Sənət və ədəbiyyat dərgisi

Dəli qadın neylədi? + HEKAYƏ

09 İyun 2023 / 10:48

Minə Söyüd

Məni öldürmək istəyən möhtəşəm həyat

(hekayə)

Saymışam, düz beş yüz altmış üç dənə mahnı bilirəm. Əzbərdən. Bir neçə dildə.

Görəsən yenə də ölərəm, bala?

 

Sənə balam deyə bilərəm, həkim? Nəvəm yaşındasan, hətta bəlkə, nəvəmdən də balacasan. Yeddi yüz qırx iki dənə mahnı. Az deyil axı. Çox mahnı bilirəm.

Yaxşı, həkim, deyirsən, bir neçə günə öləcəm. Dəqiqdir, görəsən? Heç bir əlac yoxdur?

72 ildə yüz iyirmi bir dənə mahnı öyrənmişəm. Mən öləndə o qədər mahnıların aqxırı necə olacaq, quzum? Sən yəqin ki, bilirsən. İndiyə qədər çox ölən görmüsən. Ölülərin içindən mahnı çıxıbmı heç? Bir səs, mızıltı və ya zümzümə? Rəqs kimi, məsələn? Onun özü də bir şeydir. Məsələn, öldüyüm anda bildiyim mahnılardan birinin melodiyasını hiss etsəm.

Lemon tree...very pretty and the lemon flower is sweet.

O mahnını bilirsən? Hardan biləsən, köhnə mahnıdır. Həmin mahnı məşhur olanda mən çoxdan yaşa dolmuşdum. Amma ürəyim... ürəyim elə deyildi. Ürəyim hələ də şux idi. Rəqssiz dözə bilmirdim. Adadakı liman kafesində uşaqlar musiqi qutusuna xırda pulları atıb təkrar-təkrar o mahnını oxudardılar. Mən də ən başdakı oturacaqda oturub xəyalımda rəqs edərdim. Gizli-gizli rəqs etməyin necə qəribə olduğunu bilməməzsən... Hamının nəzərindən uzaqda oynayardım. Ürəyimdə. Tək-tənha.

 

Yox, yox “Lemon tree” romantik sevgi mahnısı deyildi. Əksinə sevgini tənqid edirdi. “Limon ağacı” bilirsən necədir?

Möhtəşəm ağacdır, çiçəkləri də şahanədir. Lakin təəssüf ki, meyvəsini dilin-damağın qamaşmadan yeyə bilmirsən. Sevgi də belədir... Həmin mahnıdakı kimi...

Eh, de görüm, mən öləndə ürəyimdəki mahnıların axırı necə olacaq? O qədər mahnı, ritm, melodiya... Tutaq ki, mən sabah öldüm, mahnılar da mənimlə birlikdə öləcək? Amma həkim, bir mahnı necə ölə bilər axı? Özü də altı yüz on üç mahnı birdən-birə sırf mənim öldüyümə görə necə ölsün? Çox mənasızdır.

Yaxşı, həkim, onda gəl razılaşaq. Mən öləndə bildiyim mahnıları sən özünə götürərsən. Hə, hə hamısını. Sözləriylə, melodiyalarıyla, ritmləriylə, hətta istəsən sirləriylə birlikdə verərəm sənə. Gəl, indidən hər şeyi planlaşdıraq. Tutaq ki, mən üç gün sonra öldüm. Çənəmi sən bağlayacaqsan, yoxsa başqası? Burun dəliklərimə pambıqları kim tıxayacaq? Qanım axacaqmı, həkim?

