Sənət və ədəbiyyat dərgisi

İngilis ədəbiyyatı və parodiya

29 May 2024 / 10:31

İngilis ədəbiyyatı və parodiya

İngilis ədəbiyyatında parodiyaya maraq hələ Şekspir dövrlərindən də əvvəllərə təsadüf edir. Bu baxımdan qəhrəmanlıq romanlarına parodiyalar yazan Çoseri yada salmaq kifayətdir. XVIII əsrdə parodiya esse və romanların əsas atributuna çevrilir.

Parodiya müstəqil ədəbi janr kimi XIX əsrdə məşhurlaşır. Bu dövrdə hamıdan çox Şekspirə parodiyalar həsr olunurdu. Geniş oxucu kütlələri üçün nəzərdə tutulan “Penç” jurnalı da tez-tez parodiyalar çap edirdi. 1884–1889-cu illər ərzində Yolter Hamiltonun 6 cilddə çap etdirdiyi parodiyalar bu janrın populyarlığını və geniş oxucu kütləsi arasında çox geniş yayıldığını göstərir.

XX əsrdə parodiya görkəmli sənətkarların da rəğbətini qazandı. Ədəbi üslubların parodiyalaşdırılması Coysdan başlayaraq modernist romanın əlamətlərindən birinə çevrildi.

1912-ci ildə Maks Birbom müasir yazıçılara həsr etdiyi parodiyalar məcmuəsini çap etdirir. Birbomun parodiya metodu Dobrolyubovsayağıdır: “istedadı istedada qarşı qoymaq”. Məhz Birbom parodiyanı sanballı janra çevirdi, parodiya janrına qeyri-ciddi, əyləncə kimi baxan sənətkarları belə onunla hesablaşmağa vadar etdi. Henri Ceyms Birboma yazırdı: “Siz yazıçı nəslini məhv etmisiniz. İndi heç kim sizinlə xəyalən də olsa danışmadan bircə sətir belə yazmağa cəsarət etmir”.

Müasir İngiltərədə “Nyu steytsmen” jurnalı vasitəsilə tez-tez parodiya müsabiqələri keçirilir.

Oxucularımıza təqdim edilən bu bədii parodiya “Çoserdən Birboma qədər və daha sonrakı parodiyaların antologiyası” kitabından götürülmüşdür. Kitab 1960-cı ildə Nyu-Yorkda nəşr olunmuşdur. Həmin kitabdan Bernard Şouya həsr olunmuş bir parodiyanı oxucularımıza təqdim edirik: Maks Birbom. “O vaxt ki məşhuri-cahan əlini ürəyinin üstünə qoyub deyir ki, onun əxlaqının bəraətə ehtiyacı yoxdur, onda cəmiyyət çətirlərini açmağa tələsir ki, bəraət yağışından gizlənsin. Mən özümü müdafiə etməyəcəyəm, amma mənim əxlaqım mərhəmət doğurur. Bəli, bu pyesi mən oğurlamışam. Mənim bu hərəkətimin yeganə bəraəti əqli cəhətdən ac olmağımdır. Ancaq mən mərhəmət istəmirəm. Elə mənim özüm bundan da yaxşı onlarca pyes yaza bilərdim. Ancaq elə bilməyin, Şekspir belə səfeh olub ki, bu dünya qədim cəngəlliklərdə məqsədsiz qurban uğrunda ora-bura vurnuxsun və qurbanı tapan kimi caynağına keçirsin. Narahat olmayın, onun başında süjetlər qarışqa kimi qaynaşırdı. Soruşulur – bizim fəxrimiz, bizim şöhrətimiz Vilyam nə üçün bu süjetlərdən istifadə etməyib?! – Tənbəlliyindən. Elə mən də tənbəllik eləyirəm”.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.