Sənət və ədəbiyyat dərgisi

Qoşa gedib, qoşa gəldilər - İmir Məmmədlinin yeni novellası

20 May 2022 / 11:58

                                                                        İmir Məmmədli

                             

                              Qoşa gedib, qoşa gəldilər

(novella)

                                                                       

  • Alma, alma, alma! – Alməmməd Alyanağı almaq qərarına gələndə

və bu qərarını evdə bəyan edəndə, hamı bir ağızdan bu sözü dedi.

Amma onlar “alma” dedikcə, Alyanağın al yanaqları, bal dodaqları  Alməmmədi daha da özünə cəlb edirdi:

  • Alacam, iki dünya bir olsa da, alacam!
  • Alma! Alma almadan uzaq düşmür!.. Anası gəzən ağacı balası

budaq-budaq eylər...

Alyanağın anasını ona görə hallandırırdılar  ki, deyilənə görə, bir az hal əhli idi, adı çıxmışdı. Bu barədə olan şayələrin düzlüyünü-əyriliyini heç kəs bilməzdi, amma bir şey bəlli idi ki, Alyanağın ərlik vaxtı gəlib çatana qədər qızın anası üç dəfə ərdən boşanmış və hər dəfə də daha uğurla ərə getmişdi. Alyanaq birinci ərindən olmuşdu; bu evdən o evə boxça kimi apardığı Alyanağa o biri atalardan daha doğrusu, ögey atalardan üç bacı, üç qardaş da doğmuşdu...

     İndi həmin ana idi ki, gələcək kürəkənin başına qaxılmasa da, məsum seçiminin qarşısına ciddi irad kimi tutulurdu.

   Amma iş burasındadır ki, öz şəxsi həyatnaməsinə görə bir növ (kişibaz demək yaxşı düşməz) kişimehirli görünən qadın Alməmmədin Alyanağa olan ehtirasını daha da qıcıqlandırırdı.

  • Alacam! – deyib sözünü göyərdirdi.
  • Alma!
  • Alacam!
  • Alma!
  • Alacam!

   Nəhayət Alməmməd öz sözünü yeritdi...

 

   On gün olardı Alyanağı almışdı. Almışdı deyəndə, indiki zamanda hər cür almaq olar... Alməmməd el adəti ilə toy eyləyib Alyanağı evə gətirmişdi. Toyda Alyanağın anası, atası və iki atalığı da iştirak etmişdir. İnsaf xətrinə onu da qeyd etmək lazımdır ki, bunlar, məclis qurtarana qədər bir-birinə qarşı çox mehriban davranmışdılar. Bəylə gəlinin valideynlərinin şərəfinə badə qaldırılanda, üçü də ayağa durub yekdilliklə minnətdarlıqlarını bildirmişdilər. Maraqlı burasıdır ki, toy əhli də buna təəccüblənməmiş, üzlərdə ciddi ifadə hamısının sağlığına içmişdi.

 

 

    Gündüzlər xeyli külfətin içində xəlvət görüşmək imkanı olmadığından, toy gecəsi də, toydan sonra keçən on gecə ərzində də, demək olar ki, Alməmmədlə Alyanaq səhərə qədər əməlli-başlı yuxu görməmişdilər. Gecədə üç-dörd dəfə gah Alməmmədin, gah da Alyanağın təşəbbüsü ilə sevgi dəryasına atılıb onun dalğalarında doyunca yırğalanmışdılar. Buna görə də gündüzlər bir az mürgülü gəzirdilər. Elə bu səbəbdən idi ki, qayınana gəlindən narazılıq edirdi.

 

    Toydan sonrakı on birinci gün təzəcə açılmışdı ki, bu əyalət şəhərciyinə cavan-cumrunun içini qıdıqlayan bir səs yayıldı: Kinoteatra elə bir film gətiriblər ki, səhnənin qabağına ekranəvəzi çəkilən ağ mələfənin üzərində hər şeyi həyatda olduğu kimi göstərirlər. Paytaxtda bu filmi artıq görənlər deyirdilər ki, hələ belə şey görməmişik...

    Alyanaq iki ayağını bir başmağa dirəyib Alməmmədin üstünə düşdü ki, get hardan olursa olsun, iki bilet tap, gedək bu axşam biz də baxaq.

   Alməmməd bir az tərəddüd etdi ki, belə açıq-saçıq filmə təzə gəlini aparmaq düz olmaz, amma Alyanağın marağı elə qıcıqlanmışdı ki, öldü-itdi, inadından dönmədi.

