Sənət və ədəbiyyat dərgisi

Həyatınm təzadlı üzü - Elmir Həsən yazır

27 İyul 2022 / 15:24

Həyatın təzadlı üzü”

Ömür sürdüyümüz bu keşməkeşli, dartışmalı dünyamızda hər şey təzad təşkil edir. Bununla bağlı bir neçə misal gətirib fikirlərinizi daha əyaniləşdirmək istəyirəm. Başlayaq elə gecə ilə gündüzün bir-birilə əks təşkil etməsindən.

 

Ancaq ilk öncə sizə onu da bəyan edim ki, dünya bizim üçün bir qədər böyük anlayış ifadə etsə də, deyə bilərəm ki, bu heç də belə deyil. Əlqərəz, söhbət bizim dünyamızdan gedir, ona görə ki, biz - əksəriyyətimiz dünya anlayışını bütöv kainat kimi anlayırıq. Əslində belə deyil və nəzərə alsaq ki, gecələr başımızı göy ən dərin üzünə qaldırıb sonsuz sayda kiçik zərrəciklər şəklində ulduzları müşahidə edirik. Bizlərin gördüyümüz bu kiçik ulduzların hər biri ifrat dərəcədə, ağlın gücünün yetmədiyi qədər dəhşətli böyüklüyə sahib olan qalaktikalarda mərkəz tutublar. Və bu qalaktikaların mərkəzi hissəsini əhatə edən bu ulduzların sayı milyardlar təşkil edir. Qeyd etdiyimiz bu ulduzların ən kiçiyi bizim ətrafında fırlandığımız ulduzdan(Günəşdən) 1000-10.000 dəfə böyük olmaqla yanaşı o qədər də parlaqlığa sahibdirlər. Kainat heç kəsin dərk edə bilməyəcəyi sonsuzluğa sahibdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon ulduz daxil olan cırtdan qalaktikalardan başlayıb, tərkibinə 100 trilyon ulduz daxil olan nəhəng qalaktikalara qədər dəyişir. Təsəvvür edirsiniz? Bu nə deməkdir? Tərkibində bu qədər sonsuzluğu daşıyan bu qalaktikaların sayı 200-300 milyarda qədər çıxır, bəlkə də daha çox. Sizin beyninizdə Astronomik məlumatımın sonunda paradoksal nəticə ümumiləşdirərək deyə bilərəm ki, kainatdakı ulduzların sayı yer kürəsindəki qum dənələrinin ümumi sayıdır. Və ən son nəticə olaraq tərkibində olduğumuz qalaktikanın ulduzlarının sayı təxminən fərz edin ki, təkcə sizin həyətinizdə tikili inşa etmək üçün gətizdirdiyniz bir kamazın tutduğu qum dənələrinin sayıdır. Qalanını özünüz təsəvvür edərsiniz. Əslində mənim ifadə etmək istədiyim mətləb bir qədər fərqli yöndədir.

 

Deməli, kainat ucsuz-bucaqsız qaranlıqdan ibarət olduğu üçün bizlərdə qaranlıq dünyanın bir üzvüyük. Bəli, kainat qaranlıqdan ibarətdir. Bu qədər ulduzların sayına rəğmən yenə büsbütün qaranlıq. Gündüzlər isə göylərdəki bu qədər sonsuzluğu, gözəllikləri duymaz oluruq. Bəzən qaranlıq bizləri həyatı daha aydın görməyə vadar edir. Bir anlıq əlinizi çənənizə dayayıb fikirləşin və xəyala gedin. Baxın, gündüzlər göylərdəki bu qədər qovğaları görməyimizə mane olan məhz dünyamızın işıqlı olmasıdır. Bəli, həyatın bu yerində də təzad var.

Digər təzadlı tərəf isə ağlamaq və gülmək prosesləri arasında baş verən ziddiyyətdən doğur.

Bir insanın gözlərindən yaş gəlməsinə səbəb kimi, əslində çox şeylər var. Ancaq əsasən ağlamağı insanlara xas proses kimi qiymətləndiririk ki, gerçəkdə isə bu belə deyil. Çünki ağlamağı heyvanlar da bacarır və bu orqanik hadisə, əsasən onlar incidiləndə, balalarını gözləri qarşısında itirdiklərində baş verər. Ola bilsin ki, hiss etməmisiz ya görməmisiniz, ancaq gerçək dəyişməzdir. Ağlamaq həm də sevinclə bağlı olan prosesdir, bəs bu necə baş verir ki, insan incidilərkən, zədələnərkən, mənəvi cəhətdən uğursuzluğa düçar olarkən yaranan proses onun xoşbəxt zamanında da belə baş verə bilər. İnsan həyatında daha çox doğulduğu an batini saflığa, təmizliyə malik olur, bu mənəvi, ruhani təmizlik eyni zamanda xoşbəxtliyin əsas tərənnümçüsüdür ki, daha çox körpəlikdə olduğu kimi yaşlı çağında da insana yaxın olur bu mənəvi saflıq. Buna bu cür məna vermək olar ki, insan ömürdə daha çox bu zamanlarda ruhani təmizliyə sahib olmaqla yanaşı Tanrıya da məhz ömrün bu çağlarında yaxın olur. Bəli, sevinc anında insanın ağlaması onun incidilməsi kimi deyil, əksinə mənəvi cəhətdən daha həssas olduğu pillə kimi qiymətləndirilməlidir. Mənəvi sağlamlıq demişkən qeyd edim ki, insan gerçək düşüncəsi etibarilə böyük boşluqdan ibarətdir. O boşluq ki, əsasən öyrənməyə qabil olan insanlar o boşluğu doldurmaqda səfərbər olurlar, çünki insanın daxili dünyası, xarakteristikası ele elastik formada qurulub ki, bir növ vərdiş xarakteri daşıyır. Mənən dünyaya boşluqla gəlib və o boşluğu müsbət vərdişlərlərlə dolduran, zənginləşdirən insanlar daha çox irfan sahibi olurlar, özlərini mənfi vərdişlərlə kirləyən bədxahlar isə o boşluğu boşluq olaraq da saxlayırlar. Bu geniş dünya həyatda olan hər kəs üçün bir şansdır, daha aydın formada ifadə etsəm nəfəs alan hər bəndə seçilmişlərdir ki, hansısa səbəblərdən dolayı onların da bir üstün nöqtələri vardır əlbət.

