Dostoyevsknin Moskvası
27 May 2024 / 07:49
Dostoyevskinin Moskvası
Moskva şəhərindən Starosadski döngəsində qədim ağacların arasında məşhur “Tarix kitabxanası” yerləşir. Hər gün kitabxanaya yüzlərlə oxucu gəlir. Onların çoxunun heç ağlına da gəlməz ki, kataloqlara baxdıqları, kitab seçdikləri bu otaqların çoxu böyük rus yazıçısı F.M.Dostoyevskinin adı ilə bağlıdır. Vaxtilə bu bina Dostoyevskinin bibisinə və onun əri Aleksandr Kümaninə məxsus olmuşdur.
Dostoyevski ənənəvi olaraq Peterburq yazıçısı sayılsa da, onun bir çox əsərlərində təsvir olunan evlər Moskva binalarına oxşayır. Deyilənə görə, Dostoyevski şəxsən tanıdığı moskvalıları bir çox qəhrəmanlarına prototip götürmüşdür. Ola bilsin ki, “Yeniyetmə” romanındakı Dolqoruki, Sokolski, Prutkova kimi soyadları o, Kumaninlərin Starosadski döngəsindəki qonşularının soyadından götürmüşdür. Prutkovanın və Sokolskinin xasiyyətlərindəki bir çox cəhətlər Dostoyevskinin dayı və xalalarını xatırladır.
Kumaninlərin Zamoskvoreçyedəki evləri Dostoyevskinin “İdiot” əsərində təsvir olunmuşdur. Əsərdə knyaz Mışkinin Roqojinin yanına gələrkən keçdiyi otaqlar, enib-qalxdığı pilləkənlər eynilə həmin binadakı kimi yerləşir.
Dostoyevskinin tez-tez gedib-gəldiyi evlərdən biri də müəllim Draşusovun yaşadığı bina idi. Həmin bina ilə üzbəüz XVIII əsrdə tikilmiş kilsə yerləşirdi. Yazıçının həyat yoldaşı A.Q.Dostoyevskayanın yazdığına görə, Fyodor Mixayloviç həmin kilsəni bir memarlıq abidəsi kimi yüksək qiymətləndirir və hər dəfə Moskvaya gələndə həmin kilsəyə baxmaq üçün özündə daxili bir ehtiyac hiss eləyirdi.
Hazırladı: Vaqif Bayatlı Odər