   Şəhərin kinoteatrına çatanda Alməmməd gördü ki, kassanın qənşərində qırğın var. Neyləməli, bu izdihamlı növbəyə durdu, amma... Amma o kassaya çatanda bildi ki, cəmi üç-dörd bilet qalıb, onların da hərəsi bir yerdə. Biri zalın bu bucağında, biri o ucunda. Yanaşı yer yoxdur, ta qalmayıb.

    Bilet satan qadın dedi, ziyan yoxdur, iki yer al, zalda dəyişdirib yanaşı oturarsınız.

   Alməmməd biletləri həmin ümidlə aldı.

    Seansın başlamasına iki saat qalırdı. Evə qayıtdı ki, Alyanağı da götürsün. Otağa keçəndə Alyanağı tanıyammadı, xanımı elə bəzənib-bərtənmişdi ki, Alməmməd bir dəfə aşiq olduğu Alyanağa bir də aşiq oldu. Aldığı ilə fəxr edə-edə dedi:

  • Alıçka, yerlər ayrı-ayrıdı, amma ziyan yoxdur, salonda dəyişərik...
  • Eybi yoxdur, dəyişsək də olar, dəyişməsək də... – Qadın bunu deyib güzgü önündə fırlandı.

 Alyanaqla Alməmməd kino-zala keçəndə, demək olar ki, artıq hamı öz yerini tutmuşdu. Onların yerlərindən biri nisbətən öndə, digəri arxada idi. Alməmməd Alyanağı öndəki yerdə oturtdu. Alyanağın sağına bir nəfər qarayanız arıq qadın,  sol yanına qalın bığlı, çatma qaşlı gənc kişi düşdü. Kişi həm də toppuş idi. Hiss olundu ki, böyrünə Alyanaq kimi gözəlin düşməyindən xeyli məmnundur. Alməmməd kişiyə öz biletini göstərib dedi:

  • Bizim bir yerimiz də arxada var, olarsa yerimizi dəyişək.

Kişi yox işarəsi olaraq başını buladı.

  • Niyə? – Alməmməd soruşdu.
  • Uzaqdan heç nə görə bilmirəm.

Alməmməd kişidən əlini üzdü, Alyanağın sağında oturan qadına üz tutdu:

  • Etiraz etmirsinizsə, yerimizi sizinlə dəyişək...
  • Dəyişə bilmərik, - qızın əvəzinə onun böyründə oturan idmançıya bənzər oğlan cavab verdi, - biz iki nəfərik, bir yerdəyik...
  • Üzr istəyirəm, - Alməmməd bu sözləri deyib ətrafa çiçək ətri yaya-yaya yerini rahatlayan Alyanağa üz tutdu, - sən otur, gedim görüm, arxadan dəyişən olsa, gəlib səni apararam.
  • Aparsan da olar, aparmasan da... – Alyanaq ikimənalı deyib gülümsündü. Bu sözlərə solunda oturan kişi də qımışdı.
  • Necə yəni aparmasan? – Pis vəziyyətdə qalan Alməmməd soruşdu.
  • Yəni, orda da heç kəs yerini dəyişmək istəməsə?..
  • Onda... Onda neyləməli sən burda otur bax, mən orda oturaram. Film qurtaranda qapının ağzında görüşərik.

   Alyanaq gözləriylə razılığını bildirdi.

   Alməmməd cəld arxa sıralara tərəf tərpəndi, bir az axtarıb öz yerini tapdı. Yeri iki nəfər güləyən oğlanın arasına düşmüşdü, məlum oldu ki, oğlanların hər ikisi qız gətirib, bu səbəbdən heç biri, heç nəyin xətrinə yerini dəyişə bilməz.

Gözü qabaqda qalan Alməmməd öz yerində əyləşdi.

Bir azdan film başladı. Film dillərdə gəzdiyi qədər açıq-saçıq olmasa da, elə səhnələr var idi ki, Alməmməd bu gecə Alyanaqla nələr edəcəyi barədə xoş xəyallara daldı. Ağ mələfənin üzərində gördükləri onun sevgi təsvirlərini elə qıcıqlandırmışdı ki, evə çatan kimi, Alyanağı yatağa necə çəkəcəyini sürətlə döyən ürəyində döyüşdürürdü.

Film bitdi. Alməmməd Alyanağı bayaq qoyub gəldiyi tərəfə cummaq istədi, lakin baxdıqları filmdən alacankeş olan adamlar əl-ayağına dolaşdılar, onun irəliləyişini xeyli ləngitdilər. Alməmməd adamları yara-yara ha irəliyə can atdı, amma mümkün olmadı, nəhayət bulanıq maye kimi ləngərlənən axına qoşulmalı oldu.

