Axundzadə dramlarında sosial mühit
04 Aprel 2023 / 17:24
Axundzadə dramlarında sosial mühit

“Hekayəti Xırs-quldurbasan” dramında hadisələr köhnə tərəkəmə qaydasında yaşayan ərazidə Şəmşəddində cərəyan edir. Bədii əsərlər üçün vacib mövzulardan olan sevgi burada xüsusi mahiyyət daşıyır. Bayram Pərzadı sevsə də bacarıqsız, lakin arxalı Tarverdi onun qarşısında bu işdə mane olur. Lakin Bayramın bu problemində ona kömək edəcək vacib bir faktor var. Bütün əhali oğurluğa getməmiş oğlanları qoçaq, mərd hesab etmir. Tarverdi də Bayramın şansına uyğun şəkildə qorxağın birisi olur. Bayram Tarverdini yoldan çıxarıb quldurluğa göndərtməklə bu maneədən qurtulmaq istəyir.
Dövrünün cəsarətli gənci kimi Bayramı bu faktor hərəkətə gətirir. Hiyləgər ər-arvad olan Namaz və Zalxadan Bayram kömək ola bilir. Xüsusən, Zalxa bu işdə ona köməkçi olur. Tənha olarkən quldurluğu pisləyib hətta divanbəyidən bu işi dayandırmasını arzulayan Zalxa aldadıcı oyunun iştirakçısına çevrilir. O Tarverdini quldurluğa getməsi üçün qızışdırır. Quldurluğun qəhrəmanlığın vacib şərt olduğunu söyləyir. Axunzadənin bir dramaturq kimi bir məharəti də burada görünür. Əsasən mənfi planda təqdim edilən Tarverdi Zalxaya cavabında “Xeyir nə adam soymuşam nə adam vurmuşam. Sibirə gedənləri dara çəkilənləri gözün görmür”. Əslində Tarverdi busözləri deməklə məntiqi fikir yürüdür. Tarverdi bunları deyərkən yeni gəlmiş işğal rejimin də cəza tədbirləriylə bağlı oxuculara hələ çar məmuru olan Divanbəyi drama daxil olmamış məlumat verir.
Zalxa Tarverdiyə iki nəfər köməkçi qoşaraq bu oyunda iştirakına nail olur. Dramın bir üstün cəhəti də bu səhnədə bəlli olur. Bayram Tarverdinin gəlməsindən xəbərsiz olaraq onun ayaq səslərini eşidir amma bunun bir canavar olduğunu təxmin edir.
19-cu əsrdə Azərbaycan ərazisinə almanlar da köçürülmüşdülər. Onlar əsasən ölkəmizin Qərb hissəsində məskunlaşmışdılar. Bu əsərdəki alman Fok obrazının olması əsərə daha bir müasir çalar əlavə edir. Ənənəvi quldurluqla məşğul olan şəxs yeni bir fəaliyyət növüylə qarşılaşır. Paltar, qab oğurlamaq istəyən Tarverdi sirk heyvanlarıyla qarşılaşır. Əsərdəki oyun içində oyun burada görünür. Bu gözlənilməzlik Tarverdini sirk ayısı tərəfindən öldürülməsi təhlükəsiylə üz-üzə qoyur.
Bu cür məişət olaylardan sonra “Hekayəti xırs-quldurbasan”ın ictimai məzmunu açılır. Çar məmuru Divanbəyinin növbəti pərdədə görünməsiylə Azərbaycandakı işğal rejiminin əlamətləri də görünməyə başlayır. Axunzadənin bir çox tətqiqatçıları əsasən də Feyzulla Qasımzadə bu obrazın müəllif tərəfindən senzuraya məruz qalmaması üçün şərti şəkildə müsbət planda verildiyi qeyd edib.
