Yumor köməyimizə çatır - Mətin Akpınarın müsahibəsi
15 May 2023 / 12:02
Türkiyəli məşhur sənətçi Mətin Akpınar 2 noyabr 1941-ci ildə İstanbulda anadan olub. İki il Tarix-Coğrafiya fakültəsində Fəlsəfə, iki il İstanbul Universitetində Hüquq fakültəsində oxusa da, heç birindən məzun olmayıb.
1957-ci ildə "Yaşıl Səhnə"də həvəskar olaraq Fərdi Merter və Erdinç Üstünlə teatrda çalışsa da, tamaşa qoyulmadığı üçün səhnəyə çıxmır. 1962-1965-ci illərdə Milli Türk Tələbələr Birliyi Teatr şöbəsinin müdiri olub və müxtəlif tamaşalarda oynayıb.
1967-ci ildə Türkiyənin ilk kabare teatrı olan Dəvəquşu Kabare Teatrının qurucuları arasında yer alıb. Bu teatrın ilk tamaşası "Vətən xilas edən Şaban"da Şaban rolunu oynayıb. 1978-ci ildən etibarən 1992-ci ildə teatr bağlanana qədər Mətin Akpınar teatrın inzibati direktoru olub. 1980-ci illərdə Zəki Alasya ilə birlikdə özlərinə məxsus üslubda inkişaf etdirdikləri və böyük səhnələrdə nümayiş etdirdikləri pyeslərdə birlikdə oynayıblar. "Zəki-Mətin cütlüyü" olaraq aktyor Zəki Alasya ilə birgə oynadığı tamaşalar, sosial mövzulu komediya filmləri ilə məşhurluq qazanıb. 1990-cı illərin əvvəllərində birlikdə "Zəki-Mətincə" adlı serialda rol alıb. 1999-cu il Sinan Çətinin rejissorluğu ilə çəkilən "Təbliğat" filmində Rəhim rolunu canlandıran aktyor bundan sonra karyerasına tək davam etmək qərarı verdiyini açıqlayıb.
Sənətdən əlavə, bir müddət kommersiya fəaliyyətləri ilə də məşğul olub. 1992-ci ildə KİPA supermarketlər şəbəkəsinin, sonra İzmir Şəhər xəstəxanasının qurucu ortaqlarından biri olub və idarə heyətində yer alıb. Özünü sosialist adlandıran Mətin Akpınar 1991-ci və 1995-ci illərdə DSP-dən deputatlığa namizəd olmaq təklifi alsa da bunu qəbul etməyib.
2008-ci ildə İsmayıl Dümbüllü Mükafatlarında "Ömürlük Fəxri Mükafat"a, 2010-cu ildə Qızıl Portağal Film Festivalında "Ömürlük Fəxri Mükafat"a və 2011-ci ildə Beynəlxalq İstanbul Film Festivalında "Fəxri mükafat"a layiq görülüb. Haliç və Okan Universitetlərinin konservatoriyalarında "Teatrda kabarenin tarixi" mövzusunda dərslər verib.
2020-ci ildə Mətin Akpınarın həyatından bəhs edən "Yaxşı ki, etmişəm" sənədli filmi 39-cu İstanbul Film Festivalının bağlanışında nümayiş olunub.
2022-ci ildə şəxsi albomundan fotoların da yer aldığı "Səhnəyə həsr olunmuş ömür: Mətin Akpınar" adlı kitab nəşr olunub.
83 yaşlı aktyor bir də evli olub. 17 fevral 1961-ci ildə Göksel Özdoğdu ilə evlənən aktyor bir neçə il sonra boşanıb.
Aktyorun 2018-ci ildə "ONS" jurnalına verdiyi müsahibəni təqdim edirik.
- Səhnə tozuyla tanış olduğunuz vaxtdan bu günə kimi ümumiyyətlə yumor, yumora münasibət necə dəyişib, sizcə?
