Sənət və ədəbiyyat dərgisi

Qumların qadını - Nicat Həşimzadə yazır

12 Avqust 2022 / 17:01

Nicat Həşimzadə

 

Qumların qadını

 

Bəzən insanın arzuladığı tək şey dənizi görmək olur. Bəzən insanın ehtiyacı olduğu yeganə əşya sadəcə bir nərdivan olur. Bəzən də bir qurtum suyu dünyanın ən ali neməti sayırsan. Sadəcə suya ehtiyacın olur. Və məhz bu ehtiyaclar sayəsində həyatı anlaya bilirsən. Başa düşürsən ki, ən bəsit şeylər belə insanı xoşbəxt edə bilər. Sadəcə insan oğlu nələrə sahib olduğunun fərqinə vara bilmir. Xatırlaya bilmirəm, hansısa kitabda oxumuşdum. “Ehtiyac insanı ağıllı olmağa məcbur edir”.

1924-cü ildə Tokioda doğulan yazıçının uşaqlığı Mancuriyada  Mukden şəhərində (indiki Şenyanq) keçir. Anası Hokkaydo adasında böyümüş, uşaqlığı Mançuriyada keçmişdi. Bu səbəbə görə Kobo Abe 1978-ci ildə verdiyi bir müsahibədə deyirdi ki, əslində, mənim, bəlkə də, bu səbəblərdən bir məmləkətim yoxdur. İnsanların stabilliyi üçün dəyərli olan səbəblər məni incidir.  Duyğularımın dərinliyində “məmləkət fobiyamın” arxasında, bəlkə də, bu səbəb dayanır. Uşaqlığında Kobo Abe həşərat toplamağı sevir, riyaziyyata maraq göstərir və mütaliə edirdi. Ümumiyyətlə, bir məqama xüsusi diqqət göstərmək lazımdır. Kobo Abenin ən çox  sevdiyi müəlliflər Dostoyevski, Martin Haydeger,  Karl Yaspers, Fridrix Nitşe və Edqar Allan Podur.

“Qumların qadını” əsərini oxuyarkən əvvəlcə Kobo Abeni anlaya bilmədim. Ancaq həyatı haqqında araşdırma apardıqca və sevdiyi müəllifləri bildikcə yazıçını anladım. Bu əsərində Kobo Abe qeyri-standart xətt yarada bilib. Uşaqlıq dövründə həşərat toplamağı sevən Abenin qəhrəmanı Cumpei Niki böcəklər toplayır, onları araşdırır, qeyri-adi böcək növlərini axtarır. Roman boyu biz qəhrəmanın özü ilə danışdığını görürük. Qəhrəmanımız deyir:

Təbiətdə bəzi böcəklər və həşəratlar təhlükə hiss edən zaman özlərini ölü kimi aparırlar.

Romanı oxuduqca görürük ki, Cumpei Nikinin böcək sevdası onun başına bəla olur. O, bilmədiyini, tanımadığı qumsallıq bir əraziyə gəlir. Kənd sakinləri onu bir qadının evinə aparırlar. Niki düşünür ki, sadəcə bir gün burada qalacaq və növbəti gün kənddən çıxacaq. Ancaq hadisələr tamamilə başqa cür olur. Bu qumsallıq kənd onun üçün zindana çevrilir. Hər dəfə bu həbsxanadan qaçmaq istədikcə onu təqib edirlər, yenidən qadının evinə gətirirlər. Əslində, buna ev də demək olmaz. Qəhrəmanımız çətin suallar qarşısında qalır:

İlahi, belə dəhşətli vəziyyətdə insanlar necə yaşayır və niyə yaşayır? Bir çıxış yolu yoxmu? Adamlar belə faciəvi iztirabdan bezmirlərmi? Axı bu qədər işgəncəyə necə dözmək olar? İtlər belə azadlıqdan məhrum olanda ağıllarını itirir, dəliyə dönürlər. Bəs bu adamlar yaşamağı necə bacarırlar?

