Sənət və ədəbiyyat dərgisi

Ürəkləri parçalayan ev 

29 Noyabr 2022 / 10:53

 

“Ürəkləri parçalayan ev"in mənzərəsi

“Ürəkləri parçalayan ev" Bernard Şounun ən gözəl əsərlərindən biridir. Yazıçı onun üzərində hələ 1913-cü ildən çalışmağa başlamış, 1917-ci ildə bitirmiş, 1919-cu ildə isə dərc etdirmişdir. Yazıçının bütün yaradıcılığının yekunu olan bu əsər müharibəyə qədərki İngiltərənin geniş həcmli ümumiləşdirilmiş təsviridir.

B.Şou burjua dünyasının məhkum olması barədə yazırdı. Kapitalist cəmiyyətinin məhvə sürüklənməsi mövzusunu araşdıran yazıçı müharibəni böhranın qanuni nəticəsi kimi göstərirdi. Sosial tənqidin kəskinliyi əsərin qəhrəmanları olan ingilis burjua ziyalılığının nümayəndələrinin psixologiyasına daxil olma dərinliyinə uyğunlaşır. Şou özü qeyd edirdi ki, pyesdə “müharibədən əvvəlki mədəni Avopanı” təsvir etmişdir. Əsərdə keçmiş dənizçi Şotoverin öz arzusu ilə gəmi formasında inşa edilmiş evi burjua İngiltərəsinin öz məhvini gözləyən simvoluna çevrilir.

Onların dünyasındakı hər şey davamsız bünövrə üzərində qurulub, müvəqqətidir və yalandan ibarətdir. Saxtakarlıq toru, yalançılıq insanlar arasındakı münasibətdə də çaşqınlıq yaradır. Hər kəsi acı təəssüf hissi gözləyir. Elli Den əmin olur ki, sevgilisi onu aldadır. Elə o özü də Mengeni aldadaraq onun arvadı olmaq qərarına gəlir. Aldadılan, Mengeni dostu və xeyirxahı zənn edən Madzini Den də aldadılır, əslində, Mengen onu müflis edir. İnsanlar etibar hissini itirirlər. Onların hər biri sonsuz dərəcədə tənhadır.

Pyes dəqiq süjet xəttindən məhrumdur. Dramaturqu hər şeydən əvvəl qəhrəmanların əhvalı, onların hissləri və ətraf dünyanı özünəməxsus qavramaları maraqlandırır. Qəhrəmanların söhbətləri, mübahisələri və həyat barədə qeydləri ədəbsizlik və kədərlə doludur. Səsləndirdikləri aforizmlər, yaşadıqları paradokslar yekun nəticədə bu ağıllı, təhsilli insanların həyat qarşısındakı zəifliyindən xəbər verir. Onların xüsusi məqsəd və hədəfləri, idealları yoxdur.

Bu gəmi-evdə qırıq qəlbli, “fikirlərində də, hisslərində də, söhbətlərində də xaos” olan insanlar yaşayır. “Bu, İngiltərədir, yoxsa dəlixana?” – pyesin qəhrəmanlarından biri olan rəssam Hektor Heşebay soruşur. “Amma bizim hazırda içərisində olduğumuz gəmiyə nə olub axı? İngiltərə adlandırdığımız bu qəlblər həbsxanasına nə olub?.

Növbəti bombalanma zamanı intihar, həlak olma barədə düşüncənin onlara xilas kimi görünməsi də təsadüfi deyil. “Bizim yaşamağımızın heç bir mənası yoxdur. Biz lazımsızıq, təhlükəliyik. Bizi məhv etmək lazımdır”. Pyes növbəti səhnə ilə yekunlaşır: müharibə bitir və düşmən təyyarələri bombalar yağdırır. Kapitan Şotoverin evinin sakinləri isə təyyarəçilərin diqqətini cəlb etmək arzusu ilə bütün otaqlarda işıqları yandırır. “Evi yandırın!” – deyə Elli qışqırır. Və bu çağırış “ürəkləri parçalayan ev”in sakinləri olan insanlar üzərində hökm kimi səslənir.

