O məsələlərin həlinə gücüm çatmır - Cavanşir Quliyevin müsahibəsi
02 Avqust 2024 / 08:57
“Shabran-Wellbeing” hotelinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün ayrılmış kottecindən birində bir neçə günlük istirahət edərkən görkəmli bəstəkar, Azərbaycan musiqisində məktəb yaratmış sənətkar Cavanşir Quliyev də Azərbaycan Bəstəkarlar Birliyinin nümayəndələri üçün ayrılmış yaradıcılıq evlərindən birində dincəlirdi. Xoş təsadüfü qiymətləndirib ustad sənətkarla söhbət etmək imkanını fövtə vermədim:
- Belə bir fikrinizi xatırlayıram ki, xalq çalğı aləti olan tarla musiqiyə başlamağınız sizi bəstəkar kimi şikəst olmaqdan qoruyub. İstərdim ki, bu qənaətinizi daha əsaslı detallarla şərh edəsiniz...
- Siz bu sualın cavabını təkcə mənim fikrimə əsaslanaraq deyil, hazırda mövcud olan musiqi həyatımızın bir sıra sahələrində tapa bilərsiniz. Bəzi musiqiçilər var, əsərlərini dinləyəndə anlayırsan ki, istedadlıdır, amma Azərbaycan musiqisinin xallarını, incəliklərini ifa edə bilmir. Yəni o adam uşaqlıqdan Avropa musiqisinin təsiri ilə böyüyüb, indi də Azərbaycanın musiqi rənglərini bir-birindən fərqləndirə bilmir. Mən demirəm, hamı musiqidə əvvəl gündən tarçalan olmalıdır, xeyr, sadəcə musiqiçilərimiz Azərbaycan xalq musiqisinə yaxın olmalı, bu musiqinin ruhunu duymağı bacarmalıdırlar. Azərbaycan musiqisinin incəliklərini paralel olaraq iki alətdə çalaraq öyrənsələr, fikrimcə, daha yaxşı olar: Məsələn, fortepiano əsas musiqi aləti ola bilər, tarsa ikinci. Qısası, Azərbaycan musiqiçisi öz sənətinin inkişaf yolunda tarla əlaqəli böyüməlidir. Uşaqlarını musiqi təhsili almağa yönəldən valideynlər də bu məsələ haqda dərindən düşünməlidirlər. Əks halda, övladları Azərbaycan musiqisinin mənliyini təyin edən əsas detallardan, xırdalıqlardan xəbərdar ola bilməyəcək.
- Uşaqlıqdan şahmatı sevməyiniz musiqi həyatınıza, sənətkar xarakterinizə nə kimi təsir edib?
- Hər zaman dəqiq elmlərə çox böyük həvəsim olub. Musiqi təhsili alanda məni tanıyan adamlar təəccüb edirdilər ki, peşə seçərkən, nə əcəb, dəqiq elm sahələrini seçməmişəm. Musiqidə də dəqiqliyə meyil özünü göstərir. Bəziləri düşünə bilər ki bəstəkarlıq ancaq romantik bir peşədir, hisslərlə, duyğularla bağlıdır, amma hisslər də, duyğular da bəzən konkret bir formaya çevrilməli olur. O forma da bəstəkarı dəqiqliyə münasibəti ilə birbaşa bağlıdır. Musiqi sənətində əsərin forması dəqiqliklə əlaqədardır. Necə ki, hər hansısa bir masanın forması var, o forma düzgün hazırlanmasa masa aşar. Musiqinin dəqiqliyə bağlılığı pozulanda, bəzən salonda konserti dinləyən insanlar bunu dərhal hiss edir. D həddən artıqeyək ki, musiqi uzun, yaxud qısa olur, bu da dinləyicilərə tam mənada anlaşıqlı gəlmir.
- Musiqi əsərində “Qqzıl orta”ya çatmaq sizin nöqteyi-nəzərinizdən hansı məqama yetişmək deməkdir?
- Bədii əsərdə qızıl ortanı tapmaq olur, sənətdə isə bu, mümkünsüzdür. Hər bir insanın özü ilə bağlı bir sənət yolu var, müəyyən tərəddüdən sonra sənətkarlar o yolu seçir və irəliləməyə çalışır. Əsərin mərkəzinə “qızıl kəsişmə ortası” deyirlər. O yer hər bir əsərin içində var, həmin məqamı tapmayan sənətçinin əsəri çox zaman qüsurlu olur. Musiqinin ən gərgin yeri həmin qızıl kəsişmə nöqtəsinə düşür.x
- Violonçel və saz üçün olan ayrıca bir sonatanız var. Bu iki bir-birinə yad aləti eyni əsərdə vəhdətini yaratmaq fikri sizdə necə yarandı?
- Bu, çox çətin bir proses idi, həmin əsəri uzun müddətə yazdım. Çünki mən həmin vəhdəti axtarırdım, güman edirəm ki, tapa biləcəm və ona görə tapa bildim ki, özümə bir çox məhdudiyyətlər qoydum. Məsələn, mən özümə qadağan elədim ki, sazı ona xas olmayan üslubda çaldırmamalıyam, nəticədə mən onu Avropa musiqi üslubuna salmadım, saz öz dəsti-xəttində ifa olundu. Həmin sonatada violonçeli də müəyyən qədər saza yaxınlaşdırmaq lazım idi ki, onların arasında uyğunluğu yaransın. Həmin əsəri yazarkən hətta elə anlar oldu ki, işi yarımçıq qoymaq istədim. Məndən öncə bu üslubda yazan olmadığından mənim üçün bu cür bir əsər yaratmaq çox çətin idi, amma həm də bu iş mənə ona görə maraqlı idi ki, həmin qaranlıq meşəni necə yarıb işığa çıxa biləcəm.
- “Yeddi pyes” adlı əsəriniz dəsgah quruluşundadır, əsərdə muğam ladları var, amma bu musiqi incisini özünüzün “yumoreska” adlandırmağınızın səbəbi nədir?
- O əsərin sadəcə forması o cürdür. Formaca Üzeyir Hacıbəyovun yeddi muğam sistemi ilə qurulub, amma əsər xarakter baxımından zarafatyana, sirk elementləri ilə zəngin bir əsərdir. Muğam musiqisi ciddi musiqidir, amma mən onu bu pyesdə əyləncəli şəkildə təqdim eləməyə çalışmışam. Dəfələrlə o əsəri dinləyənlərin üzündə təbəssüm görmüşəm. Məsələn, pianoçu çıxır səhnəyə və o musiqini ifa edir, pianodan həm normal səslər çıxır, həm də əcaib səslər. Bu halda dinləyicilər maraqlanır ki, pianonun içində, görəsən, hansısa cihaz yerləşdirilib ki, alətdən, o cür səs çıxır? Mən onda onlara izah edirəm ki, bu əsərin ifasından əvvəl pianonun simlərində müəyyən texniki işlər aparılır. Fortepianonun hər notu 3 simdən ibarətdir, onların arasında iki aralıq var. Məsələn, onların birinin arasına adi pozan soxursan, ifa zamanı səs boğulur, tutqunlaşır. Yaxud bir simin üstünə dəsmal bağlayırsan, – ud səsi verir. Belə bir musiqi mühəndisliyi ilə o cür səslər alınır. Bu metod dünyada çox istifadə edilir. O musiqi əsərinin adı “Yeddi pyes” olsa da, əslində, səkkiz pyesdən ibarətdir. Sadəcə səkkizinci pyesi sanki qayçı ilə kəsib digər hissələrin arasına yerləşdirmişəm. Həmin hissəciklər arxa-arxaya çalınsa, ayrıca, müstəqil bir pyes alınar. Bir növ, bu əsərdə bir qədər oyunbazlıq eləmişəm. Ona görə bu əsər sizin kimi Avropa dinləyicilərində də suallar xeyli doğurmuşdu.
- Yaylı orkestr üçün yazdığınız “Dastan” adlı Dördünücü Simfoniyanı Üzeyir Hacıbəyliyə ithaf eləmisiniz. Bədii ədəbiyyatda, rəssamlıqda ithaf daha çox kiminsə obrazını əsər daxilində yaratmaqla baş tutur. Bəs musiqi vasitəsi ilə əsərdə obraz yaratmaq necə olur?
- Bu əsəri Üzeyir bəyə həsr eləməyim təsadüfü deyil, göydən düşməyib. Mənim fikrimcə, indiki Azərbaycan musiqisi Üzeyir bəyin arzuladığı kimi davam eləmir. Burada müasir texnologiyanın da müəyyən rolu var. Səbəbləri açıq şəkildə izah edə bilərəm, amma o izahlar bugünkü musiqimizi doğru yola qaytarmayacaq. Bu “Dastan”ın qəhrəmanı və onun timsalında leytmotivi Üzeyir bəyin özüdür, əsər onu vəsf edən mövzuyla başlayır. Həmin leytmotivi bütün orkestr çalır, əsərin sonuna doğru musiqi incələ-incələ skripkanın solosuna qədər enir. Sonra o səs də itir, qara güruh səslər o səsləri, – əvvəlki musiqini boğur, sanki tamamilə yeni musiqi yaranır. Yəni bu işarə ilə onu demək istəyirəm ki, müəyyən qüvvələr Üzeyir bəyin qoyduğu musiqi ənənəsini beləcə məhv edir, qaragüruh musiqisinə çevirirlər. İndi Azərbaycanda Üzeyir bəyin musiqilərinə tələbat yoxdur. İnsanlar dəyişib. İnsanları da biz musiqiçilər dəyişmişik. Məsələn, insan səhər eşitdiyi radio musiqisinin təsiri ilə işə gedir, axşam maşınında, yaxud avtobusda qulaq asdığı musiqinin ovqatı ilə evə qayıdır, axşam da televiziyada eşitdiyi mahnıların sədasıyla yuxulayır. İllərlə keyfiyyətsiz musiqilərlə bəslənən bu insanların sənət zövqü necə olmalıdır? Biz, bəlkə də, bunu zamanla düşünməyərək eləmişik. Fikirləşmişik ki, heç nə olmaz. Üzeyir bəyin musiqilərinə heç kəs toxuna bilməz. Amma elə deyilmiş. Bəzən insanlar məni küçədə saxlayıb soruşurlar ki, televiziyalarda bütün günü oxunanlar nə musiqidir, bu zövqsüzlüyə qarşı niyə əncam çəkmirsiniz? Ta düşünmürlər ki, mənim o məsələlərin həllinə gücüm çatmır.
- “Karvan” əsərinizdə notlar elə qurulub ki, musiqi ümumilikdə dəvə və onları bir-birinə bağlayan kəndiri xatırladır. Əsərlərinin məzmunu formasını doğurur, yoxsa əksinə?
- Təbii ki, məzmun formanı doğurur. Bu əsər qətiyyən Soltan Hacıbəylinin “Karvanı”na bənzəmir. Bu əsərin forması karvanı xatırladır, səslənişi isə son dərəcədə müasirdir. Dəvələrin bir-birinə bağlanması bu əsərdə hissələrin bir-birinə muğamvari musiqilərlə tikilməsi hesabına əmələ gəlir. Məzmunla forma hər bir əsərdə vəhdət təşkil eləməlidir.
- Siz müğənniləri ilk dəfə dinləyəndə,adətən, onlara “Qaragilə” mahnısı oxudursunuz. Sınaq üçün məhz bu mahnını seçməyinizin xüsusi səbəbini bilmək istərdim...
- “Qaragilə” mahnısını oxumaq çətindir. Mən həmişə müğənniləri və müğənni olmaq istəyənlərin səs və musiqiyə bələdlik imkanlarını məhz bu mahnı ilə yoxlayıram. Çox adam elə bilir ki, o mahnı asandır, yaxud dinləyənlərə o saat xoş təsir bağışlayır. Ancaq “Qaragilə”ni hər kəs düzgün oxuya bilmir. Mən istənilən oxuyanın o mahnını necə ifa etməsini dinləməklə həmin müğənni barədə dəqiq nəticəyə gələ bilirəm. Uzun illərdir ki, bu mahnı mənim səs imkanlarının, düzgün oxunun səviyyəsini ölçən cihazımdır.
- Türk dövlətləri və xalqları əksər sferalarda bir-birinə yaxınlaşır, sürətlə inteqrasiya edirlər. Sizcə, yeni türk erasında, lap elə günümüzün reallığında çağdaş türk musiqisi hansı axarda öz varlığını davam etdirməldir?
- Hər bir türk xalqı bu günə qədər müəyyən bir musiqi yolu keçib, türk xalqlarının musiqisinə birləşdirmək adı altında onlara müdaxilə etmək olmaz, bu, heç də yaxşı nəticə verməz. Çünki musiqilərin ortaqlaşması onların darıxdırıcı olmağına gətirib çıxarar. Hər türk xalqı öz tarixi musiqisinin ənənələrini, oradakı türk elementlərini, xallarını, özünəməxsusluqlarını qorumalıdır. Tarixi musiqilər üzərində heç bir “cərrahi müdaxiləyə” ehtiyac görmürəm və bildiyim qədər, türk xalqlarının müasir musiqisi onları qane edir. Onsuz da türk xalqları zamanla bir-birinə daha da yaxınlaşdıqca musiqiləri də yaxınlaşacaq, amma bu, təbii şəkildə, uzun bir prosesin nəticəsi kimi baş verməlidir.
- Hansısa musiqi əsərinizi həyatınızın mənası hesab eləyirsinizmi?
- Xeyr. Heç zaman. Musiqi mənim işimdir və sadəcə əsərlərimi yazıram. Əsərlərim mənim övladlarımdır, onları bir-birindən ayırmıram.
- Son dönəmdə ağır əməliyyatlar keçirdiniz, hətta uzaq olsun, ölümün astanasına qədər gedib çıxdınız. O məlum hadisələrdən sonra həyata baxışınızda hansısa dəyişikliklər oldumu?
- “Heç kəs əbədi deyil, bu dünyaya bir gün gələn bir gün də gedəcək”. Bu fikirlər məni hər zaman düşündürüb, lakin bu məsələlər indi ağlıma daha tez-tez gəlir və həyatımı o düşüncəyə uyğun qurmağa çalışıram. Çünki bilirəm ki, bir gün hər şey bitəcək və ona hazır olmalıyam, müəyyən mənada, həm də o gün üçün hazırlaşıram.
- Zamanla tənqidi mövqe sərgiləyən, bir qədər də ziyalı qiyafəsində olan adamlar Azərbaycanın tarixi Qarabağ qələbəsini, ölkə başçısının Vətənin azadlığındakı müstəsna rolunu təqdir etmək nəcibliyini özlərinə rəva görmədilər. Sanki əvvəlki mövqelərinin yersiz təkəbbürü onları bu gün də tərk etmir, nəticədə həqiqəti ifadə etməklərinə mane oldu. Siz isə Azərbaycanın qələbəsini ilk günlərdən təqdir etdiniz. Prezident seçkilərində də ölkə başçımıza səs verəcəyinizi açıq şəkildə dilə gətirdiniz. İstərdim söhbətimizin sonunda bu məsələlərdən də yan keçməyək...
- Mənim həyatımızdakı dəyərlər sırasında öndə olanı vətəndir. Sözdə də, əməldə də. Mən torpaqlarımızın qaytarılmasına sevinməyən adamı təsəvvürümə gətirə bilmirəm. 30 illik bizim təhqir olunmağımıza sonu qoyulub, buna necə sevinməmək olar? Kimsə deyə bilər ki, onların siyasi platformaları başqadır. Ancaq hər bir siyası partiya məramnaməsində qeyd edir ki, bizi vətən üçün çalışırıq. İndi bu vətən bütövləşib, buna necə şad olmamaq olar? Azərbaycandakı partiyaların çoxu Qarabağ hərəkatından sonra yaranıb. Niyə yaranıblar? Torpaqları düşməndən geri almaq üçün. İndi torpaqlar işğalçılardan geri alınıb. Mən illər öncə müsahibələrimdə dəfələrlə demişdim ki, Şuşanın geri qaytarılacağına əminəm, amma o xoşbəxtliyi mənim görüb-görməyəcəyimə isə yox. Şükür ki, Şuşa azad edildi və mən ora dəfələrlə getdim. Mən buna niyə sevinməyim ki?! Torpaqları Prezident İlham Əliyev qaytardı, onun hakimiyyəti dönəmində işğaldan azad olundu. Siyasi ambisiyalar üçün bunu dananlar, əslində, mövcud vəziyyətdə İlham Əliyevə olan böyük sevgini daha da artırırlar. Çünki bu halda mənim kimi adamlar meydana çıxıb soruşur ki, niyə sevinmirsən, düşmən tapdağından azad elədi də torpaqları. İndi orta əsrlər dövrü deyil ki, ölkə başçıları atın belində savaşa getsin, özləri vuruşsunlar. Müharibə gedə-gedə mən dəfələrlə ordumuzu da, onun baş komandanını da dəstəkləmişəm. Torpaqların düşməndən geri alınmasına siyasi düşüncəsinin fərqliliyinə görə şükür etməmək, Qarabağın azadlığının prezidentin adı ilə bağlı olmasına görə sevinməmək hansısa siyasi düşüncədən asılı olmayaraq, çirkin yoldur. O, yolla hansısa məqsədlərə çatmaq heç zaman baş tutmaz.
Söhbətləşdi: Fərid Hüseyn