Sənət və ədəbiyyat dərgisi

Qara bəxtin inadına - Əlizadə Nuriniun yeni şeirləri

16 Oktyabr 2023 / 10:01

Əlizadə Nuri 

 

 

Ömür yanmış zəmi kimi...

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı,

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir,

Sinəmin kətan yerinə?

 

Ömür - yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi,

...O qız batan gəmi kimi,

Dönmədi liman yerinə...

 

Bir qoca təsbeh çevirir...

 

Neçə qəm əkdim canıma,

Elə canın sağlığına.

Hər səhər içdim günəşi,

İçdim danın sağlığına.

 

Min nəfərik, ancaq birəm,

Mən tədbirsiz bir tədbirəm.

Min nemətə and içirəm,

Bir yavanın sağlığına...

 

Söz danışır, beh çevirir,

Yeri beş səfeh çevirir...

Bu qoca təsbeh çevirir

o cavanın sağlığına.

 

Eşq tilsimdi - mən də qırım,

Ocaq yoxsa, söz yandırım...

Yüz doğru badə qaldırıb,

Bir yalanın sağlığına...

 

Lap yox olum... sən ki, varsan,

Məni göylərdə taparsan...

Mən ölsəm, şeir yazarsan,

Bu oğlanın sağlığına...

 

 

Onun əllərinə ithaf

 

Minib bir gəmiyə çıxıb gedəsən,

Səni yola sala onun əlləri...

 

O qız əllərini arxanca ata,

Ata əllərini su əvəzinə.

 

Götürüb qaçdığın arzularını,

Hər axşam sərəsən ay işığına...

 

...Çatasan dünyanın son limanına,

Səni qarşılaya onun əlləri...

 

Heyrətdən özünü itirəsən ki: -

Axı yatmamısan, bu nə yuxudu?

Haçan gəlib səni keçdi o əllər -

Yoxsa, o əllərin öz ağ gəmisi,

Yoxsa ki, o qızın öz dənizi var?!

 

...Qaçıb o əlləri qucaqlayasan,

Bağrına basasan son ümid kimi.

 

Sonra ovcundakı o əllər üçün,

Bir üzük yonasan gün işığından...

 

...Sonra düşünəsən: - bəs bu əlləri

o qızın canından kim dərib sənə?

Kimsə ürəyinə pıçıldaya ki: -

"Təkcə öpmək üçün deyil o əllər,

Tanrı uçmaq üçün göndərib sənə..."

 

Hərdən dərdin

özü elə əlacdı

 

Bəlkə günah elə baxışlardadı -

Bəlkə də, bu dünya heç kifir deyil?!

Məni yağışlar da yuya bilmədi -

Məndə əzablardı, məndə kir deyil...

 

Üzünü dəyişsən, üzünə baxmaz,

Tüstün əyri çıxsa, közünə baxmaz.

Bu qələm özgənin sözünə baxmaz -

Sürgündə olsa da o, əsir deyil.

 

Qorxur kölgəsindən... bu nə ağacdı?

Hərdən dərdin özü elə əlacdı.

...Öldüm - ölümün də sirrini açdım,

Daha mənim üçün heç nə sirr deyil...

 

Yoxa çıxıb adım bəlkə?!

 

Mən də bir saray tikirəm,

O şah məni bağışlasın.

Günahımı sən bağışla,

Günah məni bağışlasın.

 

Çağırmadın... qadın, bəlkə -

Yoxa çıxıb adım bəlkə?!

Sabaha çıxmadım bəlkə -

Sabah məni bağışlasın.

 

İsidərmi bu şam səni?

Səhər məni, axşam səni.

...Göyə qaldırmışam səni -

Allah məni bağışlasın.

 

Bir quş qarğışından

ölə bilərəm...

 

Ayın işığından əriyər duman -

Dumanın içindən bir şəhər çıxar.

Gecə işıqları yorulan zaman,

Yerin köynəyindən bir səhər çıxar...

 

Quruyar o bağda naçar bir ağac,

Getsəm, çiçəkləyib açar bir ağac...

Yüyürüb üstümə qaçar bir ağac -

Elə bir yoluma min nəfər çıxar.

 

Bir quş qarğışından ölə bilərəm,

Bir söz yoxuşunda ölə bilərəm...

Bir qız baxışından ölə bilərəm,

Ancaq qorxuram ki, birtəhər çıxar...

 

Sənin adına şəhər

 

Mən sənin adına şəhər salmışam,

Bu gün ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram -

Saçını sərmisən gecələrinə...

Başqa şəhərlərə yaman dərd olub,

Udur acısını tütün şəhərlər.

Mən sənin adına şəhər salmışam,

Qaçıb xəritədən bütün şəhərlər.

 

...Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam,

Ürəyim şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin -

Təkcə sənin adın qapıdan keçər...

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi: - sarayı, ya taxtı olsun?!

Bir şəhər salmışam sənin adına,

Saldım ki, eşqin də paytaxtı olsun!

 

...Qapını gün açar, pəncərəni Ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim,

Sənə sevgi adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam -

Gör, sənə bu "şəhər" darısqal deyil?!

 

Sevinc axşam gələcəkdi...

 

Çıraq oldum, işığımı

salmağa bir dam olmadı.

Çoxu mənə "oğul" dedi,

Heç biri anam olmadı.

 

Düz axtarıb, dağ çıxardım,

Dağı lap axsaq çıxardım...

Bu gecədən sağ çıxardım,

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi...

Sevinc axşam gələcəkdi -

Gözlədim, axşam olmadı...

 

Hamı sol yanını

"sağ" istəyirmiş...

 

Sevinc əkiləndə mən də varıydım,

Yada salmadılar biçində, qadın.

Tanrı bir bağlama göndərib mənə -

Heyif, adın yoxdu içində, qadın.

 

Sən hara çəkildin? - Sən çəkiləndən,

Bir gün də nəşəm yox, min günahım var.

Mən sənə min dəfə "bağışla" dedim -

Sən elə bildin ki, min günahım var.

 

Hamı sol yanını sağ istəyirmiş,

Bəlkə bu yaraya elə yar mənəm?!

Qəm mənə nə gözəl heykəl ucaldıb -

Yüz heykəl içində füsunkar mənəm...

 

Gəl, gedib oturaq öz küncümüzdə,

Bizim nə işimiz özgə masada?

Adam hərdən çıxıb getmək istəyir,

Lap elə getməyə yer olmasa da...

 

...Sevinc əkiləndə mən də varıydım,

Yada salmadılar biçində, qadın.

Tanrı bir bağlama göndərib mənə -

Sənin adın yoxdu içində, qadın...

 

Darıxmağın rəsmi

 

Hardasan, şəhlagözlüm?

Sən ən şirin acımsan.

Hələ də bilmirəm ki,

Dərdimsən, əlacımsan.

 

Yuxuma dağıtmısan,

Saçının yumşağını.

Sən yoxsan, kim böyütsün,

Bu sevda uşağını?

 

Yol tapıb çıxa bilmir,

Bu tinim, bu dalanım.

Mən sevgi qaçqınıyam -

Gəl, səndə daldalanım...

 

Bu çölü göndərmisən,

Sən mənə azmaq üçün?

Ürəyim bir divarmış -

Şəklini asmaq üçün.

 

Ümidim körpə kimi,

Ağlayır qundağında.

Arzularım can verir,

Kədərin qucağında...     

 

Hardasan, hardan bilim,

Mən hara üz döndərim? -

Darıxmağın rəsmini,

Çəkib sənə göndərim...

 

Özün məndən uzaqsan,

Kölgən keçir yanımdan.

Adına soyuq dəyər -

Düşmə dodaqlarımdan...

 

Hamı çıxır su üzünə...

 

Hamıdan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Yer üzünü tapşırasan,

O balaca uşaqlara...

 

Götürəsən qələmini,

Son şeirinin varağından.

Hərdən əyilib öpəsən,

Çiçəklərin yanağından.

 

Bir qız çıxa yolun üstə,

O ağlaya, yol ağlaya.

Gedəsən batan günəşi

soraqlaya-soraqlaya...

 

İşığı tutub gedəsən

qara baxtın inadına.

Yorulanda baş qoyasan

bir göyərçin qanadına...

 

Bir səhəri yola salıb,

Bir axşama yeriyəsən.

Gözlərindən Ay işığı

dama-dama yeriyəsən...

 

Dalğaları çevirəsən

o üzünə, bu üzünə.

Bat, ya batma, nə fərqi var -

Hamı çıxır su üzünə...

 

...Qoy arxanca danışsınlar: -

Hara getdi, niyə getdi?

Bir uşaq göyü göstərə -

Allahı görməyə getdi...

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.