Sənət və ədəbiyyat dərgisi

Sona Vəliyevadan dörd yeni kitab

08 İyun 2022 / 09:23

Bu il 60 yaşı tamam olan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, filologiya elmləri doktoru Sona Vəliyevanın 4 yeni kitabı çap olunub. Onlardan biri şairin 2018–2021-ci illərdə yazdığı dərin məzmunlu şeirləri, eyni zamanda əvvəlki kitablarından bəzi seçmə poetik nümunələrin toplandığı “Ömrün” yaddaşı kitabıdır. Poetik topluda Sona Vəliyevanın bədii, elmi və publisistik yaradıcılığı haqqında müxtəlif illərdə elm, sənət, mədəniyyət və ədəbiyyat adamlarının yazdığı məqalələrdən çıxarılmış yüzlərlə fikir yer alıb.  Nəşrdə şairənin ən müxtəlif mövzularda yazdığı həssas ruhlu, düşündürücü şeirləri cəm olunub. Kitabdakı rəsm əsərləri məxsusi olaraq Sona Vəliyevanın şeirlərinin məzmununa uyğun olaraq çəkilib. Hər şeirin qarşısında həmin poetik nümunəyə aid rəsm əsəri yer alıb. Rəsm əsərlərinin müəllifi İmran Nurəlidir.

Digər kitab “Sözə dünyəvi nəzər” adlanır. Kitabda S.Vəliyevanın  həyat və yaradıcılığı haqqında dünya yazarlarının, əcnəbi elm və ədəbiyyat adamlarının məqalələri, eləcə də xarici ölkələrdə çap olunan kitabları barədə azərbaycanlı yazarların məqalələri də yer alıb. Topluda Georgi Pryaxin (Rusiya), Tolqan Mameyev (Qırğızıstan), Duko M.Petroviç, Nina Smiç (Serbiya), Mişel Cassir (Fransa), Əhməd Urfalı, Müjgan Süvər, Songül Dündar (Türkiyə), Əhməd Sami Elaydi (Misir), Əkbər Həmdi Əlyar (İran), Anna Augustinyak (Polşa), Martin Prebudila (Slovakiya), Adhambel Alimbekov (Özbəkistan), Rıfat Salah (Rusiya, Tatarıstan) və başqa alim və yazarlar Sona Vəliyevanın yaradıcılığı haqqında məqalələri toplanıb. Eyni Zamanda Sona Vəliyevanin xarici ölkələrdə çıxan kitabları haqqında azərbaycanlı müəlliflərin - Səlim Babullaoğlu (Polşa), Kamran Nəzirli (İngiltərə) – yazdığı məqalələrə də nəşrdə əks olunub.

Digər kitabda isə Sona Vәliyevanın hәyat vә yaradıcılığı, elәcә dә fәaliyyәti haqqında yazılmış yeddi mәktub toplanmışdır. “Sona Vəliyevaya ünvanlanmış yeddi açıq məktub” adlı kitabda Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Adhambek Alimbekov, Flora Xəlilzadə, Telli Pənahqızı, İbrahim Yusifoğlu və Qərənfil Dünyaminqızının açıq məktubları cəm olub.

 Nəhayət dördüncü kitab tanınmış gənc ədəbi tənqidçi Mahmud Əyyublunun “Sona Vəliyevanın poetik dünyası” adlı nəşrdir. Kitabda haqqında danışılan şairin poeziyasının yaradıcı özəl­likləri, bədii təsvir və ifadə vasitələrinin orijinallığı, ədəbi düşüncə sistemi nəzəri cəhətdən təhlilə cəlb olunmuşdur.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.