Sənət və ədəbiyyat dərgisi

Elə bil ki - İqor Volnitski 

24 Oktyabr 2022 / 10:32

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 24 oktyabrda layihə tanınmış Moldova ədibi İqor Volnitski, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

 

“Salam, mən İqor Volnitskiyəm. Moldovalı prozaik. Öz ölkəmin o azsaylı xoşbəxt adamlarındanam ki, bizim planetin bu gözəl yerini, Qafqazın incisi, Şuşa şəhərini görmək qismətim olub. Səmimiyyətlə etiraf edirəm ki, Qafqazda, bu gözəl Azərbaycan şəhərində dünyanın heç bir yerində hiss etmədiyim qədər böyük bir həzz hissini yaşadım. Bütün azərbaycanlıları, bu gözəl ölkənin bütün vətəndaşlarını 2022-ci ilin “Şuşa ili” elan olunması münasibətilə təbrik edirəm. Deməliyəm ki, Şuşa şəhəri yalnız bu bölgədə, bu ölkədə yaşayanlar üçün deyil, həm də sənəti, gözəllikləri qiymətləndirə bilən bütün insanlar üçün qürur mənbəyidir, qürur yeridir. Çünki Şuşa yalnız Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixində  yox, bütün dünya mədəniyyəti və ədəbiyyatı tarixində iz qoymuş böyük şəxsiyyətlərin vətənidir. Salam Şuşa!

Mən sənin üçün böyük şairimiz Mihay Emineskunun yazdığı uzun şeirin bir parçasını oxuyacağam, mənə elə gəlir ki, Eminesku bu gözəl şəhərdə hiss etdiyim cərəyanla müqayisə ediləcək  energetika ilə dolu bir yerdə yazıb bu şeiri...”

 

İqor Volnitski/ Moldova

Rumındilli poeziyanın klassiki Mihay Emineskunun, “İlk məktub” şeirindən bir fraqmenti oxuyur

 

Yenə gecə söndürdüm mən kipriyimlə yorğun şamı,

Səs-küy salıb kəfkiriylə saat qovdu vaxtı, anı.

Sağa-sola halsız-halsız çəkdim bəyaz pərdələri

Ay hər şeyin üzərinə ehtiraslı nur ələdi.

Elə bil ki, yuxudaydım o əbədi ağrıları

Xatirələr qaranlıqdan səsləyirdi, çağırırdı.

Dəryaların ey sahibi,  parıldayıb öz qübbəndə

Yenə nədir, salırsan sən ağrılardan məni bəndə.

Halbuki bax, səhraları bakir şüan işıqladır,

Meşələrin kölgəsində gizlərdir gur bulaqları.

Dənizlərin dalğaları hökmün ilə bax qabarır,

Amma ki sən tək-tənhasan başı üstə dəryaların.

 

Cazibənə məğlub olur hər çiçəkli sahil yenə...

Saraylar da, qalalar da...amma təksən, tək, təkcənə.

Pəncərəsi min-min evin dura bilmir işığına,

Çevrilirsən sən hamının çağrılmamış qonağına:

Şah dalıbdı sabah ilə bağlı dərin düşüncəyə,

O sabahda  bir yer yoxdur nə fəqirə, dilənçiyə.

 

Ayrı-ayrı pilləsində dursalar da bu aləmin

Yenə müti quludular həm şüanın, həm talenin.

Zəif, güclü, ya dahi ol, ya sonuncu dəli, axmaq,

Köləsisən ehtirasın,  axırına o çıxacaq.

 

Biri güzgü qarşısında naz-qəmzəylə saçın burur,

Biri daim fikirlidir, həqiqəti sorub durur.

Biri çiçək adlarını yazıb gedir dəftərinə,

Bir başqası hesabdardır, gecə-gündüz sayır yenə

Dəryalarda qızıl yüklü üzən-batan gəmiləri,

Qara-qara torpaqları, sarı-sarı zəmiləri.

Bax qırmızı qolçaq geymiş, dünya görmüş yaşlı alim

Baş sınıdırır masasının arxasında zülüm-zülüm.

O titrəyir, xələtiylə bumbuz olmuş sinəsini örtüb durur,

Yaxalığı dartıb çəkir, qulağına pambıq dürtür.

Bax beləcə ömür sürür, fikir onu qurutsa da

O dünyanı unutmayır, dünya onu unutsa da -

Keçmiş ilə gələcəyin sirri onun əqlindədir,

İpi onun əlindədir qaranlığın, aydınlığın.

Sanki cəsur Atlasdı o, səma onun çiynindədir,

Sanki bilir  gərdişi o, atılacaq hər addımı.

 

Tərcümə: Səlim Babullaoğlu, Jalə İsmayıl

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.