Növbəti səhifələrdə biz görürük ki, kənd sakinləri çox soyuqqanlıdırlar. İnsani hislərini itiriblər. Onları sadəcə həyatda qalmaq maraqlandırır və onlar özləri kimi olmayan adamlara xəstə, dəli kimi baxırlar. Romanı oxuduqca bir rəvayəti xatırladım.

Məmləkətlərdən birində bir padşah varmış. Bu padşah axsaq imiş deyə, bütün vəzir, vəkil, əyanlar da axsayırlar. Qorxurlar ki, sağlam gəzsələr padşah əsəbiləşər, onları edam etdirər. Məmləkəti idarə edən adamların axsadığını görən sakinlər də axsamağa başlayırlar. Bu xəstəlik zamanla bir vərdişə çevrilir. Nəsildən nəslə keçir. Günlərin birində məmləkətə bir uşaq gəlir. Hamısan fərqli olaraq sağlam gəzir, düz yeriyir. Camaatın bu uşağa yazığı gəlir. Gəlib başını sığallayırlar ki, yazıq gəzə bilmir. Ayaqları şikəstdir. Qəhrəmanımız Cumpei Niki də eynən bu taleyi yaşayır.

Roman boyu ekzistensialist fəlsəfənin təsirini görürük. Əslində, qumsallıq, qum axını, dərinlikdə yerləşən komaya yuxarıda qum hücumu sadəcə təsvirdir. Gerçəkdə başqa hadisələr yaşanır.

 

Ekzistensializm Birinci Dünya Müharibəsindən sonra Almaniyada və İkinci Dünya Müharibəsi dövründə Fransada yaranıb. Bu məsələdə bir məqama ciddi yanaşmaq lazımdır. Hər iki ölkədə bu cərəyanın yaranmasının əsas səbəbi müharibələrdir. Böyük qırğınlar nəticəsində dünya öz nizamını itirmiş, xaosa sürüklənmişdi.  Dünya özü özünü nizama salmalı idi.  İnsanlar suallarına məntiqlə, ağılla cavab tapa bilmədilər. Modern dünyada müasir zəkaya sahib insanlar yaşayan çağda qanlı faciələrin baş vermə səbəbini axtardılar. Suallara cavab axtardıqca daha çıxılmaz hallara düşdülər. Bir həqiqəti bəyan etdilər ki, insan beyni bütün sualları cavablandıra bilmir. İnsan ağlının hələ cavab tapmadığı suallar var və belə bir durumda ağlın mövcudluğuna da şübhə yaranır. Ekzistensialistlər hesab edirlər ki, insanın mahiyyəti onun varlığından öncə mövcud olub. Yəni öncə insan bir ideya kimi yaranıb, sonra təbiət və ya Tanrı ona forma verib. Yəni ki, insan öncə ideya olub, sonra bu müəyyən bir qəlibə salınıb və insan forması alıb. İnsan nə olacağına, necə olacağına özü qərar verir. Bu səbəbə görə də ekzistensialistlər düşünür ki, insan seçimlərindən ibarətdir.

Qəhrəmanımız Cumpei Niki də azad seçim haqqından istifadə etmişdi. Onun məqsədi qeyri-adi, elmə məlum olmayan böcək növlərini tapmaq və adını zoologiya kitablarına yazdırmaq idi. Bizə məlum olur ki, qəhrəmanımız həm də şöhrətpərəstdir. Təlimin banilərindən biri Martin Haydeger “Varlıq və zaman” əsərində yazır ki, Obyektiv idrak yolu ilə, yəni elmi metodla yalnız xarici aləmi öyrənmək mümkündür. O, insanı öyrənmək üçün yaramır, çünki insan xüsusi növdür. İnsan öz varlığını bilir və hiss edir. İnsan varlığının bu xüsusiliyini göstərmək üçün ekzistensialistlər onu “mövcudluq” adlandırır. Yəni, bu məntiqə görə insanın öz seçimini edə bilməlidir, öz seçiminin arxasında dayanıb onu idarə etməyi bacarmalıdır, özü özünə imkanlar yaratmalıdır. 