- Əslində, çox qısa bir dövrü təsvir etməyimi istəyirsiniz. Halbuki, mən hələ sərbəst amin turşuları kimi mövcud olarkən də bunlar müzakirə edilir, danışılırdı. Hətta Platon və Aristotelə qədər gedib çıxan bir hadisədən danışırıq. Bizim içində yaşadığımız yumorla bəşəri, dünyəvi yumor arasında ciddi fərqlər var. Digər tərəfdən, yumor nəzəriyyələrinə nəzər saldıqda onların çox da irəliyə getmədiyini, bizə təsir edən yumor nəzəriyyələrinin belə dövrümüzdə artıq bir az "ayıb" olduğunu düşünənlərdənəm. Düşünürəm, daha doğrusu, ümid edirəm ki, bunlar yəqin ki, çağımızda, texnologiya ilə birlikdə inkişaf edəcək. Yumor orta əsr zülmünə qarşı üsyan kimi inkişaf edib. Təəssüf ki, biz bunu yaşamadıq, ona görə də əskikdir. Şərqdə vəziyyət daha pisdir. Həcv, satira ilə məşğul olduqlarına görə asılanlar, yandırılanlar, dərisi soyulanlar kimi "zərif" jestlər var. Bunlar dəhşətli şeylərdir.
- Düşünürəm ki, bunun öhdəsindən gəlməyin fərqli yolları olmamış olmaz?
- Şərqdə, VIII-XIII əsrlər arasında həm elmin, həm də ədəbiyyatın çox inkişaf etdiyi bir mühit var idi. Mühüm elm adamları sayəsində Şərqin İntibahı yarana biləcəyi halda, bir vərdişimiz ortaya çıxır. Bizim əhalimizdə xaricdən də gələn təsirlərlə birlikdə, "mədəniyyəti yemə" kimi bir qırmızı qarışqa vərdişi, xarakteri var. Hitit mədəniyyətini yedik, yoxdur. Səlcuq sivilizasiyasını yedik, yoxdur. Osmanlını yedik, yoxdur. Respublika desən, güclə müqavimət göstərməyə çalışır.
- Yenə də yumor var olmağa davam edir...
- Yenə də o eybəcərliklərə, səhvlərə qarşı bizim də reaksiyamız olub, amma bizdə o zülmətdən çıxmaq üçün aşağıdan, xalqın içindən qalxan, fışqıran üsyan, belə bir quruluş olmayıb, yoxdur. Xristian fanatları arasında bir nəzəriyyə var, çox maraqlıdır. İnsanı şərab çəlləyinə bənzədirlər. Fermentasiya sürətli gedir, ya ləng, fərqi yoxdur, bütün hallarda gedir. Qapaq möhkəm bağlanarsa, çəllək çatlayar, yəni insan partlayar. Hərdənbir qapağı açıb onun qazını almalısan. Sizi sıxan nə olur-olsun, mühit, iqtisadi vəziyyət, coğrafiya, psixoloji mühit, idarəetmə və s. hardasa boşaltmalı, nəfəs almalıyıq. Bax, orada yumor köməyimizə çatır, oradan çıxıb nəfəs ala bilərik.
- Türkiyədə yumor necə köməyimizə çatır? Biz nələrə gülürük?
- Yumor nəzəriyyəsi baxımından, birinci mərhələdə, hərəkətli zarafatlara gülürük biz. Təbii ki, onun da yonulmuşu, ümumi olanı var. Xüsusən, ingilislərin hərəkətli zarafatları bizdən daha qəşəngdir. Bizdə bir az şişirdilmiş olur. Məsələn, Peter Sellers ən böyük komediya ustalarından biridir və xüsusi heç bir şey etmir. Əlində süd stəkanı ilə əyilib südü tökür və heç bir reaksiya vermir, amma biz gülürük. Bu yumorun əsas istehlakçısı gülüşdür. Biz ancaq çənlər asfaltın üzərinə töküləndə gülə bilərik...
