konstantinopolun qədim qala sütunlarına

və özündən soruşarsan ki:

sultanın ordusu bu qapıdan girməsəydi neyləyəcəkdin?

 

 

III

 

Balatada, yeni ad axtarmaqla vaxt itirmə,

taxta evlərə qarşı meylinlə dost ol,

nə bilmək olar,

bəlkə, bu qədim pəncərələrin arxasında

bir qadın oturub şərab içir,

Səndə elə cəsarət nə gəzir ki,

qələmə aldığın hekayədə

onun kimi öz həyatını

 necə varsa elə də yazasan?

 

Tərcümə edən: Fərid Hüseyn

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.