Bu səhnədə işğalın əsasında yerli əhalinin dilinin bilinməməsinin yarı komik yarı faciəvi tərəfləri qabardırılır. Teatrşünas Cəfər Cəfərov belə mülahizə irəli sürür ki, dilamanc qəsdən Divanbəyinin sözlərini səhv tərcümə edir. Kəndliyə nə qozqurursan sözünü “sizdə qoz-fındıq çox olurmu kimi tərcümə edir”. Kəndlilərə rüşvət barədə işarə edir. Divanbəyi obrazı əsərə daxil olarkən biz Bayramın da başqa mənfi tərəflərini görürük. Məşədi Qurban onunla üz-üzə qalanda belə deyir “Divanbəyi ilə bizi qorxutma, bağırsaqlarının ayaqlarına dolaşdıraram”. Bu sözlər oxucuya bir ipucu verir. Belə ki, bu mübarizədə Bayram çar məmurunu da bir güc kimi arxasına alır. Tarverdiylə müqayisədə qoçaq olan Bayram heç də tam olaraq müsbət qəhrəman olmaması ortaya çıxır. Bayram öz Pərzadına qovuşmaq üçün zəncirvari bir prosesdən keçir. O, məqsədinə çatmaq üçün işğalçıların gücündən belə istifadə edə bilir. Məhz Bayramın məharətindən çar məmurlarının istifadə etməsi dramın sonunda maraqlı həll variantı ortaya qoyur. Bundan sonra əsərin sonunda Divanbəyinin onu özünə yasavul təyin etmək istəməsi Bayramın həyatının necə sonlanmasını əks etdirir. Çox güman ki, Bayram bundan sonra əmirqulu olasıdı.
Axundzadə xalq həyatında olan mənfi cəhətləri islah etmək üçün mübarizə aparırdı. Təbii ki, oğurluq quldurluqla ad çıxarmağın zamanı keçmişdi. İnsanların xüsusən bir sənət əldə etməsi çox vacib idi.
İstər mövzu istərsə də, hadisələrin gedişi cəhətdən bu pyesinin davamı hesab edilə biləcək “Hekayəti mərdi-xəsis” əsərində də iki gəncin bir-birini sevməsi əsas süjet xətti təşkil edir. Lakin bu dramda ictimai, sosial məsələlər daha dolğun şəkildə işlənmişdir. Müflisləşmiş Cavanşir nəslindən olan Heydər bəy müasiri olduğu zəmanədən şikayətçidir. Ata-baba qaydasında yaşamağa üstünlük verən Heydər bəy bir sənətlə məşğul olmağı özünə ar bilir. O da Şahbaz bəy kimi Qarabağda yaşayan bir gəncdir. Lakin ondan fərqli olaraq Heydər bəy həyatında bir yenilik eləmək istəmir. Biz Şahbaz bəyin təhsil almaq istəməsini görürük. Heydər bəydə isə bu istək də yoxdur.
Toy xərcinin lazım olması Heydər bəyi Bayram kimi əməli hərəkət etməyə vadar edir. Bunun üçün onun Hacı Qaraya ehtiyacı olur. Sosial münasibətlərin dəyişməsi kontekstində varlanan tacir Hacı Qara qızılbaş və rus çitinin bazarda satılmamağından şikayətçi olur. Çünki o dövrdə Rusiya yerli istehsalatını artırmaq üçün firəng çitini qadağan etmişdi.
Hadisələrdəki dinamika Hacı Qaranın səfərə çıxmasıyla başlanır. Kazakların əlindən dad edən Hacı Qara firəng çitini əldə etmək üçün Təbrizə yollanmağa can atır.
Yüzbaşı Ohan sürəti diqqətçəkəndir. Rusiya imperiyasına xidmət edən bu yüzbaşı insafsız, qatil, soyğunçu xarakterli birisidir. Əmrində olan ermənilərdən biri Sərkisin qarabağlı azərbaycanlıların tərəfini saxlamağa çalışmağı qonşu kimi qorumağı təklif etsə də Ohan qulluq naminə xalqımıza qarşı nifrətini püskürür.