Bernard Şou bu pyesi ingilis mövzusunun rus üslubunda fantaziyası adlandırırdı. B.Şou müasiri olduğu İngiltərədəki həyatın təsvirinə müraciət edərkən L.N.Tolstoyun, A.P.Çexovun ənənələrini dəstəkləyir. “Ürəkləri parçalayan ev” mövzu cəhətdən “Albalı bağı” əsəri ilə uzlaşır. Çexov dramının Şouya təsiri xüsusilə nəzərə çarpandır. Bu barədə o özü yazırdı: “Müasir Avropa dramaturqları dəstəsində İbsenin müasirlərindən olan Çexov nəhəng ulduz kimi parlayır. Yaradıcılıq yetkinliyi dövründə mən onun xüsusi yaradıcı əmək tələb etməyən, mədəni yaramazların faydasızlığı mövzusunda dramatik qənaətlərinə heyran qalırdım. Çexovun təsiri altında mən də eyni mövzuya müraciət edərək pyes yazdım və onu “Ürəkləri parçalayan ev” adlandırdım”.

 

Pyesdə simvolizm elementləri

 

Pyes açıq şəkildə ifadə edilən konfliktə malik deyil, onun məntiqini simvollarda axtarmaq lazımdır. Simvol isə elə pyesin adında gizlənir. Müəllif bizə kapitan Şotoverin gəmi formasında inşa etdiyi qeyri-adi evi təsvir edir. Əsas qəhrəman öz uşaqlarının xoşbəxt gələcəyi naminə ev inşa edir, amma zaman keçdikcə bu “gəmi” “istiqamətini itirir”. Evin sakinləri ümidsiz, məqsədsiz insanlardı, ürəkləri də bu səbəbdən qırılmışdır. Elə kapitan özü də kapitan kürsüsünü tərk etmişdir, axı qəzadan qaçmaq artıq heç cür mümkün deyil.

 

Müəllif qəhrəmanları iki hissəyə ayırır – evdə məskən salanlar və manej (at sürmək və qoşun təlimi və s. məşqlər üçün xüsusi bina və ya yer – X.N.) nümayəndələri.
Dramaturqin fikrincə, sosial faciə ağıllı, ziyalı insanların heç nəyə təsir göstərməmələrində, işbazların isə ancaq öz mənfəətlərinin qeydinə qalmalarındadır, məhz buna görə də bu cür cəmiyyət məhvə sürüklənir.

Əcaib kapitanın evini həm hazırkı dövr, həm də birinci dünya müharibəsi zamanında bütün Avropanın simvolu adlandırmaq olar. Evin bütün sakinləri yalan atmosferində ömür sürür. Amma onlar bunu büruzə vermədən özlərini yüksək cəmiyyətdəki kimi aparırlar – qonaq qəbul edir, onları məzmunsuz söhbətləri ilə əyləndirirlər. Daha parlaq nümunə kimi yoxsulluğuna baxmayaraq evə qonaqlar dəvət edərək onların hər birini valeh etmək istəyən Hesiona Heşebayı göstərmək olar.

Şekspirin Ellinin dizləri üstündən yerə düşən çoxcildliyini pyesin əvvəlində gənc qızın itirilmiş arzularının simvolu kimi yozmaq olardı. Axı məhz bu evdə onun ürəyi ilk dəfə sınır. O, romantika arzusunda idi, Şekspirin qəhrəmanlarının sözlərinə inanırdı, buna görə də yeni tanış olduğu, özünü Mark Darnli kimi təqdim edən kişinin “nağıllarını” həqiqət kimi qəbul edir. Heç demə, bu Hesionanın əri Hektor Heşebay imiş...

