Məzarda gizlənən qəlb - Fəxri Uğurlu yazır
05 May 2022 / 15:44
Fəxri Uğurlu "Günəşin qatililiyi"
Ədəbiyyatın panteistik gedişlərindən fraqmentlər
Budda fəlsəfəsinin mahiyyətini ifadə eləyən belə bir kəlam var: “Bizim varlığımız əbədi yoxluğumuz arasında qısa fasilədir”.
XVII əsrin böyük yapon şairi, buddizmin ən yaxşı ifadəçilərindən biri Basönün məşhur hokkusu da elə bu kəlama illüstrasiyadır:
Qədim gölməçə.
Qurbağa atıldı,
Sükut pozuldu.
Qədim gölməçə əbədi yoxluğun, qurbağanın ani sıçrayışı fani həyatın rəmzidir. Yoxdan var olan qurbağa hansısa təsadüf nəticəsində zənciri qırsa da, bir anlıq görsənişdən sonra öz mənbəyinə, yoxluğuna qayıdır.
Antik dövrdə epikürçülərlə stoiklər arasında gedən fikir savaşı həm də materializmlə panteizm arasında müharibəydi, hərçənd bunlar bir medalın iki üzüdür, çünki Tanrının hər yerdə olmasıyla heç yerdə olmamasının elə bir fərqi yoxdur, onun adını dəyişib Təbiət qoysan, mahiyyət dəyişməyəcək. Epikür məktəbinin nümayəndələri təsadüfə, atomların xaotik hərəkətinə, stoiklər qəzavü-qədərə, taleyə, determinizmə (filosoflar səbəb-nəticə asılılığı mənası verən bu sözü zərurətin, qaçılmazlığın sinonimi kimi işlədirlər, ancaq məncə, determinizm məhz təsadüfün astar üzü, onun bir başqa adıdır; zəruri olan, qaçılmaz olansa ruhun azadlığa aparan yoludur; yəni zərurətlə azadlığı qarşı-qarşıya qoymaq doğru deyil, ən böyük, həm də tək zərurət azadlıq, qalan hər şey təsadüfdür; azadlığın mənbəyi ruhdur, təbiətdə isə heç bir azadlıq yoxdur; bir sözlə azadlıq, zərurət - ruhun, determinizm, təsadüf - materiyanın xassəsidir) inanırdılar. Epikürçülər materializmə, stoiklər panteizmə tapınırdılar. Aralarındakı cüzi fərqi nəzərə almasaq, ən yaxşı panteizm elə materializmdir (tərsinə də demək olar).
Ateist Kamyu ilə teist Kafka arasındakı məsafə də elə epikürçülərlə stoiklər, təsadüflə determinizm arasındakı məsafə qədərdir. Kafkanın zəhmli, amansız, qəddar allahının altındakı dünya Kamyunun absurd, əzabkeş, allahsız dünyasından nəylə fərqlənir? Əgər bir tanrının xilaskarlıq missiyası yoxdursa, ona tanrı yox, fələk adı verilməlidir. Tanrını söyüb-qarğımazlar, ancaq fələyi söyüblər də, qarğıyıblar da. Bu baxımdan Kafkanın tanrısının olmağıyla olmamağının elə bir fərqi yoxdur, yəni panteist tanrıyla materialist tanrısızlığın arasındakı məsafə bir millimetrin mində birindən də azdır. Ona görə Kafkanı materialist, Kamyunu panteist adlandırsaq belə, çox da böyük qəbahətə yol vermərik...
Alber Kamyunun “Yad” romanının qəhrəmanı Merso təbiətlə iç-içə olmaqdan hedonistik zövq alan, adamlardan qaçan, yan-yörəsinə biganə bir məxluqdur. Yalnız dəniz qırağında, qızmar günəşin fonunda, isti qumluqda rahatlıq, dinclik tapır. Ancaq ona qoynunda rahat yer verən təbiət özü rahatlıq bilməz, müdam haldan-hala, şəkildən-şəklə düşər, eynən qəhrəmanın özü kimi doğma-yad, xeyir-şər tanımaz - panteizm həm də budur. Bıçağın tiyəsində əks olunan gün işığı onun gözünə düşəndə anlağını itirir, dünyaya nur yağdıran, həyata can verən günəş onu insan öldürməyə təhrik eləyir. Qatil günəş verdiyi canı ani bir əməliyyatla ondan da, qurbanından da geri alır.
