Sənət və ədəbiyyat dərgisi

Bəzən sözlər gözəldir - Laura Qaravalya + ŞUŞAYA SALAM

03 Oktyabr 2022 / 09:33

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-02 oktyabrda layihə tanınmış İtaliya şairi Laura Qaravalya ilə,  onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.

 

Laura Qaravalya /  İtaliya

şairə, “Europa in versi” beynəlxalq poeziya festivalının direktoru

 

Hamını salamlayıram. Mən Laura Qaravalya, italyan şairəyəm, La Casa della Poesia təşkilatının və Komo şəhərində keçirilən  “Europa in Versi” beynəlxalq poeziya festivalının direktoruyam. 12 ildir bu şəhərdə yaşayıram. Azərbaycan xalqına ən səmimi salamlarımı göndərirəm, xüsusən Şuşalılara, bu vacib təşəbbüsün – “Şuşa ili”nin aid olduğu Şuşa şəhərinə.  Bu şəhər yetişdirdiyi böyük şairlər, yazıçılar, musiqiçilərlə Azərbaycan mədəniyyətinin zənginləşməsində xüsusi rol oynayıb. Odur ki, Şuşa böyük əhəmiyyətə malikdir, qoy bu şəhər  poeziya, ədəbiyyat, bütünlüklə sənət vasitəsi ilə daim ifadə olunan dostluq, sülh  yeri, carçısı olsun xalqlar arasında. Mən böyük Azərbaycan şairəsi Nurəngiz Günün şeirlərini italyan dilinə çevirmişəm. Ümid edirəm ki, Azərbaycan poeziyası, Şuşalı şairlərin şeirləri İtaliyada daha çox tanınacaq. Şuşa salam!

 

 

Poeziya

 

Bəzən sözlər gözlərdir,

dünyaya çəpəki baxırlar.

Lap dərində

müxətlif baxış bucaqları var.

Amma bəzən sözlər

havada uçuşurlar,

həyatın künc-bucağına

gedib çatmırlar.

Şeir isə

günəş şüasında

görünən, uçuşan sözlərdir.

 

Tərcümə: Səlim Babullaoğlu

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.