Qəm-qüssəni yumaq - Mustafa Məsturun şeiri
17 Oktyabr 2022 / 11:05
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 16 oktyabrda layihə Iran şairi Mustafa Məstur və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Mustafa Məstur / İran
Mən Mustafa Məstur sevimli və sevdiyim Azərbaycan torpağının xeyirxah insanlarına bir o qədər də uzaq olmayan bir diyardan – İrandan salamlayıram. Xüsusilə də, poeziya, mədəniyyət və musiqi şəhəri olan gözəl Şuşa şəhərinin əziz sakinlərinə salam deyir, bu şəhərin sevimli insanlarını “Şuşa ili” münasibəti ilə təbrik edirəm. Heyrətamiz təbiəti, zəngin və məhsuldar mədəniyyəti olan şəhər! Aşiqlərin, muğam musiqisinin şəhəri! Qəlbində böyük musiqiçiləri, bəstəkarları, şairləri yetişdirən şəhər!
Əslində, “Şuşa ili” adlandırılması Azərbaycanın bütün şəhərlərinin tarixi-mədəni kimliyinin vəhdətini vurğulamaq üçün bir bəhanədir. Beləliklə, Şuşa, salam.
Bu münasibətlə şeirlərimdən birini bu gözəl, yorğun, yaralı, lakin xoşbəxt və azad şəhərə həsr etmək istəyirəm.
Emalatxana
Və anaların çoxu
qab-qacağı
və qəm-qüssəni yumaqla məşğul,
zindandakılar
günləri saymaqla.
Gəlinlər
gələcəyi toxumaqda
xəyalın və balın ipləri ilə.
Əsgərlər
savaşı məşq edir günlər boyu,
gecələr günləri saymaqla məşğul.
Xəstələr ölməklə,
həkimlər
ölümü cilovlamaqla,
möminlər
iltimasla,
aşiqlər
sevgi namələri ilə məşğul.
Filosoflar
suallara cavab axtarır.
Suallar
doğub-törəməklə.
Qatillərin başı
inadla, ümidlə və ehtiyatla
öldürməyə birini aramağa qarışıb.
və Tanrı
sükut və dözümlülük içində,
qəbul və xəyal işləri,
bal və ölümlə məşğul.
Tərcümə: Ariz Tarverdiyev