Hardasa oxumuşdum ki, insan öləndə mütləq ondan qan axır. Ölürəm deyə niyə qanamalıyam ki? Can elə qanla çıxmalıdır bədəndən? Axmaqlıqdır. Amma yenə də bütün dəliklərimə pambıq tıxayacaqlar bilirəm. O pambıqları tək-tək sən tıxa, həkim. Çənəmi də sən bağla. Axacaqsa qanım, qoy sənin əlinə axsın, xahiş edirəm. Həmin vaxt mahnılarımı da götürərsən. Sənə ən dəyərli xəzinəmi verirəm. Ürəyimdəki mahnıları. Tam iki yüz yetmiş altı mahnı. Hamısı da başqa-başqa dillərdə. Çin dilində olanı da var. Amma mən ən çox fransızca olanları sevirəm.

 

Je ne veux pas travailler... işləmək istəmirəm.   Je ne veux  pas dejeuner... Yemək də istəmirəm. Je veux seulement oublier... Sadəcə unutmaq istəyirəm. Sadəcə unutmaq.

Deyirlər ki, insan öləndə bütün həyatı film lenti kimi gözünün önündən keçir. Amma yox, yalandır. Mən ölürəm və  hiss edirəm ki, həyatım film lenti kimi gözümün önündən keçməyəcək. Mən unutmaq istəyirəm, həkim. Keçmişdə olan hər şeyi unutmaq. İnsan ölərkən keçmişi xatırlasa, çox pis olar.  Bu halda ölüm ayağındaykən öz-özünü niyə incitsin ki?

Je veux selement oublier... Ah həkim, o mahnını götürəndə ehtiyatlı ol. Çox gözəl bir cümləsi var, düşüb itməsin.

Vie qui veut me tuer... məni öldürmək istəyən həyat... cest magnifique.... möhtəşəmdir. Həyat, doğrudan da, möhtəşəmdir. Mahnılar da möhtəşəmdir, amma həyat onlardan daha möhtəşəmdir. Çünki bu qədər möhtəşəm olmasa, o qədər mahnını oxuyacaq, hər bir melodiyasını əzbərləyəcək şövqü hardan tapardıq?

Ölməyimə neçə gün qalmışdı, həkim? Hələ 5 gün var idi, hə? Bu beş gündə istəyirsənsə, mahnıları yavaş-yavaş  çıxar ürəyimdən. Uşaqlarımın heç birini bətnimdən elə çıxarmayıblar.  Həmişə zorla, əllərini, qollarını qopararaq çıxarıblar. Ona görə də tək-tək öldülər. Yarısı doğularkən, yarısı da böyüdükdən sonra.  Amma hamısı məndən əvvəl. Çünki bətnimdən çıxaranda onlara diqqət göstərməmişdilər. Sanki əşya kimi kimi davranmışdılar. Hər hansı bir şey. Ona görə də, həkim, mən ölməmişdən qabaq mahnılarımı ehtiyatla götür ki, ölməsinlər. Ya da illər sonra bir məktəb həyətində güllələnməsinlər. Bir uşağımı dar ağacında asmışdılar, bilirsən? Boynunu sındırmışdılar. Dili çölə çıxmış, gözləri bərəlmişdi. Sümüklərinin qırılmağını hər kəs eşitmişdi. Necə faciəli şəkildə ölmüşdü, igidim. Ürəyindəki 3-5 mahnı ilə birlikdə. Onların da çoxu marş idi, gözümün qabağında taxtaların üzərinə dağılıb tökülmüşdü...

Bir qızımı da öldürüb küçənin ortasına atmışdılar. Bədəni deşik-deşik idi balamın. Onun da bir yığın mahnısı var idi, mən öyrətmişdim. Şən və qəmli mahnılar səpilmişdi dörd tərəfinə. Siçanlar gəmirmişdi içindəki kamançaları, sazları.

