Sənət və ədəbiyyat dərgisi

Bir uzun ölüm yuxusu - İon Hadırka + VİDEO

06 Oktyabr 2022 / 10:47

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 06  oktyabrda layihə görkəmli rumın şairi İon Hadırka,  onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

İon Hadırka/ Rumıniya

 

Azərbaycan xalqını və Şuşa şəhərini ürəkdən salamlayıram.

Hələ qədimlərdən İpək yolunun üzərində yerləşən Şuşa şəhəri milli operanın vətəni və həqiqətən də Qafqazın konservatoriyasıdır. Şuşa bu gün də şairlərə, rəssamlara və tarixçilərə ilham verir.

Mən bilirəm ki, Şuşa böyük şair Molla Pənah Vaqifin vətənidir. Vaqif, almanca da daxil olmaqla, çoxlu sayda dilə çevrilib. Hesab edirəm ki, onun şeirləri ilə bizim böyük şairimiz Mihay Eminesku da tanış olub.

Kişineunun qonağı olmuş yazıçı Anar, yazıçı və kinorejissor, bizim böyük kinorejissor və şair Emil Lotyanunun müasiri və dostu olmuş Rüstəm İbrahimbəyov kimi yazıçıların adları da bizim üçün əzizdir.

Şuşa ənənələrin, incənətin və milli mədəniyyətin beşiyi və qalasıdır. Milli mədəniyyətin və dünya irsinin şəhəri adlanmaq onun haqqıdır.

Salam, Şuşa ! Əziz Şuşa, bu şeiri sənin üçün oxuyuram.

 

 

Buğdanın günəşli şərqisi

 

Gizlin aləmlərin gənc elçisi,

bulağın şır-şırından ruhlanan,

bizim və özünün əziz Günəşinə

danışqan Uddan şövqlənərək

şərqi qoşur:

“İnsan ordularından uzaqda

məni qoruyan

yerin yorğanı altdan

yazıram.

İmperiyanın qabığını qır,sındır,

odlu şüalarının iynəsilə

diblərinə işlə kökümün,

qardaşlarım buğda dənəciklərinin ürəyinə.

Böyüt bizi!

Xilas elə

bu uzun ölüm yuxusundan

və yayın bu yorucu yükündən

azad elə,

bir yerə topla bizi,

bir şahanə çələngə

ki, əyilməz sünbüllərin

sənin

ən uca nöqtədə

qızılı rənginə boyansınlar,

boylansınlar...”

 

Tərcümə: Səlim Babullaoğlu, Jalə İsmayıl

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.