 

 

Qapıya çatan kimi Alməmməd dörd olan gözləri ilə Alyanağı axtardı, amma tapa bilmədi. Bu izdihamın içində əməlli-başlı tərpənmək də olmurdu. Yenə də itirdiyini axtarmağa cəhd etdi, adamları yara-yara kinoteatrın həyətinə tərəf tələsdi. Dörd bir yana boylandı, Alyanağı görə bilmədi.

Birdən ağlına bir iş gəldi. Maşınların dayanacağına sarı qaçıb gördü, kinodan çıxan adamlar axşamın alatoranında yan-yana düzülən maşınlara əyləşib həzin-həzin tərpənirlər.

Alməmməd həmin maşın sırasına tərəf qaçdı. Qəflətən gözü nimdaş qırmızı “jiqulinin” salonunda, həmin cod bığ, çatmaqaş kişinin yanında əbəd-ərkanla oturan Alyanağa sataşdı.

  • Alyanaq! Alyanaq!

Alməmməd bilmədi, Alyanaq onun səsini eşitdi ya yox. Odur ki, sıradan çıxan qırmızı “jiquli” yola düzəlib şəhərin alatoranlığında əriyib itdi.

Alməmməd bilmədi nə etsin. “Jiquli”nin dalınca qaçsın, yoxsa... Yoxsa nə? Neynəsin? Bu “yoxsa”dan o yanda bir boşluq var idi. Orada cavab yox idi. Evə təkmi qayıtsın? Bunu öz qeyrətinə sığışdıra bilmirdi. Evdə nə deyərlər? Qoşa gedib tək qayıdana deməzlərmi, bəs arvad hanı?

Kino-teatrın həyətinə sarı ayaqlarını sürüyə-sürüyə gedən Alməmməd heç cür ayırd edə bilmirdi nə etsin. “Tək qayıtmaqdansa, ölüm yaxşıdır...”.  Bunu ürəyinin dərinləyində öz-özünə təkrarlayırdı.

Əlbəttə orası elədir, amma öz aramızdır, qeyrət, kişilik bir yana qalsın, bayaq baxdığı filmdən sonra Alməmmədin gözünə yuxu gedərmi, özü də on gündü Alyanaqla bir yerdə səhərə qədər min bir oyundan çıxdığı yataqda...

Alməmməd bu cür qarışıq fikirlərdə idi ki, gözü keçmiş sinif yoldaşına, bu yaxınlarda naməlum səbəblərə görə ərdən çıxan, camalı can alan Cəmiləyə sataşdı.

Sözün düzü, Alməməd Alyanağı almamışdan da (ərdən boşandığı gündən) Cəmiləni gözaltılamışdı., amma aranı Alyanaq söhbəti kəsirdi deyə, məqamını gözləyirdi.

Alməmməd an içəndə qərara gəldi və qıza yaxınlaşana qədər gəldiyi qərarı qətiləşdirdi: Evdən qoşa çıxmışam, qoşa da qayıtmalıyam! Cəmilə də razı olsa, elə indi aparacam.

  • Salam, Cəmilə, - deyə qıza yaxınlaşdı.
  • Salam, Alməmməd! Bəs Alyanaq hanı?

Alməmməd bu sualı gözləmirdi deyə bir az özünü itirdi.

  • Onu çoxdan boşamışam, - kəkələdi.

Cəmilə güldü:

  • Zarafat edirsən? Mən sizi bu axşam kinoda bir yerdə gördüm...

Alməmməd artıq özünü ələ almışdı:

  • Hə, düz deyirsən, buraya onu azıtmağa gətirmişdim,– dedi və belə məqamda öz hazırcavablığına özü də heyrətləndi.
  • Neynədin? Azıda bildin? – Cəmilə öz gümanında Alməmmədin zarafatına qoşuldu. -  Deyirsən, daha evi tapa bilməz?
  • Tapa bilməz...- Alməmməd köks ötürüb dedi.
  • Niyə azıtdın?
  • Nə bilim...
  • Eşitmişik cücələri yeyən iti, pişiyi azıdırlar...
  • O getdi başqasının cücələrini yeməyə...

Cəmilə bu sözlərə qəhqəhə çəkib güldü, sonra araya sükut çökdü.

  • Cəmilə, - sükutu Alməmməd pozdu, - sənə bir şey demək istəyirəm, amma yox demə, xətrimi qırma ...
  • Elə şey demə ki, xətrini qırım, - Cəmilə yenə gülə-gülə dedi.
  • Elə şey deyil... İstəsən, qırmazsan.
  • İstəsəm?
  • Hə istəsən... Mən istədiyimi sən də istəsən... hər şey yaxşı olar...
  • Sən nə istəyirsən, Alməmməd?
  • Mən səni istəyirəm, Cəmilə, səni almaq istəyirəm, elə indi, bu gecə səni almaq istəyirəm... Sən də mənə gəlmək istəyirsənsə, gedək bizə!

