Sevgi və gözəllik - Rahid Ulusel yazır
29 İyul 2022 / 09:30
Rahid Ulusel
Sevgi və Gözəllik:
körpüləri, sıldırımları ilə
XXI əsrin aforizmləri
Dördüncü hissə
Ailə – özlərini bir-birinin yolunda qurban verə bilən insanların ittifaqı.
***
Dərin məhəbbətlə sevən insanlar: onlar yer üzündə dahilər qədər azdır.
***
Bir-birini sevməyən kişi və qadın qaçqın kimi yaşayır öz Ailə-Vətənində.
***
Romantik qadınları sevmək və ram etmək üçün realist olmaq lazımdır.
***
Tarixin hərəkətverici qüvvəsi – kişi, Həyatın hərəkətverici qüvvəsi – qadın.
***
Sevmədiklərinə ərə gedənlər Tənhalıqdan yox, Təklikdən qurtulur.
***
Ağıllı kişilər qadını dərk edir, axmaqlar bütləşdirir, ortabablarsa arvad eləyir.
***
Qadınla kişi arasından altun dolu dəvə karvanı ötdü – eşqin gözü açılmadı. Qadınla kişi arasında altun saçın bircə teli əsdi – eşq titrəyib oyandı.
***
Qadın – yarpaq dalında gizlənən gilas kimidir: gözəlliyi ilə, dadı ilə, sirri ilə, həyası ilə.
***
Gərək təyyarə biletlərinin qiymətinə stüardessaların təbəssümünü də daxil etsinlər.
***
Sevgi – dialoqun ideal formasıdır.
***
Dünyada məhəbbət azaldıqca – ehtiras çoxalır.
***
Qadın qəlbinin atlasında gərək öz Vətənini tapa biləsən.
***
Qadın o şərabdır ki, içdikcə ayılırsan.
***
Günəşin üzü yalnız bir halda örtülsün – Sənin saçlarınla.
***
Sevgililər də gərək bir-birini tükəndirməyə.
***
Zinət taxmaları qadının əxlaq gözəlliyinin işığında daha parlaq görünür.
***
Ağıllı qadınlarla gözəl qadınlar məclisdə bir-birini təbii şəkildə kompensasiya edir.
***
Gözəlliyi və cazibədarlığı ilə hamının diqqətini cəlb etsə də, saf, ismətli və ləyaqətli qadını qısqanmaq – onun mənliyinə toxunmaq deməkdir.
***
Qarğıdalı öz dənələrini sayınca, saçaqları uzanıb üzünü örtdü.
***
Ruhun poeziyası. Şair olmadan da o həyatı doya-doya yaşayırsan.
***
Gözəlliyə qarşı dayanan – eybəcərlikdən daha çox süni gözəllikdir.
***
Canımız özümüzü yaratmağa bəs edir.
***
Kiminsə darlığına sığmayan dünya kiçilməz.
***
Nifrət – Sevgi ərazisini işğal etdiyi yerdə köç salır.
***
Kişi yan gedir: deməli, qadının kompası düz işləmir.
***
Qadın və kişi bir-birinin ağıl və gözəlliyindən çox, stixiyasına aşiqdir.
***
Doğulmağımızdan illər öncə valideynlərimiz olacaq iki insan – bir qadınla bir kişi bizim nəyimiz idi?!
***
İsmətli qadının gözəlliyi – onun zirehidir.
***
Ömür boyunca yaşanan sevgi – dənli bitkilər kimidir, əkilib-becərilib-bəslənildikcə artır: bir dənindən yüz dən!
***
Bir parası qadınını eksponat kimi saxlayır, suvenir kimi adam arasına çıxarır.
***
Məsumluğu sadəlövhlük, saflığı anlaqsızlıq kimi yozmaq nə qədər kövrək mənəviyyatı gözdən salıb, alçaldıb və zəhərləyib.
***
Hər bir seçkin gözəllə – gözəlliyin dəyəri, statusu və meyarı yüksəlir.
***
Eşqdən doğulub-yoğrulmayanların sevgidən savayı bütün hissləri ürüyüb-artar.
***
Sevginin yaraları da gül açır.
***
İki sevgili üz-üzə, insanla təbiət üz-üzə: onlar susanda necə dərin ülviyyətlə danışırlar!
***
İlk sevgi – son nəfəs.
***
Qadınlıq – dərk olunur, qadın – duyulur.
***
Qadın məlahəti – insanlığın oksigeni.
***
Nikah oğlanı – kişi, qızı – qadın mərtəbəsinə yüksəldir. Birlikdə isə onlar nikahı – ailəyə çevirirlər.
***
Qadın – İncidir, ona görə incidir.
***
Adam var, on iki uşağın yiyəsidir, amma bilmir – nədir Eşq!
***
Əgər siz qadından ona “ağıllı xanım”, yoxsa “gözəl xanım” deyilməsinə üstünlük verməsini soruşsanız, bilin ki, mütləq o, dilində birincini, ürəyində isə ikincini seçəcək.
***
Ana ola biləcək qızlar, Ata ola biləcək oğullar dünyaya gətirin!
***
Ev – Akademiyadır.
***
Doğmalıq və dostluq: övladlarla birlikdə böyümək bu effekti verir.
***
Doğmalıq hissinin təbiiliyi sındırır asılılıq hissinin əsarətini.
***
Övladlarla məsafə saxlamaq çox vaxt onunla nəticələnir ki, valideynlər və övladlar belə uzaqdan daha bir-birilərini tanımırlar.
***
Gənclik – xatirə albomu deyil, heç zaman bitməyən, ömrünün sonunadək səninlə qalan çağındır, həyatını içirən, susuzluqdan qoruyan, qurumayan bulağındır – gənclik.
***
Qocalıq – Xocalıqdır. Qocalıq – başda gəzdirilən tac deyil, keçmişinə qərq olan nisgil deyil, titrəyən kirpiklər deyil, damarlanan əllər deyil, qürub rəngində parlaq bir Gələcəkdir!
***
Gözəlliyə yanlış və yarımçıq yanaşma – onu yalnız gənclik çağında görür. Halbuki gözəllik – əgər sağlam və dolğun yaşayırsa, insanı heç vaxt tərk etmir, onunla birlikdə yaşa dolur, qocalır: müdrik ağıl kimi, gözəllik də öz kamilliyinə çatır.
***
Bir-birinə gülüş, çiçək, üzük bağışlayan sevgililər bilməlidirlər ki, onlar ailə qurandan sonra arabaya qoşulmuş qoşa atın yükünü də çəkməyə gərək hazır olalar.
***
Gözəllik – həyatın bəzəyi deyil, özəyidir.
***
Gözəllik – kosmetika ilə yox, kosmosla ülviləşir.
***
Kölgə də qaranlıqda yox, işıqda yaşar.
***
Gözəlliyi yaşada bildikcə yaşayırıq.
***
Əsl gözəllik odur ki, ətrafında da gözəlliyin toxumlarını əkir, bağını salır...