Sənət və ədəbiyyat dərgisi

Yeddi Peyğəmbərə məktub

29 Noyabr 2022 / 11:52

Gülbala Dadaş

 

Yeddi Peyğəmbər məktubu

 

 

 

Peyğəmbərlərə ehtiramla....

 

         Hz. NUH

 

Çox azından bilirəm az yaşadım,

Lap çoxundan əminəm çox yaşadım.

Qoca dünyanı cavan görmüşdüm.

 

Qopub insanlar içindən hər gün,

Getdim həp boz dənizə,

Özümə dalmaq üçün.

 

Bir gün aləmdəki səslər batdı,

Bir külək Yel babaya çevrildi.

Elə bildim ki, həyat devrildi...

Hər tərəf quş səsinə döndü o an.

Onlara hər nə demişdi Yaradan,

Mənə bir-bir dedi onlar ucadan.

 

Geri dönüb insanlarla insanlıqdan danışdım,

Qulaq asmadı heç kəs!

Yalnız, bir qadın bətnindəki uşaqla səsimə verdi səs,

"Dedi" bir az tələs,

Mənim doğmağım gəlir...

Sonra insan kimi yaşamağa başladım,

Özlərini görməməzliyə vurdular!

Həqiqətdən danışanda,

Durdular.

Bəziləri inandı,

Keçmişindən utandı.

Digərləri gülüb getdi,

Hələ bir başqaları da məni öldürmək istədi!

Gəldim Qabilin məzarına,

Endim boz dənizin kənarına.

Həqiqətin diyarına,

Üzəcək bir gəmi endirmişdi səmadan o qadın.

Döndüm geri,

Gördüm keçmişindən utananlar arxamdadır.

Axx o qadın,

İstəməyir çəkim adın...

Boz dənizdə o gəmi ilə çox üzdük,

Görmədiyim qalmadı.

Sahildə görəcəyim işçün darıxdım,

Sudan quru çıxdım...

Mən gəmindən enəndə,

Sevdiyim quş səsində,

Qağayı nəfəsin,

Xəbər gəldi vaxtın azlığından.

Həvvanın xətrinə, Adəmin eşqinə,

Hər tərəfdə buğda əkdim...

       Hz. İBRAHİM

 

Oxuyursuzsa əgər məktubumu,

Bitirib, siz onu təkrar oxuyun.

Oxuyun ki, məni düzgün tanıyın,

Sizdən əvvəlkilərə olmayın oxşar, oxuyun...

Onların gördüyü düz əyri idi,

Əyri gördükləri isə düz idi!

Yanmadım, yandırdım,

Canı yanmışlara can yandırdım!

Gördüyüm çox görünülməzləri canlandırdım...

 

Hər dəfə dediklərimi yalandan təsdiqlədilər,

Bilmədilər bilirəm ikiüzlü olduqlarını!

Gözlərinin önündə məni oda atdılar!

Görə bilmədilər o odun içində

Həvva başımı sığalladı,

Adəmin baxışları ürəyimə su səpdi.

Mələklər əllərini mənə uzatdı,

Allah cənnətini qəlbimdə yaratdı.

Onlar bilmirdilər əbədiyyət intizarının atəşində yananlar,

Bu oda təslim olmaz!...

 

Allahım mənim səmimiyyətimə şübhə etmədi,

Oğlumu mənim ölümümdən qurtardı.

Bir qoç verib apardı,

Anasına qaytardı.

O qadını bu yaxşılıq böyütdü,

İllət ötdü...

Getdim Adəmin yarı qalmış işini tamamlamağa,

Orada gözümə ilk şeytan dəydi.

Gördü ona baxdığımı, başını əydi,

Qəfildən qaçmağa başladı.

O qadın onu daşladı,

Mən də arxasıyca düşdüm.

Məndən qurtula bilmədi,

əlimə keçən kimi başından zərbə vurdum!

Allah dur dedi, durdum,

Qıçını qırıb buraxdım!

Bir az arxasıyca baxdım,

Sonra geri qayıtdım.