Alməmməd bu sözləri bir nəfəsə dedi. Cəmilə bilmədi öz qulaqlarına inansın, ya inanmasın. Bilmədi nə desin:

  • Sən nə danışırsan, Alməmməd? Sənin ki, arvadın var...
  • Var idi, daha yoxdu...
  • Nə təhər yoxdu? – Cəmilə səmimi təəccüblə soruşdu.
  • Yoxdu. Onu sənə görə boşladım,- Alməmməd işinin xətrinə yalan danışdı, - mən həmişə səni sevirdim... Onunla olanda da xəyalən səninlə idim.
  • Ciddi sözündü? – Cəmilə son dərəcə heyrətlə soruşdu.
  • Ciddi sözümdü. Gəl, elə indi gedək bizə... Filmi bəyəndin?

Alməmməd filmi hansı məqsədlə xatırladığını Cəmilə duydu.

  • Çox bəyəndim,- dedi.
  • Mən də çox bəyəndim, - Alməmməd bic-bic gülümsündü, əla səhnələr vardı... Hə, nə deyirsən? Mənə gəlirsənmi? Gedək bizə?
  • Vallah, heç bilmirəm nə deyim... Hərşey son dərəcə gözlənilməz baş verdi, - Cəmilənin səsində razılıq və sevinc hiss olunurdu.
  • Amma yadda qalan film idi haa, - Alməmməd yenə filmin vasitəsilə eyham etdi,- evə tək qayıtmaq istəmirəm... Rəva deyil... Xətrimi qırma, gedək...

Araya sükut çökdü.

  • Filmin o yerləri hələ də gözümün önündən çəkilməyib, -Alməmməd bu sözləri deyib Cəmilənin qoluna girdi.
  • Hansı yerləri? - Cəmilə bilərəkdən soruşdu.
  • Özün də yaxşı bilirsən... – Alməmməd yenə gülümsündü... – Hə, gedək bizə?
  • Ətləri tökülmüşlər, ətim töküldü, hər şeyi açıq-açıq eləyirdilər... – Cəmilə bunu deyib ani olaraq susdu. Sonra əlavə etdi,- sən doğrudan məni almaq istəyirsən?
  • Doğrudan, özü də elə indi... Açıq-saçıq deyəndə, filmdi də... Amma əla filmdi... Hə, nə deyirsən, gedək?
  • Gedək deyirsən, gedək. Amma evdən ayın-uyun götürməliyəm.
  • Bizimkilər sizə barışığa gedəndə, deyərsən, o şeyləri gətirərlər... –Almməmməd bu sözləri deyib, taksi saxladı.

 

Evdəkilər Alməmmədin yanında Alyanağı deyil, Cəmiləni görəndə, nəfəslərini içlərini çəkib udqundular.

  • Bəs Alyanaq hanı? - Haçandan-haçana Alməmmədin anası soruşdu.
  • Daha Alyanaq olmayacaq, Cəmilə olacaq! – Alməmməd bu sözləri deyib qolunu Cəmilənin qoluna keçirdi.- Onu bu əvəz edəcək...

Belə birdəyişiklik Alməmmədin anasının da   ürəyindən idi, amma hələ çaş-baş qalmışdılar, bu işdən baş aça bilmirdilər.

  • Bu onu əvəz edəcək?- Alməmmədin atası soruşdu.
  • Hə, onu boşadım, daha doğrusu, aparıb azıtdım, əvəzinə bunu gətirdim.
  • Nə deyim, özün bilən yaxşıdı.- Alməmmədin anası bu sözləri deyib çiyinlərini çəkdi.

Alməmmədin atası:

  • Arvad, gətir süfrə aç, təzə gəlinimizin şərəfinə badə qaldıraq, - dedi.

Süfrə açıldı da, yığıldı da.

Baxdıqları filmdən təsirlənən  Alməmmədlə Cəmilə isə səhərə qədər yatmadılar. Alməmməd filmə baxa-baxa xəyalən Alyanaq üçün hazırladığı planlarını tam dəqiqliyi ilə Cəmiləylə gerçəkləşdirdi.

 

***

O hadisədən sonra, nə az, nə çox, düz on beş il keçib. Taxtın üstünə səvərən Alməmməd bütün bunları ona görə bittə-bitə xatırladı ki, bayaq oğlu qaça-qaça gəlib “şəhərə əla film gətiriblər”, - deyə ondan iki biletlik pul aldı.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.