Bir çox qəhrəmanların deyimləri də simvolikdir. Məsələn, ilk baxışda aşiq yalançı olan Hektor onların hamısının təhlükəli olması və onları məhv etməyin gərəkli olduğu barədə fikir səsləndirir. Onlar nə üçün təhlükəlidirlər? Çünki faydasızdırlar – Hektor və digər onun kimilər də bunu yaxşı dərk edir. Yüksək səviyyəli təhsilə, mədəniyyətə baxmayaraq, ziyalıların çox hissəsi siyasətdən kənarda dayanmışdır, deməli, cəmiyyətdə baş verən hadisələrə heç bir təsir göstərmirdilər. Onların “gəmisi” sadəcə axın istiqamətində üzürdü və hamı da onun qaçılmaz qəzasını gözləyirdi.

Əsərin finalında Hesionanın sözləri də simvolik olaraq səslənir. Düşmən təyyarələri onların evinin yanından uçub keçdikdə o, həmin təyyarələrin sabah da gələcəyini ümid edir. Evin sakinləri hətta bu cür qorxulu hadisənin də onların boş, mənasız həyatından daha yaxşı olduğunu fikirləşirlər.

 

Pyesdəki realizm

 

Bayaq yazıçının əsəri ingilis mövzusunun rus üslubunda fantaziyası adlandırdığını qeyd etdik. Amma bu, sadəcə olaraq pərdənin arxa üzüdür. Əslində isə, əsər realist üslubdadır, çünki müəllif cəmiyyətin həmin dövrdəki vacib problemlərinə toxunur.

Bu pyesdə əvvəlkilərlə müqayisədə Şou daha parlaq qroteskdən, paradokslardan, məzhəkə və komik səhnələrdən istifadə etmişdir. Paradoksallığına görə obrazlar və vəziyyətlər tez-tez qeyri-real nəzərə çarpır, amma bu, belə deyil. Yeni yanaşma müəllifə realistik ümumiləşdirmələr etməkdə mane olmayıb.

Əsərdəki yarıfantastik şərtlər Birinci dünya müharibəsi dövründə Avropa ziyalı təbəqəsinin real dünyasına işarədir. Hələ müharibədən əvvəl insanlar fəlakətin başlanğıcını hiss edirdilər, bunu çox yaxşı dərk edən Bernard Şou da susa bilməzdi. Müəllif problemin səbəbini dünyada balansın olmamasında, ziyalıların passivliyində və işbazların zirəkliyində görürdü. İngilis mədəni elitası öz əyləncə dünyasında yaşayır, siyasətə qarışmırdı. Bununla da hakimiyyəti “kainatı öz qazanc yerləri hesab edən” natəmiz işbazlara verirdi. Beləliklə, mədəniyyət real dünyadan qopmuş oldu.

B.Şou Hesiona və Hektor Heşebay, Ariadna Etteruordun nümunəsində ingilis ziyalılarının həyat tərzini realistcəsinə təsvir edir. Hektor öz varlığının mənasızlığını dərk edir, amma özünü kütlə arasında qəsdən yüngülxasiyyət kimi aparır. İyirmi ildən sonra evə qayıdan Ariadna üçün doğmalarının onu bağışlaması o qədər də vacib deyil.

Amma əyləncəli həyat yaşamalarına baxmayaraq, bu qəhrəmanları “səfeh” adlandırmaq olmaz. Onlar başa düşür ki, həyatı boşuna yaşamaq onların qəlbini parçalayır. Nəticədə isə Hektor onların hamısının təhlükəli olması, hamısını məhv etmək lazım olduğu barədə dəhşətli ifadəni dilə gətirir.

Faciə bundadır ki, qəhrəmanlar problemi başa düşsələr də onu həll etmirlər. Hesiona qonaq qəbul etməkdən imtina etməyi bacarmır. Hektor isə işə getməyə qərar verə bilmir, buna görə də maddi cəhətdən atasından asılı vəziyyətdədir. Kapitan Şotover uşaqlarının həyatının mənasız olduğunu görür, amma artıq hansısa yolla təsir göstərmək iqtidarında deyil, buna görə də kapitan mövqeyini tutur, kapitan kürsüsünü tərk etdikdə isə komanda ilə bir yerdə “içməyə yollanır”. Ümid ancaq gənc ziyalı təbəqənin nümayəndəsi olan, çalışqan amma arzulardan məhrum olmayan qıza – Elli Denə qalır. Mengen kimisinə isə müəllifin heç yazığı gəlmir.

