Sənət və ədəbiyyat dərgisi

Məni haqqı danan sözlər ağrıdar- Sona Vəliyevanın yeni şeirləri

29 May 2025 / 06:14

Bu gün Əməkdar jurnalist, filologiya elmləri doktoru Sona Vəliyevanın doğum günüdür. Sona xanımın şeirlərini təqdim edirik:

 

SONA VƏLİYEVA

 

Darıxan adam

 

 

Qar yağıb altında qalıb,

Külək sovurub aparır.

Ruhu içində qəribdi,

Burda bir adam darıxır.

 

Darıxır, bir gedəni var,

Gəlsə, günəş də çıxacaq.

Sükut içini doğrayır,

Köməyə kimi çağıraq?

 

O, iki daş arasında

Sıxılan bir əl kimidir.

Ömrü qəmlərin girovu,

Ümidlərini kiridir.

 

Çiynində dünyanın yükü,

Kirpikləri gözə çəpər.

Özünü dözümdən asıb,

Ağlamır ki, kimsə görər.

 

Doğmaların da içində

Tənhadır darıxan adam.

Qaya gücü hey ovulur,

Dağılır darıxan adam.

 

Evində qərib kimidir,

Hamı yad, hər şey də özgə.

Döyür içinin qapısın –

Bir kimsə tapıldı bəlkə.

 

 

 

 

Sözün Nəsimi taleyi

 

 

İlahi, heç bitməz dərdi dünyanın,

məni haqqı danan sözlər ağrıdar.

Şairə şeirindən tonqal qalanar,

misralar köz olar – könül dağlanar.

 

Nahaq gülüşündə, haqq göyüm-göyüm,

abid namazına şeytanlar şərik.

Şair vəhy elçisi, soyulsa demək,

Allahın lütfünə üsyan etmişik.

 

Könlü haqq çağırar haqq şairinin,

şeirindən yer üzü güc alar, durar.

Zahid ibadətdə, eşqdən xəbərsiz,

şair göy adamı, yerdə kimi var?

 

Şairi soyarkən söz mayasında

Allahın özünü görüb qorxdular,

Mələklər şairin söz yarasına

şeir duasıyla məlhəm qoydular.

 

Haqq sözü Tanrıdan ölçü-biçili,

şeirin təməlində haqq var, insan var.

Şeytan dar ağacı qurar, amma ki,

şairlər asılmaz, şair qeyb olar.

 

Sözü göndərən də, qələm də Allah,

söz dən, dəyirmançı şair əməyi.

Müşfiqin, Cavidin səma şeirindən

Nəsimi dərisi bayraqtək əsir.

 

Qızıl balıq

 

Dənizdən çayın mənsəbinə,

axının əksinə,

ölümün aydınlığına doğru,

sondan yeni əvvəl başlatmağa

doğru üzür qızıl balıq...

Balıq bəxtinə, su taleyinə

özünü qurban verərək,

yeni-yeni ömür yaşatmağa,

bitməyən tale nəğməsi yazmağa doğru

üzür...

Mən etdiyim yaxşılıqlardan

aldığım zərbənin əksinə,

sadəcə,

nankor dostlardan

üz çevirib,

sükuta doğru gedirəm...

İndi mən

haqsızlığa qarşı mücadilədə yalnız

özüylə dava başlayan,

qalanlara qıymayan,

tənhalığa sevdalanan,

içinin harayında özünü boğan,

balıqdan qəhrəmanlıq,

cəsarət öyrənən

kamikadzeyəm.

İntihar sənə üsyansa,

günahımdan keç, İlahi!

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.