Bir şey gördüm, dayandım,

O dəm o qadını andım.

Bildim onun işidir,

Cənnətdən cəhənnəmə bulaq çəkib...

 

            Hz. YAQUB

 

Yaxşının yaxşılığın yaxşı olanlar danışır,

Yaxşılar bir-birinə tez yovuşur, tez qarışır.

Yaxşılar yaxşı bilir mahiyyətim yaxşılığın,

Pisliyin yaxşılıq ilə ödəyir qarşılığın...

Yaxşılar ciddi olur, ağır olur,

Sanmayın yaxşıları fağır olur.

 

Bəzən,

bilməyərəkdən

yaxşı biri kiməsə pislik edir,

O pislik bir ömür gedir.

Heç bir yaxşılıqla o pislik bağışlanmır!

 

Bəzən,

Yaxşı da pisə çevrilir,

"məcburiyyət" yarışında qalanda.

Onda belə olanda,

Yaxşı olmayıb, yaxşıları yamsılayıb...

 

Bəzən,

Qardaş qardaşa istəmədən yaxşılıq edir,

Qabilin getdiyi yolu gedir!

 

Bəzən,

Ata oğlunun pisliklərini gözünün nurunda gizlədir,

Oğul da onun kor olduğunu düşünür!

Üzdə üzülür

İçində gülür.

 

Yeni,

Yaqubun oğulu,

İbrahimin nəvəsi,

Oldu iblisin əbədi köləsi!

Axx Yahuda,

məni çox yanıltdın!

Səni Allahıma görə,

Yusifimə bağışladım!

 

 

         Hz. YUSİF

 

Gecəyə zilləyib iblis gözünü,

Səhər alqışlamaq üçün özünü!

Gecənin gözləri yoxdur ki, çəkə yol səhərə,

Səhərin gözləri çox yorğundur.

Gətirib aləmi səssiz gecənin qəhqəhəsi,

Günəşin doğmağa yoxdur həvəsi...

 

Guya,

Göz dikdim Yaqubun cibinə,

Atdılar məni quyunun dibinə!

Sökdülər aramızdakı körpüləri!

 

Bu yolu özüm seçmədim,

O yoldan bu yola da özüm keçmədim!

Mənim gərçəyim quyudu,

Gözlərimdən axan həmin quyunun suyudur!

 

Bir əlimdə Tövrat, digərində İncil,

Quranı da qəlbimə kökləmişəm.

Dilimin əzbəridir Zəbur,

Vur, nə qədər vurursan, VUR!

Təsir etmir,

Buralardan deyiləm!

Mən Kəbədən gəlmişəm,

Tur dağından enmişəm!

İsanı da görmüşəm,

Sizin hələ görmədiyiniz kişini!

Adəmin ayağndan öpmüşəm,

Tanrının əlindən öpdüyüm kimi...

 

        Hz. MUSA

 

Onlara hər gün dedim:

Siz həyatın nəbzini düz tutmadınız,

Bir-tək Allah var, ona üz tutmadınız!

Sizləri baş əydiyi daşdır, inəkdir, taxtadır,

Yalnız Allahdır həqiqət, hər nə varsa saxtadır!

 

Günəş batanda,

Gördüklərini getdiyi yerə xəbər aparır.

Günəş Allahın xəbərçisidir,

Musa isə elçisidir...

 

Ay özü də tez-tez yoxa çıxır,

Yenidən doğulmaq üçün.

Ondan ötrü ancaq zülmət darıxır...

 

Çox çalışdım onlara bilməli olduqlarını bildirim,

Pislikləri imkan vermədi!

Məndən Yaradanın varlığına dəlalət istəyəndə,

Baxın, yaxşı-yaxşı baxım mənə dedim.

Çünki, biri elə mənəm, Musa,

Biri də əlimdə ki, əsa!

 

Məbudumu onlara göstərim dedilər,

O zaman qınamadım onları.

Çünki mən də istəmişdim bunu Allahdan,

Nə baş verdiyini bizdən savayı hələ heç kim bilmir.

Amma bir gün hamı biləcək...

