Ədəbiyyatı əbədi yaşadan unudulmaz lider - Professor Aktotı Raimkulova yazır
14 May 2024 / 11:45
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən
“Heydər Əliyev və Məhəmməd Füzuli” adlı kitab çap olunub
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Məhəmməd Füzuli” adlı kitab çap olunub.
Nəşrdə Ulu öndər Heydər Əliyevin Füzuli ilə bağlı fərman və sərəncamları, görkəmli ədibin yubileylərindəki çıxışları, həmin tədbirlərdən fotolar, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin M.Füzulinin irsinin gələcək nəsillərə ötürülməsi, tədqiqi və təbliği məsələlərindəki tarixi xidmətləri haqqında elm adamlarının məqalələri yer alıb.
Kitabın tərtibçisi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyndir.
Layihənin rəhbəri və ön sözünün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, görkəmli bəstəkar Aktotı Raimkulovadır.
A.Raimkulovanın kitaba yazdığı “Ədəbiyyatı əbədi yaşadan unudulmaz lider” adlı ön sözünü oxuculara təqdim edirik:
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti,
Qazaxıstan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor
Ədəbiyyatı əbədi yaşadan
unudulmaz lider
Türk ədəbiyyatının parlaq ədəbi incilərini yaratmış, türk dünyasının bədii irsini zənginləşdirmiş dahi şair Məhəmməd Füzuli hər əsrlə təzələnən, yeni-yeni mənalar qazanan, heç zaman köhnəlməyən əsərlər yaratmışdır. Unudulmaz söz ustadının bədii irsi türk dünyasının ortaq ədəbi abidələrindəndir. Zaman keçdikcə biz həmin ədəbi irsin bənzərsiz nümunələrini təkrar-təkrar oxuyur və onların dünəndən bu günə və gələcəyə ünvanlanan dərin mənalı, hikmətli ismarışlar olduğunu anlayırıq.
Məhəmməd Füzuli orta əsr türk ədəbiyyatının ədəbi məktəb yaratmış sənətkarlarındandır və altı əsrdir ki, türk xalqlarının yenilənən nəsilləri onun əsərlərinə müraciət edirlər. Bu xoşbəxtlik dünyada çox az şairə nəsib olur. Ötən altı əsr müddətində dünyanın bir sıra yerlərində yaşayıb-yaratmış Füzuli ədəbi məktəbinin davamçılarının sayı yüzlərlədir və onlar dünyanın ayrı-ayrı coğrafiyalarında ölməz sənətkarın yaradıcılıq yolunu uğurla davam etdirirlər.
Bu il 530 yaşı tamam olan dahi şairin yubileyi Azərbaycanda və bütün Türk dünyasında, o cümlədən müxtəlif ölkələrdə təntənəli şəkildə qeyd ediləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 25 yanvar tarixində Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam
imzalamışdır. Sərəncamın mətnindən aydın olur ki, mədəniyyətə və ədəbiyyata daim böyük diqqət göstərən cənab İlham Əliyev Füzuli yaradıcılığını olduqca yüksək qiymətləndirir və onun ədəbiyyat tarixindəki müstəsna rolunu xüsusi qeyd edir.
Eyni zamanda sərəncamda Azərbaycan Xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin Məhəmməd Füzulinin yaradıcılığının beynəlxalq müstəvidə tanıdılması, adının əbədiləşdirilməsi istiqamətində müstəsna xidmətlərindən bəhs edilir: “Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul edilmiş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur”.
Biz də Türk Mədəniyyəti və İrsi Fondu olaraq daim türk dünyasının maddi və mədəni irsini təbliğ edir, görkəmli sənətkarların əsərlərinin beynəlxalq müstəvidə tanıdılmasına çalışırıq. Fondun növbəti layihəsi olan “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı dahi şairin ədəbi irsinin tanıdılmasında, adının əbədiləşdirilməsində danılmaz xidmətləri olmuş görkəmli siyasi xadim Heydər Əliyevin bu yöndəki tarixi fəaliyyətinə həsr edilmişdir.
Kitaba Heydər Əliyevin Məhəmməd Füzulinin yubileyləri və adının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamları, qüdrətli söz ustadının Bakı, Ankara, Moskva şəhərlərində keçirilən yubileylərindəki nitqləri, həmin tədbirlərə aid fotolar, həmçinin Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının iclaslarındakı çıxışları və digər materiallar daxil edilib.
Həmçinin nəşrdə Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlər haqqında elm xadimlərinin məqalələri yer alıb. Kitabdakı həmin məqalələri görkəmli rəssamların əsərləri müşayiət edir.
Fond tərəfindən Türk dünyasının əbədiyaşar söz sənətkarı Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilən bu kitab unudulmaz lider, görkəmli siyasi xadim Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.