Niki də seçim edir, qarşısına məqsəd qoyur, yeni növ böcəklər tapmaq üçün səyahətə çıxır. Bəs niyə bəxti gətirmir? Bu romanı oxuduqca Şopenhauerin və Kyerkeqorun fikirləri yadıma düşürdü. Şopenhauerə görə insan heç zaman can sıxıntısından xilas ola bilməz. Əgər sən maddi cəhətdən zəngin adamsansa daim pulunu xərcləmək üçün müxtəlif əyləncələr axtaracaqsan, həyatın qaçaqaç içində keçəcək. Mənəvi dünyan boşdursa sıxıntıdan xilas ola bilməyəcəksən. Əgər sən kasıb adamsansa və mənəvi dünyan zəngindirsə, daim sənət haqqında düşünürsənsə yenə də can sıxıntısından xilas ola bilməyəcəksən. Çünki düşünməyi öyrənməklə mağaradan bir dəfə çıxmısan. Suallar daim səni təqib edəcək, can sıxıntısı sənin ən yaxın sirdaşın olacaq. Kyerkeqorsa hesab edirdi ki, əsl fəlsəfə fərdi xarakter daşımalıdır və onu da deyirdi ki, İbrahim peyğəmbərin oğlunu qurban kəsmək istəməsi azad fərdin müstəqil seçimidir. Kyerkeqora görə insan mütləq ümidsizlik yaşamalıdır. Həyatın ağrısı, iztirabı ilə qarşılaşmayan insan onun mahiyyətinin dərinliyinə vara bilməz. Belə adamlar həyatını səthi yaşayır. Həyat həm də ağılsız, mənasız zərurətlərdən ibarətdir və bu zərurətlərə qarşı mübarizə etmək əzmi də bir seçimdir. İnsan bu seçim haqqını dəyərləndirib mübarizə əzminə sahib olmalıdır. Buna bənzər fikirlərə Nitşenin əsərlərində də rast gəlirik. “Öz odunda yanmadan, yenidən öz küllərindən necə yarana bilərsən”.

 Xaos təhlükəsi bizi məna yaratmağa məcbur edir. Cumpei Niki də elə bu xaosdan qaçmaq üçün yeni mənalar axtarışına çıxmışdı. Ancaq həyat onu bu axtarışlar nəticəsində daha böyük xaosun içinə sürüklədi. Romanda maraqlı bir məqam var. Günün əksər hissəsi evinə tökülən qumu təmizləyən qadına Niki sual verir:

Qumu kürümək üçünmü yaşayırsan, yoxsa yaşamaq üçünmü kürüyürsən?

Bütün bu hərəkətlə tənha qadında vərdiş halına çevrilib. Əksər yapon yazarları kimi Komo Abe də yapon ənənələrinin üstünlüyü göstərir. Qadın cavab verir ki, biz bu torpaqlara, bu yoxsul kəndə öyrəşmişik. Doğmalarımızın məzarı bu kənddədir. Bu hissədə biz yaponların evə, torpağa sədaqətini görürük. Qadın çox mübarizdir, iradəlidir. Ancaq nə qədər iradəli, güclü olsa belə Nikiyə deyir ki, belə həyat tənha qadın üçün çox çətindir.

Kobo Abe simvolikadan çox istifadə edən müəllifdir. Əslində Nikinin azıb gəldiyi və qurtula bilmədiyi qumluq elə xaosdur. Xaos həm də nizama xidmət edir. Təki bizim də həyatımız xaosa dönəndə nizam tez bərpa olunsun. Özümüzü itirməyək. İradəmiz sarsılmasın.

 

                                                                                                                       

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.