Hacı Qaranın erməni əkinçiləriylə üz-üzə dayanması səhnəsi isə həm komik, həm də düşündürücüdür.
Hacı Qara əsəri də iki sevgilinin bir-birinə qovuşmasıyla nəticələnir. Heydər bəy özünü Dağıstanın üzərinə müharibəyə getməklə xilas edir. Eyni ilə Bayram kimi. Hər iki gəncin ailə səadəti Rusiya imperiyasına xidmət etməklə gerçəkləşir. Sevgi xəttiylə başlanan əsərlər ictimai məzmunla bitir.
“Maqbet”in ekran həlli
Şekspir dühasının əsas əsərlərindən biri də “Makbet”dir. İnsan taleyində qeyri-təbii qüvvələrin iştirakı, onun iradəsi hakimiyyət uğrunda gedən qanlı mübarizə əsərin əsas xətlərini təşkil edir. Şotlandiya kralı Donalbayının cəsur sərkərdəsi Maqbet özünün də dediyi kimi şöhrətpərəstlik hissinin qurbanı olaraq kralı qətlə yetirmək istəyir. O hökmdarın nəzərində etibarlı bir şəxsdir. O, həmçinin bu inamdan da istifadə edə bilir. Üç cadugərin qurduğu oyun da onu bu cinayətə sürükləyir. Makbetin bu qətli törətməsinə qüvvəverici tərəf də xanımı Ledi Makbet olur. Ədəbiyyatşünas Terri Eaqletonun fikrincə üç cadugərlə Ledi Maqbet mənəvi cəhətdən bir-birlərinin qohumlarıdırlar T.Eaqleton bu fikrində haqlıdır çünki əsərdə üç cadugər qazanda müxtəlif bəd əməllər həyata keçirdikləri kimi, Ledi Maqbet də pis ruhları çağırır, içində olan müsbət keyfiyyətlərin yoxa çıxmasını arzulayır və buna nail olur. Müəllif ilk öncə Ledi Makbetin timsalında insanın könüllü şəkildə tanrı mərhəmətindən uzaqlaşmasını göstərir.
Qətl hadisəsi ərəfəsi və sonrası baş verən hadisələr oxucuları bir dillema qarşısında qoyur. İnsanın elədiyi əməllər qeyri-təbii qüvvələrinmi, yoxsa öz içində ola pis cəhətlərin nəticəsidir. Maqbet bu qətli törədərkən dualara amin deyə bilmir. O, bütünlükdə Tanrının rəhmətindən məhrum edilmiş insana çevrilir. Həmçinin Maqbetə bu qətldən sonra yata bilməmək cəzası verilir. Qatilin yuxusundan məhrum olması sonradan özünün başqaları qarşısında ifşasında rol oynayır.
Bu qətldən sonra kralın oğullarının Malkolmla Donalbayın krallığı tərk etmələri Maqbetin işini asanlaşdırır. O, özünün istəyində olduğu hökmdarlığa nail olsa da, daxilən rahat ola bilmir. Üç cadugər sxemi əsasında ona xidmət göstərən üç qatil onun pis niyyətlərini həyata keçirirlər. Banko Maqbet üçün qorxulu olduğundan onu qətlə yetirdir. Xanımı Maqbetə qonaqlıqda özünü sakit aparmağı tapşırsa da Bankonun ruhunun məclisə daxil olması Maqbetin özünü itirməsiylə nəticələnir. Maqbet özünü saray əyanlarının qarşısında ifşa etməsi onun hakimiyyətinin də qan üzərində qurulması ilə bağlıdır.