Panteizmin xarakterik cəhətlərindən biri də reinkarnasiya - öləri varlığın müxtəlif şəkillərdə dönə-dönə dünyaya qayıtmasıdır. Buddizmin müqəddəs kitablarından olan “Catakalar”da Buddanın əvvəlki 547 həyatına aid hekayələr nağıl olunur. “Çevrilmə” novellasında Frans Kafka bu üsuldan ustalıqla yararlanıb. Novellanın qəhrəmanı Qreqor Zamza bir səhər yuxudan oyananda böcəyə çevrildiyini görür. Onun həyatının məğzi bundan sonra üzə çıxmağa başlayır. Həşərat ömrü yaşayan Qreqor ana təbiətin böcək gözləriylə özünün də, doğmalarının da gerçək mahiyyətini daha yaxşı görür.
Cek Londonun Martin İdeni Basönün qurbağası kimi həyata sudan sıçrayır. Dəniz ondan ötrü ana təbiətin içində min bir varlığa yer saldığı bətnidir. Martin ana bətnindən ayrılıb köntöy gövdəsiylə qalmaqallı həyatın macəra dolu səhnəsinə soxulur, tezliklə o səhnədə baş qəhrəman rolları alır, cəmiyyətin yuxarı təbəqəsiylə aşağı təbəqəsinin arasında özünə tənhalıq adası qurur, həm yuxarılara, həm aşağılara nifrət bəsləyir, inadla, israrla arzularına doğru irəliləyir, həyatdan kam alır. Günlərin birində onun arzusu tükənir, Sizif səbriylə çıxdığı nərdivanın sonuncu pilləsindən həyat ona bomboş görünür, özünün dediyi kimi, Martin heç nə arzulamamaq xəstəliyinə tutulur. Burası Buddanın tövsiyələriylə necə də səsləşir! Böyük Müəllim arzulardan üz döndərməyi məsləhət görəndə insanın nə vaxtsa arzu ağacından yıxılacağını, arzuların bir gün əzaba çevriləcəyini yaxşı bilirdi, ona görə də istəkləri dəfn eləyib sansara zəncirini qırmağa çağırırdı. Martin İden də bütün arzularını puça çıxarandan sonra yenidən ana bətninə - okeana baş vurur.
German Melvillin “Mobi Dik” romanında okeanın kralı, balıqların şahı ağ balina şərin simvolu kimi sudan baş çıxarır. Bu romanda da ağrılara, əzablara biganə təbiət şərlə eyniləşdirilir (böyük filosof Şellinq deyirdi ki, təbiət İblisin mülküdür). Bütün varlıqları yoxa döndərən, bütün canlılara ölüm hökmü kəsmiş təbiət heç bir xeyir, mərhəmət tanımır, ya stoiklərin dediyi kimi, onun qanunlarına tabe olacaqsan, fikrini, əməlini onunla uzlaşdıracaqsan, ya da qəzavü-qədərin amansız pəncəsində məhv olacaqsan. Başqa sözlə, fani dünyanın axırı onsuz da ölüm, heçlikdir; ya bununla barışıb ölümə könüllü gedəcəksən, ya da səni sürüyə-sürüyə aparacaqlar. Necə ki, “Pekod” gəmisi okeanın bətnindən təbiətin zalım sifətinin təcəllası kimi boy göstərən ağ balinanın gücü qarşısında aciz qalıb yoxluğa qərq olur.
Oxşar aqibət Heminqueyin dənizlə çarpışan qocasının da başına gəlir. Folkner deyirdi ki, müəllif bu əsərində, nəhayət, Allahı tapdı, ona qədər Heminqueyin qəhrəmanları vakuumda dolaşırdılar; yəni bu allah həm qocanın, həm onun tutduğu nəhəng balığın, həm də o şikarı qocanın əlindən alıb parçalayan köpək balıqlarının allahıdır. Göründüyü kimi, bu tanrı elə panteizmin tanrısıdır, onun olmağıyla olmamağının insana bir faydası yoxdur, ona fələk imzası daha çox yaraşır. Eynən Heminqueyin povestində olduğu kimi, panteizmdə də mərkəz, mərkəzçilik yoxdur, hər varlıq özlüyündə bir mərkəzdir, hamısı da öz əməlində haqlıdır.
