İşirəm yoxluğuna - Anna Axmatovanın şeirləri

09 İyun 2023 / 10:00
Anna Axmatova
Sakit-sakit axır Don,
Ötür gecə səsindən.
Diksinir ay işığı
Bir İnsan kölgəsindən.
Dolub sahildə qadın,
Nə qazandı həyatda;
Əri qəbirdə yatır
Oğlu da qazamatda...
***
Mən badə qaldırıram
Viran qoyduğun evə,
Və...
səni sevə-sevə,
İçirəm yoxluğuna,
Bir də gözlərindəki
Ölü soyuqluğuna,
ikilikdə təkliyə.
Tanrı da bu sevgini
Xilas etmədi deyə...
***
Gülüşümə qırov düşür,
Bir ümid də solur demə.
Şaxtalı yel təb sovurur
Doğulacaq yeni nəğmə...
Bu nəğməyə qatacağam
Kinayəli gileyimi.
Sevgi dolu sükut yenə
Ağrıdacaq ürəyimi...
***
Mən qulaq asmırdım qapı dalından,
Səni izləmirdim səndən gizlicə.
Mən sənə güvəndim inandım sənə -
Bilmədim, sən məni aldatdın necə...
İndi gəlib üzr istəyəcəksən ,
Niyə bağışlayım,
Nəyi və kimə...
Səni sevməsəydim bağışlayardım
Nə üzlə qaytarım səni qəlbimə?!
***
Söylə mənim adım nəyinə gərək,
Sahildə əriyən ləpələr kimi,
Səsində qarıyan son kədər kimi
Dilinə dəyməmiş ölüb gedəcək...
Söylə, mənim adım nəyinə gərək,
Ölü iz qoyacaq and yerində o,
Yad dildə yazılan yazılar kimi
Qonub baş daşına cizgilənəcək...
Söylə, mənim adım nəyinə gərək,
Səni ki, könlümə yetirməyəcək,
Bir də o sevgini bitirməyəcək,
Öləcək meşənin gecə səsi tək...
Bir güncdə...
Qəlbinin qərib çağında
Kədərdən asılan tənhalığında
Həsrətin tarıma çəkilən vaxtı
Adım dodağına qayıdacaqdır...
***
Ah, nəyçün suyumu zəhərlədiniz,
Nəyçün çörəyimə çamur qatdınız?
Çalıb əlimdəki azadlığı, siz
Sonuncu çöp kimi oda atdınız...
Bilirəm suçumu,
öz dostlarımın
Məhvinə məzəylə yanaşmamışam.
Məni bezdirməyib dərdimin tamı,
Vətən-vətən deyib ötən bir quşam.
Tövbə köynəyində yüz şam əridi,
Hər ürək bu odu daşıya bilmir.
Dünya şairlərə edam yeridi
Şairlər cəlladsız yaşaya bilmir...
Təsəlli
Sən məndən məktublar almayacaqsan,
Eşitməyəcəksən mənim səsimi.
Mənim qəbrimi də tapmayacaqsan
Polşada pay verdim son nəfəsimi...
Burda yerim, ruhum qoy rahat olsun,
Səni kövrəltsə də müqəddəs itki.
Allah ordusunun əsgəri oldum
Savaş ordusundan düşsəm də itgin...
Ağlamaq günahdı, üzülmək günah,
Çəkmə gözlərinə qüssədən qara.
Deyirəm, sən özün kömək ol, Allah,
Mənu qərib yerdə qoruyanlara...
Erməninin dilindən
Yuxuna gələrəm qara qoyun tək,
Baxıb yazıq-yazıq mələyərəm, ah...
Necəydi bu axşam yediyin yemək
Necəydi bu günkü şamın, ey padşah?!
Nəfsin zəncir kimi sıxır milləti,
Çəkilib Allahın səbri tarıma.
Xoşuna gəldimi oğlumun əti
Sənə, arvadına, balalarına...
Çevirəni Ramiz Qusarçaylı