İkincisi, insan ifrazatlarına gülürük; tüpürcək, göz yaşı, sidik, pox, bəlğəm və s. Ənənəvi türk teatrında da var, bu gün də var. Yəni, bu cəmiyyət belədir: "Tfu! Allah sənə lənət eləsin!" deyib tüpürəndə gülür. Nədənsə, onda nifrət, alçaldılma hissi keçirir. Burada qeyd edilməli bir nüans da var: Başınızı vursanız güləcəklər, amma çox qan axsa kədərlənəcəklər, gülmək əvəzinə yazıqları gələcək. Buna görə də həddini aşmamaq və ya iyrənc səviyyəyə keçməmək lazımdır. Göz yaşları və tüpürcək yaxşıdır, lakin bəlğəm yox, sid daha pisdir. Məncə, hər ikisi də primitiv addımlardır. Bəlkə də, artıq bundan istifadə edilməməlidir və əgər istifadə olunacaqsa, ümumi yumor içində çox az yer tutmalıdır.
Üçüncüsü, qüsurlarla zarafat etməkdir. Çox uzun, çox qısa, çox kök, çox arıq, kəkələyən, donqar, görmə, eşitmə qüsurlu və s. Düşünürəm ki, bu da primitiv yumor səviyyəsidir. Məncə, bu da azaldılmalıdır. Digəri ənənəvi teatrımızda da olan; etnik tiplə zarafatdır. Laz, kürd, fars... onların cəmiyyətlə uyğunsuzluqları ilə zarafat edirlər. Bunun bir az zəifləmiş halı bu gün üçün də keçərlidir: Fərdin psixoloji, sosioloji, iqtisadi cəhətdən cəmiyyətlə uyğun olmayanına gülərik.
Əslində, bu, bütün yumor nəzəriyyələrini tamamlayan və əhatə edən yaxşı bir çətirdir. Daha incə, daha intellektual səviyyədə ölçülü, ahəngdar, cəmiyyətə açıq yumor, bu gün də keçərli yumordur.
Sonuncu yumor başlığı da, məncə, absurddur. İzah eləmək çətindir bunu. Ustadlardan Kiçik İsmayıl Əfəndi absurdu belə təsvir edirmiş: "Böyük bir sahə var, hər tərəfindən keçmək mümkündür, sağından, solundan, yuxarısından. Ancaq ortada bir divar var. İstər kərpic, istər hasar, istərsə də beton olsun. Bir divar var. Amma istənilən yerdən də keçmək mümkündür həmin sahəyə. Bu divarın da ortasında bir qapı var. Bax, o qapıdan keçmək absurddur". Bu, absurd olan bir şeyin daha da şişirdilmiş təfsiri, bəlkə də vulqar təsviridir. Bu, bizim yumor mərhələlərimizdəndir. Biz bunlara gülürük, bunlarla əylənirik. Hələ də belədir və belə də davam edəcək.
- Təqlid etməyi də əsaslardan biri saya bilmərik?
- İbtidai cəmiyyətlər, ümumiyyətlə, təqlid yolu ilə inkişaf edir. Bunun içində heyvan təqlidi də var, lider təqlidi də var, kasıb, molla, ağa təqlidi də var. Qədərində olmaq şərtilə, utandıraraq etdiyimiz tənqiddir. Xalq bunu dərk edib gülür. Bunun kökü kəndə, kənd teatr tamaşalarına gedib çıxır.
- Hətta antik dövrə...
- Biz mifologiyanı sevmirik, onu rədd edirik, amma əslində yaxşı mənbədir. Məsələn, Zevs, ölümlü bir xanımla, Fiv şahzadəsi Semela ilə birlikdə olur, ondan bir uşağı da olur; Şərab tanrısı Dionis. Yumorun tərifinə görə, əclaf! Sonra tanrı Zevs xanımı öldürə bilmədi və onu ölümsüz etdi, amma oğlu qaçdı... Dionisin ziyafətləri, təşkil etdiyi şənliklər teatrın, yumorun mənşəyi hesab olunur. Yuyunurlar, təmizlənirlər, gözəl geyimlər geyinirlər, yemək-içmək də öz yerində...
Bir fakt da var ki, o ziyafətlərdə, ziyafətdə əvvəllər iştirak edib sonradan bizdən ayrılanların ruhlarının daxil olması da var. Reproduktiv simvollar böyük ölüçülərdə tərəddüd edilmədən təqdim edilir. İncələnəcək və ya üzüləcək heç nə yoxdur; məsələnin kökündə bu var, deyə.
- Deyəsən, bu mənada biz o "ziyafətlər"ə bir az yadıq?