Allah məni çox istəyir,

Mənimlə vasitəsiz danışır!

Bunu da onlara anlada bilmədim,

O buzovlar nəinki, insan, heç inək də ola bilmədilər...

 

            Hz. İSA

 

Geriyə dönməyə hazırlaşıram,

Qarlı-tufanlı bir axşam.

Yandırıb bir dənə şam,

Məryəmin göz yaşı ilə yuyunub,

Hacərinsə yanağından iki damla su içib,

Nənəm Həvvanın evindənsə keçib,

Çıxaram qarşınıza...

Məni yollarda sizin qarşılamaq fürsətiniz olmayacaq!

Sanmayın qarşılayan olmayacaq,

Olacaq qarşılayanlar, olacaq!

 

Hətta sizin sayınızdan da çox olacaq,

Məni qarşılayan ümidlərin sayı

Qocalı-cavanlı,

Sevincli-kədərli ümidlər,

Sonra məni qarşılayacaq, çılpaq söyüdlər...

Əvvəl kilsələrin içindəki

təsfirlərimə baxacaqğm,

Sonra bütün xaç sularını

sevincli ümidlərlə Afrikaya yola

salacağam.

Özümsə kədərli ümidlərlə

qalacağam, sevincə

çevirəcəyəm hamısını.

Keşişləri məyus edəcəyəm...

Mədinəyə gədəcəyəm,

Məhəmmədin məzarını

öpəcəyəm.

Oradan üzümü Qüdsə

çevirəcəyəm,

Musanı səsləyəcəyəm.

Deyəcəyəm:

Mən də sənin kimiyəm,

Səndə bitən, məndə başlayır

Allahın oğulu deyiləm,

Varlıqının dəlalətiyəm!

Tənha ağacının altında oturub

xurma yeyən qızcığazın oğluyam!

Qısır qadınların,

Sonsuz kişilərin oğluyam,

Məryəm adlı xanımın diliyəm

İbrahimin yoluyam,

Boş deyiləm, doluyam!

Musa, dediklərimi çatdır onlara bir nəfəsə,

Ancaq yerimi demə heç kəsə!

Sən bilirsən hardayam,

Tam əriməyib yandırdığım şam.

Buradayam, oturmuşam,

Gələnləri gözləyirəm...

 

Hz. MƏHƏMMƏD (s.s.ə)

 

Oxuyarakən yaşayın məktubumu,

Oxuduqlarınızı döndərməyin əsla nağıla!

Sığmayır yazdığımın mahiyyəti hər ağıla...

Yaşaya bilməsəniz yazdığımı,

Üzünü keçmişə sarı çevirin cümlələrin.

Günəşi olmaq üçün zərrələrin,

Yox olun, gözdən itin.

İsti səhrada sərin kölgələrin,

Gözləri yolda qalıb.

Yeni dünyaya gələn körpələrin,

Gözünün içinə baxın.

Qədrini bilməsəniz köhnələrin,

Yenilik gözləməyin...

 

Düşünün mən sizə qonaq gəlmişəm,

Şaxtalı-küləkli qış gecəsidir.

Göz-gözü görməyir işıqlar sönüb,

Qaranlıq küçənin, dar küçəsidir.

 

Düşünün mən sizə qonaq gəlmişəm,

Evinizin kiçiyi yuxudan durub.

Qapını döyməmiş üzümə açır,

Durmadan belə bir şeir oxuyur:

 

Musanın eşitdiklərini,

Mustafa görüb.

Musanın danışdıqlarını,

Mustafa yaşayıb, yaşatmaq üçün...

 

İsa dənizin üzərinə adını yazdı,

Məhəmməd səmaya həkk etdi ismini.

Məsih ölüləri dirildi,

Diriləri heyrətləndirdi.

Əhməd ayı bədirlədi,

Ulduzları təəccübləndirdi.

Mələkləri düşündürdü,

Mənim divçəyimdəki ətirli gül, Məhəmməddir.

 

Çox darıxdım,

durun gedək

Səmadan enənlərə tamaşa edək...

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.