Zahirən özün güclü göstərən Ledi Maqbet də bu aqibətə məruz qalır. Gecə vaxtı kübar qadının və həkimin şahidliyə öz cinayətini lunatik şəkildə gəzərək etiraf etməsi Ledi Maqbetin bir cani kimi əriylə birləşməsini ifadə edir. Əsərin əvvəlindən başlayaraq öz cani xarakterlərini ortaya qoyan cütlük iradələri xaricində qatil olduqlarını etiraf edirlər və bu cəhətləriylə bir-birlərini tamamlayırlar. Həkimin “Naxoş xəstə ruhlar Açar öz sirrini kar balınclara” deməsi yuxuların sayıqlamaların çox ciddi əhəmiyyətini ifadə edir.
Şekspirin islama yaxınlığıyla da bağlı müxtəlif mülahizələr irəli sürülür. Bu fikirlərə yaxın nüanslar “Maqbet” əsərində vardır. Qapıçı obrazının şərxoşluqla bağlı söylədikləri bu mülahizələri dəstəkləyir. İçkinin fitnəkarlığa yol açdığını qeyd edən qapıçının fikri islamın ehkamlarıyla uyğunluq təşkil edir.
Qəza-qədər məsələləriylə yanaşı Maqbetin ictimai əhəmiyyəti də vardır. Çünki bu əsər əvvala R.Hollinşedin “İngiltərə, Şotlandiya və İrlandiya xronikaları” əsəri əsasında yazılmışdır. Şekspir burada Şotlandiyanın istiqlaliyyət mübarizəsi xəttinə də toxunur. Bu məqamlar əsərin sonunda işlənsə də fikrin əhəmiyyətini azaltmır. Şotland əyan-əşrəfi Rossun vətənini məzara döndüyünü insanların ah-naləsinin göyələrə qalxdığını söyləyir. Rossun Maqbetin üzərinə getməsinin ictimai səbəbi də bununla aydın olur.
Maqbet əsəri isə ilk dəfə 1948-ci ildə məşhur rejissor Orson Uells tərəfindən ekranlaşdırılmışdır. “Vətəndaş Keyn” filmiylə özünü sübut edən Orson Uells bu filmdə Maqbeti çox da dramatik şəkildə canlandırmır. Bu obrazı daha sakit şəkildə ifa edir. Film əsərin mahiyyətinə uyğun şəkildə qaranlıq səhnələrlə işlənmişdir. Rossun “Artıq səhər çoxdan açılmalıydı, fəqət dustaq edib günəşi zülmət” sözlərinə uyğun şəkildə bu kadrlar rejissor tərəfdən qurulmuşdur.
Məşhur yapon rejissoru Akira Kurasova “Maqbet” in motivləri əsasında 1957-ci ildə “Qanlı taxt” filmini çəkmişdir. Filmin adı Şekspirin əsərindəki hadisələrin məzmunuyla uyğunluq təşkil edir. Çünki Maqbet qanlı yol seçərək özünün taxtını möhkəmləndirməyə çalışır “Maqbet” əsərinə A.Kurosava tərəfindən yeni sənət anlamı verilir. Həyatda, cəmiyyət baş verən neqativ hadisələr dumanlı şəkildə tamaşaçılara təqdim olunur..
“Qanlı taxt” filmi təkcə “Maqbet”ə ekran yozumu vermək baxımından deyil, həm də yapon adət-ənənəsinin musiqisinin dünya tamaşaçılarına təqdim edilməsi baxımdan da dəyərlidir. Ziyafət məclisi zamanı qoca hekayəçinin ər-arvad Vaşizuların ortasında xəyanətlə bağlı şeir deməsi onların qatil olmasının aydınlaşdırılmasına kömək edir. A.Kurasovanın rejissor kimi bir üstünlüyü də bununla ortaya çıxır, o təkcə yaponların adət-ənənəsini göstərmir, həm də “Maqbet” əsərindəki ziyafət epizoduna yeni bir anlam gətirir. daxili böhranını açır.
“Qanlı taxt” dəyərini alan filmlərdən olmuşdur. Vaşizu rolunu ifa edən Tosiro Mifune filmin çəkildiyi il “Mainiki” film festivalında ən yaxşı aktyor mükafatını qazanmışdı.