Quş yuvada qaldı, tüstü ocaqda - Əhməd Şamlunun şeirləri

27 Yanvar 2023 / 17:08
ƏHMƏD ŞAMLU
HEKAYƏ
Müğənni peyda oldu
sazının dəstəyində diribaş bir torağay.
Sərxoş qonaqlar
rəqsə qalxdılar.
O an
qəmli qadının gözündən
yasaq bir eşqin yaxıcı xatirəsindən doğan
bir damla yaş
diyirləndi aşağı.
Gəlini
özüylə apardı tamahın qolu.
Dağılışdılar yorğun sərxoşlar.
Müğənni qayıtdı
sazıyla,
başında son mizrablar,
papağında xeyli şabaş.
Boş qaldı qarışıq zal:
Yağlı-buğlu süfrə,
devrilmiş kürsü,
çalğıçıların susmuş meydanı
və ölmüş bir torağay
kərpic döşəmənin soyuq üzündə.
HƏLƏ DƏ O QARĞANI DÜŞÜNÜRƏM...
İsmayıl Xoyi üçün
Yuş dərələrindəki o qarğanı düşünürəm
hələ də:
Qara qayçısıyla
buğda zəmisinin qovrulmuş sarılığı üzərində
ikiqat bir xışıltı ilə
əyri bir qövs kəsdi
mat kağız səmadan
və üzünü tutaraq yaxınlıqdakı dağa,
boğazındakı quru qarıltıyla
nəsə dedi
ki, dağlar
hövsələsizcə
gec bir vaxta qədər
təkrarlayırdı onu
heyrətlə
öz daş zirvələrində,
günəşin istisində.
Hərdən soruşuram özümdən:
O əzmli və sabit varlığıyla
bir
günorta namazı vaxtında
öz matəmli və israr dolu rəngiylə
bir buğda zəmisinin qovrulmuş sarılığı üzərində
qanad çalaraq,
neçə-neçə qovağın üstündən ötüb-keçən
bir qarğa
o fəryad və qəzəblə
axı nə deyə bilər
qoca dağlara ki,
bu yorğun, bu yuxulu abidlər
təkrarlayalar onu birlikdə
gec bir vaxta qədər
yayın günortasında?!
BAŞQA BAHAR
Məqsədim özümü aldatmaq deyil, istəklim!
Məqsədim
özümü aldatmaq deyil.
Dodaqlar yalan deyirsə əgər,
sənin əllərindən bəllidir doğruluq
və mən sənin əllərindən danışıram.
Mənim taleyimin bacılarıdır sənin əllərin.
Yanmış meşələrdən,
yağışa düşmüş xırmanlardan danışıram.
Öz taleyimin kəndindən danışıram mən.
Hər yaşıllıqda qan gördüm, hər gülüşdə ağrı.
Sən güntək doğursan, mən qane oluram.
Hayqıraraq
rahatlaşıram mən.
Məqsədim özümü aldatmaq deyil, istəklim!
Məqsədim
özümü aldatmaq deyil.
Sən buradasan və təsirsizdir gecənin qarğışı.
Sənin təlqininlə bar verir mənim qəlbim
qısır qürubda.
Sənin əllərinlə ən yapışqan gecələri
çıraqban edirəm mən.
Mən yuxuda görürəm yaşamımı,
mən röyalarımı yaşayıram,
mən həqiqəti yaşayıram.
Hər qandan bir yaşıllıq bitir,
hər ağrıdan bir təbəssüm.
Bir ağacdır çünki hər şəhid.
Qalın meşələrdən sənə sarı gəldim mən.
Sən güntək doğdun,
mən qane oldum.
Qışqırıq çəkərək
sakitləşdim.
Hər yarpağa and içdim mən baharın yanında
və sən
yeni eşqi xəbər verdin
gecəyə qərq olmuş keçidlərdə.
Mən avara gecə gözətçilərinin hay-küyünü eşitdim
və ən ulduzsuz gecələrdə
atəşfəşanlıq etdim sənin təbəssümünü.
Və o vaxtdan
küçənin ortası evimizdir bizim.
Mənim taleyimin bacılarıdır sənin əllərin.
Qoy yağışa düşmüş meşələrdən,
bol məhsullu xırmanlardan danışım.
Ortaq taleyin kəndindən danışım qoy.
Məqsədim özümü aldatmaq deyil, istəklim!
Məqsədim
özümü aldatmaq deyil.
SUSQUN BAHAR
O fənər üçün ki, yandırılmayıb,
rəfdə səssiz qalan o cəhrə üçün.
O beşik üçün ki, yelləyəni yox,
o güzgü üçün ki, pas tutub bütün.
O çaxçax üçün ki, heç döyülməyib,
o qapı üçün ki, açılmır asan.
O pillə üçün ki, susub yerində,
çoxdandır üstünə yox ayaq basan.
O gözlənən bahar gəldi boş yerə!
Keçdi hər bir damdan o yubanaraq.
Səs salıb dayandı o, hər küçədə,
nə bir cavab gəldi, nə də bir soraq.