Həkim, doğrudan, iki günə ölə bilərəm? Nə gözəl. Ordan sənə nə gətirim? Utanma, de. Mən heç vaxt getdiyim yerdən əliboş qayıtmıram. Bir dəfə Sivasdan tabutla qayıtmışdım. Qoz ağacından düzəldilmiş tozlu möhtəşəm bir tabut. Avtobusa güclə yerləşdirmişdilər. Həm ağır idi, həm də yay vaxtı içindəki cəsədlərdən pis qoxu gəlirdi. Nə qədər ölü var idi içində bilmirəm, amma biri mənim sarı oğlum idi. Yanaraq külə dönmüşdü. Sarısı da qapqara olmuşdu. 20 yaşında ağıllı bir oğlan. Vəkil dedi ki mahnıları da onunla birlikdə yanıb.  Əslində, hər şey – keçmiş, gələcək xəyalları... təbii o həngamədə mahnılar salamat qalmayacaq ki. Onlar da yanmışdılar. Bu taledir, həkim. Alın yazısı. Yanırsa, uşaqlar da onların içindəki mahnılar da yanır. Mən ölən uşaqlarımın hamısı üçün dua oxutdurmuşam. Həmin duaları da götürüb ayrı bir yerə qoyarsan. Çarpayının altına  ya da tavan arasına. Zibilə də ata bilərsən. Yansalar yandır, uça bilsələr uçur, üzə bilməsələr də dənizə at, hara gedirlər getsinlər. Məndən sənə məsləhət onları ürəyində qoruma. Çünki o dualar  yaşayanlara daim ölümü xatırladırlar. Halbuki je veux seulement oublier...

Hə bir azdan öləcəm yəqin...

Pambıqları ona görə hazırlayırsan?

Çənəmi nəylə bağlayacaqsan? Sarğı beziylə?

Nə qədər belə uzanacam? Bəlkə, qalxıb ayaq üstə ölüm. Ortancıl oğlum ayaq üstə ölmüşdü, daha doğrusu, oturacaqda. Ürəyi verdikləri cərəyana tab gətirməmişdi. Biləklərində yanıq izləri var idi. Cəsədini görmüşdüm, çox gözəl idi. Qalın qaşlı, qara bığlı, uzun boylu. Bəxtiniz oxşamasın, amma sizə yaman oxşayırdı, həkim. Əslində, ölən uşaqlarımın hamısı yaraşıqlı idi. Tabutdakılar, dar ağacındakılar, yanıb kül olanlar, qanad açıb uçanlar, itkin düşənlər, şikəst qalanlar... Hamısı sənin kimi yaraşıqlı idilər, həkim. Ürəkləri də mahnılarla dolu idi...

Doğrudan, adam öləndə bildiyi mahnıların axırı necə olur, görəsən? Ölülərdən ovcuna mahnı süzülübmü heç? Balaca oğlum öləndə ovcuma onlarla layla tökülmüşdü. Bir zamanlar ona oxuduğum laylalar. Balkan, rus laylaları, afrikalı, çinli anaların laylaları, hətta okeanın ortasındakı balaca adada bir ananın uşağına oxuduğu layla belə var idi. Eh həkim, Allah heç kimə övlad itkisi göstərməsin. O, laylalar insanın ürəyini necə dağlayır bilmirsən. Məndəki laylaları da götürərsən. Bəlkə, bir gün sən də öz uşağına oxuyarsan. Məndən sənə məsləhət uşaqlarının içini mahnılarla doldur, həkim. Mənim ürəyimdə neçə min mahnı var, məsələn. Nə gözəldir, hə? Müxtəlif dillərdə minlərlə mahnı.

Bax, mən az əvvəl ölmüşəm. Mahnılarım ürəyimdən bir-bir uçur. Ehtiyatla yığ onları. Qorxma, buxarlanmazlar. Bir müddət havada asılı qalacaqlar. Ciblərinə doldur, nəfəsinə çək. Nə dediklərini anlamağa çalış. Bu qədər mahnı nə demək istəyir  bizə, həkim. Niyə insanlar min illərdir mahnı oxuyurlar?

Nə deyirdi mahnıda xatırla: Vie qui veut tuer, məni öldürmək istəyən həyat, cest magnifique, möhtəşəmdir! Möhtəşəmdir, həkim. Ölmək möhtəşəmdir!

 Türkiyə türkcəsindən uyğunlaşdıran: Cahan Seyidzadə

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.