Ancaq təbiətə dönüşü yalnız cəhənnəmə qayıdış kimi qələmə vermək də doğru deyil. Oblomovun dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış yuxusu eynən Basönün sakit, durğun gölməçəsi kimi panteistik cənnət arzusunun, əbədi yoxluğa qərq olmaq istəyinin ifadəsidir. Hələ “Atalar və oğullar”ın Bazarovun qəbri üstünə gələn qoca ata-anasının təsvir olunduğu sonuncu abzasının son cümləsinə baxaq: “Məzarda gizlənən qəlb nə qədər coşqun, günahkar, üsyankar olursa olsun, onun üstündə bitən çiçəklər öz məsum gözləriylə bizə sakit-sakit baxır: onlar bizə yalnız əbədi sükunətdən, laqeyd təbiətin o böyük sükutundan danışmır; onlar əbədi ülfətdən, sonsuz həyatdan da danışır”.
Böyük yapon yazıçısı Akutaqavanın “Bisey necə inanırdı” adlı kiçik bir hekayəsi var. Oğlan körpünün altında sevgilisini gözləyir, ancaq sevgili gəlmir. Qamışlığın arasıyla sakit axan dayaz çay az sonra təbiətin hökmüylə qabarmağa başlayır. Su əvvəlcə Biseyin topuğuna, sonra dizinə, sonra sinəsinə çıxır, daha sonra başından aşır, balıqlar onun başının üstündən üzüb keçir. Çay onun ruhunu bədənindən ayırır, cəsədini dənizə axıdır. Bisey öz panteistik cənnətinə (cəhənnəminə də demək olar) qovuşur, görüşünə heç kimin gəlməyəcəyini bilə-bilə gözləməkdən daşınmır, canını ana təbiətə təhvil verir. Sonda müəllif deyir ki, min illər boyu dondan-dona girəndən sonra Biseyin ruhuna yenidən insan cildinə girmək izni verildi: “Bu, elə məndə yaşayan, məni mən eləyən ruhdur...”
Başqa bir böyük yapon yazıçısının - Kobo Abenin “Qumluqdakı qadın” əsəri də panteizm okeanının cənnətmi, cəhənnəmmi olduğunu bilməyə dəqiq bir əsas vermir. Qum tələsinə düşmüş böcək kolleksioneri qumluqdan qurtulmaq üçün çalışdıqca quma bir az da batır. Əslində qum absurdu, puçluğu, bəhərsizliyi, cəhənnəmi ifadə eləmək üçün misilsiz metaforadır, di gəl hay-küylü şəhərdən, bəzəkli sivilizasiyadan qaçan qəhrəman üçün bu qum bataqlığının ekzistensial sığınacaqmı, yoxsa panteistik türməmi olduğu bilinmir.
Ümumiyyətlə, yapon ədəbiyyatında panteizm motivləri çox dərinə işləyib. Bu da, şübhəsiz, həm yaponların milli dini sintoizmin, həm də zen-buddizmin təsirindəndir. Nobel mükafatı laureatı Kavabatanın yaradıcılığı buna ən parlaq örnəklərdən biridir.
Norveçli Knut Hamsunun romanlarında da panteizm ruhu güclüdür. “Aclıq” təbiətin insan üzərində hökmranlığı haqqındadır. Aclıq bədənin zəifliyi yox, gücüdür. İnsan cismi məhrumiyyətlərin, aclığın-susuzluğun hesabına insan ruhu üzərində ağalıq eləyir. Bədənin gücü isə təbiətin gücü deməkdir. Təbiət sinirlərimizi tarıma çəkib qüdrət barmağıyla dınqıldadır, bədənimizi min cür ritmə salır, min cür havaya kökləyir. İnsan adlı canlı alətində gah kədər, gah sevinc nəğmələri çalır; gah insanı təlxək kimi oynadır, gah da qəm arabası kimi yükləyir. Təbiət insanı, Nabokovun sözü olmasın, göyündə cəhənnəm buludları qaynaşan cənnət gülüstanında otardıqca aclıq qorxusunu ona bir an belə unutdurmur. Hərdən düşünürəm kaş insan həftədə bir yol yeməklə keçinəydi; sonra da şükür eləyirəm ki, nə yaxşı dördayaqlılar kimi bütün günü otlamağa, bütün gecəni gövşəməyə məhkum olunmamışıq.
