Sənət və ədəbiyyat dərgisi

Yaxşı ki, yaxşını pis tanımadım - Ramiz Qusarçaylının şeiri

04 Aprel 2023 / 17:27

 

 

Картинки по запросу ramiz qusarçaylı

 

Ramiz Qusarçaylı

 

                   Yaxşı ki…

Yaxşı ki, yaxşını pis tanımadım,
Yaxşı ki, yamanı pis tanımışam.
Tanımadıqlarım vecimə deyil,
Tanıdıqlarımı düz tanımışam.

Çox gülü tağından uçurdu fələk,
Payız bulud-bulud, yaz lələk-lələk,
Dünyaya gələndən bir halal bələk
Gedəndə bir büküm bez tanımışam.

Şərin qürubunda dan keçməmişəm,
Ürək keçməmişəm, can keçməmişəm,
Nə yaxşı özümdən yan keçməmişəm,
Nə yaxşı, özümü tez tanımışam.

Ömür cihad deyil, gün taran deyil,
Ölüm haxdan yazı, üz qaran deyil,
Onsuz da çəkilib qurtaran deyil, -
Dərdin özündə də naz tanımışam.

Könülsüz nə sevdam, nə ahım olub,
Bir bənövşə boylu günahım olub,
Başımın üstündə Allahım olub,
Ən başda ilahi söz tanımışam.

 

Qəbirdi

Torpaqdan gözəli yox imiş demə,
İnsanın ən gözəl donu qəbirdi.
Bir kişi göyərməz hər on qəbirdən
Hər doqquz kişinin onu qəbirdi.

Gülün gülüşündə şehin nəmi var,
Kefin də sonunda kəfən nəmi var,
Hər ömrün cənnəti,cəhənnəmi var,
İçini bilmirəm, fonu qəbirdi...

Gəzir, əl-əl gəzir oyun adamlar,
Gəzir buyruqlara boyun adamlar,
Abrını gövşəyir qoyun adamlar,
Örüşü örüşdü, yunu qəbirdi.

Çox duruş gətirməz bu duracaqlar,
Hələ çox dəstəyi tərs buracaqlar,
Bir gün diri-diri basdıracaqlar,
Elə dünyanın da sonu qəbirdi...

 

Eşq yolu

 

Tanrım, bu yol Eşq yolu

Gedirəm, bitmirəm ki.

Alırsan, al canımı

Xəsislik etmirəm ki...

 

Yüz yerdən izlənmişəm,

Düzünə düzlənmişəm,

Gözündə gizlənmisəm

Gözündən itmirəm ki...

 

Dadmışam hər azardan,

Nəyim var üz qızardan?!

Qorxum yoxdu məzardan

Piyada getmirəm ki...

 

Mənlik deyil

 

Bu səngər haqq səngəridi,

Zəhmində çox cəng əridi,

Ləngərim söz ləngəridi

Yüngül hava mənlik deyil.

 

Öz göyüm var, öz mələyim,

Öz xəttim var, öz  lələyim,

Öz məzarım, öz bələyim

Haram yuva mənlik deyil.

 

Davam nə can davasıdı,

Nə də  yorğan davasıdı,

Azərbaycan davasıdı, -

Ayrı dava mənlik deyil.

 

Çingiz

 

Milli qəhrəman Çingiz Qurbanovun xatirəsinə

 

Bir şəhid ruhu da ucaldı göylər,

Bir şəhid boyu da böyüdü torpaq.

İndi də baş-başa verib mələklər

Çingizin adını pıçıldayacaq...

 

Dolub bulud-bulud süzür bir ana,

Bir ata səsində nəmli sükut var.

Öyünə-öyünə basır bağrına

Qəhrəman oğlunu qəhrəman Qusar...

 

Şığıyır Şuşadan qisas küləyi,

Hayqırır Murovdan Şah dağınacan.

Dolanır Çingizin cəsur ürəyi

Vətənin son qarış torpağınacan...

 

Dağ-dağ silkələyib qara layları,

Qonur bayrağımın hər rənginə o.

Oyadıb daşlaşan daş harayları

Qarışır himnimin ahənginə o...

 

Döyüşlər məktəbə dolacaq indi,

Açıq dərs olacaq yenə Qarabağ.

Hər uşaq qəhrəman olacaq indi, -

Şəklinin altına Çingiz yazacaq...

 

Bir Eşq də göylərə uçdu beləcə,

Bir Eşq də üzüldü könül barından...

Ağ atlı oğlana dönüb hər gecə

Keçəcək bir qızın yuxularından...