Dramaturq ümid edirdi ki, gənc nəsil mədəniyyətlə güc arasındakı pozulmuş balansı bərpa edəcəkdir.

 

Ariadna Etteruord obrazı

 

Pyesdəki qadın obrazları, xüsusilə də kapitan Şotoverin qızı Ariadna sanki evdə çaxnaşma və səs-küy yaratmaq üçün doğulub.

Ariadna Etteruord kapitanın kiçik qızıdır. O, hamının diqqətini cəlb etməyə çalışaraq pyesə qasırğa kimi gəlir. Amma istədiyini əldə edə bilmir. Çünki atası kimi bacısı da əvvəlcə onu tanımırlar. Bu isə təəccüblü deyil, axı onların son görüşündən demək olar ki, iyirmi ilə yaxın vaxt keçib. Ariadna toyundan az sonra evi tərk etmiş və uzun müddət ora aparan yolu unutmuşdur. İndi isə ailənin onu qəbul etməsini arzulayır.

Bütün məsələ bundadır ki, Ariadna üçün elə həmin dövrdəki aristokrat təbəqənin bütün nümayəndələri kimi layiqli insan kimi görünmək, realda olduğundan daha vacibdir. Bu səbəbdən də o, atasının evində özünü bədbəxt hiss edir, axı burada həmin qaydaların əhəmiyyəti yoxdur. Və o, ərə gedərkən evdən qaçmaq şansından istifadə etmişdir. Ariadna başqa xanımlar kimi özü heç nəyi düşünmədən yaşamaq istəyirdi.

Bəs bir vaxtlar qaçıb getdiyi evə niyə geri qayıtdı? O, bunu onunla izah edir ki, atası, bacısı və qohumları ilə görüşmək istəyib, axı hamı bunu nə vaxtsa etməli olur. Amma qəhrəmanın kübar cəmiyyətin adətlərinə əməl etməsi vacibdir. Atası da, bacısı da bunu başa düşür, elə buna görə də əvvəlcə onu soyuq qarşılayırlar.

Ariadna uzun müddətdir gözlədiyi diqqəti bacısının əri Hektordan əldə edir. Səbəb isə bunda idi ki, gözəl xanımlarla ünsiyyəti xoşlayan Hektor Ariadnanın da gözəlliyinə biganə qala bilmir. Zövqlü geyim tərzinə malik sarışın, cazibədar Ariadna isə həqiqətən də gözəl olur. Hektor qeyd edir ki, nə vaxtsa gördüyü fotoşəkil onun gözəlliyini əks elətdirmir. O, hesab edir ki, kapitanın qızları bir çox kişiləri başdan çıxaran anlaşılmaz sehrli güclərə malikdirlər.

Müəllif kapitan Şotoverin hər iki qızını xarici görünüşcə gözəl təsvir edir, amma bu gözəlliyin arxasında sanki hansısa qorxulu boşluq var.

Ariadnanı səfeh adlandırmaq olmaz. Müəllifin sözlərinə görə o, hərəkətlərinə və söhbət zamanı yaratdığı səs-küyə görə səfeh təsir bağışlayır. Əslində isə, əgər “qəribə ev” onun qəlbini sındırmışdısa, olduqca ağıllıdır. O, başa düşür ki, evin içində səmimi olmaq lazımdı. Digər məsələ onun sadə həyat arzusunda olmasıdır. Hazırda yaşadığı həyatı isə ona əri, Britaniya tacının bütün koloniyalarının qubernatoru, zəngin ser Hastinq Etteruord bəxş etmişdir. O, həmişə zəngin xanım olmuşdur və bu, onu xoşbəxt edirdi.


İnternet materialları əsasında hazırlayan və tərcümə edən: Xatirə Nurgül

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.