Hamsunun “Pan” romanı, adından da göründüyü kimi, başdan-ayağa panteizm saplarıyla toxunub. Sivilizasiyadan, saxta şəhər mühitindən qaçan leytenant Qlan meşədə bir daxmaya çəkilib ovçuluğa qurşanır, bitkilərlə, heyvanlarla qohumlaşır, lal-kar təbiətlə doğmalaşır, meylini meşəyə salır. İnsanlarla münasibət onu idillik cənnətindən ayırana qədər Pan adlı qədim tanrının - vəhşi təbiət, bar-bərəkət allahının kölgəsində yaşayır. Qlan əslində meşələr tanrısının öz bətnindən doğduğu, içinin milyon illik qaranlıqlarından zühura gətirdiyi canlı təcəllasıdır. Ağacların kök atdığı o qaranlıq qatlarda nə zəlzələlər, vulkanlar qaynadılırsa, hamısı Qlanın xarakterində, davranışlarında özünü büruzə verir.
Norveç ədəbiyyatının birinci dərəcəli klassiki Henrik İbsenin “Per Günt” əsərinin qəhrəmanı da özünü tapmaq üçün bütün dünyanı dolaşsa da, bir nəticə hasil olmur. Axırda doğma yurduna dönüb özünü meşədəki daxmasında, vəfalı sevgilisinin yanında tapır; anlayır ki, o komadan, o meşədən, o qadından qıraqda heç vaxt özü olmayıb.
Uilyam Folknerin “Ayı” povestində də meşə, təbiət həyatın baş qəhrəmanı kimi təqdim olunur. İnsanlara elə gəlir meşə onların mülküdür, onu istədikləri kimi alıb-sata bilərlər, ancaq əslində insan təbiətin yox, təbiət insanın yiyəsidir. Meşə anasına güllə atan hər kəsi analıqdan məhrum eləyir. Ovçu gərək, Vaqif Səmədoğlu demiş, ayının gözüylə də özünə baxmağı bacarsın. Şübhəsiz, meşə ayıdan baxanda özünü daha yaxşı görür, quşların səsi, qarışqaların səssizliyi ana təbiəti insan ağlından daha dəqiq, daha sərrast ifadə eləyir. Ovçu meşənin insan üzünə çoxdan bağlanmış harmoniyasına yol tapmağa çalışır, ancaq təbiətə tuşladığı hər güllə onu qoynuna dalmaq istədiyi panteistik cənnətdən, özünü təbiətdə əritmək zövqündən bir addım da uzaqlaşdırır. Saf təbiətin simvolu ayını öldürəndən sonra sivilizasiya meşəyə hücum çəkir, yeniyetmə qəhrəmanın bir zaman ov ovlamaq üçün hüzuruna yeridiyi, xeyir-duasını aldığı meşəni onun gözü baxa-baxa doğrayırlar, canlı ağaclar cansız materiala çevrilir.
Folknerin “Qırmızı yarpaqlar” hekayəsində ölümdən qaçan qara qul meşədə onu haqlayan təqibçilərə sağ can verməmək üçün özünü zəhərli bataqlıq ilanına çaldırır; canını insana yox, təbiətə tapşırır, könüllü ölümü zorakı ölümdən üstün tutur. Hər bir canlı kənar ölümdən qorunmağa çalışır, öz təbiətinin diktəsiylə ölməyə üstünlük verir, eynən canavarın dişinə keçəndə ürəyini partladan dovşan kimi. Bu da varlığı haldan-hala, cilddən-cildə salan panteizmin paradokslarından biridir.
Panteizm duyğusu insanı təbiətin qoynuna səsləyir. Sakit meşədə dolaşanda, suya baş vuranda biz bu hissi daha dərindən yaşayırıq. Gürcü yazıçısı Qoderzi Çoxelinin “Balığın məktubları”, “Yabanı gül dəstəsi”, “Küknarlara məktub” kimi hekayələri bu duyğunun bənzərsiz ifadəsidir. Müharibədə yarasına küknar toxumu düşmüş kişinin içindən ağac pöhrələnir, çiynində küknar bitir. Bundan sonra kişi ömrünü küknara bağışlayır, adam həyatını başa vurub ağac kimi yaşamağa başlayır. İnsanla təbiət arasından sərhəd silinir, panteistik cənnətin, əzəli yoxluğun qapıları ağaca dönmüş adamın üzünə taybatay açılır...
yeniazerbaycan.com