 

Bu il gül açmağa tələsdi bahar,

Gül açdı Vətənin qışında Çingiz.

Burda hər igidin öz zirvəsi var,

Burda hər zirvənin başında Çingiz!

 

Bir şəhid ruhu da ucaldı göylər,

Bir şəhid boyu da böyüdü torpaq.

İndi də baş-başa verib mələklər

Çingizin adını pıçıldayacaq...

 

 

 

Anama

 

Ürəyim üstündə şam bənövşəsi,

Ayrı nəyim var ki, yanası, anam.

Sənsən gülşənimin qəm bənövşəsi

Sənsən göz yaşımın sonası, anam.

 

Ovunmaz bu dərdim hər simin üstə,

Qar üstdən qar yağır səbrimin üstə,

Elə ağlayardım qəbrinin üstə,

Qorxdum ki, uçular binası, anam...

 

Bu zalım fələyin üzü ağ olsun,

Dağı düzdə qalsın, düzü dağ olsun,

Sevməyən kim varsa canı sağ olsun

Məni sevənlərin anası, anam...

 

Yığılır

 

Ötüşür qəm buludları,

Gözümə ulduz yığılır.

Dərd ürək-ürək dərilir, -

Bənövşə qız-qız yığılır.

 

Ömür əldə bağ kimidi,

Yollar yaşıl tağ kimidi,

Vicdan da papaq kimidi

Atdın, üstə toz yığılır ...

 

Təndir dolu küt adamlar,

Ayaq yuyur “büt” adamlar,

Elə artır şit adamlar

Bədənimə duz yığılır ...

 

Keçir

 

Üzülür ömrün saplağı

Nazilib iynədən keçir.

Günüm səhərdən başlamır

Gecikib öynədən keçir.

 

Söz üyütdüm bu dərd dənnən,

Un urvaynan, kəpək çənnən,

Hər göynəyən keçmir mənnən

Duz basıb göynədən keçir.

 

Sirr deyil ki, şeir özü də, -

Ah yeridi bir üzü də...

Göydən keçir Yer özü də

Bilmirəm göy nədən keçir...

 

* * *

Sovrulur ömrün xırmanı

Yerində can ətri qalır.

Ayrılığın  kol dibində

Bir bənövşə sətri qalır.

 

Dağ daşlanır ətəyimdə,

Şimşək oynar kürəyimdə

Hər gün səngər ürəyimdə

Bir misranın qətli qalır.

 

Gecələrə Ay tuturam,

Şöləsinə boy tuturam,

Ölümə bir toy tuturam

Əzrayılın xətri qalır...

 

A bənövşələr

 

Nə çiçək günüdü, nə arı fəsli,

Nə yaza gedirəm, a bənövşələr...

Büküb ürəyimə bir sarı fəsli

Payıza gedirəm, a bənövşələr...

 

Bir yanda dağların bəyaz yuxusu,

Bir yanda quşların vida oxusu,

Üşüyür gözümdə xəzəl qoxusu

Ayaza gedirəm, a bənövşələr...

 

Heyrətim ovunmur güllü oyundan,

İslanır tənəyin yaşıl suyundan,

Asılıb bir gülün əsmər boyundan

Güdaza gedirəm, a bənövşələr...

 

Əsdirir səbrimi o sirr sevdalar,

Sərsəri sevdalar, səfil sevdalar,

Qanıma susayıb qəfil sevdalar

O qıza gedirəm, a bənövşələr...

 

Ömür ağ yol üstdə bəyaz yazıymış,

Çoxu çoxdan gedib,

qalan azıymış,

Dünyanın son nazı ölüm nazıymış

O naza gedirəm, a bənövşələr...

 

Gözümdə dərd çiçəkləri

 

Bu yazın pərt çiçəkləri,

Umsunur mərd çiçəkləri.

Gözümdə dərd çiçəkləri

Arı mənə yaxınlaşır.

 

Bulaq seldə duru ölüm,

Gül payızda sarı ölüm,

Yarı dərddi, yarı ölüm

Hara mənə yaxınlaşır.

 

Ürək tutdum ölən qəmə,

Nə qəm qılınc, nə mən qəmə,

Dirilməsə cəhənnəmə,

gora...

Mənə yaxınlaşır!

 

Yırtdım köhnə cəbrləri,

Dözümləri, səbrləri,

Artır şəhid qəbirləri

Sıra mənə yaxınlaşır...

 

Mənəm yerin altı, üstü,

Bir az alov, bir az tüstü,

Sevgidi dünyaya qəsdim

Tanrı mənə yaxınlaşır...

