Sənət və ədəbiyyat dərgisi

Yolunu azmış dünya - Yuri Lapin

21 Oktyabr 2022 / 18:02

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 19 oktyabrda layihə rus şairi Yuri Lapin və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

 

 

Yuri Lapin / Rusiya

Salam. Özümü qısaca təqdim edim. Yuri Lapin, şair, Rusiya, Moskva. Biz məmnuniyyətlə öyrəndik ki, Azərbaycan Respublikasının Prezidenti 2022-ci ili “Şuşa ili” elan edib. Gözəl Şuşa dağların başında yerləşir və haqqıyla mədəniyyət mərkəzlərindən sayılır. Cəmi iki insanı, iki ismi - şair Molla Pənah Vaqifi və bəstəkar Üzeyir Hacıbəyovu xatırlamaq bəs eləyər. Axı, “Arşın mal alan”ı kim tanımır ki...

Salam, Şuşa!

Mən sizə özümün cəmi bir şeirimi oxuyacağam. O rus şəhər Velikiye Luki barəsindədir.

 

 Velikiye Luki

 

Yolunu azmış dünya oynayır faniliklə,

Kim atıb ilk addımı, çoxdan unutmuşam mən.

Azdırıb o, itirib kainati içində,

İndi döngəclər belə çəkinir döngələrdən.

 

Xəyallarına çatır əzablardan keçərək,

Xəyallar yanlış yola aparır addım-addım.

Moskvadan gedəcəm Velikiye Lukiyə,

Bəlkə orda içimdə bir az rahatlıq tapdım.

 

Hiyləgər sarmaşıqlar öz qucağında boğdu

Körpə, yaşıl otların azadlıq arzusunu.

Böyük çay yataqları, istədim ki, soruşum,

Siz nəylə böyüksünüz, səmimi deyin bunu.

 

Lukanın gözəl qızı, Lukanın igid oğlu

Əsrlərdi inləyir Rusiya caynağında.

Kürəyindən oxlanıb torpağa düşür oxçu,

Belə yaşamaq olmaz tarixin qınağında.

 

Çətin anlaya bunu qədim Ladoqa gölü,

Salnaməyə yazdıra Rürik adını gərək.

Heç nəyi dəyişdirmir bir nəfərin ölümü,

Qurbanların sayını olmur sayıb bitirmək.

 

Əsgərlər yürüdülər vəhşi çöllüyə qədər, 

Dmitri - o mərd knyaz oldu onlara rəhbər.

Xülya deyil azadlıq, arzudu, bilirdilər,

Bu müqəddəs amalçun vuruşdular, öldülər.

 

Kim ki xəyallar qurdu Böyük Rusiya üçün,

Əzab-əziyyət çəkdi arzuları yolunda.

Barışdıq, gözlədik ki, bir gün yetişər o gün,

Bu vəhşi tarix bizi bəzən utandırdı da.

 

Lukanın gözəl qızı, Lukanın igid oğlu,

Çətin ki, nağıllarla oynamaq xeyir verə.

Kürəyindən ox dəyib, yıxılır yerə oxçu,

Ölümundən sonra da qalxır ki, qalib gələ.

 

Tərcümə: Rəbiqə Nazimqızı, Səlim Babullaoğlu

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.