- Bizim bayramlarımız, xüsusən də dini bayramlarımızda belə bir şeylər var əslində; ev təmizlənir, pəncərələr silinir, ən gözəl paltarlar geyinilir, hətta çarpayının yanında ayaqqabı gizlətmək kimi gözəl hekayələr də var. Dolmaçı xala, börəkçi xala gəlir, mövsümə uyğun dadlı yeməklər hazırlanır. Əyləncəmiz də var, amma ruhların gəlməsi məsələsi yoxdur; biz qəbiristanlığa ziyarətə gedirik. Ziyarət, bayramlaşma və xüsüsən də qurbanlıq mərasimindən sonra ziyafətə bənzər bayram şənliklərimiz olur.
Həmin şənliklərdə ciddi əyləncələr var. Bizim böyüdüklərimiz fərqlidir, bizdən əvvəlkilər çox fərqli. Orada atəş udanlar olduğu kimi, simit, turşu satanlar da var. Spirt üfürənlər var; görək, nəfəsin hara qədər gedib çıxır? Teldən sürüşmə var; o vaxtlar su xizəyi yox idi, hündürlük qurulur, iki dirək arasında məftil çəkilir, məftilin üstündə çarx qurulurdu. Pilləkənlərlə yuxarı qalxırsan, bir adam ayaqlarınızdan tutur, burax deyəndə buraxır və "piuuuuu" deyə sürüşürsən. Qarşı tərəfdən kimsə səni qarşılayır, yıxılmayasan deyə, qucaqlayıb tutur. Sürüşən qızdırsa orda təmas da yaranır, əlbəttə ki. Mövsümə görə dəyişir, ipək don geyinsə başqa, idman kostyumu geyinsə başqa.
Tənzimat, Konstitusiya və Cümhuriyyət teatrlarından kənar teatr fəaliyyətləri ölkəmizdə ənənəvi türk teatrı olaraq təyin olunur. Bunun içində Qaragöz var, orta oyunu, kəndirbaz və s. var. Bunlar bizim ənənəvi əyləncə mədəniyyətimizin bir hissəsidir.
- Teatr və komediya tariximizdə sizin çox xüsusi yeriniz var. Haldun Taner, Zəki Alasya və Ahmet Gülhandan sonra bu gün kabare teatrının sağ olan ən önəmli adı sizsiniz.
- Kabare teatrını içində böyüyərək öyrəndim. Sənət istehlakçımız da bilmirdi, içində yoğrularaq öyrəndi. Bizim komediya yazarlarımız da eyni şəkildə. 1967-ci ildən 1992-ci ilə qədər davam edən Dəvəquşu Kabare Teatrı heç bir təvazökarlıq göstərməyəcəyəm, tarixə qızıl səhifələrlə yazılmalı olan bir hadisədir. Onun yaradıcısı, bizə ötürəni, icraçısı və təklifi verən; Haldun Tanerdir.
- Kabare teatrı müxtəlif məktəbləri də əhatə edir, məncə.
- Kabare teatrı həm də zarafat teatrıdır, istehza teatrıdır. Tragikomik hadisələr də var, onda ironiya teatrıdır. Despotik hakimiyyətə qarşı çıxdığı üçün o, üsyan teatrıdır və həmişə də elə qalacaq. Kabare teatrında nə zaman, nə məkan, nə də mövzu ilə bağlı məlum qaydaları yoxdur. Başlıq vasitəsilə hər şeyi araşdıra bilərsiniz. Bir-birinə bərkidilmiş vaqonlar şəklindədir. Çıxarıb və ya nəyisə əlavə edə bilərsiniz. Vizual materialı daha çoxdur, musiqisi var, şansonu var, ritm hissi var. Bizim kimi musiqi mədəniyyəti olmayan bir cəmiyyətdə, operetta (muzikl) mədəniyyətinə daha yaxın, həm vizuallığı, həm də rəqsi, çevik quruluşu və azadlığı ilə böyük kütlə toplayan, sağlam və düzgün formatdır Kabare teatrı.
- İllərdir ki, Universitetlərdə kabare teatrı dərsləri verirsiniz.
- Burada, Universitetlərdə övladlarıma kabare teatrı, kabare aktyorluğu öyrətməyə çalışıram. Semestrin sonunda tamaşa səhnələşdiririk. Adətən bizim tamaşalardan biri olur. Tamaşaçıların qarşısına çıxanda bu həvəskar uşaqlar, peşəkar səviyyədə reaksiya alırlar. Bu da formatın nə qədər dəqiq olduğunu göstərir. Bu gün ölkəmizdə kabare teatrı yoxdur. Bir vaxtlar, bizdən sonra 18 dənə olmuşdu. Sonra yavaş-yavaş yoxa çıxdılar. Bu, təkcə kabarenin yoxa çıxması deyil, mədəni istehlakçının bu cür tədbirlərə verdiyi pulu qiymətləndirmək üsullarının zamanla o qədər də müasir olmadığını göstərir.
- Mədəniyyət və incəsənətə ayırdığımız büdcələr birinci kəsilir. Çox asanlıqla imtina edə bilirik.
- Xalq günləri, qadın günləri, tələbə günləri deyə-deyə, az büdcə ilə çox xidmət almaq məntiqi inkişaf edir, təəssüf ki. Televiziya buna qarşı çıxanda və televiziyanın aktyorlara verdiyi ödənişlər artdıqca teatr da, kabare teatrı da geri çəkildi. Bitərmi? Bitməz. Teatr ən despotik hakimiyyətlərdə də çalışıb, yaşamağa nail olub. Teatrın, komediyanın, kabarenin dilində zorakılığa, qorxuya yer yoxdur. Bunu qəbul etmir, boyun əymir. Mizah; təmkinli, islah edilmiş bir hücumdur. Bunu zorakılıq olmadan edir. Bu, sadəcə olaraq sizi düzgün düşünməyə, özünüzü sorğulamağa istiqamətləndirir. Siz də sual verəcək, vicdanlı insan olarsınız. Sual verməsən, vicdansız adam olarsan.
Kabare teatrı cəmiyyətin vazkeçilməzidir. Bəlkə bu gün yox, amma sabah olacaq, bu dövr də keçəcək. İnsan var olduqca, teatr da var olacaq. Onu qadağan edəcək, yox edəcək bir idarəedici qüvvə icad olunmayıb. Heç kim şərab çəlləyi kimi partlamaq istəməz; nəfəs alacaq bir yer mütləq tapacaq. Bax, o vaxt şərab içmək də zövq verəcək. Bu dəyişməz qaydadır.
- Televiziyanın ardından, bu gün artıq teatrın bəlkə də, lap geri çəkilməsinin əsas səbəblərindən biri onlayn məcralarda formalaşan yeni mizah anlayışıdır. Sizcə, teatrın yerini doldura bilərmi?
- Teatrın ən qısa təsviri belədir: insanı insana insanla anlatma sənəti. Bu tərif şüşəyə də yazıla bilər, amma nəsə çatışmaz. Onun canlı, kollektiv içində olmağı vacibdir; təri, qanı, qoxusu, beyni ilə birlikdə. Təbii ki, televiziyada da, kinoda da, rəqəmsal mediada da bunun müxtəlif effektləri olacaq, amma düşünürəm ki, bu, insanları qane etmir.
- Son sual artıq klişeyə çevrilmiş bir sualdır: Sizin tamaşalar qoyduğunuz illərdən sonra, siyasi mizahın da teatrla birlikdə gedərək yoxa çıxması ilə bağlı fikirlərə nə deyirsiniz?
- Düşünürəm ki, heç bir siyasi hakimiyyətin bu cür nəfəs alma tərzini və ənənəvi olaraq daşıdığı gözəllikləri məhv etmək gücü yoxdur.
İndi 77 yaşım var (2018), sabah dünyanı tərk edə bilərəm. Sabit iş qoyduq ortaya, çox şükür, amma bunun bitməyəcəyinə inanıram.
İnsan tarix boyu fəlsəfədən, elmdən, ədəbiyyatdan güc alaraq nəfəs ala biləcəyi bu quruluşu yaradıb. Bu quruluş indi insan bədəninə hopub. Heç vaxt da çıxmayacaq!
Hazırladı: Nilufər Hacılı
"Ədəbiyyat qəzeti"