İnsan ana bətnində səssiz, rahat uyuduğu halda, dünyaya qədəmlərini qoyarkən kirimədən ağlayar. Heç görmüsünüz ki, dünyaya gələn körpənin üzündə gülüş olsun? Sizi deyə bilmərəm, mən görməmişəm. Bəlkə də başına gələcək olanlara görə insan oğlunun dünyaya gəlişi bu cür göz yaşı ilə olur, bəlkə də nə vaxtsa əzizlərindən ayrılmaq qorxusudur, bəlkə də göz yaşlarının səbəbi elə həyatın özünə doğulmaqdı. Mən həyata gələrkən dərk etməm özümə məxsus olsa idi əgər sizə onu deyim ki, hönkürə-hönkürə yenə ağlayardım. Xeyr, bu mənim Tanrıdan narazı olduğum anlamına gəlmir, daha aydın formada ifadə etmiş olsam, dözümsüz olmağım kimi anlaşılsa daha uyğun olar, xeyr əgər bu da mənim bədbin olduğum mənasına gəlirsə artıq deyə bilərəm ki, bədbin olmağıma səbəb olan sosial hadisələr hesabsızdır. Bu əsnada Azərbaycanın məşhur maarifçisi Həsən bəy Zərdabi əfəndinin öz müasirlərindən birinə yazdığı müraciəti yadıma düşdü:

“Doğru deyirsiniz ki, həqiqət bir xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük.”

Həsən əfəndinin dilindən çıxan bu sözə müxtəlif yekmənalar vermək mümkün olsa da, mən də bu qiymətli müraciətdən anladığım mənanı sizə ifadə etmək istədiyim mövzuyla paralelləşdirmək istəyərəm. Yaşam ərzində hər kəsi deyə bilməsəm də, bəzi insanlar özlərindən elm, əxlaq, mərifət cəhətindən daha yüksək insanlara xoş münasibət bəsləyər, bir növ özlərini simpatiya bəslədikləri şəxslərə bənzətmək üçün öz daxili qatlarında, yaxud əməlləri ilə var-gəl edərlər. Bu çox müsbət haldır, müsibət hal deyil. Müsibət hal o zaman olur ki, daha yöndəmsiz, yonulmamış insanları özünüzə həmrəng görəsiniz. Qısa şəkildə qeyd etsək deyə bilərəm ki, el arasında belə bir deyim var: “Niyyətin hara mənzilin də ora” bəli, bu, həqiqətən də dopdoğru ifadədir, çünki insan qarşısına hansı məqsədi qoyarsa, həmin məqsədə doğru da irəliləyər. Həsən bəy Zərdabi də məhz problemin bu yerinə hədəfləyir; xəyal olan həqiqəti həqiqətə çevirmək üçün çalışmaq öz əlimizdə olduğunu inadla ifadə edir.

Məsələn; sizə uzun müddət əvvəl baş vermiş üzücü taleylə bağlı olay danışmaq istəyirəm. Orta məktəbdə baş verən bu hadisə eyni zamanda tragikomediya kimi dəyərləndirilməlidir. Belə ki, 11-ci sinifin şagirdlərindən birisi törküsüz yoldaşlarına qoşulub oğurluq etməkdə suçlanaraq 8 il həbs cəzasına məhkum edildi, doğrusu həmin bivec uşağı ( sözün düzü, bivec o uşaq deyil də, onu yetişdirən valideyn, onu tərbiyə edən məktəb və cəmiyyətdir) mən də çox yaxşı tanıyırdım və daha çox nadan düşüncə sahibi olaraq tanıtmışdı özünü və öz tipində olan tiplərlə özünə məqsədsiz "yol" açmışdı. Ancaq digər sinif yoldaşları həmin müddətdə intensiv hazırlıqlarla məşğul idilər və sonda əziyyətlərinin şirin bəhrəsini görərək ali məktəbə qəbul olub mərifət sahibi kimi valideynlərinin fəxri, qohum-əqrəbanın, qonum-qonşuların da sevimlisinə çevrilib ətrafındakılara müsbət yöndə örnək oldular, ancaq mənfi yönə enerjisini israf edən şagird isə ömrünün ən həll edici illərini dörd divar arxasında səndələyə-səndələyə keçirməyə müvafiq oldu. Və hələ də bildiyim qədərilə azadlığa həsrətdir, beləcə həyatının 8 ilini göyə sovurdu. Və burda da həyatın təzadı özünü göstərdi. Unutmayın ki, hər kəs öz yolunu planlı şəkildə çızmağı bacarmalıdır, şübhəsiz. Necə deyərlər niyyətin hara, mənzilin ora.

Elmir Həsən

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.