Tüstü yüksəlmədi heç bir komadan,
çoban da çöllükdə çalmadı tütək.
Kattanın quşu da gəlmədi dilə,
nə arı göründü, nə də bir çiçək.
Bahar – heç kəs ona açmadı qapı,
yüz ümidlə gəlib qayıtdı naçar.
Üzünə gülmədi heç bir kəs onun,
başına çiçəkdən tac qoymadılar.
Heç kəs komasından çıxarmadı baş,
quş yuvada qaldı, tüstü ocaqda.
Hava oynamadı dəfin səsiylə,
yabanı bir gül də bitmədi bağda.
Nə bir kəs, nə kotan, nə də ki atlar,
nə qadın, nə uşaq... susur kənd-kəsək.
Nə kəklik oxuyur o dərələrdə,
nə püstə ağacı açır bir çiçək.
Heç bir arabaya at qoşmadılar,
hanı dəmirçinin o gürz nəğməsi?
Heç kim aparmadı tarlaya kotan,
gəlmədi itlərin o hav-hav səsi.
Qədəm qoymaq üçün bu boş küçəyə
heç kimsə gəlmədi qəmli, ya da şən.
Heç kəs gəlmədi ki, il əvvəlində
ah çəkə sevincdən, ya da qüssədən.
İlk günün qürubu, dolaşır ancaq
bədbəxt qurbağalar bu bomboş yeri.
Çığırdı qurbağa gölmə içindən
anaraq o keçmiş hekayələri...
Bahar gəldi, amma yox idi həyat,
qəmliydi bu uçuq, viranə otaq.
Bahar gəldi, söylə, kim sevinc ilə
ona şam yandırıb qapı açacaq?!
BÜTÜN GÜNÜ
Bütün günü
bəzənmiş qarılar
keçdilər
yatdığım otağın qarşısından
səhlənkarcasına, mehribanca, gülərək.
Gecəyarı
hay-küylü çırtığı ucaldı
bir kastanyetin.
Keçdi xəyalımdan:
“Gərək ki, qarılar
rəqsə qalxmış olalar”.
Səhərçağı
tibb bacısı söylədi:
“Qonşu otaqdakı xəstə ölüb”.
ŞEİR QURTULUŞDUR
Şeir
qurtuluşdur,
xilasdır və azadlıq.
Bir şübhədir ki,
sonda
yəqinə can atır.
Bir güllədir ki,
sonunda
atılır.
Bir ahdır ki,
könül rizasıyla çəkilir
rahatlaşmaq üçün.
Və kətil qətiyyətidir
ki, sonda
qırağa düşür
bədən yükü
öz kütləsinin bütün ağırlığı altında
məhv olsun deyə.
Son yol
budursa əgər
canı qurtarmaq üçün.
Bir quş yönəltməmişdi məni bu diyara:
Mən bu qara torpaqdan
özüm cücərmişdim
bostançı müdaxiləsi olmadan,
arx rütubətiylə cücərən
yabanı bir yarpıztək.
Bu səbəbdən insanlar
mənə elə baxırlar,
sanki onların maaşıyla çörək yeyirəm
və daxmalarının havasıdır, elə bil,
öz nəfəsimin pis qoxusuna buladığım hər şey.
Halbuki,
onlar bu diyara ayaq basanda
mən idim
onlara
gülümsəyərək darvaza açan!
YAŞAM SAVAŞINDA
Ərş tağının altında, yer üzü süfrəsində.
İşıqda, qaranlıqda.
Yelin qopardığı dəli hay-küy və şivəndə.
Dar ağacı tirlərində.
Dağda, çöldə, çəməndə.
Dərin çökəkliklərdə, qaranlıq gölmələrdə.
Saatın tik-takında.
Düşmənlərin tələsində.
Pərdələrdə və rənglərdə, şəhər xarabalıqlarında.
İtlərin zingiltisində.
Qan, qəzəb və ləzzətdə.
Qəmsizlikdə və qəmdə.
Öpüb-sarılmaqda,
ya da zindanda.
Şadlıqda və ələmdə.
Məclisdə və döyüşdə,
şənlikdə və matəmdə,
enişdə və yoxuşda.
Qanlı gölməçələrdə.
Ümidsizlik bataqlığında.
Kələk halqasında.
Qırmızı lalələrdə.
Qaynar qumsalda.
Suda, daşda, otda,
dənizdə, çöldə, çayda.
Qarasaçlı qadınların göz və dodaqlarında.
Olumda
və ölümdə.
O yerdə ki, qorxu, hirs və rəqs gizlənib.
O yerdə ki, ölüm var.
O yerdə ki, gündüzdən və gecədən əzab çəkir insan.
O yerdə ki, fəryad edir dikbaş bəxt.
O yerdə ki, dərd insanlığa tərəf tutur üzünü.
O yerdə ki, yaşam savaşa səsləyir yaşayanı.
Çıxart qınından
öz güc və gücsüzlüyünün hər ikisindən düzəltdiyin
ikiağızlı qılıncı!
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri