Pul və ruh - Rövşən Yerfi yazır
14 May 2024 / 10:58
Rövşən Yerfi
PUL VƏ RUH
PUL və RUH - hər ikisi enerjidi. Biri gözlə görünən, biri gözlə görünməyən…
Birisi Allahla bağlıdı, o biri Şeytanla. Ruhu güclü insana pul yaşamaq, sadəcə maddi durumunu saxlamaq üçün lazımdır. Pulu çox olan insana da, ruh ölməmək, meyidə dönməmək dəyərindədir.
Pul – hamının maddi, sosial, mədəni, hətta az qala mənəvi istəklərini də əhatə edən, dəyər ölçüsü sayılan Şeytandır, Ruh - insanın Allahla təmasını yaradan ilahi materialdır.
Ruh adamından OLİQARK ola bilməz. Pul adamından da, ruha təsir edə bilən hər hansı YARADICI çıxmaz…
İmanı və inamı pul olan, ruhunu puldan ucuz tutan insan şəxsiyyət, cəmiyyət isə azad ola bilməz, muzdlu qul olar.
Ya Allahın yanında olmalısan, ya səni sınamaq üçün yaradılan Şeytanın…
Şeytana qulluq edib, “Allahın yanındayam” deyənlər..., özünüz dediyinizə İNANIRSIZMI?..
Zəmanə belə - pul hökmdarlığında davam etsə, şərəf, namus anlayışı itəcək, pul – ŞƏRƏF, NAMUS hesab ediləcək. Pulun çoxdursa, "daha şərəfli, namuslu" sayılacaqsan..
Məmləkətdə ürəkləri dayandıran, adamları intihara sürükləyən, bir-birinə düşmən etdirən PUL kabusu dolanmaqdadır...
Deyir, könlün nəyi istəyirsə, əldə etmək üçün onu ürəkdən sevməlisən.
Etiraf edək ki, bu gün əksəriyyət toplum olaraq səmimi-qəlbdən PUL SEVDALIsıyıq.
Artıq adamların nəzərində əksər peşələrə ehtiram, rəğbət qalmayıb, çünki, daha sənət və peşələrdə ümdə niyyət rifah, xeyriyyə deyil, əsasən PUL QOPARTMAQdır...
Təəssüf ki, dövr elə nizamlanıb ki, endirimdə olsa belə, insanların ləyaqətdən çox pula ehtiyacları yaranıb.
Xatirimdədir, illər öncəsi bir şou ulduzumuzdan müsahibə alarkən soruşmuşdular ki, haqqında bu qədər söz-söhbət gəzir, qohum-əqrəbandan narahat olan, deyən yoxdu ki, niyə belədir?
Cavab verir ki, əvəllər olurdu, sonra birini işə düzəltdim, birini tapşırtdım, birinə pulla kömək etdim, ondan sonra daha heç biri belə söz-söhbətlərə əhəmiyyət vermir. Vəssalam, SÖZÜN BİTDİYİ YER.
Tanrı lütf edərək sevdiklərinin, ƏKSİLTMƏK İSTƏMƏDİKLƏRİNİN – YARAMAZA dönməməsi, bilmədiyimiz bir çox bəlalardan hifz etməsi üçün ruzisinin qədərdən artıq olmasına YOL VERMİR..
Sosializm dövründə təkcə qədim peşə sahibləri haqqını öncədən alırdı. Qalan işlərdə əvvəl iş görülürdü, ardınca pulu ödənilirdi.
Kapitalizm yaranandan sonra az qala bütün xidmətlərdə fahişələrin yanaşma tərzi tətbiq edilir: birinci pul alınır, sonra xidmət göstərilir...
Hər hansı xalqı və ya dövləti insanla eyniləşdirsək iqtisadiyyat onun bədənidirsə, ədəbiyyat və incəsənət ruhudur.
Ruhunu dəyərləndirə bilməyən xalqlar tək iqtisadiyyatı – dolanışığı, qarnı üçün yaşayan adamlara oxşayırlar.
Ruha - ədəbiyyata və incəsənətə, mənəviyyata bazar əxlaqı ilə yanaşanların SƏNƏT dünyasında yeri, mövqeyi olmur.
Amma, PUL nə qədər qapılar açsa, güclü olsa da, RUH qarşısında acizdir... Ömürdə hər şey bitəcək, bitməyən RUH olacaq.
Bütün insanlar üçün edilən son dua – “ruhu şad olsun”dur.. Düşün, həyatın boyu onu günahlarla kirlədiyin halda, axirətdə, o, səni şad edəcəkmi?..