 

A daş gülüm

 

Bilirsənmi,

mən öləndə

Qəbrim üstə kim gələcək.

Göy üzündən mələk-mələk

Salameleyküm gələcək...

 

Könül kövrək,

tellər tarım,

Hər tel üstdə bir qübarım,

Bir dodaqda misralarım

Bir dildə türküm gələcək.

 

Suc sığışmır hər yumağa,

Bük günahı başqa ağa,

Mən boyda dərd oxşamağa

Sən adda ərkim gələcək.

 

Günəyə çəkdim quzeyi,

Qəmdən keçir hər bəzəyi,

Qəlbimdə qəmlər muzeyi

Qarşına sərgim gələcək.

 

A daş gülüm,

a gül daşım,

Yanar gözündə göz yaşım,

Son mənzilə son savaşım,

Bir də ilk sevgim gələcək....

 

 

***

 

Gəl, bir tale şəkli çəkək,

Torpaq narın, şum durudu.

Dəniz yuyur gözəlliyin

Dalğa şirin, qum durudu.

 

Çiçək çəkə, əl uzana,

Toxunasan, can qızına...

Bal bulaşıb gül tozuna,

Şan pərişan, mum durudu.

 

Tel burulub üzdən keçir,

Qəm düşdüyü izdən keçir,

Eşq dediyin gözdən keçir

Eşqin yaşı dumdurudu...

 

Ağlama

 

Ağlayırsan, indi ağla,

Məni öləndə ağlama.

Qəbrim üstə güllər solub

Xəzan gələndə ağlama.

 

Sıxılma yas saxlayanda,

Geyib qara bağlayanda,

Ağla, dostlar ağlayanda,

Düşmən güləndə ağlama...

 

Gözəl davran, gözəl inlə,

Darılma dərd gözəlinlə...

Göz yaşını öz əlinlə

Özgə siləndə ağlama...

 

Öz tamı var, öz təhəri, -

Ölüm ömrün son bəhəri...

Gizlə gözündən qəhəri

Gözün biləndə ağlama.

 

Axşam şəri, səhər danı, -

Səninlə böldüm hər anı,

Sonuncu dəfə dünyanı

Yarı böləndə ağlama..

 

Mahur hindi...

 

Məni saldı yaman dərdə,

Əriyirəm pərdə-pərdə,

Bu Şuşasız pərdələrdə

Öləcəyəm...

yuxum çindi,

Mahur hindi...

 

“Rast” dəstgahı dərd ayəti,

“Əraq” əzmin “Vilayəti”,

Ruhum, öt  bu qiyaməti

Yer yarılar sussam indi

Mahur hindi...

 

Mizrab zildə dəm əhlidi,

Qərib avaz bəm əhlidi,

Can qürbətdə qəm əhlidi,

Qəmdən qəmə yollar mindi

Mahur hindi...

 

Məcnun könül biyabandı,

Leyli eşqin zülfü qandı,

Cabbar, Seyid, Zülfü, Xandı,

Naləsində daş da dindi

Mahur hindi...

 

Muğam Rəbbin səs rəngidi,

Səs də ruhun ahəngidi,

Ölüm ömrün son cəngidi,-

Bir təsnif də Ramizindi...

Mahur hindi...

Mahur hindi...

 

Borc

Sənə borcum olmasa da,
Ölməyi borc bildim sənə.

Ölüb qalan borcumu da
Bölməyi borc bildim sənə.

Gəl oxşa bu viranlığı,
Bir ömürdü bir anlığı,
Gözündəki qaranlığı
Silməyi borc bildim sənə.

Kim var eylər bu yoxluğu,
Vardan keçir ac toxluğu,
Tənha qalan bu çoxluğu
Gülməyi borc bildim sənə.

Bir ağı yon bu bəstənə,
Gül qoy sükutun büstünə,
Dirilib bir də üstünə
Gəlməyi borc bildim sənə...

Səndən küsməyə gəlmişəm

Səndən küsməyə gəlmişəm,
Qarşıma gül-çiçəklə çıx.
Yığ başına günahları
Tut üzünə ələklə çıx.

Mindi dağların sayı, dan,
Gül açılmır hər boyadan,
Özün qazdığın quyudan
Tut əlimdən ürəklə çıx.

Düş dilimdən, boğuluram,
Yum gözünü, sıxılıram,
Sənə tərəf yıxılıram
Qollarında xərəklə çıx.

Yoxmu bu qəhrin axırı,
Səbrim dərdlərin yağırı,
Gedirəm, göylər çağırır
Ta yoluma mələklə çıx...






 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.